Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilmiş 100 tələbə haqqında kitab dərc ediləcək

 

Tale Heydərov: “Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə cəlb olunmalıdırlar”

 

  Xəbər verdiyimiz kimi, cümə günü Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş “Mən gənc səfirəm” ASAİF forumunda 25 ölkədən 250-dən artıq gənc bir  araya gəlib. İlk olaraq hər iki ölkənin himni səslənib. Daha sonra ASAİF-in fəaliyyətindən bəhs edən 6 dəqiqəlik film nümayiş olunub. Bu barədə  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Tədbiri giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açdı. Səfir bu gün Azərbaycanlı gənclərin xaricdə təhsil aldıqdan sonra tək özəl qurumlarda deyil, dövlət qurumlarında da peşəkar karyeralarını inkişaf etdirdiklərini diqqətə çatdırdı.

“Tələbə hərəkatının tarixi yetərincə araşdırılmayıb. Son əlli ili götürsək, Rusiya və Avropada təhsil alan tələbələrin Azərbaycanın inkişafında əvəzsiz xidmətləri ilə bağlı böyük araşdırmalar etmək olar. 60-cı illərdə Moskva, Sankt-Peterburq və digər şəhərlərdə Azərbaycanlı gənclər tək yaxşı mütəxəssis kimi yetişməyiblər, onlar, həmvətənləri arasında milli şüur formalaşdırıblar, mədəniyyətimizi digər xalqlara yüksək səviyyədə nümayiş etdiriblər, həmin xalqın həyatında önəmli rol oynayıblar. Məhz qurulan mədəniyyət mərkəzləri, təhsil ocaqları və digər layihələrdə bu gənclərin əvəzsiz rolu olub”.

Daha sonra söz gənclər və idman naziri Azad Rəhimova verildi.

Nazir “Azərbaycan gəncliyi- 2011-2015-ci illər Dövlət Proqramı”nın hazırlanması zamanı sənədin geniş ictimai müzakirələrə çıxarılmasını, layihəyə gənclər tərəfindən 2 mindən artıq təklifin irəli sürülməsini, Azərbaycanın bütün zümrələrindən olan vətəndaşlar, eləcə də beynəlxalq təşkilatlar üçün müzakirələrin açıq olduğunu qeyd edib: “Xüsusi yaradılmış elektron ünvana sizdən-xaricdə təhsil alan gənclərimizdən gələn təkliflər isə mütləq vurğulanmalıdır. Çünki bunu sizin vətəndaş yetkinliyiniz kimi qiymətləndiririk”.

 Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclərə böyük Azərbaycanın, Fətəli xan Xoylu, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə və digər dahi şəxsiyyətlərin övladları olduqlarını bildirib: ”70-ci illərdə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın istedadlı, bacarıqlı gənclərini müxtəlif ölklərə təhsil almağa göndərdi. Bu gün bu işi ölkə başçısı İlham Əliyev davam etdirir. Ölkəmizə təhsil alıb qayıdan hər bir gənc bizim sabahımızdır. Məhz o gənclər sabahın nazirləri, şöbə müdirləri, müxtəlif qurumlarda önəmli vəzifələr tutacaq simalarıdır. Lakin bir məqamı unutmaq olmaz. Bizə sadəcə diplom alıb vətənə qayıdan gənclər yox, ağıllı, savadlı, bilikli, təhsil aldığı sahəni mükəmməl bilən gənclər lazımdır”.

Bu arada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva ASAİF Budapeşt Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Hörmətli Forum İştirakçıları! Dəyərli gənclər! Sizi Avropanın ən gözəl və əzəmətli parlamentlərinin birində təşkil edilən Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunda salamlayır, bu birlik gününüzü ürəkdən təbrik edir, təhsilinizdə və Azərbaycançılıq naminə gördüyünüz bütün işlərdə hər birinizə uğurlar arzulayıram. Azərbaycan həqiqətlərinin Avropanın siyasi institutlarında gənclərin təşəbbüsü ilə müzakirəyə çıxarılması, tələbələrimizin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı fikir mübadiləsi aparması ölkəmizin xaricdə tanınması üçün böyük əhəmiyyət daşıyır.

