Avropaya Azərbaycanı tanıdan Cəmiyyət

 

AAC-nin fəaliyyəti erməni lobbisi və diasporu tərəfindən narahatlıqla qarşılanır

 

Bu gün Azərbaycan gəncliyi diaspor fəaliyyətinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Azərbaycan dövləti tərəfindən gənclərin xaricdə təhsil almaları üçün yaradılan şərait müasir və bilikli kadrların yetişməsi ilə yanaşı, həmin gənclərin təhsil aldıqları ölkələrdə Vətənin təbliği istiqamətində güclü diaspor “ordu”sunun formalaşması ilə də nəticələnib. Gənclərimizin xaricdə yaratdıqları diaspor təşkilatları isə Azərbaycanın tanıdılması işini uğurla yerinə yetirir. Belə təşkilatlardan olan Avropa Azərbaycan Cəmiyyəti (AAC) Vətənin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və diaspor fəaliyyətinin digər mühüm aspektlərinin yerinə yetirilməsində əsas rol oynayan təşkilatlardandır.

Azərbaycanın 20 faiz torpaqlarının hələ də işğal altında olmasına rəğmən, işğalçı ermənilərin dünya ictimaiyyətinə dezinformasiyaların ötürülməsi istiqamətində fəallığını nəzərə alsaq, mövcud vəziyyətdə diasporumuzun güclənməsi, koordinasiyalı şəkildə fəaliyyəti zəruri olan amillərdəndir. Dünyanın mərkəzi hesab edilən Avropada beynəlxalq təşkilatların yerləşməsi isə, diasporumuzun bu bölgədəki güclü fəaliyyətini ən vacib məqsədə çevirib. Bu səbəbdən də, AAC-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bunu cəmiyyətin həyata keçirdiyi işlərə və fəaliyyətinə nəzər yetirdikdə də görmək olur.

AAC 2004-cü ildə Böyük Britaniyada təsis edilən London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlayıb. 2008-ci ilin noyabrında Londonda Lordlar Palatasında təqdimatı keçirilib. AAC-nin başlıca məqsədi zəngin mədəniyyətə, böyük iqtisadi imkanlara malik Azərbaycanı Avropada tanıtmaq, Azərbaycanın beynəlxalq əlaqələrini Avropa KİV-ində, siyasi və mədəni dairələrdə təbliğ etmək, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq səviyyədə yaymaqla Qərbin bu konfliktə diqqətini artırmaq, Avropada yaşayan və təhsil alan azərbaycanlıları qeyd edilən məqsədlərin həyata keçirilməsində birgə fəaliyyətə cəlb etməkdir.

Cəmiyyətin sədri və təsisçisi Tale Heydərov gördükləri işlər barədə danışarkən bildirib ki, Azərbaycan haqqında müxtəlif nəşrlər hazırlayaraq, bütün Avropa ictimaiyyətinə çatdırırlar. Cəmiyyətin sonrakı fəaliyyətində bu istiqamətdə güclü əməli işin aparıldığı müşahidə olunur. Belə ki, ingilis dilində çıxan “Visions of Azerbaijan” jurnalı Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı bilgilərin avropalılara çatdırılmasında əsas rol oynayan vasitələrdəndir. Cəmiyyətin ingilis dilində nəşr etdirdiyi “Avropa Azərbaycan Cəmiyyəti” adlı qəzet də Azərbaycanla bağlı yeniliklərin əcnəbilərə çatdırılmasında əhəmiyyətli rol oynayır. AAC-nin çap məhsulları sahəsində ən mühüm nəşrlərindən biri də “Azərbaycan: 100 suala cavab” adlı kitabdır. Azərbaycan dili ilə yanaşı, rus və ingilis dilində nəşr olunmuş bu kitabda Azərbaycan haqqında bütün məlumatlar yer alıb. AAC-nin hazırda London, Paris, Berlin, Brüssel və Bakı ofisləri fəaliyyət göstərir. T.Heydərov təşkilatın fəaliyyəti haqqında mətbuata açıqlamasında bildirib ki, cəmiyyət Azərbaycanı bütün istiqamətlər üzrə Avropa ölkələrində tanıtmağı qarşısına məqsəd olaraq qoyub. “İlk istiqamət Azərbaycanın Avropa mediasında yaxşı imic qazanmasına yönəlib. Məsələn, filmlərin çəkilməsi... Söhbət həm bədii, həm də digər janrlı filmlərdən gedir. Hazırda təşkilatımız bu istiqamətdə işlər aparır. Amerikalı azərbaycanşünas, jurnalist və professor Tomas Qoldsun rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı film çəkilməkdədir. Həmin filmdə xarici jurnalistlər, diplomatlar, dövlət xadimləri Azərbaycan haqqında təəssüratlarını bölüşüblər. Məqsədimiz bu filmi xarici telekanallarda və festivallarda göstərməkdir”, - deyə sədr vurğulayıb. T.Heydərovun verdiyi məlumata görə, təşkilatın “Akademik tarix” seriyasından Məmməd Səid Ordubadinin “Qanlı illər” və “Qafqazda erməni məsələsi”, akademik Ziya Bünyadovun “Azərbaycan VII-VIII əsrlərdə” əsəri, “Azərbaycan yazıçılarının seçilmiş əsərləri” toplusu nəşr olunub. AAC-nin “Qafqazda erməni məsələsi” kitabı ABŞ-dakı erməni lobbisi arasında böyük narahatlığa səbəb olub.

