Bu gün 60 milyon insanın ürəyi Azərbaycanla döyünür

 

Babək Tağızadə: “Arxanda güclü, müstəqil Azərbaycanın olduğunu bilmək ən qürurverici haldır”

 

20 ildir müstəqil olan Azərbaycanın diaspor fəaliyyətinin nə qədər yeni olduğu deyilsə də, görülən işlər və həyata keçirilən tədbirlər diasporumuzun uğurla irəlilədiyini göstərir. Diasporumuzun uğurlarında gənclərin də rolu xüsusi əhəmiyyət kəsb edir. Buna səbəb isə, diaspor quruculuğunu əsas götürən Azərbaycan dövlətinin gənclərə, onların fəaliyyətinə göstərdiyi diqqətdir ki, nəticədə bu gün diaspor ordusu mübarizələrin önündə gedərək, qələbələr əldə edir. Diasporumuzun yeni olması isə, əsasən müstəqillik qazandığımız 1990-cı illərdən sonra xaricə üz tutan və ya təhsil almaq üçün dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın fəaliyyəti ilə əlaqələndirilir. Lakin Cənubi Azərbaycandan xaricə üz tutan soydaşlarımızın mühacirət tarixi daha uzaqlara gedib çıxır. Təsadüfi deyil, həmin soydaşlarımız bu gün yaşadıqları ölkələrdə təkcə İran rejimindən əziyyət çəkən cənublu soydaşlarımızın deyil, bütün Azərbaycanın təbliğini həyata keçirirlər. Onların da arasında gənclərin fəallığı müşahidə olunur.

Ötən ay Bakıda keçirilmiş Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı dünyada yaşayan bütün gənc soydaşlarımızın bir araya gəlməsinə səbəb oldu.

 

“1993-cü ildəki dirçəliş bizim də fəaliyyətimizə stimul verdi”

 

Qonaqlar arasında olan İsveç-Azərbaycan Kültür və Humanitar Dərnəyinin sədri  Babək Tağızadə İsveçdəki fəaliyyətləri, gördükləri işlər, gənclərimizin diaspor sahəsindəki addımları və digər məsələlərlə bağlı fikirlərini “Paritet”ə danışıb. Həmsöhbətimizin dediyinə görə, artıq 20 ildən artıqdır ki, İsveçdə məskunlaşıb və bu 20 illik zaman onun diaspor fəaliyyətinin daim içində olmasına təsadüf edib: “Mən 1988-ci ildən İsveçdə yaşayıram. Mənim yeniyetməlik dövrümə düşən həmin ildən daim atamın Azərbaycanın tanıdılması, bölünmüş xalq olduğumuzu isveçlilərə çatdırması, cənublu soydaşlarımızın əzilən haqlarının müdafiəsinə həsr etdiyi ömrünün ən məhsuldar dövrünə təsadüf edib. Sonradan, bir az zaman keçməmiş mən də bu fəaliyyətin mərkəzində yer almağa başladım. Əvvəlcə müxtəlif dərnəklərlə fəaliyyətimizi qurmuşuq. Fəaliyyətə başladığımız vaxtdan əsas məqsədimiz də Azərbaycanı tanıtmaq, ikiyə bölünmüş xalq olduğumuzu dünya ictimaiyyətinə anlatmaq olub”.

İsveçdəki diaspor fəaliyyətinin ilk illərinin Qarabağ müharibəsinin başlaması, ermənilərin Vətənimizə qarşı çirkin siyasətinin, təcavüzünün başlamasına təsadüf etdiyini deyən B.Tağızadə qeyd edib ki, elə o vaxtdan İsveçdə Azərbaycanın haqq səsini bildirməyə başladılar. Onun sözlərinə görə, sonrakı illərdə Qarabağın və 7 ətraf rayonun işğalı, 1 milyon soydaşımızın qaçqın düşməsi hər bir azərbaycanlı kimi onlara da böyük təsir edib.

“Həmin vaxt müstəqilliyini yeni qazanmış Azərbaycan üçün olduqca çətin dövr olduğu kimi, bu müstəqilliyi uzun zamandır gözləyən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də çətin idi, həmçinin İsveçdəki azərbaycanlılara da. Torpaqlarımızı itirməyimiz hər bir soydaşımıza pis təsir etmişdi. Çünki onsuz da bir hissəmiz 100 illərdir işğal atındadır. Lakin sonra özümüzü toparlayaraq heç olmasa, informasiya savaşında qalib çıxmağa çalışdıq”, - deyə diaspor fəalı bildirib.

