200 adda kitabın sərgisi keçirilib
Dünən
M.FAxundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət
və Turizm Nazirliyinin 5 illiyi ilə əlaqədar 2006-2010-cu
illərdə işıq üzü görmüş nəşr
məhsullarından ibarət kitab sərgisi və 3 dildə nəşr
olunan "Mədəniyyət" kataloqunun 4-cü
sayının və "Bizim nəşrlər" kataloqunun
təqdimat mərasimi keçirildi. Tədbirdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və görkəmli
mədəniyyət xadimləri, müəlliflər, nəşriyyat
işçiləri iştirak edirdilər.
Nazir
beş il ərzində əldə etdikləri uğurlardan
danışaraq bildirdi ki, son yüz ildə mədəniyyətimizə
vurulan ən böyük zərbə dilimizlə bağlı
olub: "Dünyada heç bir xalq yüz il ərzində
öz mədəniyyətini dörd dəfə tərcümə
etməyə məruz qalmayıb. Ölkə prezidentinin
apardığı siyasət ondan ibarətdir ki, Azərbaycan
xalqının mədəni irsinin dəyərli nümunələrinin
gənc nəsilə çatdırılması
üçün həmin ədəbi materiallar yeni əlifba
ilə nəşr edilsin. Beş illik fəaliyyətimiz nəticəsində
Azərbaycan mədəniyyətinə böyük töhfələr
verən şəxslərin əsərləri yenidən nəşr
olunub". Bir çox kitabların rus, ingilis, ərəb dillərinə
tərcümə olunduğunu deyən nazirin sözlərinə
görə son beş ildə 32 min kitab dünyanın müxtəlif
kitabxanalarına yerləşdirilib: "Hətta Türkiyədə
də azərbaycanlı müəllifləri barədə məlumat
az idi. Ancaq bu gün Milli Kitabxana ilə əməkdaşlıq
sahəsində nəinki Türkiyədə, bir çox
başqa xarici ölkələrində kitabxanalarında
kitablar var. Bu da bizi sevindirdi ki, nəşr işi Azərbaycanın
daxilində məhdudlaşmır, ölkəmizin
hüdudlarını aşaraq dünyanın bir sıra
ölkələrində keçirilən nüfuzlu sərgilərdə
nümayiş olunur. 2009-cu ildən başlayaraq hər iki ildən
bir Azərbaycanda beynəlxalq kitab sərgiləri
keçirilir ki, bu da dünya nəşrləri ilə
tanış olmaq, eyni zamanda Azərbaycanda olan ədəbi və
bədii irsi dünyaya çatdırmaq üçün
yaxşı bir fürsətdir". Azərbaycanın turizm
potensialı ilə bağlı da kitabların və
broşürlərin nəşr olunduğunu deyən nazir qeyd
etdi ki, bu çap məhsulları beynəlxalq sərgilərdə
ziyarətçilərə təqdim edilir: "Hər il
yüz adda müxtəlif kitablar, broşürlar müxtəlif
beynəlxalq sərgilərdə nümayiş etdirilir.
"Yeniləşən mədəniyyət, yeniləşən
məkan" adlı layihə çərçivəsində
teatr binaları və mədəniyyət ocaqları təmir
olunur".
Sənətşünas,
əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirdi
ki, son üç ildə MTN yaxından əməkdaşlıq
edən müəlliflərdən biridir. Onun sözlərinə
görə bu illərdə nazirliyin dəstəyi ilə
dörd kitabı çap olunub. Sonra sənətşünas
çıxışını nəşr olunan kitabları
haqqında ətraflı məlumat verməklə davam etdirdi.
Tədbirdə
AYB-nin katibi Rəşad Məcid, Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov və digər natiqlər
çıxış edərək MTN-nin təşkil etdiyi sərginin
əhəmiyyətində və orda nümayiş olunan
kitabların dəyərindən danışaraq bildirdilərki,
bu nəşrlər dəyərli müəlliflərimizi gənc
nəsilə çatdırmaq və Azərbaycan ədəbi
və mədəni aləmini dünyada təbliğ etmək
üçün yaxşı bir vasitədir.
Məlumat
üçün bildirək ki, sərgidə nazirliyin təşkilatçılığı
ilə 200 adda təqdim olan kitabların əksəriyyəti mədəniyyət,
incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin
qorunması və turizm sahələrini əhatə edirdi.
Günay
Paritet.- 2011.- 29-31 yanvar.-S. 16.