Bu il müdafiə xərcləri 3 milyard
dollardan çox olacaq
“2011-ci ildə
sahibkarlığın, özəl sektorun inkişafı
üçün, qeyri-neft sektorunun inkişafı
üçün əlavə tədbirlər görülməlidir”
Yoxsulluq 4-5 dəfə aşağı
düşüb
Xəbər
verildiyi kimi ötən həftə Prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2011-ci ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilib. İclasda dövlətimizin
başçısı giriş
nitqi söyləyərək siyasi, sosial-iqtisadi məsələlərdən
danışıb. O deyib ki, 2010-cu ilin yekunlarına görə,
yoxsulluğun səviyyəsi daha da aşağı
düşüb və artıq Azərbaycanda yoxsulluq şəraitində
yaşayanlar 9,1 faizdir. “Hesab edirəm ki, bu, bizim böyük
nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq
4-5 dəfə aşağı düşmüşdür. Bu,
bir daha göstərir ki, bizim apardığımız
islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan
vətəndaşlarının rifah halının
yaxşılaşdırılmasına yönəldilibdir. Onu
da göstərir ki, Azərbaycanda enerji sektorunda görülən
işlər nəticəsində ölkə xəzinəsinə
daxil olunan vəsait ədalətli bölünür və beləliklə,
Azərbaycanda sosial ədalət prinsipi həmişə
yüksək səviyyədə tətbiq olunur”. Ötən
il bütün sosial proqramların icra edildiyini deyən ölkə
başçısı bildirib ki, bu il belə olmalıdır.
2011-ci
ildə qarşıda duran vəzifələrdən də
danışan Prezident iqtisadiyyatımızın daha da
artacağına əmin olduğunu vurğulayıb:
“Makroiqtisadi sabitlik qorunmalıdır və əminəm ki,
inflyasiya birrəqəmli olacaqdır. Biz xüsusilə istehlak
bazarına nəzarətimizi gücləndirməliyik. Bu sahədə
böyük işlər görülüb və davam etdirilməlidir.
Qiymətlərin süni şəkildə şişirdilməsinə
yol verməməliyik, azad rəqabəti təmin etməliyik,
inhisarçılıq meyillərinin qarşısını
almalıyıq. Lazımsız yoxlamalar
aparılmamalıdır, xüsusilə hüquq mühafizə
orqanları tərəfindən lazımsız yoxlamalara son
qoyulmalıdır ki, ölkədə sahibkarlığı
daha da sürətlə inkişaf etdirək, buna daha
böyük təkan verək”.
Onun
sözlərinə görə, iqtisadiyyatımızın
çoxşaxəli iqtisadiyyat kimi formalaşmasında
qeyri-neft sektorunun inkişafı həlledici rol oynayır.
Prezident qeyd edib ki, 2011-ci ildə sahibkarlığın, özəl
sektorun inkişafı üçün, qeyri-neft sektorunun
inkişafı üçün əlavə tədbirlər
görülməlidir: “Dövlət qurumları - həm mərkəzi
qurumlar, həm də bölgələrdə yerləşən
qurumlar sahibkarlığın inkişafına kömək
göstərməlidir, onlara maneçilik törətməməlidir,
süni əngəllər də
yığışdırılmalıdır”.
Təsdiq edilmiş qaz ehtiyatlarımız
2,2 trilyon kubmetrdir
“Bizim
iqtisadiyyatımız üçün əsas olan sektorda -
neft-qaz sektorunda keçən il bütün planlar yerinə
yetirildi” deyən ölkə başçısı hesab edir
ki, bu il qazın hasilatı və ixracı daha da
artmalıdır: “Keçən il Azərbaycan Dövlət
Neft Şirkəti tərəfindən böyük qaz
yatağı aşkar edilmişdir. “Ümid” yatağı bizim
qaz potensialımıza əlavə həcm gətirir. Artıq
bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon
kubmetrdir”.
“Bizim iqtisadi potensialımız
güclüdür” deyən Prezident İlham Əliyev valyuta
ehtiyatlarımızın 30 milyard dollara
yaxınlaşdığını diqqətə
çatdırıb. Bütün bunlara baxmayaraq o, harada
qüsurlar, çatışmayan cəhətlər varsa,
onları aradan qaldırılması
tapşırığını da verib.