 

Temza çayına atılan 613 qərənfil və ya Xocalı soyqırımı avropalıların dili ilə

 

AAC fəaliyyətində Azərbaycan həqiqətlərinin tanıdılması, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin dünya birliyinə çatdırılması və Xocalı soyqırımının təbliği istiqamətinə xüsusi diqqət verir. Onu da qeyd edək ki, cəmiyyətin təşkil etdiyi tədbirlərdə, aksiyalarda avropalı deputatlar, dövlət strukturlarının nümayəndələri geniş tərkibdə iştirak edirlər. AAC-nin 2010-cu ildə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı keçirdiyi tədbir isə, öz unikallığı ilə yadda qalıb. Belə ki, Londondakı Temza çayı üzərində təşkil olunmuş mərasimdə siyasi, diplomatik dairələrin, QHT və diaspor təşkilatlarının nümayəndələri Savoy Körpüsündə (Savoy Pier) qayığa toplaşaraq, o faciəli gündə baş vermiş qanlı hadisələri əks etdirən foto sərgiyə baxıblar. Həlak olanların xatirəsinə Temza çayına 613 qırmızı qərənfil atılıb, hər birinə soyqırımı qurbanlarının adı yazılmış 613 şar havaya buraxılıb. Londonun mərkəzində səyyar ekran vasitəsilə qətliamın donmuş, emosional təsvirləri və “Xocalıya ədalət” kampaniyasının veb-sayt məlumatları nümayiş etdirilib. Cəmiyyətin sədri T.Heydərov bildirib ki, AAC “Xocalıya ədalət” hərəkatı ilə əlaqədar bu tədbiri təşkil etməkdən şərəf duyur.

AAC Məşvərət Şurasının üzvü Lord Kilkluni isə, parlament, Avropa Şurası və Lordlar Palatasının üzvü kimi uzun müddət Azərbaycanla məşğul olduğunu qeyd edərək, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərindən bəhs edib. Onun sözlərinə görə, bu cür tədbirlər “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsinin və unudulmuş Xocalı qətliamının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayacaq: “Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün hələ də müvəqqəti qəsəbələrdə yaşayır. Onlar daimi məskunlaşmaq istəmir, onların yeganə arzusu doğma torpaqlarına qayıtmaqdır. Azərbaycan və Ermənistan arasındakı münaqişə “dondurulmuş münaqişə” kimi təqdim edilsə də, cəbhə xəttində tez-tez atışmalar olur. Uzun illər aparılan danışıqlara baxmayaraq, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını nəzərdə tutan 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmir”.

