Uşaqların atılma riskini azaltmaq üçün çoxlu sosial layihələrə ehtiyac var

 

Günel Səfərova: “İnternat müəssisələri uşaqların inkişafında, onların gələcəklərini qurmaqda uyğun bir model deyil”

 

Hər şeydən əvvəl, ən yaxşısı insanın valideyn himayəsindən məhrum olmamasıdır. Amma nə edəsən ki, ən zəngin, inkişaf etmiş ölkələrdə belə, bu problem yaşanır. Demək bu, istənilən ölkə üçün qaçılmaz problemdir. Ən vacib məsələlərdən biri isə bu insanların hər hansı sosial müdafiə müəssisələrindəki həyatı başa vurduqdan sonra özlərinə iş tapmalarıdır. Hazırda bu cür insanların işlə təmin olunması baxımından nəzarət gücləndirilməkdədir. Ötən ay Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə də bu məsələlərə yer ayrılıb. Sazişə əsasən, tərəflər valideyn himayəsindən məhrum olub, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə qalan uşaqların həmin müəssisələrdən qayıtdıqdan sonra işə düzəlmələrinin qayğısına qalmaq üçün öhdəlik götürüblər. Bu baxımdan, qeyri-hökumət təşkilatlarının də üzərinə müəyyən vəzifələr düşür. Elə həmsöhbətimiz də bu istiqamətdə ixtisaslaşan “SOS Uşaq Kəndləri-Azərbaycan”  Assosiasiayasının proqram meneceri Günel Səfərovadır.

-Günel xanım, dövlət uşaq müəssisələri valideyn himayəsindən məhrum olan uşaqları cəmiyyətə yararlı şəkildə hazırlaya bilirmi? Yəni, həmin müəssisələrdə onlara hər hansı peşə, sənət öyrədilirmi?

- Müasir dövrümüzdə, əlbəttə, uşaq evləri və internat tipli müəssisələr günün tələbinə cavab vermir. Ümumiyyətlə, burada günün tələbinə cavab vermir dedikdə yalnız onların maddi-texniki təchizatını nəzərdə tutmuram. Müəssisələrdə ən böyük problem orada olan uşaqlara fərdi yanaşmanın deyil, daha çox kollektiv yanaşmanın olmasıdır. Yəni, orada böyüyən və təhsil alan uşaqların əksəriyyətinə say, rəqəm kimi baxılır və kollektiv yanaşma var ki, bu uşaqlara münasibətə psixoloji vəziyyətə, onların fərdi ehtiyaclarının müəyyən olunmasına və ehtiyaclara uyğun qərar verilməsinə çətinlik yaradır. Hətta məsələyə sadəcə texniki yanaşsaq, məsələ bundan ibarətdir ki, internat müəssisələri Sovet dövründən qalma avadanlıqlarla peşə kursları təşkil edirlər və bunun effektivliyi nə qədər ola bilər ki? Ümumiyyətlə, internat müəssisələrində yaşayan və orada təhsil alan uşaqların cəmiyyətə inteqrasiya problemi yaranır və bu problem onları ömür boyu izləyir. Bizdə internat müəssisələrini tərk edən gənclərin inteqrasiyası ilə bağlı eyni zamanda cəmiyyətin də onların problemlərinin həllinə verdikləri töhfə müzakirə olunmalıdır. Burada yalnız stereotiplər deyil, eyni zamanda bu sahəni tənzimləyən mexanizmlərin olmamasından söhbət gedir. Artıq, dünyada uşaq mənafeyini müdafiə edən qurumlar və təşkilatlar internat müəssisələrinin, uşaq evlərinin, kollektiv yanaşmanı dəstəkləyən uşaq müəssisələrinin uğursuz model olduğu qənaitindədirlər və buna görə də, Deinstitutlaşdırma prosesi gedir. Azərbaycanda da 2006-2015-ci illəri əhatə edən uşaq evlərində olan uşaqların ailələrə və alternativ qayğı modellərinə verilməsini əhatə edən çox mühüm bir proqram qəbul edilib. Bu proqram alternativ qayğı modellərini tənzimləyəcək qanunvericilik bazasının təkmilləşməsini, yeni xidmətlərin, məsələn kiçik qrup evlərin, himayədar ailə modelinin və s. yaradılmasını əhatə edir. Əlbəttə, bu, internat müəssisələrinin tamamilə ləğv olunması demək deyil, bu müəssisələrin xidmət sahəsinin dəyişməsi, məsələn, gün ərzi qayğı mərkəzi kimi formalaşması ola bilər.