2011-ci
ildə də regionlarda müasir infrastruktur layihələr həyata
keçiriləcək
Prezident
deyib ki, nəzərdə tutulmuş və icrada olan
bütün infrastruktur layihələri 2011-ci ildə davam
etdiriləcək. Onun fikrincə kifayət qədər vəsait
var ki, infrastruktur layihələrinin həyata keçirilməsi
üçün ondan istifadə edilsin. Regionlarda işlərin
yaxşı getdiyini, regional inkişaf proqramının icra
edildiyini bildirən Prezident keçən il 70 mindən
çox iş yerinin açıldığını və
onun 53 mininin daimi iş yeri olduğunu xatırladıb: “Bizim
ixracdan asılılığımız azalır. Biz artıq
qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı
artıq başqa ölkələrdə nümayiş
etdiririk”. “Bu il həmin siyasət daha da sürətlə
aparılmalıdır” deyən Prezident regionlarda yaradılan
müasir infrastruktur layihələri də həyata
keçirilməyə başlandığını qeyd edib.
Gələcəkdə Azərbaycan gəmi
ixrac edəcək
Keçən
il nəqliyyat sektoruna böyük investisiyalar qoyulduğunu
xatırladan İlham Əliyev bu sektorun ölkə
iqtisadiyyatı üçün çox böyük əhəmiyyət
daşıdığını deyib: “Biz gələcəkdə
Azərbaycandan artıq bu gəmiləri ixrac edəcəyik. Dəmir
yolunun inkişafı üçün proqram icra edilir. Hava nəqliyyatını
mən qeyd etdim, bizim kifayət qədər müasir təyyarə
parkımız var və bu park ancaq ən yüksək keyfiyyətə
malik təyyarələrdən ibarətdir. Beynəlxalq
aeroportlar tikilibdir”.
Prezident
2011-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin davam
etdiriləcəyini və bu layihəyə böyük əhəmiyyət
verildiyini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinin
həll olunmamasının tək səbəbi...
Prezident
çıxışında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə də toxunub
və bu münaqişənin həll
olunmamasının təkcə bir səbəbi olduğunu
deyib: “Ermənistan tərəfi, demək olar ki,
danışıqları pozmaq istəyir. Danışıqlar
masasında əvvəlcə
razılaşdırılmış məsələlərə
yenidən qayıtmaq istəyir, vaxt uzatmaq istəyir. Bir
sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan
işğal olunmuş torpaqları azad etmək istəmir,
çalışırlar nə qədər
mümkündürsə, o torpaqları işğal altında
saxlasınlar.
Beləliklə
də, bundan istifadə edib Azərbaycandan Dağlıq
Qarabağın statusu ilə bağlı onlara xeyir gətirən
şərtləri əldə etsinlər”. Bunun mümkün
olmadığını və Dağlıq Qarabağın əzəli
Azərbaycan torpağı oduğunu, beynəlxalq birlik tərəfindən
Azərbaycan torpağı kimi tanınmasını dəfələrlə
bəyan etdiyini deyən Prezidentin sözlərinə görə,
Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci
erməni dövləti yenə də Azərbaycanın tarixi
torpaqlarında yaradılsın: “Yəni bu,
danışıqlar mövzusu deyil və heç vaxt
olmayacaqdır.
Məsələnin
həlli üçün Ermənistan öz
işğalçı qüvvələrini zəbt edilmiş
torpaqlardan çıxarmalıdır. Ondan sonra sülh yarana bilər. Azərbaycan
vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar,
o cümlədən Dağlıq Qarabağa
qayıtmalıdırlar, Dağlıq Qarabağda muxtariyyət
şəraitində yaşamalıdırlar”. O, Azərbaycanın
danışıqlar prosesində konstruktiv mövqe
nümayiş etdirdiyini hesab edir. Prezident deyib ki, Azərbaycanın
ərazi bütövlüyünün bərpası qeyd-şərtsiz
öz həllini tapmalıdır.
