İMEİ kod nədir
və onun qeydiyyatının əhali üçün üstünlükləri
Mobil telefon, yoxsa kompyuter? XXI
yüzillikdə bu suala
birmənalı cavab vermək, doğrusu, çox çətindir.
Ən azından, hər iki avadanlıq biri digərinin funksiyalarını
özündə cəmləşdirir və olduqca
geniş kütləyə xidmət edir. Bu gün kompyuter
və ondan istifadənin təhlükəsizlik
qaydaları haqqında geniş
araşdırmalar aparılaraq, ictimaiyyətə kifayət qədər
məlumat ötürülsə də, kütləviliyi ilə
kompyuterdən geri qalmayan
telefonun (həm də istifadəçinin)
təhlükəsizlik qaydaları haqqında çoxumuz
o qədər də geniş
informasiyaya malik deyilik. Bunu deməyə, aktiv telefon istifadəçilərinə
“İMEİ kod nədir” sualı ilə
müraciətimizə, onların əksəriyyətinin
“Bilmirəm” cavabı əsas verir.
1982-ci ildən
rəsmi statusunu qazanan
mobil rabitə sürətlə həyatımıza
daxil oldu. İlk mobil telefon aparatı “Motorola”
şirkəti tərəfindən 1983-cü ildə
yaradıldı. 1987-ci ildə isə “Nokia”
rəqabət bazarında “Motorola”nı
sıxışdırdı. Daha sonra bu rəqabətə
“Siemens”, “Samsung”, “SonyEricsson” və s.
şirkətləri
qoşuldu. Hər bir istehsalçı, təbii olaraq,
müştərilərin diqqətini yeni mobil standartlar (NMT-450, AMPS,
TACS, GSM, CDMA, ETACS və s.) və mobil xidmətlərlə cəlb etməyə
çalışdı. Mobil telefon aparatı ünsiyyət vasitəsi olmaqla yanaşı, fotoaparat,
kamera, kompyuter, radio, televiziya internet xidmətlərindən istifadə etməyə
imkan yaratdı. Mobil
rabitə sahəsində səmərəli xidmət təkliflərinin
axtarışları hələ də davam
edir.
Ölkəmizdə isə ilk mobil şəbəkə
1994-cü ildə “Bakcell” şirkəti tərəfindən
ETACS standartı əsasında qurulub.
Mobil rabitə şəbəkəsi genişləndikcə
mobil aparat istifadəçilərinin
sayında da xeyli
artım baş verdi. Bu artım, xüsusilə ölkəmizdə
müşahidə olundu. Belə ki, ölkəmizdə əhalinin hər 100 nəfərinə
düşən mobil telefon
aparatlarının sayı 16,3 ədədə çatıb
(2011).
Lakin
təəssüf ki, əksər mobil telefon istifadəçiləri
mobil aparat alarkən telefonun yalnız görünüşünə
və digər imkanlarına fikir verdiklərindən,
bütün hallarda telefondan istifadənin təhlükəsizliyinə
xidmət edən İMEİ koda əhəmiyyət
vermirlər.
Bu, bəlkə də istifadəçinin
texniki biliyinin az olması ilə əlaqədardır. Halbuki, İMEİ kodun (İnternational Mobile Equipment İdentity - Mobil telefonun beynəlxalq
tanınma kodu) mobil aparatdan istifadənin - həm istifadəçinin özü, həm də ətrafındakı
insanların təhlükəsizliyi üçün
əhəmiyyəti böyükdür. Telefon alarkən də ilk
diqqət yetirməli olduğumuz məsələ
İMEİ koddur.
İMEİ kod
hər bir mobil telefonun 15 rəqəmdən ibarət unikal kodudur. Bu kod istehsalçı
şirkət tərəfindən telefon istehsal olunarkən onun
yaddaşına (proqram təminatına) daxil edilir. Hər
bir istehsalçının xüsusi alqoritmi əsasında
hazırlanan İMEİ koda əsasən
istehsalçının adını, olduğu
ölkəni müəyyən etmək olar.
