Moskvada “Azərbaycan cazı” gecəsi keçirilib

 

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “Moskva Beynəlxalq Musiqi Evi”ndə “Azərbaycan cazı” gecəsi keçirilib. Tədbirdə Rusiya və Azərbaycanın tanınmış incəsənət xadimləri iştirak ediblər. “Azərbaycan cazı” gecəsi Moskva sakinlərini Azərbaycan cazı ilə daha yaxından tanış etmək, caz musiqi növünün Azərbaycanda hələ çoxdan inkişaf etdiyini göstərmək məqsədilə keçirilib.

Konsert proqramını giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfirinin humanitar məsələlər üzrə müavini Nigar Axundova bildirib ki, konserti təşkil etməkdə məqsəd “rusiyalı dostlarımıza Azərbaycanda cazın necə inkişaf etdiyini göstərməkdir”. O qeyd edib ki, bu gün artıq Bakı caz musiqisinin mərkəzlərindən birinə çevrilib: “Burada olan bakılılar yaxşı bilir ki, Bakıda cazı sevirlər və caz dinləyirlər. Bakıda cazı elə sevə-sevə ifa edirlər ki, artıq Bakı cazın ifa edildiyi ən məşhur yerlərdən birinə çevrilib. Burada ən mötəbər festivallar keçirilir və dünya ulduzları gəlir, cazın tədqiqi və inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycan cazı özünün inkişafına XX əsrin 30-40-cı illərində başlayıb. Artıq 40-cı illərdə bir çox azərbaycanlı musiqiçilər bir çox məşhur kollektivlərdə məsələn, Aleksandr Sfasmanın kollektivində ifa edirdilər. Bizim məşhur bəstəkarımız Tofiq Quliyev bu kollektivdə ifa edib. Düşünürəm ki, mən bir çox məşhurlarımızın adlarını çəkməsəm, ədalətsizlik olar. Sözsüz ki, bu adlar Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Əhmədov, Qara Qarayev, Maestro Niyazi və başqalarıdır ki, onlar cazın kənar, yad musiqi olmaması, onun Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi, doğma musiqisi olması üçün öz töhfələrini veriblər. 60-70 ci illərə gələrkən demək lazımdır ki, bu illər Azərbaycanda cazın əsl inkişafı  illəri olub. Məhz bu illərdə səhnədə Vaqif Sadıqov, Rafiq Babayev, indi də unikal ansambl hesab olunan “Qaya” ansamblı  və Vaqif  Mustafazadə kimi ifaçılar parlayır. V.Mustafazadə muğam və cazı birləşdirərək yeni janrın yaranmasına səbəb olub. Bu, mən deyərdim ki, dünya musiqisində yeni istiqamətə çevrilir. Məhz onun haqqında hələ Soyuq Müharibə dövründə “Amerikanın səsi” radiostansiyasında “Jazz Hour” verilişinin aparıcısı olan Uillis Konnover deyib ki, onun tayı-bərabəri yoxdur . O, indiyədək eşitdiyim ən böyük pianoçudur”.

N.Axundova  konsert proqramının təşkilində köməyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və “Rus Art” Prodüser Kampaniyasına təşəkkürünü bildirib.

Sonra  konsert proqramında fortepianoda Elçin Şirinov, Vaqif Sadıqov, Emil Əfrasiyab, Salman Qəmbərov, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində İskəndər Ələskərov, Vaqif Əliyev, Elvin Bəşirov, tar və udda Mircavad Cəfərov, perkussiyada Tofiq Cabbarov ifa ediblər.

Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Rusiyanın tanınmış incəsənət xadimi Yuli Qusman, Rusiyadakı azəri diasporunun nümayəndələri, Rusiya və Azərbaycanın media nümayəndələri və digər qonaqlar iştirak ediblər.  

 

 

Əlimərdan SULTANOV,  

 

Moskva

 

Paritet.-2012.-14-16 aprel.- S.16.