Sadaladıqlarımızdan görmək olur ki, internat müəssisələri uşaqların inkişafında, onların gələcəklərini qurmaqda uyğun bir model deyil və günümüzdə bu müəssisələri tərk edən gənclər işsizlik, yaşayış, sağlamlıq və bunun kimi onlarla problemlərlə üzləşirlər və çox təəssüf ki, hələ qayğını tərketmə mərhələsi ilə və tərk etdikdən sonra onların həyatlarına müsbət təsir edəcək proqramlar, demək olar ki, yoxdur.

-Dövlət uşaq müəssisələrini tərk edən gənclər üçün yaratdığınız resurs mərkəzi bu insanların işlə təmin olunması probleminə hansı formada köməklik göstərir?

- Ümumiyyətlə, qeyd edim ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ailə modelinə alternativ ailə əsaslı qayğı modelinin nümunəsi olan Bakı və Gəncə kəndləri ilə ilk layihələrini icra edib. Artıq zaman keçdikcə və deinstitutlaşdırma prosesinin getməsi ilə bağlı biz Ailələrə Dəstək kimi preventiv və çox önəmli layihələri də həyata keçiririk. Sözsüz ki, bizim kəndimizə gələn uşaqlar böyüyürlər və onlara uyğun layihələr də öz formatına, funksiyasına görə fərqlənir. Məsələn, bizim təşkilatın himayəsində olan uşaqların müstəqil həyata hazırlıq prosesi 14 yaşından başlayır və daha sonra onlar gənclər evi adlandırılan layihəmizin xidmətlərindən istifadə edirlər. Təəssüf ki, internat müəssisələrində gənclər üçün belə bir etaplı tərk etmə mərhələsi yoxdur və 18 yaşına çatmış gənc müəssisəni tərk etməlidir (universitetə qəbul olan uşaqlar 21 yaşa kimi qala bilərlər). Biz qayğını tərketmə mərhələsində bu çox böyük boşluğu nəzərə alaraq 2009-cu ildə Bakıda olan internat və uşaq evlərini tərk edən gəncləri də əhatə edən “Mən də Varam” kampaniyasının icrasına başladıq. Bu layihə sırf qayğını tərk etmə mərhələsində olan və tərk etmiş gəncləri əhatə edir və yalnız SOS modelindən olan gəncləri deyil, digər internat və uşaq evlərini də əhatə edir. Hazırda bu layihə çərçivəsində Gənclərin Etimad Körpüsü şəbəkəsi fəaliyyət göstərir və Şəbəkə üzvləri üçün Resurs Mərkəzi yaradılıb.  Mərkəz əslində əlaqələndirici və bilik, bacarıqları inkişaf etdirən bir qurum kimi fəaliyyət göstərir. Məsələn, uşaqlar internatı bitirdikdən sonra onların üzləşdikləri ən böyük problem məskunlaşacaqları yerin olmamasıdır. Şəbəkədə eyni problemlə rastlaşan uşaqlar bir araya gəlirlər və kirayə evdə qala bilirlər. İşlə təmin olunma məsələsinə gəldikdə isə, mərkəz daha çox gənclərin peşə bacarıqlarının inkişafına, onların təlimatlandırılmasına dəstək verir. Yeni və müasir bacarıqların əldə edilməsi işlə təmin olunma məsələsində xüsusi əhəmiyyətli rol oynadığına görə, biz gəncləri daha çox bu sahədə  istiqamətləndiririk. Digər problemlərdən biri də bu gənclərə yalnız fiziki əmək qüvvəsi kimi baxılır və ən acınacaqlısı ən yaxşı halda belə baxılır, çünki bir çox gənclər fiziki göstəricilərinə görə də çox zəif olur. O ki qaldı onların daha çox gəlirli və peşə, ixtisas tələb edən işlə təmin olunmalarına, bu çox çətindir. Resurs Mərkəzi isə artıq müəssisəni tərketmə mərhələsində olan gənclərin yönləndirilməsi, onların işlə təmin olunmalarına yardım edəcək kursların təşkil edilməsində əlaqələndirici funksiya daşıyır. Bu mərkəz də hal-hazırda bu sahəni tənzimləyən tək layihədir.

- Valideyn himayəsindən məhrum olmuş uşaqları ailə qayğısı ilə təmin etmək, risk altında olan ailələrə dəstək göstərmək üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edirsinizmi?

