Danimarkada Azərbaycanın lobbiçilik
fəaliyyəti güclənir
Gənclər birliyinin sədri
Mehriban Əliyeva: “Azərbaycan dövlətinin
varlığı diasporumuzun ən güclü istinad nöqtəsidir”
Azərbaycan
diasporunun fəaliyyət coğrafiyasında Avropa xüsusi yer
tutur. Avropanın bütün ölkələrində fəaliyyət
göstərən diaspor təşkilatlarımız “Köhnə
Qitə”nin Azərbaycanı tanımasında mühüm rol
oynayırlar. Azərbaycan diasporunun mütəşəkkil
formada təşkilatlandığı ölkələrdən
biri də Şimali Avropada yerləşən Danimarkadır.
Avropanın o qədər də böyük olmayan ölkələrindən
sayılan Danimarkada da diasporumuz Azərbaycan həqiqətlərinin
Danimarka ictimaiyyətinə çatdırılmasında fəal
işlər həyata keçirir. 6 milyona yaxın əhalisi
olan bu ölkədə əhali say tərkibinə görə,
96 faiz danimarkalılardan, 2 faizi alman, farer, isveçlilərdən,
qalanları isə Qrenlandiyada yaşayan eskimoslardan ibarətdir.
Lakin azərbaycanlıların sayının çox az
olmasına baxmayaraq, soydaşlarımızın ictimai fəallığı
onların bu azlığını kölgədə qoyur.
Hazırda Danimarkada 5 diaspor təşkilatımız fəaliyyət
göstərir. Onlardan biri də “Vətən” Cəmiyyətidir.
2007-ci ilin fevral ayında yaradılmış Cəmiyyətin əsas
məqsədi Azərbaycan mədəniyyətinin, tarixinin,
ölkənin başına gələn bəlaların,
torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən
işğal olunmasının və BMT-nin 4 qətnaməsinin
ermənilər tərəfindən yerinə yetirilməməsinin
danimarkalılara və başqa millətlərə başa
salmaq, onları bunlar barədə məlumatlandırmaqdır.
Cəmiyyətin
sədr müavini, gənclər birliyinin sədri Mehriban Əliyeva
cəmiyyətin fəaliyyəti, gördükləri işlər
haqqında “Paritet”ə danışıb.
Cəmiyyətin
5 ildir fəaliyyət göstərdiyini deyən M.Əliyeva
bildirib ki, ötən beş ildə həyata keçirdikləri
işlər nəzərə alınsa, fəaliyyətlərini
qənaətbəxş hesab etmək olar: “Bizim cəmiyyətimiz
Danimarkada ən fəal təşkilatlardandır. 100-ə
yaxın azərbaycanlı, 50 nəfər isə danimarkalı
nümayəndəmiz var. Üzvlərimiz keçirilən
bütün tədbirlərdə iştirak edirlər. Çalışırıq
ki, Danimarkada Azərbaycanı
layiqli təmsil edək”.
“Vətənimizin haqq işinə
az da olsa töhfə vermək şərəfli işdir”
Digər
diaspor təşkilatlarımızla əməkdaşlıq məsələlərindən
danışan sədr müavini bəzi təşkilatların
passivlik nümayiş etdirdiyini də bildirib. Onun sözlərinə
görə, bəzən bu passivlik ümumi işə mənfi
təsir göstərir: “Biz istər Azərbaycanın, istər
Türkiyənin, istərsə digər xalqların diaspor təşkilatları
ilə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlıq
müxtəlif formalarda, misal üçün, Türkiyənin
tarixi hadisələrinin anım günlərinin və digər
tədbirlərin keçirilməsi, o cümlədən,
başqa azsaylı millətlərin keçirdikləri tədbirlərə
dəstək verməklə aparılır. Buna
qarşılıq olaraq da, həmin təşkilatlar Azərbaycan
diasporunun fəaliyyətinə yaxından köməklik
göstərirlər”.
Azərbaycanın
tarixi hadisələrinin, ermənilərin xalqımıza
qarşı törətdikləri faciələrin Danimarka
ictimaiyyətinə çatdırılması istiqamətində
gördükləri işlər barədə danışan M.Əliyeva
qeyd edib ki, bu il Xocalı soyqırımının 20-ci
ildönümü ilə bağlı silsilə tədbirlər,
aksiyalar həyata keçiriblər.
