“Çərşənbə”nin nöqtələri, “Renoult”un artıq hərfləri

 

Azərbaycan dilinin təhrifi, başqa dillərdə olan adlardan istifadə kütləvi şəkildə artmaqda davam edir. Şəhəri gəzərkən göz oxşayan vitrinlərdə yazılanları, mağazaların əcnəbi sözlərin bəzəməsini görməmək mümkün deyil. “Elegant”, “enjoyment”, “sale”, “black nigt”... uzandıqca uzanan, küçə boyu düzülmüş sözlər insanın xarici ölkələrdə gördüyünü xatırladır. Əcnəbi sözlər arasında çox az hallarda Azərbaycan sözlərini görmək olar. Onların da çoxu rus, yaxud ingilis sözləri ilə qarışıq formada. Sahibkarlar arasında apardığımız sorğu zamanı onlar  belə adların gözoxşayan olması(???), insanları daha çox cəlb etdiyi üçün seçdiklərini bildirirlər.

Doğma dilə hörmətsizlik edildiyini  və dil normalarının pozulduğunu xatırlatdıqda isə azad sahibkarlıqdan danışırlar. Bütün bunlar azmış kimi şəhər sakinləri də ünsiyyət vasitəsi kimi doğma dildən deyil, daha çox rus dilindən istifadə edir. Rus dilini tam bilməyənlər isə bu dilin qol-qabırğasını sındırmalı olsa belə danışmağa çalışır. Əgər belə insanları qınamağa qalxsan, onlar da cavab olaraq insan haqlarından, azadlıqdan danışaraq özlərinə haq qazandırırlar. Bu ölkədə kiminsə haqlarını tapdalayıb, azadlığını əlindən almırlar. Sadəcə özünün olanı qorumağı tələb edirlər. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dil olduğunu deyilir. Yəni hər bir azərbaycanlı, bu ölkənin vətəndaşı rəsmi və işgüzar ünsiyyət vasitəsi kimi bu dildən istifadə etməlidir.  Sahibkarlıq bu adlara, reklam  tablolarındakı və bəzəksiz küçələrimizi bəzəyə mindirən ingilis qəlibli sözlərə gəlincə isə qanun bunu da qadağan edir. Belə ki, dil haqqında qanunun  7-ci maddəsində Dövlət dilinin reklam və elanlarda işlənməsi barəsində deyilir ki, Azərbaycan Respublikasında bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Qanun insanların azadlıqlarını təmin etdiyi kimi, bir millətin var olması üçün lazım olan dilin qorunmasını da tələb edir.

Qanunda göstərildiyi kimi yalnız zərurət olduğu hallarda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Dövlət dili haqqında qanunun 19 maddəsində dövlət dilinin normalarına əməl etməyən fiziki və hüquqi şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsa da, hələ bu günə qədər heç kim hakim qarşısına çıxarılmayıb. Xatırladaq ki, qanunvericilikdə oxşar normalar Fransa, Ukrayna, İran, Rusiya, Litva, Estoniya, Polşa və slkələrdə də var. Həm də həmin ölkələrdə dil haqda qanun bütün sərtliyi ilə təbiq edilir.

