“Qan
məndən cavab istəyir”
55 yaşının tamamında
şair Ədalət Əsgəroğlu ilə təsəvvüf,
95 yaşlı Sədi Şirazi, qan, neft, ədəbi tərcümə
və poeziya haqqında söhbət
Tanınmış
şair, Beynəlxalq Rəsul Rza, Mövlanə, Beynəlxalq
Şahmar Ələkbərzadə adına və s. mükafatlar
laureatı Ədalət Əsgəroğlu 1957-ci ildə
Göyçayda dünyaya göz açıb. 80-ci illər ədəbi
nəslinə mənsub olan, bu il 55 illik yubileyini qeyd edən şairin indiyə qədər “Yaz
ilə gələn sevda”, “Göyçaydan başlayan
ömür yolu”, “Mən sənə aşiqəm, dünya”,
“Özüm qürbətdə, gözüm Vətəndə”,
“Sabahını itirməyən adamlar”, “Məmləkətim,
canım mənim...”, “Aynasında buta”, Xocalı faciəsinə həsr
olunan “Dərdimizin qan rəngi”, “Xocam Xocalı” şeirlər
kitabı nəşr olunub. İki kitabı isə bu günlərdə
işıq üzü görəcək. Onun şeir və poemaları bir
çox xarici dillərə tərcümə olunub. Eyni zamanda
da, o, Azərbaycan ədəbiyyatında yaxşı tərcüməçi
kimi tanınır. Onun Taras Şevçenkodan, Nekrasovdan,
Puşkindən, Soljinetsından, türk və özbək ədəbiyyatından
tərcümələri böyük rəğbətlə
qarşılanıb. Onu təsəvvüf ədəbiyyatının
sonuncu mogikanı adlandırırlar. Hazırda isə o, Azərbaycan
Yazıçılar Birliyində məsul vəzifədə
çalışır. 55 ilin tamamında Ədalət bəylə
görüşüb həm yaradıcılığı barədə
danışdıq, həm də keçmişə
boylandıq.
- Sizcə, orta nəsil o hadisələri
qələmə almadıqca, təbliğ etmədikcə
ardınızca gələn nəsil bu mövzuya müraciət
edəcəkmi?
-Mən
nəsil ayrı-seçkiliyini heç vaxt qəbul etməmişəm.
Sədi Şirazi “Gülüstan” kimi əsəri yazanda 95
yaşı vardı. Sadəcə, yanaşmalar fərqli, yeni
olmalıdır. Hərdən mənim sözümü qəribçiliyə
salırlar, çünki yaşadığım həyat tərzi,
işim, keçirdiyim ağır əzab və iztirablar məni
böyük söz sahibi olmağa qoymadı.
Çünki bu məndən asılı deyildi. İndiki zamanda kimlərsə kimlərəsə
diqtə edir və müəyyən vaxtlarda ictimaiyyətin
qarşısına çıxardırlar. Mən elə
söz sahibi kimi yetişə bilmədim. Bir
həqiqət var ki, əgər
cavanlıqda vətəndaş ola bilmirsənsə,
qocalıqda da olmayacaqsan.
Vətəndaşlıq cavanlıqda insanın canına
hopmalıdır. İstedadlı adam deyə
bilməz ki, mənə bu
şairlik atamdan keçib. Şairlik ancaq ana südündən
keçə bilər. Analar ən böyük şairlər olub.
Çünki laylaları,
bayatıları onlar yaradıblar. Mərdliyi həyat verir,
vətəndaşlığı isə insan
özü qazanmalıdır. Bunun üçün də
insanda səmimiyyət,
Allah eşqi, doğulduğu torpağa böyük sədaqət olmalıdır. Şair vətəndaş deyilsə, ondan yaxşı əsərlər gözləmək
lazım deyil. Baxın, Səməd
Vurğun, Məmməd Araz,
Rəsul Rzanın vətəndaşlığına...Əgər
“Xocam Xocalı”da vətəndaşlıq
yoxdursa, daha bundan sonra əlimə qələm
almaram. Çünki o poemanı yazmağa məni məcbur edən vətəndaşlığım
idi. Biz cavanlara vətəndaşlıq əzmini
aşılamalıyıq, amma əgər
onlarda vətəndaşlıq varsa, o bizim
dərdimizi, bu vətənin dərdini unutmayacaq.
Eldarqızı N.
Paritet.-2012.-12-13 aprel.-S.16.