“Azərbaycan
ordusu istənilən anda düşmənə
sarsıdıcı zərbə endirə bilər”
Danışıqlar
aparılan zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət
göstərildiyini qeyd edən Ali Baş Komandan “bu sahədə
böyük uğurlara nail ola bilmişik” fikri ilə
sözünü davam etdirib: “Düşmən də bunu bilir
və qorxudan əsir. Onların son aylarda verdikləri isterik və
əsəbi, qorxu ilə dolu çıxışlar bunun əyani
sübutudur. Onlar da yaxşı bilirlər ki, Azərbaycan
ordusu istənilən anda düşmənə
sarsıdıcı zərbə endirə bilər. O zərbə
nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda
da vəziyyət başqa istiqamətdə inkişaf edə
bilər. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ
sülh yolu ilə həll olunsun”. Onun fikrincə Azərbaycanda
istehsal olunan hərbi məhsullar, 500 növə qədər məhsul
həm ordumuza xidmət edir, həm də biz artıq xarici
bazarlara da çıxırıq, beynəlxalq sərgilərdə
iştirak edirik. “Bu sahədə 2011-ci ildə də çox
mühüm hadisələr baş verəcək, Azərbaycanda
ən müasir avadanlığın, texnikanın, döyüş
sursatının istehsalı başlanmalıdır”.
“2011-ci
ildə ordu xərcləri, müdafiə xərcləri 3
milyard dollardan çox olacaqdır” deyən dövlət
başçısı əmin olduğun bildirib ki, Azərbaycanın
güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün
öz sözünü deməlidir və vaxt gələndə
deyəcəkdir.
“Ekologiya ili” rəsmən başa
çatdı, amma...
Ekoloji
tədbirlərin də davam etdiriləcəyini qeyd edən
Prezident ötən il bu sahəyə böyük vəsaitin
ayrıldığını söyləyib. O bildirib ki,
“Ekologiya ili” rəsmən başa çatsa da, ancaq “Ekologiya
ili”nə xas olan ab-hava gərək davam etsin. “Həm ağac əkilməsi
eyni templə davam etdirilməli, həm də təmizləyici
qurğular istifadəyə verilməli, içməli su layihələri
icra olunmalıdır” deyə Prezident vurğulayıb.
Dövlət
başçısı hesab edir
ki, 2011-ci ildə ilk növbədə Xəzər dənizinin suyunun
şirinləşdirilməsinə dair layihə icra edilməlidir:
“Samur-Abşeron kanalı, Taxtakörpü su anbarının
tikintisi 2012-ci ildə başa
çatdırılmalıdır. Bu da bizə əlavə
imkanlar yaradacaqdır”.
O
bu il bərpa olunan enerji mənbələrinin
yaradılması işində əlavə tədbirlər
görüləcəyini də deyib. Onun fikrincə
bütün su mənbələrimizin xəritəsi təsdiq
olunubdur: “Bərpa olunan digər enerji mənbələrindən
istifadə üçün daha da ciddi tədbirlər
görülməlidir. Bu vəzifəni mən keçən
ilin əvvəlində qoymuşam, üstündən bir il
keçibdir”.
Böyük taxılçılıq təsərrüfatlarının
yaradılması üçün dövlət maliyyə dəstəyi
göstərəcək
Ölkə
başçısı nitqində 2011-ci ildə kənd təsərrüfatının
inkişafını stimullaşdırmaq üçün də
əlavə tədbirlərin görülməsini,
subsidiyaların verilməsi işinin davam etdirilməsini vacib
bilib. O qeyd edib ki, əvvəlki illərdə
görülmüş işlər öz bəhrəsini verir,
soyuducu anbarların, taxıl anbarlarının tikintisi kənd
təsərrüfatının inkişafına öz müsbət
təsirini göstərib: “Kənd təsərrüfatının
inkişafı üçün çox mühüm sahə
sayılan toxumçuluğu da inkişaf etdirməliyik. Bu sahədə
artıq Azərbaycanda böyük özəl müəssisələr
yaradılıb. Mən o müəssisələrdə
olmuşam. Hesab edirəm ki, biz bu təşəbbüsləri
dəstəkləməliyik, sahibkarlara yeni imkanlar
yaradılmalı, kreditlər ayrılmalıdır. Yerli icra
orqanları onları dəstəkləməlidir ki,
toxumçuluqla bağlı məsələlər tezliklə
həllini tapsın”.