Bu tədbirdən iki həftə öncə isə, AAC Böyük Britaniya baş nazirinin internet saytına müraciət göndərərək qətliamı pisləməyə çağırıb. Bununla yanaşı, AAC Britaniya vətəndaşlarını beynəlxalq ictimaiyyəti bu vəhşiliklə bağlı məlumatlandırmağa, Azərbaycan torpaqlarının qaytarılması üçün Ermənistana təzyiqi artırmağa səsləyib. Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı AAC-nin Brüssel ofisinin təşkil etdiyi tədbirdə isə, 70-ə yaxın tanınmış siyasətçi, diplomat və iş adamı iştirak edib. AAC-nin hökumətlə iş üzrə bölməsinin rəhbəri Leon Kuk soyqırımı haqqında məlumat verərək bildirib ki, 1992-ci ilin fevral ayının 26-da törədilmiş bu vəhşilik, 30 mindən artıq insanın həlak olduğu Dağlıq Qarabağ münaqişəsində xüsusi qəddarlığı ilə seçilib: “Bu səbəbdən, davamlı sülhə və 870.000 azərbaycanlı məcburi köçkünün evlərinə geri qayıtmasına nail olmaq üçün bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması vacibdir”.                                                   Faciə qurbanlarını bir dəqiqəlik sükutla yad edəndən sonra, Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Emin Eyyubov çıxış edərək bildirib ki, biz bu gün böyük ədalətsizliyi anırıq: “Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsinə həsr olunmuş bu tədbir bütün münaqişələrdə insan haqlarının qorunması əhəmiyyətinin vurğulanmasına gözəl imkandır”.

Daha sonra Avropa Şurasının keçmiş vitse-prezidenti, AAC-ın Xarici işlər üzrə müşaviri Goran Lindblad çıxış edib. “Bəşəriyyətə qarşı mütəşəkkil hərbi cinayəti yad etmək bizim əsl borcumuzdur. Biz belə bir cinayətin tamamilə qəbuledilməz solduğunu qeyd etməliyik”-deyə G.Lindblad bildirib.  

                                                                                  

“Ermənistan hökumətini Azərbaycan ərazilərini qaytarmağa çağırırıq”

 

AAC-nin bu ilin fevralın 22-də Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Londonda keçirdiyi tədbir də iştirakçıları və əhatə etdiyi auditoriyası baxımından seçilib. Belə ki, Birləşmiş Krallıqdan və digər ölkələrdən 300-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə çıxış edən AAC-nin incəsənət və mədəniyyət üzrə məsləhətçisi, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva bildirib ki, Azərbaycanın müasir tarixində baş vermiş bu dəhşətli faciə heç bir ölkənin tarixində təkrarlanmamalıdır.

Azərbaycan üzrə parlament qrupunun üzvü lord Əhməd isə diqqətə çatdırıb ki, bu gün biz Xocalı qətliamının qurbanı olmuş 613 kişi, qadın və uşağın xatirəsini yad edirik: “Unutmamalıyıq ki, bu qədər günahsız insanın həyatına son qoyulub. Onların xatirəsi həmişə yaşayacaq. Ümid edirik ki, münaqişə həll olunacaq. Biz Ermənistan hökumətini beynəlxalq hüquqa əməl etməyə və Azərbaycan ərazilərini qaytarmağa çağırırıq”.

AAC-nin sədri və təsisçisi Tale Heydərov isə çıxışında Xocalı faciəsinin dəhşətli cinayət olduğunu, bu zorakılığın bu günə qədər davam etdiyini vurğulayıb: “Günahkarlar hələ də cəzalandırılmayıb. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsi Azərbaycan mədəniyyətinin mərkəzi olub. Bu gün dinləyəcəyiniz konsertdə əsərləri səslənən bəstəkarların əksəriyyəti orada dünyaya gəlib. İndi bu bölgədən olan insanlar öz ölkələrində məcburi köçkünə çevriliblər və bu mədəniyyət yox olmaq təhlükəsi ilə üzləşib. Ümidvarıq ki, bugünkü konsert diqqəti Xocalı faciəsinə çəkəcək və bu cür faciələrin gələcəkdə təkrarlanmasının qarşısı alınacaq”.

Tədbirdə AAC-nin çəkdiyi sənədli film nümayiş olunub. Filmdə Xocalı faciəsinin şahidlərinin, Qərb ekspertlərinin və britaniyalı jurnalistlərin müsahibələri əksini tapıb. Film BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoyulmadan Dağlıq Qarabağ və yeddi ətraf rayonun qanunsuz işğalının davam etməsi faktına diqqət çəkir.