Xaricdə yaşayan və təhsil alan gənclərimizin üzərinə düşən əsas vəzifələrdən biri Vətənimiz Azərbaycanı ən yüksək səviyyədə təbliğ etmək və birgə əməkdaşlıq şəklində fəaliyyət göstərməkdir. Təbii ki, bunu etmək üçün sizlərdən təşəbbüskarlıq, düzgün hədəf seçimi, müasir düşüncə tərzi tələb olunur. Dünyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Yaşadığınız və təhsil aldığınız ölkələrdə yerli və beynəlxalq təşkilatlarla, media qurumları ilə yaxından əməkdaşlıq etməniz, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv iştirakınız tezliklə diaspor fəaliyyətimizin uğuruna çevriləcəkdir”.

 Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Budapeştdən AzərTAc-a bildirib ki, “Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspor və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər” mövzusunda keçirilən panel iclasının qonaqları Avropa-Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov və Azərbaycan-Amerika Alyansının sədri Anar Məmmədov olub.

Paneldə çıxış edən Tale Heydərov deyib: “Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilmiş 100 tələbə haqqında kitab dərc etməyi planlaşdırırıq. Ayrı-ayrı Avropa ölkələrində bu barədə araşdırma aparılır. Məhz bu mövzuda sənədli film hazırlanacaq və sənədlər toplusu nəşr olunacaqdır. Fəaliyyətimizin əsas məqsədi ölkəmizin Avropada tanınması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətləri üzrə, o cümlədən diaspor və lobbiçilik fəaliyyətinə dair nüfuzlu mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir. Antiazərbaycan qüvvələri bizə qarşı geniş şəkildə mübarizə aparırlar. Onlar Azərbaycanın artan nüfuzundan qorxaraq ölkəmizi dəstəkləyən lobbi qrupuna qarşı, sözün əsl mənasında, informasiya müharibəsi aparırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir”.

T. Heydərov bildirib ki, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 1919-cu ildə yaranmasına qədər Azərbaycanın bir çox ziyalıları məhz xaricdə təhsil almışdılar. Bunların sırasında Həsən bəy Zərdabi, Fətəli Xan Xoyski, Nəcəf bəy Vəzirovun və başqalarının adını çəkən AAC sədrinin sözlərinə görə, Azərbaycan 1918-ci ildə müstəqillik əldə edəndən sonra ali təhsil mütəxəssislərinə ehtiyac özünü daha aydın göstərməyə başlayıb: “Azərbaycan Maarif Nazirliyi bu işi görmək üçün 7 milyon manat vəsait ayırmış, həmin vəsait hesabına Rusiya, Fransa, Türkiyədə tələbələrin oxuması, İngiltərə, Fransa, İtaliya və Türkiyəyə tələbə göndərilməsi ilə bağlı rəsmi qərar qəbul olunmuşdu”. T.Heydərov çıxışında tarixi təcrübənin öyrənilməsinə diqqət yetirməyin  zəruriliyini qeyd edib: “Azərbaycanın xaricdə təhsillə bağlı tarixi tələbə hərəkatını öyrənməyə ehtiyac var. Vaxtilə Avropanın müxtəlif ali təhsil məktəblərində təhsil almış şəxslərin fəaliyyəti tədqiq olunmalıdır. Bu, eyni zamanda Avropa təhsil sistemində inteqrasiyanın əsasını qoymuş həmin şəxslərin ruhuna hörmət, nəsillər arasında mühüm körpü yaratmış olar. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda Avropa-Azərbaycan Cəmiyyəti Azərbaycan Demokratik Respublikası tərəfindən xaricdə təhsil almağa göndərilmiş tələbələr haqqında “100 tələbə” adlı layihə üzərində çalışır, ayrı-ayrı Avropa dövlətlərində bu istiqamətdə araşdırmalar aparılır. Layihənin reallaşması nəticəsində sənədli film hazırlanacaq və sənədlər toplu nəşr olunacaq”.

Daha sonra Tale Heydərov xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor və lobbiçilik fəaliyyətinin müasir nəzəriyyəsindən bəhs edib, bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsilinin xüsusiyyətinin müəyyənləşdirilməsi zəruridir: “Hamıya məlum olduğu kimi, xarici təhsilin strategiyası, onun təşkili, həyata keçirilməsi və idarə olunması, məzunların işlə təmin edilməsi və s. tədbirlər dövlət proqramı səviyyəsində tənzimlənir. Belə bir vəziyyət azərbaycanlı gənclərin xaricdə təhsili tarixində keyfiyyətcə yeni bir dövrdür”(APA).