Aparılan mübarizənin əvvəllər çətin olduğunu, itirilmiş torpaqların məhz bizim olduğunu inandırmaq üçün mürəkkəb yol keçdiklərini deyən B.Tağızadə qeyd edib ki, nəhayət ki, buna yüksək faizlə nail olublar: “Azərbaycan dövləti 1993-cü ildən sonra özünə gəlməyə başladı. Bu dirçəliş bizim də fəaliyyətimizə stimul verdi. Biz Azərbaycanın cənubundan idik. Baş verənləri yalnız media vasitəsilə izləyə bilirdik. Bu da bəzən o qədər də doğru olmurdu. Lakin müstəqillik dövründə suverenliyinə qovuşan Azərbaycandan gələn soydaşlarımız baş verənlərin bir növ canlı şahidləri olaraq işimizə böyük dəstək verdilər. Onların isti xəbərləri, Vətəndə baş verənləri olduğu kimi çatdırmaları informasiya baxımından dəyərli idi və biz də bu informasiyalardan yararlanaraq işimizi sürətləndirməyə başladıq”.

Daha sonra Azərbaycan dövlətinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Xocalıda baş verən insanlığa sığışmaz vandallığın anladılması, xalqımıza qarşı təcavüzkar siyasət aparanların ifşa olunması istiqamətində təbliğat işlərini gücləndirdiyini deyən soydaşımız bunun diaspor fəaliyyətinə böyük təkan verdiyini bildirib. Onun sözlərinə görə, məhz bu hadisələrdən sonra bir deyil, vahid məqsədə istiqamətlənmiş iki yolumuz müəyyənləşdi: “Birincisi, İran rejimi altında uzun illərdir əzilən 35 milyonluq cənublu soydaşlarımızın tapdalanan haqlarının dünyaya car çəkmək, ikincisi isə, Qarabağ həqiqətlərinin, yenicə müstəqillik qazanan Azərbaycana qarşı aparılan təcavüzkar siyasəti beynəlxalq ictimaiyyətə çatdırmaq. Hesab edirik ki, bu fəaliyyət də, Bütöv Azərbaycana aparan yoldur və bu yolda bu günə qədər çox çalışmışıq, bundan sonra da çalışacağıq”.

 

“İsveç ictimaiyyətinə Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, bir sözlə, bölünmüş xalqın bütün həqiqətlərini çatdırırıq”

 

Dərnəyin sədri qeyd edib ki, İAKHD 2005-ci ildə İsveçin Lund şəhərində təsis olunub. O, bu dərnəyin təsis edilməsində əsas məqsədin əvvəlki mübarizəni davam etdirmək olduğunu deyib: “Sadəcə olaraq, dünyada mövcud olan reallıq ondan ibarətdir ki, birbaşa siyasi təşkilat, siyasi fəaliyyət olaraq insanlara söylədiklərini dinlətmək çətin olur. Misal üçün, İsveç dünyanın ən neytral dövlətlərindəndir. Burada insanlar dünyanın istənilən nöqtəsində baş verənlərə obyektiv yanaşmağa çalışırlar. Yəni, qarşı tərəfin də fikrinə üstünlük verilir. Siyasi fəaliyyətlərə isə, bir az inamsız yanaşırlar ki, burada onlara müəyyən qədər haqq qazandırmaq olar. Lakin mədəni, humanitar fəaliyyət bu ölkənin ictimaiyyəti tərəfindən daim diqqət mərkəzində olur. Bu səbəbdən də, biz mədəni, humanitar fəaliyyətə başlayaraq, fəaliyyət istiqamətimizi bir az dəyişməklə istəyimizə nail olmağı düşündük”.

Həyata keçirdikləri işlərdən danışan B.Tağızadə bildirib ki, təşkil edilən tədbirlər Azərbaycanın - şimallı, cənublu - mədəniyyəti, incəsənəti, tarixi, coğrafiyası ilə bağlıdır: “Belə tədbirlərdə İsveç ictimaiyyətinə Vətənimiz haqqında məlumat verməklə həm onu tanıtdırırıq, həm də problemlərimizi, soydaşlarırmızın İranda məruz qaldıqları zorakılığı, onların haqlarını, Qarabağ həqiqətlərini, Xocalı soyqırımını, bir sözlə, bölünmüş xalqın bütün həqiqətlərini çatdırırıq. Onu da qeyd edim ki, mədəni tədbirlərə İsveç ictimaiyyəti, xüsusilə gənc nəsil daha çox maraq göstərir. Biz də fürsətdən istifadə edərək haqq səsimizi çatdırırıq. Misal üçün, Qarabağın mədəniyyəti, incəsənəti, yerləşdiyi coğrafiya haqqında verdiyimiz məlumatlarda həm də tarixi torpağımızın ermənilər tərəfindən işğalını da bildiririk. Mütləq kimsə maraqlanıb sual verir. Bu da bizim daha geniş məlumat verməyimizə imkan yaradır”.