Daha sonra, Nikolas Kollon (Nicholas Collon) və Syu Perkinsin (Sue Perkins) drijorluğu ilə Orion Orkestri Qərb və Azərbaycan klassik musiqi əsərlərini, o cümlədən Samuel Barber, Ser Edvard Elgar və Qara Qarayevin əsərlərini ifa edib. AAC tərəfindən keçirilən tədbirlər çərçivəsində Londonun şimal-qərbində faciə qurbanlarının hər birinin xatirəsinə 613 ağac əkilib.                                                                        Bununla yanaşı, AAC-nin təşkilatçılığı ilə Azərbaycana səfər edən avropalı diplomat və siyasət adamlarına Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumatlar verilir, o cümlədən müstəqil Azərbaycanın tanıdılması işi aparılır. Belə səfərlərdən biri də, cəmiyyətin təşkilatçılığı ilə, Azərbaycanda səfərdə olan Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Mark Fildin başçılıq etdiyi 6 nəfərlik nümayəndə heyətidir. Səfər çərçivəsində, nümayəndə heyəti məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub, həmçinin cəbhə xəttindəki yaşayış məntəqələrinə baş çəkib. Nümayəndə heyətinə münaqişə haqqında, o cümlədən, BMT-nin 4 qətnaməsinin hələ də icra olunmaması ilə bağlı geniş məlumat verilib. Nümayəndə heyətinin rəhbəri isə, Azərbaycanda gördükləri vəziyyəti Böyük Britaniya parlamentində paylaşacaqlarını da bildirib.

 

AAC-nin lobbiçilik fəaliyyəti

 

AAC-nin fəaliyyəti mexanizminə diqqət yetirəndə, təşkilatın Azərbaycanın lobbiçilik işində vacib addımlar atdığını görmək olur. Təsadüfi deyil, cəmiyyət öz  fəaliyyətinə avropalı siyasətçiləri, diplomatları, elm adamlarını və digər ictimai xadimləri cəlb etməyi bacarıb. Bununla yanaşı, cəmiyyətin strukturlarında Avropa siyasətində rolu olan şəxslərin də təmsil olunması, Azərbaycan həqiqətlərinin xarici mütəxəssislərin dili ilə çatdırılması və haqq işinin dünyanın nüfuzlu təşkilatlarında təbliğ edilməsinə yol açır. Buna misal kimi, Avropa Parlamentində AAC təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş konfransı göstərmək olar. 60-dan çox nümayəndənin iştirakı ilə keçirilmiş konfransda AP-nin nüfuzlu üzvləri Tunne Kelam (Estoniya), Yevgenmi Kirilov (Bolqarıstan), İvo Vaygl (Sloveniya) və Azərbaycanın Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov çıxış edib, Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salıblar. Tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sülhün əldə edilməsinin vacibliyini vurğulayıblar. Tədbirdə Tale Heydərov və AŞPA-nın keçmiş vitse-prezidenti və AAC-nin Siyasi məsələlər komitəsinin sədri Qoran Lindblad da iştirak edib. Konfransda, 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Demokratik Respublikasının qısa zaman ərzində keçdiyi yol, müsəlman şərqində ilk demokratik respublika olduğu barədə məlumat verilib. Y.Kirilov Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhün vacibliyi, eləcə də Azərbaycanın suveren ərazisinin təmin edilməli olduğunu söyləyib. İ.Vaygl isə Avropa İttifaqı ölkələrinin Azərbaycanla münasibətlərini inkişaf etdirməsindən, münaqişənin həlli istiqamətində göstərdiyi səylərdən danışıb. Səfir E.Eyyubov ölkənin inkişaf yoluna nəzər yetirib. Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da ətraflı məlumat verib. E.Eyyubov Azərbaycanın inkişaf edən iqtisadiyyatından, Cənubi Qafqazda lider dövlətə çevrilməsindən, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və digər məsələlərdən danışıb.                                 

İ.Vayql Avropa İttifaqı və potensial olaraq birliyə üzv ola biləcək Azərbaycan arasında daha güclü əlaqələrin qurulacağına ümidini ifadə edib. O, Ermənistanı Azərbaycan torpaqlarında işğala son qoymağa da çağırıb.     

