Ukraynada üç min, Britaniyada min nəfər azərbaycanlı tələbə təhsil alır

 

 Dünən Macarıstanda ASAIF Budapeşt forumu öz işinə başlayıb. 27 ölkədən 250-dən çox gəncin qatıldığı forumun əsas məqsədlərindən bir neçəsi, xarici ölkələrdə təhsil alan gənclərimizin ortaq bir platformada birləşərək təcrübə mübadiləsində iştirak etmək, dövlət rəsmiləri ilə birbaşa ünsiyyət vasitəsi ilə onlarla fikir mübadiləsi aparmaq, müzakirələr və panellərdə mühüm mövzular ətrafında müzakirələr vasitəsi ilə Azərbaycanın xaricdə təmsil olunmasının yeni metodlarını öyrənməkdir. Forumun ilk günü gənclərimiz Azərbaycanın Litva, Avstriya, Yunanıstan, Almaniya, Böyük Britaniya, İtaliya və digər ölkələrdə olan fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirib, ASAİF-in gələcək planları  müzakirə edilib. Qurumdan “Paritet”ə verilən məlumata görə,  Azərbaycanın tanınmış  gənclər təşkilatları rəhbərləri ilə Macarıstan gənclər  təşkilatları rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

 Bu görüşlər zamanı birgə layihələr, əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı Macar gənclər ölkələrində olan bir sıra nüfuzlu universitetlərin təqdimatlarını ediblər. Günün ikinci yarısı Macarıstan Parlamentində ASAIF Budapeşt “Mən Gənc Səfirəm” adlı forumun rəsmi açılış mərasimi keçirilib. Açılışda həm Macarıstan, həm Azərbaycan tərəfdən bir sıra dövlət rəsmiləri çıxış ediblər. ASAIF sədri Orxan Əkbərov forum iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri cənab Vilayət Quliyev, sonra Macarıstan Parlamentinin Vitse-spikeri   İştvan Yakab, gənclər və idman naziri Azad Rəhimov, Macarıstan Milli Ehtiyatlar Nazirliyinin Sosial təminat, Ailə və Gənclər üzrə Dövlət katibi  Mikloş Şoltes, Azərbaycanın təhsil naziri Misir Mərdanov,  Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri  Elnur Aslanov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru  Şahmar Mövsümov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov çıxış ediblər.

Macarıstanın Budapeşt şəhərində “Mən gənc səfirəm” ASAIF forumu çərçivəsində Azərbaycanın müxtəlif ölkələrindəki səfirləri ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr arasında görüş keçirilib. Bu barədə  cümə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Almaniyadakı səfiri Pərviz Şahbazov, Litvadakı səfiri Həsən Məmmədzadə, Avstriyadakı səfiri Qalib İsrafilov, İtaliyadakı səfiri Vaqif Sadıxov, Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Polşadakı səfiri Həsən Həsənov və Ukraynadakı səfiri Eynulla Mədətli iştirak ediblər. Səfirlərin hər biri daim intellektual, geniş dünyagörüşünə malik, təhsil aldıqları sahəni dərinliklərinə kimi bilən, aktiv gənclərin Azərbaycanın gələcəyinə yönəlmiş böyük potensial olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, hansı ölkədə təhsil almalarından asılı olmayaraq, mənsub olduqları ölkə haqqında dərin biliklər, geniş dünyagörüşü onlara səfir kimi yetişməkdə yardımçı olacaq.

“Müxtəlif ölkələrin nümayəndələri Azərbaycan haqqında məlumatları dövlət qurumlarından da əldə edə bilərlər. Lakin siz gənclər ölkənin imicinin formalaşmasında, onun tarixi və mədəniyyəti haqqında məlumatların daha geniş və dolğun şəkildə dünya gənclərinə çatdırılmasında əvəzsiz rol oynayırsınız”, - səfirlər deyiblər.

Bildirilib ki, bu gün Ukraynada üç min, Böyük Britaniyada mindən artıq azərbaycanlı tələbə təhsil alır. Bu tələbələrin sayının getdikcə artması Azərbaycanın gələcəyinə xüsusi bir töhfədir. Məhz bu gənclər Vətənə döndükdən sonra yeni ideyaları, müxtəlif layihələri və əldə etdikləri bilikləri ilə Azərbaycan üçün yeniliklər edəcəklər.

Səfirlər gənclərə ənənələrini, dillərini, tarixlərini unutmamalarını məsləhət görüblər. Çünki gənclər mənəvi dəyərlərini bilərlərsə, məhz o zaman inkişaf edib daha böyük uğurlar əldə edə bilərlər

“Yenilik daim olmalıdır. Hər bir yeniləşmə prosesi o illərin gənclərindən başlayır. Hər nəsil belə hesab edir. Məhz 60-cı illərin gəncləri üçün ölkənin tarixi bu nəsildən, 80-ci illərin gəncləri üçün isə onlardan başlayır. Lakin yeniləşərək milli dəyərlərə sadiq qalmaq lazımdır. Məhz o an sağlam və parlaq gələcəyi olan inkişafdan danışmaq olar”, - Həsən Həsənov deyib.

Səfirlər bildiriblər ki, mədəniyyətin əldə etdiyi nailiyyətləri beynəlxalq və ikitərəfli əlaqələrdə çətin ki kimsə qura. Məhz mədəniyyət yeganə sahədir ki, onun tərcüməçiyə ehtiyacı yoxdur

 Forumun ilk günü Azərbaycanın Macarıstanda mədəniyyət günü konsert proqramı ilə başa çatıb

Konsert proqramında Nigar və Eldar, Tünzalə Ağayeva, Səbinə Babayeva, İlhamə Qasımova, Çingiz Mustafayev, Filarmoniya rəqs ansamblı və digər populyar sənət adamları səhnəyə çıxıb. Bu günsə 4 mövzu üzrə panellərdə müzakirələr aparılacaq. Panellərin mövzuları “Xaricdə təhsil alan Azərbaycanlı Gənclərin təşkilatlanma, diaspor  və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması; baxış və perspektivlər”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”, “Xaricdə Təhsil: İnsan kapitalının geri dönüşü və karyera imkanları”, “Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu” olaraq müəyyən edilib. Panel müzakirələri zamanı yuxarıda adlarını qeyd etdiyimiz dövlət rəsmiləri ilə bərabər Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev,  Milli Məclisin  üzvləri Ceyhun Osmanlı,  Fuad Muradov və Rasim Musabəyov, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov, Avropa Azərbaycan cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov, ZQAN holdinqin direktorlar şurasının sədri Anar Məmmədov, TÜRKPA baş katibi Ramil Həsənov, Ümumrusiya Azərbaycanlılar Konqresinin Baş katibinin müavini Nemət Nağdəliyev kimi tanınmış ekspertlər iştirak edəcəklər. Müzakirələrin sonunda, nəticələr oxunduqdan sonra forumun təntənəli bağlanış mərasimi keçiriləcək. Bu mərasimdə təşkilatın fəaliyyətində və inkişafında xüsusi rolu olmuş insanlara və digər müxtəlif nominasiyalarda plaketlər və sertifikatlar təqdim ediləcək.

 

 

İSMAYIL

 

Paritet.-2012.-7-9 aprel .- S.10.