İlk 8 rəqəm konkret
modelin seriyasını göstərir,
sonrakı 2 rəqəm isə hansı ölkədə istehsal olunduğunu
göstərir. İMEİ kod telefonun yaddaşına
yazıldığından, çox
asanlıqla telefonda *#06#
kombinasiyasını yığmaqla ekranda
İMEİ kodu görmək olar. İki Simkartı olan telefon aparatlarına 2
İMEİ kod mənimsədilir. Bundan əlavə, İMEİ kod
telefon batareyasının altında, zəmanət
talonunda və telefon qutusunda da yazılır.
Oğurlanmış və itmiş
telefonların tapılmasında İMEİ kod
əvəzedilməz vasitədir. Bu kod telefon aparatının
yaddaşına yazılmış adi rəqəmlər
deyil.
Mobil
telefon istifadəçilərinin
sayının artması şəraitində, mobil
aparat oğrularının sayının
artması da hardasa
normaldı. Bu cür oğurluq faktı ilə hər bir istifadəçi həyatında azı bir dəfə rastlaşır və bu, bizə gələcəkdə də mobil telefon oğurluğu
ilə rastlaşmayacağımız təminatını
vermir. Mobil telefon oğurluğuna əsasən insanların daha çox sıx
toplaşdığı yerlərdə - nəqliyyatda,
küçədə rast gəlinir. Adətən,
oğurlanmış telefonda ilk görülən iş
onun simkartının
çıxarılması və telefonun
yenidən işlənmiş (second hand) telefonların
satış bazarına daxil
olmasıdır. Bu zaman
zərərçəkənlə alıcının, cinayətkarı
tutmaq üçün
atmalı olduğu ilk
addım bu cür
olmalıdır: Zərərçəkmiş telefonunun İMEİ kodu
vasitəsilə polisin rəsmi müraciəti
ilə operatora (oğurlanmış aparat hansı mobil şəbəkədə
işləyirsə, məhz həmin şəbəkənin operatoru onu tapa
bilər) həm simkartı, həm də aparatı blok etdirə bilər. Alıcı isə,
təbii ki, ona gətirilmiş
telefonun hər hansı bir
cinayətdə işlədilib-işlədilməməsini yoxlamaq üçün
oğurlanmış və ya itirilmiş telefon aparatlarının
İMEİ kodlarından ibarət bazanın “qara
siyahı”sına baxmalıdır. Bu cür xidmət Ukraynada çox asan prinsiplər əsasında
təşkil olunub. Belə ki, telefon alarkən internet üzərindən çox
asanlıqla bu bazaya daxil olub, telefonun
İMEİ kodunun, bir
neçə saniyəyə onun hər
hansı bir oğurluq
faktı ilə əlaqəli olub-olmamasını aşkar etmək olur.
Dünyanın bir çox
ölkələrində (Rusiya, Böyük Britaniya,
ABŞ) mobil telefon
aparatlarının İMEİ kodlarından ibarət internet resursu
yaradılıb. Bu bazaya
daxil olmaqla mobil aparatın “təhlükəsiz” olduğunu müəyyən etmək olar.
Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüzün
fikrincə, texnologiyalar o
qədər inkişaf edib
ki, telefonun özəl
İMEİ kodunu da dəyişmək
mümkündür. Bu
halda nəzəri cəhətdən mümkündür ki, eyni İMEİ koduna malik 2 telefon aparatı olsun: “Məsələ burasındadır ki, bu cür
telefon aparatlarının eyni
şəbəkə daxilində işləməsi problem olsa da,
ayrı-ayrı şəbəkələrdə işləməsi
problem yaratmır. Bunu
isə adi oğrular yox, müəyyən hazırlıq keçmiş hakerlər, proqramçılar
edə bilərlər. Son dövrlərdə
isə istehsalçılar tərəfindən bununla bağlı təhlükəsizlik tədbirləri
gücləndirildiyindən, İMEİ kodunun
dəyişdirilməsi xeyli çətinləşib”.
Latviya, Böyük Britaniya, Belarusiya, Rusiyada
İMEİ kodun dəyişdirilməsi qanunla cinayət əməli sayılır. Skandinaviya ölkələrində isə operatorlar tərəfindən telefonun
oğurluq olması ilə bağlı dayanmadan ona SMS mesajları
göndərilir.
