Azərbaycanlı heykəltəraş
onlarla tarixi şəxsiyyətin heykəlini yaradıb
Ruhi Tunanın hazırda üzərində
işlədiyi ən böyük layihə Cənubi Azərbaycanı
üçün bir səyyar heykəl muzeyi
hazırlamaqdır
Hazırda Kanadada yaşayan Ruhi Tuna Məhəmməd
Hüseyn Şəhriyarın Təbrizdəki və Nəbatinin
Kəleybərdəki heykəllərinin müəllifidir. O,
heykəltəraşlıq fəaliyyətindən əlavə
olaraq yeni sənətkarları da yetişdirməyə
çalışır. Bu elə əvvəldən onun incəsənət
fəaliyyətinin mühüm bir hissəsini təşkil
edib (“Amerikanın səsi”).
Azərbaycanlı
heykəltəraş Ruhi Tunanın 70-dən çox heykəli
müxtəlif ölkələrin fərqli şəhərlərində
qoyulub. Sənətkar İran Azərbaycanı, Azərbaycan,
Türkiyə və digər türk dilli xalqların tarixi, ədəbi
və milli şəxsiyyətlərinin heykəllərini
hazırlayıb. O, İranda yaradıcılığına tətbiq
olunan məhdudiyyətlərə görə Türkiyəyə
keçərək səkkiz il
sənətini Türkiyədə davam etdirib. Hazırda
Kanadada yaşayan Ruhi Tuna Məhəmməd Hüseyn Şəhriyarın
Təbrizdəki və Nəbatinin Kəleybərdəki heykəllərinin
müəllifidir. Ancaq onun əsərləri bunlarla
qurtarmır. O, Səttarxanın, Bağırxanın, Dədə
Qorqudun, Üzeyir Hacıbəyovun, Viraninin, Şah İsmayıl
Xətainin, Sehendin, Nəsiminin, Pişəvərinin, Babəkin,
Əmir Teymurun, Səlcuq Bəyin, Oğuz Xanın,
Qaşqayılı İsmayıl Xanın, Koroğlunun, Məhəmməd
Xarəzminin, Mustafa Kamal Atatürkün, Nadir Şahın,
Nazim Hikmətin, Hacı Baba Xanın, III. Səlimin, Kubilay
Xanın və Dr. Rza Bərahinin heykəllərinin müəllifidir.
Ruhi
Tuna heykəltəraşlıq fəaliyyətindən əlavə
yeni sənətkarları da yetişdirməyə
çalışır. Bu elə əvvəldən onun incəsənət
fəaliyyətinin mühüm bir hissəsini təşkil
edib. O deyir ki, bəzi ayətullahların fikrincə heykəltəraşlıq
işi haram olduğuna görə İranda bu sənətin
inkişafı çox çətindir. İranın Mədəniyyət
Nazirliyi də dövlətin din siyasəti əsasında tətbiq
etdiyi məhdudiyyətlərə görə heykəltəraşlığa,
rəssamlığa və digər incəsənət sahələrinin
inkişafına maneə törədir. Ruhi Tunanın fikrincə,
yuxarıda sadalanan və on illərdən bəri davam edən
məhdudiyyətlərin nəticəsi kimi indi İran və
İran Azərbaycanı incəsənət sahəsində
Türkiyə, Azərbaycan Respublikası və incəsənətin
azad olduğu başqa dünyəvi ölkələrlə
müqayisə edilə bilməz: “İranda ələlxüsus
azərbaycanlılar dərin potensiala malikdir və imkan
yarandığı təqdirdə burada böyük incəsənət
xadimləri yetişə bilər. Buna görə də onlar
İrandan çıxandan sonra heykəltəraşlıq, rəssamlıq,
musiqi, rəqs və başqa sahələrdə çox
nailiyyətli olurlar”.
Təbrizli
heykəltəraş və rəssam Ruhi Tuna 8 il Turkiyədə
yaşayıb. Onun müəllifi olduğu tarixi şəxsiyyətlərin
heykəlləri Türkiyənin müxtəlif şəhərlərində
ucalıb. Ruhi Tuna Türkiyədə də dinin incəsənət
üzərindəki təzyiqini hiss etdiyini, hətta incəsənət
fəaliyyətinə görə hədələrlə
üzləşdiyini söyləyir. O, belə meylləri və
dindarların incəsənətə müdaxiləsini
Türkiyənin gələcəyinə təhlükə hesab edir.
Ruhi
Tunanın hazırda üzərində işlədiyi ən
böyük layihə Cənubi Azərbaycanı
üçün bir səyyar heykəl muzeyi
hazırlamaqdır. O, İran Azərbaycanının tarixi
şəxsiyyətlərinin heykəllərini
planlaşdırdığı muzeydə yerləşdirmək
arzusundadır. Ruhi Tunanın planına əsasən bu İran
Azərbaycanının səyyar muzeyi Kanadanın Toronto şəhərində
gerçəkləşəcək. Daha sonra Amerika Birləşmiş
Ştatları və
türkdilli ölkələrdə nümayiş etdiriləcək.
Azərbaycanlı heykəltəraşın ən
böyük arzusu bir gün bu səyyar muzeyi Təbrizə
aparıb, həmişəlik orada yerləşdirməkdir
Paritet.- 2011.- 18-19 yanvar.- S. 9.