Müasirləşmək, Qərbə inteqrasiya, Avropa mədəniyyətinin öyrənilməsi insana öz ana dilinə laqeydliyi aşılamaq deyil, nə də azərbaycanca düşünüb, rusca danışmaq. Azərbaycan dili ilk dəfə Elxanilər, daha sonra Qaramanlılar, Qaraqoyunlular və Səfəvilərin zamanında dövlət səviyyəsində istifadə olunmağa başlandı. Lakin çar imperiyasının əsarətində olarkən təhsildə, rəsmi səviyyələrdə rus dili doğma dilimizi öz kölgəsində itirdi. Çar Rusiyasının süqutundan sonra cəmi 23 ay yaşayan Xalq Cümhuriyyəti dövründə dövlət dili Azərbaycan dili elan olunsa da bu hakimiyyət bolşeviklərin gəlişinə qədər sürdü. Elə o zamandan 70 il Sovet İttifaqında dilimiz də arxa plana keçdi. Artıq 20 ildir müstəqil olsaq da, zaman-zaman düşmənlərimiz tərəfindən unutdurulan Azərbaycan dili bu gün mənsub olduğu xalqın nümayəndələri tərəfindən təzyiqə məruz qalır. Lakin   ümumiyyətlə, bir millət kimi mövcudluğu bilinməyən ermənilər  belə  məsələlərdə bizdən çox öndədirlər. Hələ Sovet İttifaqında bütün xalqların əsas dili rus dili olduğu vurğulansa da Ermənistanda rəsmi dil kimi həmişə erməni dili istifadə olunub. Təsadüfi deyil ki, qırmızı imperiyanın sonlarına yaxın Ermənistanın birinci katibi olmuş Stepan Dəmirçiyanın zamanında hətta burda çalışan yüksək vəzifəli rus məmurları belə hesabatları erməni dilində verirdilər.

Cəmiyyətin yad dillərə, adlara meylliyinin, yad həyat tərzinin  imitasiyasının səbəbinə gəlincə,  psixologiya elmlər namizədi Səkinə Əlizadə hesab edir ki,  daim müəyyən çərçivədə yaşayan insanların başqa mədəniyyətlərə, onların dillərinə, onlara bənzəmələrinə olan daxili təlabatdan da irəli gəlir: “Müstəqil olduqdan sonra sərhədlərin  açılması nəticəsində Qərb mədəniyyəti kütləvi sürətdə axmağa başladı. İnsanlar hər yeni gördükləri şeyə bəzən ilahi bir şey kimi yanaşırdılar. İngilis adları, onları yamsılamaq insanlara xoş gəlir. Cəmiyyətdə rus dilinin üstünlük təşkil etməsi isə sovet vaxtından qalma psixologiyadır. Hələ o vaxt rus dilini bilməyənlərə yuxarıdan aşağı baxır, onları qəbul etmirdilər. Bir də rus dili dövlət səviyyəsində istifadə olunurdu. Məncə o psixologiya hələ də hökm sürür. Yeni doğulan insanlara, yeni nəslə də öz valideyinindən keçmə bir şeydir, amma bu da bir dövrdür. İnanıram ki, doğma dilimiz rus dilini üstələyəcək, çünki rəsmi dil səviyyəsində istifadə olunan dildir. Ən pisi isə rus dilindən qurtulduqdan sonra artıq cəmiyyətimizdə özünə yer edən ingilis dilinin rus dilinin yerini tutmasıdır. “

Psixoloqun qorxduğu şey deyəsən baş verir. Dövlət dilinin qoruyucusu və inkişaf etdirən mətbuatda da bu nöqsanlar demək olar ki, hər gün baş verir. “Razborka”, “krışa”, “vor zakon”, “sxodka”, “dubinka”, “kontrakt”, “reverans”, “proje”, “monopolist”, “çete”, “maxinasiya”, “bandotdel”, “zapravka”, “fitness”, “önəm”, “dönəm”, ”konflikt”, “politika”, “toplum”, “gündəm” kimi əcnəbi sözlər intensiv olaraq işlənilir. Bunlar rus, türk və ingilis qəlibli sözlərdir. İngilis dilində olan xüsusi isimlərin tranlitersiyasında-azərbaycanca yazılışında da  problemlər mövcuddur. Xüsusi isimlərin olduğu kimi saxlanması -  “Vaşinqton tayms” əvəzinə orijinalda olduğu kimi “The Washington Times”  yazılması Azərbaycan dilinin orfoqrafiya normalarına ziddir, eyni zamanda sadə oxucu üçün çətinlik yarada bilər.

