“Azərilər
Türkiyədə böyük şəhərlərə
köç edir, çox zaman da mədəniyyət və dillərini itirirlər”
İnternet üzərindən
yayınlanan “CanazTV” 1,5 ay qabaq maliyyə problemləri səbəbiylə
fəaliyyətini dayandırıb
Camal Məmmədxanoğlu 1957-ci ildə
Türkiyənin Qars şəhərində anadan olub. Ana və
ata tərəfi, İrəvanın Amasya rayonunun
Bacıoğlu və Qaraçantey kəndlərindən
Türkiyəyə 1917-ci və
1931-ci ildə köç ediblər. 30 ildir İzmirdə
yaşayır. 1995-97 illər arasında, İzmirdə “Boran
FM” adında bir azəri radiosu yaradıb. Amma
maliyyə problemi olduğundan radionu ancaq iki il davam etdirə
bilib.
-Camal
bəy, “CanazTV” haqda bizə məlumat verərdiniz?
-Keçən il bu zamanlarda, Can Azərbaycan
Televiziyasını yaratmağa başlamışıq. 1
Fevralda, “CanazTV” internetdə www.canaz.tv adresində yayına başladı.
10 ay davam edən yayınları 1,5 ay qabaq maliyyə problemləri
səbəbiylə dayandırmaq məcburiyyətində
qaldım. “CanazTV”-ni bütün dünya azərbaycanlılarının
TV-si kimi görürdüm. Elə də oldu. Bizi
dünyanın hər yerindən azərilər izliyirdilər.
Ancaq kömək edənin olmaması və öz maliyyə
gücümün çatmaması səbəbindən
yayınlarımızı dayandırdıq. Saytımız hələlik,
dünya azərbaycanlılarının xəbər portalı
kimi işləyir. “CanazTV”-nin yayınlarının izlənməsinə
5 ay əvvəl İran hökuməti qadağa qoydu
-”CanazTV”-nin
durumu necədir?
-”CanazTV”,
hələlik xəbər portalı kimi yayınlarına davam
edir. “CanazTV”, heç bir hökumətin, siyasi partiyanın,
siyasi qrupun TV-si olmayacaq. “CanazTV”-nin ən böyük
idealı, dünya azəriləri arasında fikir, ruh və
ideya birliyi yarada bilməkdir. Amma inanıram ki, mənim işlərim,
önümüzdəki günlərdə, aylarda düzələcək
və “CanazTV” yenidən yayınlarına başlayacaq və təkcə Azərbaycan
xalqı üçün proqrama hazırlayacaq. Azərbaycan dövləti, bizim
qürur qaynağımızdı, “heç bir dövlətin
TV si olmayacayıq” deyəndə
yanlış anlaşılmasın. Bu sözlərdən,
“CanazTV”-nin qeyri- hokumət təşkilatı xüsusiyyətində olduğunu və
daşımasının gərkliyini deyirəm.
-Türkiyə
azərbaycanlılarının durumu?
-Türkiyədə
bəzilərinə gorə 4, bəzilərinə görə
5 və ya 8 milyondan artıq azəri yaşayır. Hər
hansı bir statsitik məlumat
olmadığına görə mən deyirəm ki, 3
milyondan artıq azəri yaşayır. 30-dan çox dərnəyimiz
olmasına baxmayaraq, mən, Türkiyədəki azərilərin
təşkilatsız olduğunu fikirləşirəm. Bir qismi
şiə mollaların təsiri ilə İran mövqeli
durumdadır. Bir qismi sünni məzhəbindən
olmalarına görə, şiələr ilə aralarında
problemlər var. Bir qismi isə, böyük şəhərlərə
köç edib və böyük ölçüdə mədəniyyət
və dillərini itiriblər. Bütün bu durumlara baxmayaraq,
Türkiyədə yatan bir azərbaycanlı divi olduğunu
fikirləşirəm. Türkiyədəki azərbaycanlıların
həm Şimali, həm də Cənubi Azərbaycan
üçün çox taleyüklü olduğunu və
mütləq bu divin oyandırılması gərəkliyini
fikirləşirəm.
-Türkiyədə
azərbaycanlıların təşkilatlanması nə səviyyədədir?
-Əvvələn,
bizlərin, yəni Türkiyədə yaşayan azərilərin
öncüllərinin bir araya gəlib, bu məsələni dəyərləndirməsi
lazımdır. Önümüzdəki aylarda keçirəcəyimiz
qurultayın əsas məqsədi
budur. Qurultayımız, Türkiyədə yaşayan azərilərin
öncüllərinin bir-birlərini tanımasına imkan verəcəkdir.
Qurultayımız, gerçək bir qurultay olacaq.