- Bu sual çox maraqlıdır, çünki  çox zaman artıq müəssisədə yaşayan uşaqlar haqqında danışırıq və atılma risk qrupunda olan uşaqları  unuduruq. Məsələ bundadır ki, uşaqların atılma riskini azaltma sahəsində çoxlu sosial layihələrə ehtiyac var. Məsələn SOS-Azərbaycanın ən mühüm preventiv layihəsi olan “Ailələrə dəstək” buna misal ola bilər. Bu layihə Bakı, Gəncə və Sumqayıtda fəaliyyət göstərir və atılma riski altında olan uşaqların ailələrinə psixoloji, texniki, bəzən maddi dəstək göstərilir. Dövlət qurumlarına gəldikdə isə Təhsil Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi və yerli icra orqanlarının bu sahədə fəaliyyətləri danılmazdır. Təhsil Nazirliyinin nəzdində De-İ idarəsi fəaliyyət göstərir və onlar da ilkin preventiv layihələrin gücləndirilməsi sahəsində çalışmalar aparırlar. Yerli icra orqanlarında Qəyyumluq İdarəsinin əsas funksiyalarından biri də məhz həmin rayonda olan atılma riski altında olan uşaqların müvafiq müəssisələrə yerləşdirilməsi də daxil olmaqla, onların müdafiəsinin təmin edilməsidir. Burada bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu strukturun maddi-texniki bazası, işçi heyəti kifayət qədər deyildi və onlar bütün uşaqları əhatə etmək iqtidarında olmurlar. Məsələn, uşaq müəssisəyə gəldikdə, əgər bioloji ailəsi varsa, iş aparıla bilər və uşağın atılma səbəbini yaradan problem həll olunsa, o, bioloji ailədə qala bilər. Amma kifayət qədər təcrübəli psixoloqun, sosial işçinin olmaması bu problemlərin zamanında həllinə mane törədir.

Biz təşkilat olaraq dövlət qurumları ilə əməkdaşlıq edirik və ümumiyyətlə, problemin köklü və davamlı həlli mexanizmi haqqında danışırıqsa, bu, dövlət orqanları ilə əməkdaşlıq şəklində olmalıdır. Mən ümid edirəm ki, dövlət sifarişləri haqqında qanun və yaradılacaq mexanizmlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti subyektləri arasında münasibəti tənzimləyəcək. Və bunun nəticəsi olaraq daha fərqli və müxtəlif sahələri əhatə edən xidmət mərkəzləri yaradılacaq.

- Əhalinin həssas qruplarının məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində hansı işlərin görülməsinə ehtiyac var?

- İlk növbədə, peşə bacarıqlarına yiyələnmədə müasir bilik və bacarıqların verilməsinə ehtiyac var.  Daha sonra vətəndaş cəmiyyətinin qurulmasında müstəsna rol oynaya biləcək, lakin hər zaman unutduğumuz, biznes strukturlarında Kooperativ sosial sərmayə proqramı çərçivəsində bu uşaqların işlə təmin edilmələrində güzəştlərin edilməsi nəzərdə tutula bilər. Sözsüz ki, hamı üçün işə düzəlmədə bərabər imkanlar yaradılmalıdır və problemin köklü həlli bərabər və yüksək səviyyəli kadr yetişdirməkdən keçir.  Azərbaycan Dövlət Neft Şirkətini misal olaraq göstərmək olar ki, müəssisəni tərk edən gəncləri işlə və yataqxana ilə təmin edir və bu, müsbət nümunə kimi digər böyük şirkətlər tərəfindən tətbiq edilə bilər. 1999-cu il iyun ayında qəbul edilmiş qanunu əsas götürsək, internat müəssisələrini tərk edən gənclərin işlə təmin edilməsi yerli icra orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birbaşa işidir. Əlbəttə, tam demək olmaz ki, bu mexanizm işləmir, amma gənclərə təklif olunan işlər kifayət qədər məvacibli olmur və ya gənclər təklif olunan işləri görəcək bilik, bacarıqlara yiyələnmirlər.

 Beynəlxalq təcrübəyə nəzər saldıqda görə bilərik ki, məşğulluq problemi tamamilə həll olunmasa da, bu sahədə müxtəlif həll yolları var. Məsələn, Avropa təcrübəsində bu gənclərə güzəştli kreditlərin verilməsi, onların kiçik bizneslə məşğul olmalarına real şəraitin yaradılmasını misal göstərmək olar. Rusiya təcrübəsində isə yerli icra orqanlarının yuxarıda qeyd etdiyimiz müvafiq strukturları gənclərin yaşayış və məşğulluq problemini həll edir. Bu sahədə bələdiyyələrin mühüm rol aldıqları və işsizlik probleminin həllində bu gənclərə köməyin göstərilməsi misalını Türkiyə təcrübəsindən görmək olur.

 

 

F.ABIOĞLU

 

Paritet.-2012.-19-20 aprel.- S.12.