Vaxtilə Mirzə Fətəli Axundzadə istehza ilə yazırdı ki, əski əlifbada yazdığı “çərşənbə” sözünə nöqtələr qoyduğundan lazımi yerə vaxtında gedə bilməyib. O, bir azərbaycanlının savadlı yazı yaza bilməsi üçün ərəb və fars dillərinin qrammatikasının öyrənməsinin  vacibliyinə diqqət çəkir, bunu əski əlifbanın böyük qüsuru sayırdı. Əlifbamızın dəyişdirilməsi kimi böyük tarixi avantüra beləcə əsaslandırmışdı. Latın əlifbasına keçdik, görəsən, bu problemlər bitdimi? Həm də problem yalnız ingilis dili orfoqrafiyasının saxlanması ilə bağlı olsaydı, dərd yarıydı. Amma praktikada bütün latın əlifbalı dillərin orfoqrafiya və orfoyepiya qaydalarını öyrənməyimiz tələb olunur. Avropa Komissiyasının sədrinin Bakıya səfəri bu acı gerçəyi ortaya çıxardı, əvvəlcə onun adı ingilis dilinin orfoyepiya qaydalarına uyğun olaraq Joze Barrosso kimi tələffüz olunurdu, sonra bəlli oldu ki, ingilislərin özləri bu adı orjinalda (ispan dilində) olduğu kimi tələffüz edirlər: “Xose Barrozu” kimi. Və milli mətbuatımız yanlışını düzəltməyə tələsdi. 

Fransızlar sayağı “Renoult” yazıb “Reno” oxumağa, ingilislər sayağı “noteboock” yazıb “noutbuk” oxumağa artıq öyrəncəli olmuşuq. Bu azmış kimi dünyada cəmi 600 min insanın danışdığı irland, 300 min insanın danışdığı qel(şotland) dillərinin orfoqrafiyasını da öyrənməyə məhkumuq, əks halda latın əlifbalı azəri mətbuatında rast gəldiyiniz “Sean” adının yazdığı kimi deyil, ”Şon”; “McDonalds”-ın “mıcdonalds” yox “Mak Donalds” kimi tələffüz edilməli olduğunu hardan bilərdik. Hələ buna da şükür etmək gərəkdir. İş ondadır ki, bəzən Avropada artıq heç kimin istifadə etmədiyi ölü dillərin də orfoqrafiya və orfoyepiyasına bələdliyimiz tələb olunur. Məsələn, vallon dilindəki “Jean Cloud van Damme “ adını düzgün tələffüz etmək üçün, belə bilgilərə əşəddü ehtiyac var. Deyəsən, bunlar “çərşənbə”nin nöqtələrindən daha qəliz oldu. Sonra da mətbuatın oxucunu itirməsindən şikayətlənirik.

Azərbaycan Dil Qurumu mətbuatdakı bu halları qabardaraq, bunun məntiqi olaraq səhv olduğunu sübut edir. Qurumun mətbuata müraciətində deyilir. Əgər əcnəbi adlar orjinalda olduğu kimi saxlanılırsa, nə üçün “Əl-Cəzirə” ərəb, “Nezavisimaya qazeta” kiril, “Rustavi” gürcü əlifbalarıyla yazılmır? ADQ belə nəticəyə gəlir ki, adları orjinal variantda saxlamaq istəyi yalnız Avropa  dillərinə şamil edilməsi heç bir dilin normalarına uyğun deyil.

Qurum bildirir ki, mətbuat nümayəndələri bunu bilə-bilə edirlər: “Biz hələ üslub səhvlərini, durğu işarələrindəki səhvləri demirik. Onları da nəzərə alsaq görərik ki, bu gün mətbuatımız bərbad haldadır”.

Qurumdan bildirdilər ki, cəmiyyətimiz də bu məsələlərə olduqca laqeyd yanaşır: “Mətbuatda demək olar ki, hər gün bu pozuntulara yol verilir. Azərbaycan dilində olmayan sözlər yazırlar. Məslən “kubinka”. Oranın tarixi adı Quba meydanıdır. Sadəcə ruslar gələndən sonra dəyişdirərək “kubinka” qoyublar. Sonra Şamaxı yoluna “şamaxinka” deyirlər. Mətbuat da belə yazır. Artıq yeni nəsil yaranır. Köhnə nəsil bu sözlərdən qurtula bilmirsə, dili inkişaf etdirən KİV, mətbuat bunları, tarixi adları yeni nəsilə öyrətməlidir..”