“Bu
il fevralın 25-dən başlayaraq, Danimarkanın paytaxtı
Kopenhagendə anım mərasimləri təşkil etdik. Soyqırımı
həqiqətləri barəsində yerli sakinləri məlumatlandırmaq
məqsədi ilə bukletlər, məlumat vərəqələri
payladıq. Azərbaycan himninin səsləndirilməsi ilə
başlayan mərasimdə yerli diaspor nümayəndələri
ilə yanaşı, yerli sakinlər də iştirak edirdilər.
Həmin sakinlərə, ümumiyyətlə yerli ictimaiyyətə
Xocalıda baş verənlərin dəhşətlərini,
ermənilərin təcavüzünü və hələ də
cinayətkarların cəzasız qalmasını anladaraq, ətraflı
məlumatlar verdik. Sonradan bunun nəticəsini də
gördük. Belə ki, artıq Danimarka ictimaiyyəti bu faciələr,
ermənilərin əsl kimliyi haqqında məlumatsız
deyillər. Onlarda bunlar haqqında soruşanda ən azı
müəyyən qədər məlumatlı
olduqlarını görmək olur və bu, bizi sevindirir. Hesab
edirəm ki, Vətənimizin haqq işinə az da olsa töhfə
vermək şərəfli işdir”. Mərasimdə kifayət
qədər türk və digər millətlərin nümayəndələrinin
iştirak etdiyini deyən sədr müavini bildirib ki, azərbaycanlıların
hüznlü günündə onların kədərlərini
bölüşməyə gələn qonaqlar arasında
Türkiyə səfirliyinin nümayəndələri Oya Tunga
və Ogeday Guner, Kopenhagen Tibb Universitetinin professoru Məsud
Aşina, Ülki Ocaqları Türk Federasiyasının sədri
Bahadur Güller, Kopenhagen Universitetinin professoru Karl Erik Fredeskov,
Türkmən Cəmiyyətinin sədri Yurtan bəy,
Türküstan Uyğur Cəmiyyətinin sədri Əbdülsəttar
bəy, Danimarkadakı Çeçen Birliyinin sədri
İlyas Musayev, “Hürriyyət” qəzetinin və “Kanal D”
televiziyasının nümayəndəsi Ünsal Turan,
Kopenhagendə Danimarka və türk dillərində nəşr
olunan “Haber” qəzetinin nümayəndəsi Sadi Tekeloğlu,
digər türk cəmiyyətlərinin və yerli ictimaiyyətin
nümayəndələri iştirak edirdilər:
“Danimarkalı elm adamlarının, ictimai xadimlərinin və
digər xalqların nümayəndələrinin
iştirakı ən vacib məsələlərdəndir. Biz
də maksimum şəkildə çalışaraq tarixi həqiqətlərimizi
aydın dildə çatdırırıq. Həmin tədbirdə
Xocalıya dair sənədli film də nümayiş olundu.
Sevindirici məqamlardan biri də, gənclərimizin bizə
daha çox dəstək verməsidir. Əvvəllər gənclər
arasında müəyyən qədər passivlik
nümayiş olunsa da, artıq bu passivlik aradan qalxıb və
demək olar ki, diasporumuzun gördüyü işlərin əsas
aparıcıları gənclərdir”.
“Avroviziya-2011” qələbəsi Azərbaycanı
danimarkalılar üçün maraqlı ölkəyə
çevirib
M.Əliyeva
qeyd edib ki, “Vətən” Cəmiyyəti Danimarkada azərbaycanlı
qızlardan ibarət “Qarabağ” rəqs qrupu yaradıb. Onun
sözlərinə görə, bu qrup Azərbaycan musiqisinin, rəqslərinin
təbliğində böyük rol oynayır: “Həm də
anım mərasimlərində şeirlər də səsləndirilir.
Xocalı ilə bağlı tədbirdə həmin qrupun
qızları şeirlər deyəndə danimarkalılardan
tutmuş hər kəs ağlayırdı. Bu, insanı həm
kədərləndirir, həm də sevindirir. Çünki, dərdinə
şərik olanları görürsən. “Qarabağ” rəqs
qrupu Novruz bayramları ilə bağlı keçirdiyimiz tədbirlərdə
də Azərbaycan rəqslərini nümayiş etdirir, mədəniyyətimizi
təbliğ edir”.