                                                                                                         

Erməni lobbisi narahatdır

 

AAC-nin 2011-ci il hesabatında isə, təşkilatın fəaliyyəti və gördüyü işlər haqqında geniş məlumat verilib. Qeyd olunur ki, hazırda AAC dünyanın 30-dan artıq şirkətinin üzv olduğu və öz fəaliyyəti ilə Avropanın əsas siyasi, iqtisadi, akademik və mədəni dairələri ilə iş aparan müstəqil təşkilat kimi tanınır. Hesabatda o da vurğulanır ki, AAC-nin fəaliyyəti Avropa və dünyada erməni lobbisi və diasporu tərəfindən narahatlıqla qarşılanır, ona qarşı əks-təbliğat təşkil edilir: “Bu baxımdan, Ermənistanın Avropada dövlətlərindəki səfirliklərini, Brüsseldəki EuFoA təşkilatını və ABŞ-ın Kolumbiya Universitetinin professoru Corc Burnityanın fəaliyyətini qeyd etmək olar”. Hesabata görə, AAC Britaniya parlamentində Britaniya-Azərbaycan Parlament Qrupunu yenidən təşkil edib: “Təşkilat qrup üzvlərinin sayının artaraq 69 nəfərə çatmasına müvəffəq olub. Üzvlərinin sayına görə, hazırda bu qrup Britaniya parlamentində ən böyük dostluq qruplarından hesab olunur. AAC paralel olaraq bu qrupun katiblik işlərini də icra etməkdədir”. Hesabatda bildirilir ki, AAC-nin fəaliyyəti nəticəsində ilk dəfə olaraq Britaniya parlamentində partiyalar üzrə Azərbaycanla dostluq qruplarının yaradılmasına başlanıb: “Parlamentdə Mühafizəkarlar Partiyasından olan deputatlardan ibarət Azərbaycanın Mühafizəkarlar Dostları Qrupu yaradılıb.  Eyni zamanda, Böyük Britaniyanın İcmalar Palatasının yeni seçilən Enerji üzrə Komitəsinə Azərbaycan haqqında geniş yazılı məlumat təqdim edilib. AAC Vestminister zalında Böyük Britaniyanın İcmalar Palatasında Cənubi Qafqaz və Azərbaycan üzrə 90 dəqiqəlik debatın keçirilməsinə də dəstək olub. Cəmiyyət Leyboristlər Partiyasının üzvlərinin iştirakı ilə konfrans təşkil edib. Konfransda Partiyanın Parlamentdə təmsil olunan üzvləri, millət vəkilləri Mayk Qreyps və Riçard Hovit (Avropa Parlamenti Xarici işlər komitəsinin üzvü) iştirak ediblər”. Qeyd olunur ki, Liberal Demokratlar Partiyasının Parlament təmsilçiləri - Stefen Gilbert (NATO Parlament Assambleyası) və Lord Germanın iştirakı ilə ziyafət də təşkil edilib. “Həmçinin, Mühafizəkarlar Partiyasının Parlament təmsilçiləri Avropa üzrə nazir Deyvid Lidinqton, Avropa Parlamenti Xarici İşlər Komitəsinin üzvü millət vəkili Cefri Van Ordenin iştirakı ilə konfrans, xarici işlər naziri Alistair Börtinin iştirakı ilə ziyafət təşkil edilib. MP-nın yaz forumunda keçmiş müdafiə naziri Liam Foksun iştirakı ilə də tədbir təşkil edilib”, - deyə bildirilir.                                                                         AAC-nin mütəmadi olaraq, Böyük Britaniya parlamentinin üzvlərinə Azərbaycanın iqtisadi, siyasi, mədəni həyatına dair məlumatlar verdiyi vurğulanan hesabatda deyilir ki, BB-nın Azərbaycanda diplomatik missiyasını başa vuran və yeni təyin olunan səfirləri, Ermənistana yeni təyin olunan səfiri və BB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ser Brayn Folla görüşlər təşkil edilib: “AAC üzvləri xarici məsələlər üzrə nazirlər Deyvid Lidinqton və Lord Hovellə, energetika naziri Çarlz Hendri ilə görüşlər keçirib. Cəmiyyət IYDU (Beynəlxalq Gənc Demokratlar İttifaqı) Partiyasının sədri Daniel Volterin iştirak etdiyi Almaniyanın Mühafizəkarlar Partiyası fraksiyasının xarici işlər üzrə sözçüsünün nümayəndə heyəti və Gənc Mühafizəkarlar Birliyinin sədri Filip Misfelderin Bakıya səfərini təşkil edib. Səfər çərçivəsində qonaqla Milli Məclisdə və Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Cəmiyyət eyni zamanda 25-30 may tarixində Mark Fildin rəhbərlik etdiyi Britaniya Parlamentinin Azərbaycan dostluq qrupunun ölkəyə səfərini təşkil edib. Nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Ötən ilin 22-27 iyul tarixində isə Böyük Britaniya parlamentində Mühafizəkarlar Partiyasından olan millət vəkillərindən ibarət dostluq qrupu üzvlərinin Azərbaycana araşdırma missiyalı səfəri təşkil edilib”.