Bununla yanaşı, Azərbaycandan ictimai xadimləri, tarixçiləri, alimləri də İsveçə dəvət edərək, onların dilindən daha dəqiq məlumatları yaydıqlarını deyən B.Tağızadə qeyd edib ki, bu günə qədər 350-dən artıq azərbaycanlı ictimai xadimi dəvət ediblər.

“2011-ci il diaspor fəaliyyətində də ən əlamətdar illərdən olub. Çünki bu il  müstəqil Azərbaycanın 20 yaşı idi. Bununla yanaşı, “Avroviziya” müsabiqəsində qalib olduq. Ötən il ən böyük tədbirlərimizdən biri İsveçin Lund Universitetində tələbə, müəllim heyəti qarşısında Azərbaycanın 20 ildə keçdiyi yol, Vətənimizin potensialı, dünya arenasında oynadığı rol haqqında ətraflı məlumatlar verdik. Artıq isveçlilər də Qarabağ həqiqətlərindən xəbərdardırlar, o cümlədən İran rejimi altında əzilən soydaşlarımızın problemlərini də bilirlər. Tələbələri də ən çox maraqlandıran Dağlıq Qarabağ münaqişəsi oldu. Biz də bu barədə ətraflı məlumatlar verdik”, - deyə soydaşımız diqqətə çatdırıb. 

“Avroviziya”dakı qalibiyyətimizin isə, Azərbaycanın tanınmasında böyük rol oynadığını bildirən dərnəyin sədri, artıq hər kəsin ölkəmizin harada yerləşdiyini, onun potensialını bildiyini, bunun da Qarabağ həqiqətlərinin daha asan çatdırılmasına və haqq səsimizin eşidilməsinə imkan verdiyini deyib.

 

“Nə qədər bölməyə çalışsalar da, Azərbaycan bölünməyəcək”

 

Onun sözlərinə görə, bizim ən böyük dərdimiz bölünmüş xalq olmağımızdır. Dərnəyin sədri qeyd edib ki, bu gün Cənubda yaşayan azərbaycanlılar və diaspor fəaliyyəti ilə məşğul olan cənublu soydaşlarımız da Qarabağ, Xocalı həqiqətlərini dünya birliyinə çatdırmaqda səylə çalışır: “İran rejimi üzündən Vətənin cənubunda bu barədə danışmaq nə qədər çətin olsa da, yenə də ildönümlərində soydaşlarımız buna öz etirazlarını bildirirlər. Xaricdəki soydaşlarımız isə, bütün il boyu bu istiqamətdə fəaliyyət göstərirlər. Vətən bölünməzdir. Onu nə qədər bölməyə çalışsalar da, Azərbaycan bölünməyəcək. Reallıq bölündüyümüzün ortada olduğunu göstərir, amma bizim bir vətənimiz var, o da Azərbaycan. İstər Şimal, istər Cənub olsun, fərq etməz. Bu gün Azərbaycan dövlətinin müstəqilliyi, müstəqil siyasət aparmağı biz cənublulara da böyük dəstəkdir. Arxanda güclü, müstəqil Azərbaycanın olduğunu bilmək ən qürurverici haldır. Biz bir tərəfdən yaralıyıq, çünki Cənubumuz işğaldadır, bir tərəfdənsə, müstəqil Azərbaycanın olması bizi xoşbəxt edir”.

B.Tağızadə qeyd edib ki, Azərbaycan dövlətinin diaspor fəaliyyətində qurucu siyasət aparması da bu xoşbəxtliyi artırır.

“Bu günə qədər keçirilən qurultaylar, dövlət başçımızın diaspor nümayəndələrinə dəstəyi diaspor üçün ən böyük stimulverici amildir.

Ötən ay təsis edilən Dünya Azərbaycanlıları Gənclər Birliyi isə, biz gənclər üçün hələ qarşıda çox işlərimizin olduğunu və arxamızda Azərbaycan dövlətinin dayandığını göstərdi”, - deyə diaspor fəalı bildirib.

Diaspor fəaliyyətində bəzi çətinliklərin də olduğunu deyən B.Tağızadə bunların da tezliklə həll olunacağına inandığını deyib: “Bəzi çətinliklər var. Bu çətinliklər əsasən koordinasiyalı şəkildə fəaliyyətimizin təmin edilməsidir. Lakin son zamanlar bu istiqamətdə fəal iş aparılır. Bu sahədəki problemlər də aradan qalxıb, inanırıq ki, bütün çatışmazlıqlar tezliklə həll ediləcək. Biz kiçik bir ailə deyilik, 60 milyonluq bir millətik. Bu gün 60 milyon insanın ürəyi Azərbaycanla döyünür, onun uğuruna sevinir”. Öz arzusundan danışan B.Tağızadə qeyd edib ki, ən böyük arzusu dalğalanan Azərbaycan bayrağını bütün dünyada qaldırmaqdır. 

 

 

Asif NƏRİMANLI

 

Paritet.-2012.-19-20 aprel.- S.8.