AAC sədri xaricdə təhsil alan tələbələrin təşkilatlanması və diaspor  işi ilə məşğul olması barədə də danışıb: “Diaspor fəaliyyətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, xaricdə olan azərbaycanlıları vahid platformada birləşdirsin. Bu platformanın əsasında isə azərbaycançılıq ideologiyası durur. Avropanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin tam coğrafiyasının müəyyənləşdirilməsinə ehtiyac var. Hər bir ölkədə azərbaycanlıların təhsil aldıqları universitetlərdə Azərbaycan təşkilatlarının yaradılması, ölkələr üzrə təşkilatların formalaşdırılması və bu təşkilatların demokratik, müstəqil və yaradıcı fəaliyyətinin təşkil olunması çox vacibdir. Bu proses həmin təşkilatların fəaliyyət göstərdiyi ölkədə Azərbaycanın tanıdılması və lobbi qrupların yaradılması istiqamətində fəaliyyətin effektivliyinə birbaşa təsir edir. Fikrimcə, gəncliyin spesifikasını, onun daim inkişafda, yeniliklərə açıq olduğu tələbə kontingentinin dəyişkənliyini və digər şərtləri nəzərə alaraq, ciddi mərkəzləşdirməyə üstünlük verməmək daha məqsədəuyğun olar. Yüksək standartlarla birgə azərbaycanlı gənclərin xarakterinə cavab verən təşkilatlar diaspor və lobbiçilik fəaliyyətinin uğurunun başlıca amilidir”.

T.Heydərov AAC-nin bu sahədəki təcrübəsindən də söz açıb. Deyib ki, AAC Londonda təsis edilən müstəqil qeyri-hökumət təşkilatıdır və əsas məqsədi Azərbaycanın Avropada tanıdılmasına, ümummilli problemlərin dünyaya çatdırılması və həllində Avropa İttifaqı ölkələrinin dəstəyini almaqdır. O, AAC-ın Almaniya, Belçika, Fransa və digər ölkələrdə Azərbaycanın tarixinə, mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsinə dair hərtərəfli akademik yanaşmaya əsaslandıran məlumatlanma işləri apardığını deyib: “Avropa-Azərbaycan Cəmiyyəti fəaliyyətinin bütün istiqamətlər, o cümlədən diaspor fəaliyyətinə dair hüquqi mütəxəssislər tərəfindən hazırlanmış xüsusi konsepsiyalara malikdir. Bu da bizim işimizi ən müasir tələblər səviyyəsində qurmağa imkan verir. Cəmiyyətin konsepsiyasında xaricdə təhsil alan tələbələrə də xüsusi yer ayrılıb”.

O, Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsinin, qurultayda milli sənədlərin qəbul edilməsinin diaspor fəaliyyətində irəliləyişə səbəb olduğunu qeyd edib: “Təəssüf ki, bu fikri lobbiçilik haqqında söyləmək mümkün deyil. Avropa-Azərbaycan Cəmiyyəti bunu nəzərə alaraq, lobbiçilik sahəsində də ümummilli fəaliyyət istiqamətlərini hazırlayıb və bu istiqamətdə iş üzrə təcrübə toplayıb. Çox gərgin fəaliyyət nəticəsində hazırda Böyük Britaniya, Almaniya, Belçika, Fransa və digər ölkələrin parlamentləri, nüfuzlu siyasi partiyaları, elm və mədəniyyət xadimləri ilə hərtərəfli əlaqələr qurulub”.