Hesabatda verilən məlumata görə, cəmiyyətin London, Berlin və Brüssel ofislərinin əməkdaşları mütəmadi olaraq, BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı qərarların qəbulunda bitərəf qalan diplomatik missiyalarla görüşlər keçirir, münaqişə ilə bağlı növbəti səsvermədə onların dəstəyini qazanmaq üçün təbliğat işləri aparır. Belə ki, Berlində Federal hökumətin Cənubi Qafqaz üzrə departamentinin rəhbəri doktor Kristof İsranqın rəhbərliyi ilə Marşal Fondunun Cənubi Qafqaza səfəri çərçivəsində nümayəndə heyətinə səfərqabağı brifinq, Brüsseldə Avropa Parlamentində parlamentarilər Tunne Kelam, Yevgeni Kirilov, İvo Vajglinin iştirakı ilə Azərbaycanın müstəqilliyinin 20 illiyi mühasibətilə dəyirmi masa keçirilib. “Brüsseldə Belçika və Azərbaycan arasında futbol üzrə seçmə oyunlar ərəfəsində “futbol diplomatiyası” tədbiri keçirilib. Tədbirdə yüksək çinli rəsmilər, o cümlədən Belçika və Avropa Parlamentinin üzvləri, eləcə də Belçika baş nazirinin müavini, hazırda xarici işlər naziri Didier Reynders iştirak edib. Bununla yanaşı, cəmiyyət tərəfindən Londonda “Azərbaycanın investisiya imkanlarının işıqlandırılması” mövzusunda beynəlxalq biznes forumu keçirilib. Forumda Avropanın müxtəlif ölkələrindən, ABŞ-dan, eləcə də Azərbaycandan 200-dən çox nümayəndə iştirak edib. Həmçinin, cəmiyyətin dəstəyi ilə Londonda “Azərbaycanın maliyyə sektoru - orta müddətli imkanlar və çətinliklər” mövzusunda Avropanın aparıcı maliyyə və bank sektorunun 150-dən çox mütəxəssisinin iştirakı ilə investisiya forumu keçirilib. Cəmiyyətin təşkilatçılığı ilə Böyük Britaniyanın “Sturgeon Capital” və “FM İnvestment” şirkətlərinin rəhbərliyi ilə Avropa iş adamlarının, həmçinin Otto Hauzerin başçılığı ilə alman iş adamlarının Bakıya səfərləri təşkil olunub, onların müvafiq dövlət qurumlarının rəsmiləri ilə görüşləri keçirilib”, - deyə AAC-nin hesabatında diqqətə çatdırılır.

 

“Avropa Azərbaycanın uğurlarından yararlanmaq üçün ona yaxınlaşmalıdır”

 

Azərbaycanın zəngin mədəniyyətinin və musiqisinin Avropada təbliğini əsas məqsədlərindən biri hesab edən AAC bu istiqamətdə də fəal iş aparır.                                                                                                       AAC-nin və Azərbaycanın BB-dakı səfirliyi tərəfindən bəstəkar Qara Qarayevin 90 illiyi münasibətilə yubiley konsertinin keçirilməsi də, məhz Azərbaycan musiqisinin Avropa ictimaiyyətinə təqdim edilməsi məqsədini daşıyıb. Konsertdə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Freyzer, Londonda akreditə olunmuş diplomatik korpusun nümayəndələri, Çelsi-Kensinqton inzibati dairəsinin meri, London ictimaiyyətinin, eləcə də Britaniyada fəaliyyət göstərən tələbə, gənclər, habelə diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