Qurultayımıza Amerika və
Avropada diaspor təşkilatlarında çalışan,
türkiyəli azərilər də qatılacaq və bir əməkdaşlıq
platforması formalaşdırmağa
çalışacağıq.
Bu qurultayla bağlı çalışmalarımız
sırasında, nə bizim, nə Diaspor Komitəsinin xəbəri
olmayan, Tokat şəhəri Zilə qəsəbəsində
bir azəri cəmiyyəti ilə tanış olduq. Yenə bu
əsnada Amasya şəhərindəki azərilər təşkilatlanma
imkanı yaratdılar.
Ağrı, Muş, Van, Adana, Antalya, İzmir, Samsun,
İstanbul, Ankara və başqa şəhərlərimizdə
yaşayan azərilər bir-birlərini tanımalarına imkan
yaranacaq. Qurultayımız, Türkiyədəki azəri
divinin oyanmasına səbəb olacaq.
-Azərbaycan
Səfirliyi və Diaspor Komitəsi ilə əlaqələriniz
necədir?
-
İki aydır, Səfirliklə qurultay barədə
görüşmək üçün vaxt almağa
çalışıram, amma ala bilmirəm. Şükür
ki, keçən həftə İstanbul baş konsulu ilə
görüşdüm.
Komitəyə
gəlincə, biz müstəqil bir qeyri-hökumət təşkilatıyıq.
Diaspor təşkilatlarının hamısının da bu
cür olması lazımdır. Ürəyi Azərbaycan
üçün yanan, qeyri -hökumət təşkilatı.
Komitə dövlət qurumu olduğuna görə dövlət
siyasətiylə hərəkət edəcək dərnəklərlə
işləyir. Amma biz 50 milyon Azərbaycan türkünü təmsil
etdiyimizi fikirləşirik. Bizim dərnəyimizdə, cənubi azərbaycanlı, şimali azərbaycanlı
və türkiyəli soydaşlarımız bir yerdə mədəni
mübarizələrini davam etdirirlər.
Niyyətim
kimisə qınamaq deyil. Diaspor Komitəsi bir dövlət
qurumu olduğu üçün
beynəlxalq anlaşmalara, hüquq qanunlarına uyğun
hərəkət etməyə məcburdur. Azərbaycan diasporu adına, təkcə,
Azərbaycan Respublikasının sabiq vətəndaşlarının təşkilatlanması istənirsə,
bu, doğrudur. Amma ümummilli liderimiz Heydər Əliyev və hörmətli
prezidentimiz İlham Əliyev bizi 50 milyon azərbaycanlının
diasporu adlandırır. Bu halda hamının fəaliyyətini dövlətə bağlı bir
qurumla tənzimlənməsi
yanlışdır. Dövlət təbii ki, 50 milyonluq
xalqın diasporunun
formalaşması üçün hər cür
yardımı göstərməlidir. Ancaq bunu rəsmi bir qurum
deyil, bir neçə qeyri- hökumət təşkilatı
vasitəsilə etməlidir. Bu zaman
türkiyəli, cənubi azərbaycanlı, şimali azərbaycanlı
arasında ayrı-seçkilik
qoyulmadan bütün diaspor təşkilatlarına
kömək edilməlidir.
Bu
gün Azərbaycan xalqının ən böyük problemlərindən
birisi Qarabağ problemidir. Ancaq daha mühüm bir problemimiz - Cənubi
Azərbaycanda və digər tarixi torpaqlarımızda
yaşayan soydaşlarımızın ən təməl insani
haqqı olan, ana dilində təhsil haqqından məhrum olaraq
yaşamalarıdır.
Diaspor
təşkilatlarımız, ən vacib iki problemimizi Qarabağ və ana dildə təhsil
haqqı uğrunda mübarizəyə xidmət edəcək
bir şəkildə təşkilatlanmalıdır. Bunu rəsmi
bir dövlət qurumunun həyata
keçirməsi mümkün deyil.
-Türkiyədə
yaşayan azərbaycanlıların hansı problemləri var?
Siz bu problemlərin həllini nədə
görürsünüz?
-Məncə
ən vacib problemlərimizdən biri müxtəlif qüvvələr
tərəfindən
qızışdırılan məzhəb
ayrılığımızdır. İkinci problemimiz, böyük
şəhərlərə gedərək Anadolu türklərinin
içərisində assimilyasiyaya uğrayıb azəriliyimizi
itirməyimizdir. Bir başqa böyük problemimiz isə təşkilatsız
olmamızdır. Bütün problemlərimizin
çözümü, güclü təşkilatlarımızın
yaranmasıyla həll oluna bilər. Bir də mütləq
Türkiyə azərbaycanlılarının özlərinin
bir televiziyası olmalıdır. Bu, çox vacibdir. “CanazTV”
böyük bir fürsət idi. Yenə də fürsət
kimi qalır. Əgər “CanazTV”-ni peyktə yayımlanan bir
televiziya edə bilsək, həm Türkiyə azəriləri, həm cənubi azərbaycanlılar
həm də, dünya azərbaycanlıları
üçün böyük şans olacaq.