Mətbuatda bu səhvlərin getməsinin səbəblərinin biri də dilimizin orfoqrafik lüğətində əcnəbi adların necə yazılmasının konkret göstərilməməsidir. Eyni zamanda yeni terminlər barəsində də lüğətdə heç bir qeyd yoxdur. ADQ sədri Anar Mahmudoğlu isə bunun orfoqrafik lüğətin deyil, Terminologiya Komissiyasının səhvi olduğunu deyir. “Dilin inkişafı dinamikləşib. Amma biz hələ də bilmirik ki, klaviaturaya, yaxud prosessora nə deyək. Bu Terminologiya Komissiyasının səhvidir. Çünki yeni terminlər komissiya tərəfindən dilimizə uyğun hazırlanaraq verilməlidir. Azərbaycan dilinə uyğun qəlibə salındıqdan sonra orfoqrafik lüğətə salınmalıdır. Amma bunlar da mətbuatın dilimizə etinasızlığına haqq qazandırmır.”

Terminologiya komissiyasının rəsmi internet səhifəsində terminlərdən bəhs edən 10 terminologiya kitabının arasında rus dilindən başqa digər dillərdən daxil olan sözlər barəsində heç bir kitab yoxdur. Əvəzində isə rus dilinə aid müxtəlif mövzularda 3  kitab var. Bununla bağlı Terminologiya Komissiyasının mövqeyini öyrənmək mümkün olmadı.

 Qeyd edək ki, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2001-ci il 18 iyun tarixli fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin etməlidir. Bu fərmana əsasən Nazirlər Kabineti 2004-cü il 5 avqust tarixli 108 nömrəli “Azərbaycan dilinin orfoqrafiya qaydaları” haqqında qərarı ilə orfoqrafik lüğət nəşr olundu. Bu lüğətdə əcnəbi sözlərin yazılışı ilə bağlı hər hansı bir müddəa yoxdur.  2010-cı ildə cüzi dəyişikliklə qəbul edilən yeni orfoqrafik lüğətə də nəzər salsaq eyni halların burda da təkrarlandığını görərik. Bu günə qədər isə bir çox orfoqrafik lüğət  istifadəyə verilib. Azərbaycanın ilk orfoqrafik lüğəti latın qrafikası ilə 1929-cı ildə nəşr edilib. Bu lüğətin həcmi kiçik idi və tələblərə cavab vermirdi. Daha sonra 1940, 1960 illərdə də lüğətlər nəşr olunsa da əvvəlkilərə nisbətən daha sanballı orfoqrafik lüğət 1975- ci ildə işıq üzü gördü. 58 min sözün olduğu bu lüğət sovetlər dövründə Azərbaycanın son lüğəti idi. 29 illik fasilədən sonra 2004-cü ildə təsbit olunmuş lüğətə isə 80 min söz salınmışdı. Yeni orfoqrafik lüğətin əvvəlkilərdən fərqi 2 min sözün əlavə edilməsi və bir neçə hallarda dəyişikliklərin edilməsidir.

Azərbaycan dilinin də aid olduğu Altay dil qrupuna daxil olan dillər arasında türk dili bu istiqamətdə xeyli irəliləyib. Belə ki, türk dilinin orfoqrafik lüğətində müxtəlif dillərdə olan adların türk dilində yazılışı aydın göstərilir. Hətta bu siyahıya dil qrupuna aid olan digər türk dilləri-qazax, qırğız, və digər dillər də daxildir.

20 ildir müstəqillik, amma hələ də “bratlardan”, “okeylərdən”.... qurtula bilmirik. Rusdan bizə qardaş olmasa da “brat” deyib əl çəkmək istəmirik. Yeni öyrəndiyimiz “okeylərin” təsirindən isə keyləşən dilimiz artıq azərbaycanca tələffüzü etməyi də unutmaqdadır.

 

 

A.     NƏRİMANLI

 

          Paritet.- 2011.- 25-26 yanvar.- S.10.