Prezident
heyvandarlıq sahəsində də cins mal-qaranın gətirilməsi
prosesinin getdiyini diqqətə çatdıraraq, bu işin
2011-ci ildə də davam etdirilməsini deyib. Onun qənaətincə
aqrolizinq, aqroservislərin fəaliyyəti kənd təsərrüfatının
inkişafına böyük dəstəkdir, bu sahədə də
dövlətin müdaxiləsi və siyasəti əlbəttə
ki, həlledicidir.
“Taxıl
istehsalının artırılması üçün əlavə
tədbirlər görülməlidir” deyən Prezident böyük fermer təsərrüfatlarının
yaradılması üçün müəyyən
addımların atılması təklifini verib: “Böyük
fermer təsərrüfatlarının yaradılması
üçün dövlət tərəfindən
bütün infrastruktur, təchizat məsələləri həll
olunmalıdır. Yəqin ki, tender prinsipi əsasında
sahibkarlar öz təkliflərini verməlidirlər və o təkliflərə
baxılmalıdır. Ondan sonra dövlət yenə də
öz maliyyə imkanlarından istifadə edib, böyük
taxılçılıq təsərrüfatlarının
yaradılması üçün maliyyə dəstəyini də
göstərəcəkdir”.
2012-ci ildə birinci süni peykimiz orbitə
çıxarılacaq
Prezident 2011-ci ildə
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
üçün də əlavə tədbirlər
görüləcəyini diqqətə
çatdırırıb. O, Azərbaycanın artıq kosmik sənayesi
olan ölkəyə çevrildiyini deyərək 2012-ci ildə
birinci süni peykimizin orbitə
çıxarılacağını bildirib: “Başqa peyklər
də səmaya çıxarılmalıdır. Beləliklə,
Azərbaycan çox ciddi kosmik sənayeyə malik ölkəyə
çevriləcəkdir. Bu da gələcəyə atılan
bir addımdır. Biz görürük ki, indi dünyada
qüvvələr nisbətini texniki tərəqqi müəyyən
edir. Həmişə belə olub, indiki şəraitdə isə
bu, özünü daha da qabarıq şəkildə büruzə
verir. Texniki tərəqqi, texnoloji irəliləyiş,
müasir texnologiyalar, xüsusilə informasiya-kommunikasiya sahəsində,
rabitə sahəsində, elektronika, kosmik sənayesində əldə
edilmiş uğurlar ölkələrin inkişafını və
gücünü müəyyən edir”. Onun sözlərinə
görə, qısa müddət ərzində Azərbaycanda
çox güclü kosmik sənaye yaradılmalıdır.
“Bu, bizə hər cəhətdən lazımdır”, deyə
o əlavə edib.