M.Əliyeva
qeyd edib ki, bu il 20 Yanvar hadisələrinin 22-ci
ildönümü ilə bağlı da müxtəlif tədbirlər
təşkil ediblər: “Bu hadisələrlə bağlı
Danimarka ictimaiyyətinə ətraflı məlumatlar verərək,
Azərbaycanın müstəqilliyinin bərpa olunması,
müstəqillik uğrunda canlarından keçən şəhidlərimiz
haqqında məlumatlandırırıq. Bununla yanaşı, müstəqilliyinin
bərpasından 20 il ötən Azərbaycanımızın
iqtisadi inkişafı, dünya arenasında oynadığı
rol və digər məlumatlarla da danimarkalılarda Vətənimiz
haqqında təəssüratlar yaradırıq”.
Sədr
müavini onu da qeyd edib ki, Danimarka ictimaiyyəti “Avroviziya-2011”
mahnı müsabiqəsində qələbəmizlə Azərbaycanı
daha çox tanıdı: “Bu böyük qələbəmiz
münasibətilə kirayə “Turist Qatarı” götürərək,
Kopenhagen şəhərində Azərbaycan sədaları
altında “Avroviziya” mahnısını səsləndirdik. Bu,
yerli ictimaiyyətin böyük marağına səbəb
oldu. Hər kəs bizə dəstək verirdi. Danimarkanın
paytaxtında, “Rodhus Plads” meydanından keçirdiyimiz bu
yürüşdə qalibiyyətimizin sevincini bir daha
yaşadıq. Məhz bu hadisədən sonra, danimarkalılar
Azərbaycana daha çox maraq göstərməyə
başladılar. Hətta, bir çoxları özləri
yaxınlaşaraq Vətənimiz haqqında maraqlanır, bizi
böyük qələbə münasibətilə təbrik
edirlər. Bir çoxları da “Avroviziya-2012” mahnı
müsabiqəsində iştirak etmək üçün
Bakıya gəlməyi düşünürlər”. Onun
sözlərinə görə, bu qələbə Azərbaycanı
danimarkalılar üçün maraqlı ölkəyə
çevirib.
“Kömək üçün
müraciət edəcəyimiz qurumun olması çox yaxşıdır”
Danimarkadakı
erməni diasporunun əvvəlki illərə nisbətən fəaliyyət
çevrələrinin daraldığını deyən M.Əliyeva
bildirib ki, hansısa tədbirimizə müdaxilə etmək
istəyən ermənilərin qarşısını bizimlə
birlikdə türk icmaları da alır: “Biz Türk, uyğur
və digər türkdilli ölkələrin icmaları ilə
daha yaxından işləyirik. Bir-birimizə bütün məsələlərdə
yaxından kömək edirik. Qondarma “erməni
soyqırımı”nın Fransada məlum müzakirəsi
zamanı bizim cəmiyyətimiz də Fransa Senatına etiraz məktubu
ünvanladı, o cümlədən Danimarkada etiraz aksiyası
keçirdi. Yəni, bu yaxınlıq, müştərək
işbirliyi, birgə mübarizə aparmaq son illər öz bəhrəsini
verməkdədir” .
Cəmiyyətin
fəaliyyətində Diasporla İş üzrə Dövlət
Komitəsinin də yaxından kömək göstərdiyini
deyən M.Əliyeva bildirib ki, Komitə onları dövlət
bayraqları ilə, Xocalı, Qarabağ həqiqətləri
barədə kitablarla təmin edir: “Hesab edirəm ki. Komitənin
dəstəyi diasporumuzun fəaliyyətində öz müsbət
nəticələrini göstərir. Bununla yanaşı,
göstərdiyimiz fəaliyyətdə lazım olan məqamlarda
kömək üçün müraciət edəcəyimiz
qurumun olması çox yaxşıdır. DİDK-nin bizə
Azərbaycan mədəniyyətinin, mətbəxinin təbliği
üçün kitablar, broşurlarla və digər resurslarla
yardım etməsi işimizi asanlaşdırır və daha
yaxşı nəticələr əldə etməyimizə səbəb
olur”. Onun sözlərinə görə, müstəqil Azərbaycan
dövlətinin varlığı, onun gücünün
artması diasporumuzun ən güclü istinad nöqtəsidir.
Lobbiçilik fəaliyyəti
genişlənir
M.Əliyeva
onu qeyd edib ki, son illər “Vətən” Cəmiyyəti
lobbiçilik fəaliyyətinin genişləndirilməsi
istiqamətində də müəyyən addımlar atır.