-Dağlıq
Qarabağ və erməni məsələsi ilə
bağlı olaraq türk və azəri diasporları necə
fəaliyyət göstərməlidirlər?
-Dağlıq
Qarabağ probleminin sülh yoluyla həll olunması
üçün, Ermənistanın və ermənilərin,
Qarabağ uğrunda müharibə edəcəyimizə
inanmaları gərəkdir. Amma nə yazıq ki hələ də
inanmırlar. Azərbaycan dövlətinin və diasporunun
savaşa hazır olması və bunu qarşı tərəfə
də inandırması vacibdir. Bunu bacara bilsək,
işğal edilmiş torpaqlarımız sülh yoluyla azad
olacaq. Sülh yoluyla torpaqlarımızı alamazsaq belə
döyüşüb alacağıq.
-Türkiyə
və Azərbaycan elm, incəsənət və mədəniyyət
xadimləri bu sahədə nə etməlidirlər?
-Türkiyədə
azəri şair, sənətçi, tanınmış
idmançı və elm
adamlarımızın qurultay çalışmalarına
qatılmasına çalışacayıq. Azərbaycandan da
bu məsələdə çalışmalar gözlüyəcəyik.
-Sizcə,
İranda və Cənubi Azərbaycanda yaşayan azərbaycalılara
türk və azəri diasporaları necə kömək etməlidirlər?
-Mən
azərilərin diaspor fəaliyyətlərində cənubluların
ayrı, şimallıların ayrı, kərküklülərin
ayrı, türkiyəlilərin ayrı diaspor təşkilatlarının
olmasına qarşıyam. Xalqımızın ən təməl
iki problemi çərçivəsində, xüsusilə də taleyüklü məsələlərdə
bir mövqedə olmalıyıq. Bu durumda isə, cənubluların
ya da şimallıların təşkilatları deyə bir
söhbət olmayacaq.
-
Türk dünyası ilə bağlı olaraq fikirləriniz
necədir?
-Mən
Azərbaycan Dünyasının birliyini təmin eləmədən,
türk dünyasının birliyinə nail olmaq cəhdlərinə
uzaqdan baxıram. Mənim üçün hələlik əhəmiyyətli
olan azərilərin birliyini təmin etməkdir. Ortaq
düşmənlərimizə qarşı təbii ki birlikdə
hərəkət etməliyik. Ancaq görürsünüz ki,
Cənubi Azərbaycan problem
ola-ola İran dövləti ilə Türk dövləti dostluq eləyir. Bu durumda, mən və
biz təbii ki, xalqımızın yanında yer almalıyıq
-Azərbaycan
sizə necə əl uzatmalıdır?
-Bizim
dərnəyimiz, qurultayımız, “CanazTV” ictimai fəaliyyət
hərəkatları olaraq qalmalıdır. Bu səbəblə
dövlətimizdən rəsmi bir kömək gözləmirik.
Ancaq Azərbaycan qeyri-hökumət təşkilatlarından,
mətbuat, elm, sənət, iş adamlarımızdan, hər
məsələdə kömək gözləyərik.
İstərdik ki bizlə olsunlar.
-Qurultayda
hansı məsələlər gündəmə gətiriləcəkdir?
-Qurultayımız
3 ana başlıq altında keçiriləcək. Birincisi,
Türkiyədə yaşayan azərilərin birliyi, ikinci
başlığımız Türkiyə azərbaycanlıları
ilə dünya azərbaycanlılarının əlaqələri,
üçüncüsü isə ermənilərin Anadoluda,
Şimali və Cənubi Azərbaycanda etdikləri
soyqırımlarının açığa
çıxardılması.
-Qurultayın
əhatə dairəsi necə olacaqdır?
Türkiyə,
Avropa və Amerikada diaspor təşkilatlarımızda fəaliyyət
göstərən dostlarımız, azərbaycanlı diaspora
fəalları, Azərbaycan mətbuat işçiləri,
millət vəkilləri, elm adamları və incəsənət
adamlarından təmsilçilər qatılacaq. Bir də
ürəyimizdən Prezidentimiz İlham Əliyevin
qatılması keçir. Ancaq ona dəvətimizi necə
çatdıracağımızı bilmirik.
Sübhan TALIBLI
Paritet.- 2011.- 25-26 yanvar.- S.8.