Əsas lobbiçilik fəaliyyətlərinin Avropa ölkələrində Azərbaycanın mənafeyini müdafiə edən müxtəlif qrupların yaradılmasından ibarət olduğunu qeyd edən T.Heydərov həmin qrupları geniş materiallarla tanış etdiklərini, Azərbaycanla əlaqələndirdiklərini söyləyib: “Lobbi quruculuğu zamanı xüsusi diqqət yetirdiyimiz bir məsələ üzərində də dayanmaq istəyirəm. Bu da antiAzərbaycan qüvvələrinin genişlənən lobbiçilik fəaliyyətimizdən narahat olaraq bizə qarşı apardığı əks təbliğatın nəzərə alınması ilə bağlıdır. Bu cür qüvvələr Azərbaycanın artan nüfuzundan qorxaraq, ölkəmizi dəstəkləyən lobbi qruplarına qarşı, sözün əsl mənasında media müharibəsi təşkil edir, onları gözdən salmağa çalışırlar. Belə bir təbliğata hazır olmaq və lobbi qrupumuzun müdafiəsi də bizim əsas vəzifələrimizdən biridir. Düşünürəm ki, lobbiçilik fəaliyyəti zamanı daha çox professionallıq və təcrübəyə ehtiyac var. Bu sahədə diletantlıq əksər vaxtda əks nəticələr verir, hətta ölkənin nüfuzdan düşməsinə gətirib çıxarır. Qeyd edə bilərəm ki, Avropa-Azərbaycan Cəmiyyətinin Avropanın yuxarıda adları çəkilən nüfuzlu dövlətlərində lobbi quruculuğu sahəsində hərtərəfli təcrübəyə malik olan strukturları var. Xaricdə təhsil alan azərbaycanlı gənclərin də bu sıraya gətirilməsi vacibdir. Azərbaycanlı gənclər daha aktiv şəkildə lobbiçilik fəaliyyətinə cəlb olunsalar, daha yaxşı olar”.

T.Heydərov Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünyaya çatdırılmasında xaricdə təhsil alan tələbələrin çox böyük imkanlarının olduğunu da vurğulayıb: “Xaricdə təhsil alan tələbələr, onların ayrı-ayrı təşkilatlarının vahid strategiyası yaradılmalıdır. Bundan başqa, xarici auditoriya üçün yüksək peşəkarlıqla kitabların, filmlərin, digər layihələrin hazırlanmasına ehtiyac var. Həmin layihələr hazırlandıqdan sonra isə xaricdə təhsil alan tələbələr təhsil aldıqları universitetlərdə təqdimatlar keçirsin, müxtəlif akademik dairələrə bununla bağlı məlumatlar versinlər. Bu, bizim lobbiçilik şəbəkəsinin genişlənməsinə yeni imkanlar yarada bilər”.

T.Heydərov bildirib ki, AAC bu sahədə əməkdaşlığa hər zaman hazırdır. O, AAC tərəfindən Böyük Britaniya və Rusiyada nəşr edilmiş “Qafqazda erməni məsələsi: Rusiya arxiv sənədləri və nəşrləri üzrə” kitabının, Məmməd Səid Ordubadinin “Qanlı illər” əsərinin, o cümlədən Azərbaycan haqqında xarici studiyalarda birgə hazırlanmış müxtəlif sənədli filmlərin təqdimatının keçirilməsini münasib hesab etdiklərini bildirib.

T.Heydərov lobbi quruculuğu zamanı bu və ya digər ölkədə gənc və perspektivli siyasi qüvvələr, elmi mədəni dairələrlə işə xüsusi diqqət yetirməyin zəruriliyini də qeyd edib: “Biz həmin qüvvələri tapmağa, onlarla əməkdaşlığa çalışır, xaricdə təhsil alan tələbələri bu sahədə əməkdaşlığa dəvət edirik”.

Anar Məmmədov isə çıxışında bildirib: “Mən daha çox gənclərin karyera imkanlarından danışmaq istərdim. Təşkilatımız ötən il Vaşinqton şəhərində yaradılıb. Lakin bu qısa müddət ərzində biz Xocalı soyqırımı ilə bağlı okeanın o tayında gerçəkləşdirdiyimiz təbliğat nəticəsində çox böyük işlər görə bildiyimizi sübut etdik. Sevindirici hal bizim 150 milyondan artıq insana Xocalı həqiqətlərini çatdıra bilməyimiz oldu. Bizim təşkilatın qapıları Azərbaycanı sevən, yaradıcı, bilikli gənclərin üzünə daim açıqdır”.

Sonra forumun bağlanış mərasimi olub. Mərasimdə ASAİF-in sədri Orxan Əkbərov,  Prezident Administrasiyasının siyasi təhlil informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Milli Məclisin deputatı Ceyhun Osmanlı çıxış edərək forumun qarşısına qoyduğu mühüm məqsədlərə uğurla çatdığını bildirmişlər. Tədbir konsert proqramı ilə yekunlaşıb.

 

 

N. ELDARQIZI

 

Paritet.-2012.-10-11 aprel.-S.13.