“Bir
neçə ay öncə bizim cəmiyyətin yerləşdiyi
Hillerod şəhərində Sosial Demokrat Partiyasının
nümayəndələri ilə görüşlər
keçirdik. Görüşdə SDP-dan parlamentə namizədliyini
irəli sürmüş Kristina Antorini (Christine Antorini),
Hillerod şəhərinin borgmesteri Kirsten Jensen iştirak
edirdilər. Görüş iştirakçılarına Azərbaycanın
bu günü, inkişafı, işğal olunmuş
torpaqlarımız, ermənilərin təcavüzü və
bunun fonunda Azərbaycanın sülhsevər siyasətini
anlatdıq. Görüş iştirakçıları bundan
məmnun qaldıqlarını bildirdilər. K.Jensen isə belə
təmasların daim davam etdirilməsini, azərbaycanlıların
Danimarkanın ictimai siyasi həyatında aktivliyinin vacibliyini
bildirdi. Onu da qeyd edib ki, bizim cəmiyyət parlament seçkilərində
SDP-nı dəstəkləyirdi. Hesab edirəm ki, Danimarka
parlamentdə təmsil olunan insanlarla münasibətlər
yaratmaqla Azərbaycanın lobbiçilik işinə yardım
etmiş olacağıq”, - deyə sədr müavini diqqətə
çatdırıb.
Parlament
seçkilərində qələbə qazanan, hazırda gənclər
və təhsil naziri Kristina Antorini ilə fevral ayında
keçirdikləri görüşdən də danışan
M.Əliyeva qeyd edib ki, nazirlə ətraflı fikir mübadiləsi
aparılıb: “K.Antorini turist səfərlərinin genişləndirilməsindən,
azərbaycanlı gənclərin inteqrasiya məsələləri
kimi bir sıra vacib məsələləri diqqətə
çatdırdı. Nazir məni və cəmiyyətimizin sədri
Səfər Sadiqini üzvü olduğumuz SDP-nın
konfransına dəvət etdi və biz də mart ayında
keçirilmiş konfransda iştirak edərək Azərbaycanı
orada təmsil etdik”.
Qeyd
edək ki, “Vətən” Cəmiyyətinin daim yenilənən
internet səhifəsi də fəaliyyət göstərir
(www.vetencemiyyeti.com). Saytda Azərbaycanın tarixi, mədəniyyəti,
işğal olunmuş torpaqlarımız haqqında geniş məlumatlar
yer alıb. M.Əliyeva bildirib ki, belə bir saytın
yaradılması Azərbaycanın virtual aləmdə
tanıdılmasına xidmət edir: “İnternet
saytımızın “Menyu” bölməsində “Tariximiz”, “Azəri
qadınları”, “Azərbaycan incəsənəti”,
“İdmançılarımız” və bir sıra bölmələr
var ki, burada da Azərbaycan haqqında geniş məlumatlar yer
alıb. İşğal olunmuş torpaqlarımız
haqqında da “Unutma” bölməsində işğal
altında olan rayonlarımız və onların işğal
tarixləri haqqında bilgilər dərc olunub. O cümlədən,
Azərbaycanın dövlət himni, atributları haqqında,
Azərbaycan dövlətinin bugünkü vəziyyətini,
inkişafını əks etdirən fotolar və məlumatlar
var. Bununla yanaşı, Vətənimiz haqqında digər məlumatları
da tapmaq mümkündür. Biz internet saytını daha da
genişləndirməyi düşünürük. Yəqin
yaxın zamanlarda buna da nail ola biləcəyik”. Sədr
müavini qeyd edib ki, təmsil etdiyi cəmiyyət 31 Mart -
Dünya Azərbaycanlılarının Soyqırımı
Günü münasibətilə də tədbirlər təşkil
edərək, Danimarka ictimaiyyətinə bu faciə
haqqında geniş məlumat verib, o cümlədən
danimarkalılara, ermənilərin təcavüzkar siyasətinin
hələ ötən əsrin əvvəllərindən
başladığı bildirilib. M.Əliyeva vurğulayıb
ki, qarşıda bu və digər məsələlərlə
bağlı geniş fəaliyyət planları var.
Asif NƏRİMANLI
Paritet.-2012.-5-6 aprel.- S.5.