T.Heydərov çıxışında bu kimi tədbirlərin Britaniya ictimaiyyətinin Azərbaycan mədəniyyəti və musiqisi ilə yaxından tanış olmasına xüsusi töhfə verdiyini və bu konsertin onun bariz nümunəsi olduğunu vurğulayıb. O həmçinin proqramın dünya şöhrətli bəstəkar Qara Qarayevin xatirəsinin yad edilməsi baxımından gözəl imkan olduğunu əlavə edib. Səfir Fəxrəddin Qurbanov isə Azərbaycan mədəniyyəti və musiqisi ilə bağlı tədbirlərin bir tərəfdən burada yaşayan soydaşlarımızı daha da vətənə bağladığını, digər tərəfdən isə Britaniyanın mədəni müxtəlifliyinə özünəməxsus töhfə verdiyini diqqətə çatdırıb. Daha sonra skripka ifaçısı Səbinə Rakçeyeva və onu müşayiət edən qrupun ifasında müxtəlif növ Azərbaycan muğamlarından, habelə dahi bəstəkar Qara Qarayevin ölməz əsərlərindən parçalar ifa olunub və dünya klassik musiqisindən nümunələr səsləndirilib.                            

Cəmiyyətin təşkilatçılığı ilə Brüsseldə keçirilən caz və kokteyl axşamında da Azərbaycan musiqisi, caz və muğam sənəti avropalılara nümayiş etdirilib. T.Heydərov Azərbaycan musiqisi haqqında məlumat verərək bildirib ki, 1960-cı illərdən başlayaraq caz Azərbaycan muğamı ilə sintez olunub: “O vaxtlar Azərbaycan Sovet İttifaqının bir parçası idi və hakim dairələr musiqidə Qərbin təsirini qəbul etmirdilər. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qərblə əlaqələr güclü və sabit iqtisadi münasibətlərin inkişafı ilə davam edir. Ölkənin böyük inkişaf potensialı var və məqsədlərinə çatmaq üçün Avropaya yaxınlaşır. Avropa da öz növbəsində, Azərbaycanın uğurlarından yararlanmaq üçün ona yaxınlaşmalıdır”.

Konsertdə çıxış edən Azərbaycanın tanınmış caz ifaçısı, 2009-cu il “Montreux Jazz Solo Piano” müsabiqəsinin qalibi İsfar Sarabskinin ifası Avropanın yüksək səviyyəli siyasətçiləri, iş adamları, caz həvəskarları, musiqiçilər və tənqidçiləri tərəfindən alqışlarla qarşılanıb. Avropa Parlamentinin Slovakiyadan olan üzvü Miroslav Mikolaşik isə Azərbaycan musiqisinin böyüklüyündən danışaraq bildirib ki, bu cür tədbirlər Azərbaycanla Avropa arasında əlaqələr yaradır. “Yeni bir ölkədən-Slovakiyadan gəlmiş şəxs kimi mən münasibətlərin bütün sahələrdə inkişafının vacibliyini başa düşürəm. Ötən il Bakıya səfər etdim və orada yaxşı təhsil almış çoxlu sayda gənc gördüm. Azərbaycan sürətlə inkişaf edir, burada tarixə və ənənələrə hörmətlə yanaşılır, eyni zamanda yeni konsepsiyalar da həvəslə qəbul olunur. Azərbaycanın böyük potensialı var, bu isə gələcəyin hərəkətverici qüvvəsidir. Şübhə etmirəm ki, bu ölkə bütün sahələrdə müvəffəqiyyətə nail olacaq”, - deyə AP-nin üzvü bildirib.                                                                                      

AAC fəaliyyəti onun Avropada Azərbaycanı təmsil edən genişfəaliyyətli qurum olduğunu göstərir. Qeyri-hökumət təşkilatı olaraq yaradılmasına baxmayaraq, cəmiyyət, demək olar ki, Böyük Britaniyanın parlament və digər dövlət strukturları ilə hərtərəfli əməkdaşlıq edir, o cümlədən, Avropanın əsas ictimai və siyasi instansiyalarında təmsil olunmaqla Azərbaycanı, onun həqiqətlərini, Vətənin təbliğini və haqq səsimizi bütün Avropa ictimaiyyətinə eşitdirir.

 

 

Asif NƏRİMANLI

 

Paritet.-2012.-12 aprel.- S.12-13.