Telefon oğurluğu ilə
qarşılaşdığımız zaman
görməli olduğumuz ilk
tədbirlər:
Polis şöbəsinə
yaxınlaşıb rəsmi ərizə ilə müraciət
etmək;
Operatorun ofisinə və
ya müştəri xidmətlərinə
bu haqda rəsmi
müraciət etmək (operator polisin rəsmi müraciətindən sonra telefonun
axtarışı ilə məşğul olur);
Oğurlanmış
telefondakı simkartı bağlatdırıb, əvvəlki
nömrəylə eyni olan
simkart almaq;
İşlənmiş telefon alqı-satqısı ilə məşğul
olan mağazalar tərəfindən
telefonların sənədləşdirilməsi.
Rəsmi səviyyədə
də mobil cihazlardan
istifadənin təhlükəsizliyini təmin etmək məqsədilə
Nazirlər Kabinetinin 28 dekabr
2011-ci il tarixli “Mobil cihazların qeydiyyatının
aparılması Qaydası”nın təsdiq edilməsi
haqqında qərarına uyğun olaraq ölkə ərazisində Mobil cihazların qeydiyyat mərkəzi
yaradılır.
Bu məqsədlə,
fevral ayından Azərbaycanda mobil operatorların şəbəkələrində
mobil cihazların İMEİ kodlarının
monitorinqinə başlanılıb. İMEİ kodların monitorinqi Azərbaycana qeyri-leqal
idxal olunan və
ölkənin mobil rabitə şəbəkələrində
istifadə edilən mobil cihazları
üzə çıxarmağa imkan verəcək.
Monitorinq nəticəsində saxta İMEİ kodları olan
mobil cihazlar da aşkar olunacaq.
Monitorinq nəticəsində
aşkarlanmış qeydiyyatsız mobil
cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması
nəzərdə tutulub. Monitorinq
yerli mobil şəbəkələrin
sim-kartları quraşdırılmış sim-kart
mobil telefonlar, smartfonlar, planşet
kompyuterlər (məs. iPad) arasında
aparılır. Mobil rabitə şəbəkəsi
vasitəsilə aparılan monitorinq Azərbaycanda
istifadədə olan bütün
mobil cihazları əhatə edir (sia.az).
Layihəyə həm mobil rabitə operatorları, həm də
dövlət idarələri cəlb edilib.
Ölkəyə gətirilən mobil
telefonların nəzarəti və qeydiyyatı Dövlət Gömrük Komitəsi tərəfindən
aparılır. Layihənin nizamlayıcısı qismində
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi
çıxış edir (Trend).
Bundan başqa qeyd edək ki, “Mobil cihazların
qeydiyyatının aparılması Qaydası”nın 5-ci maddəsi
(Mobil cihazların qeydiyyatı)
bütövlükdə mobil cihazlardan istifadənin təhlükəsizliyini
təmin edən İMEİ kodlar
haqqındadır.
Mobil
cihazların qeydiyyata alınması sisteminin tətbiq olunduğu
bir sıra ölkələrdə telefon oğurluğu, saxta cihazların yayılması və digər
cinayətlərin qarşısını almaq
mümkün olub.
Ölkəmizdə də bu sistemdə qaydaya uyğun qeydiyyata alınmış mobil
cihazların İMEİ nömrələri ağ səhifəyə,
qeydiyyata alınmayan cihazlar
qara səhifəyə daxil
ediləcək. İnsanlar özləri
telefonlarının qanuni
olub-olmamasını yoxlaya biləcəklər.
Bundan sonra, yeni telefon alan
insanlar onun oğurluq, saxta, yaxud digər qanunsuz yollarla gətirilən olduğunu
özləri yoxlaya biləcək. Bununla
bağlı yeni bir sayt yaradılacaq: “Ora hər
kəs İMEİ kodunu daxil
edib yoxlaya biləcək”.
Beləliklə, İMEİ kodun qeydiyyatı bizi
yalnız potensial cinayətlərdən və
cinayətkarlardan qorumur, eyni
zamanda bizi bilərəkdən
və ya bilməyərəkdən hər
hansı qeyri-qanuni hərəkətdə
iştirak etməkdən
sığortalayır. Sadəcə, İMEİ kodun qeydiyyatının vacibliyi
cəmiyyətdə mobil aparat
istifadəçilərinə aşılanmalı və bunun “təhlükəsiz gələcək” təminatı
olduğu təbliğ olunmalıdır.
Nuranə ABBASOVA
Paritet.- 2012.- 31 mart-2 aprel.- S. 11.