Müstəqilliyin
bərpasının 20 illiyi təntənəli qeyd olunacaq
İlham
Əliyev Azərbaycanın öz müstəqilliyini bərpa
etməsinin 20 illiyinin təntənəli qeyd
olunacağını bildirib: “Bu il biz müstəqilliyimizin bərpasının
20 illiyini qeyd edəcəyik. İyirmi il ərzində Azərbaycan
müstəqil ölkə kimi yaşayır. Təbii ki,
müstəqilliyimizin bərpası Sovet İttifaqının
dağılması nəticəsində baş verib. Azərbaycan
və bütün başqa müttəfiq respublikalar müstəqil
olub. Azərbaycan isə müstəqilliyini bərpa edib,
çünki bizim müstəqilliyimizin tarixi 1991-ci ildən
deyil, 1918-ci ildən başlayır. Məhz buna görə Azərbaycanda
28 May günü xüsusi təntənə ilə qeyd olunur.
Bizim üçün müstəqilliyimizin əsas tarixi 28 may
1918-ci ildir. 1991-ci ildə Sovet İttifaqının
dağılması nəticəsində bütün başqa
respublikalarla bərabər Azərbaycan da müstəqilliyə
qovuşdu, daha doğrusu, dediyim kimi, müstəqilliyini bərpa
etdi. Bu yubileyi biz Azərbaycanda geniş şəkildə qeyd
etməliyik. İyirmi il həm böyük, həm də
çox da böyük olmayan müddətdir. İyirmi il ərzində
çox iş görmək olar, heç nə görməmək
də olar. Azərbaycanda son 17 ildə, müstəqilliyimizin
birinci iki ilini çıxmaq şərti ilə, doğrudan da
tarixi nailiyyətlər əldə edilib. Bu gün
danışdığımız bütün uğurlar bu
müstəqilliyin nəticəsidir. Müstəqillik bizim
üçün ən böyük sərvətdir, ən
böyük dəyərdir. Müstəqillikdən qiymətli
heç bir şey ola bilməz. İl ərzində biz həm
Azərbaycanda, həm də xaricdə müstəqilliyimizin bərpasını
qeyd etməliyik. Bu məsələlərlə bağlı
yaxın günlərdə mən müvafiq sərəncam da
imzalayacağam”.
2011-ci ilin “Turizm ili” elan olundu
Prezident 2011-ci ilin “Turizm ili” elan
olunmasını təklif edib: “2011-ci il başlayıb,
keçən il bizdə “Ekologiya ili” elan olunmuşdu. Dediyim
kimi, yaxşı nəticələr əldə edilib. Təklif
edirəm ki, 2011-ci ili biz “Turizm ili” elan edək. 2011-ci ildə
Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm,
yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə
bir şəhərdə 5 beşulduzlu mehmanxana
açılacaq, mən Bakını nəzərdə tuturam.
Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də
tikilməkdədir. Bölgələrdə hotelçilik ilə
bağlı çox böyük işlər
görülür, artıq Azərbaycanda turizmin
inkişafı reallıqdır. Bu infrastrukturu yaratmaq
üçün, əlbəttə ki, dövlət tərəfindən
böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə
yönəldilir. Hotellər isə özəl sektor tərəfindən
tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər
böyükdür ki, buraya, bu hotellərə milyonlarla,
yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait
onlara dividentlər gətirəcək. Şəhərimizə
isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə
gələn qonaqlar üçün gözəl şəraitin
yaradılması, əlbəttə ki, vacib məsələdir.
Bununla bərabər, burada deyildiyi kimi, “Şahdağ”
qış-yay xizək kurortu, xizək infrastrukturu
yaradılır. Bu da sırf dövlət tərəfindən
yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə
olmuşam. Mən oraya birinci dəfə gedəndə
heç nə yox idi. Dağlar idi, heç yaşayış
məntəqələri də yox idi. Yaşayış məntəqələrindən
bir neçə kilometr uzaqlıqda yerləşən
dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri,
su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən
tikilir. Əminəm ki, bundan sonra özəl sektorda bu təşəbbüsə
qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir.
Xizək bazası, qaldırıcılar, tibb məntəqələri,
restoranlar, əyləncə yerləri olacaq. Bir sözlə,
“Şahdağ” kurort mərkəzi dünya səviyyəli mərkəzə
çevriləcək. Dünyada hazırda mövcud olan ən
qabaqcıl, ən populyar kurort yerlərindən geri
qalmamalıdır və qalmayacaq. Beləliklə, bu, ölkəmizə
həm yeni investisiyalar gətirəcək, həm də
şimal zonasında yaşayan əhali üçün əlavə
şərait yaradacaq, minlərlə, bəlkə də, on
minlərlə yeni iş yerləri açılacaq. Azərbaycana
gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan
turizm üçün çox cəlbedici ölkəyə
çevriləcək. Bizim gözəl təbiətimiz var, Xəzər
dənizimiz, gözəl dağlarımız,
çaylarımız, meşələrimiz bizim böyük sərvətimizdir.
Elə etməliyik ki, 2011-ci ildə turizmin inkişafına
böyük təkan verilsin. Hesab edirəm ki, bu məqsədlə
2011-ci ilin “Turizm ili” elan olunması ədalətlidir”.
FUAD
Paritet.-2011.-18-19 yanvar.- S. 3-4.