“Moskvada Azərbaycan
ədəbi mühiti formalaşır”
Afaq Şıxlı: “Tarixi kökləri
bu qədər zəngin olan bir xalq üçün
yazıb-yaratmaq çox böyük səadətdir”
-Afaq
xanım, müsahibəmizin başlanğıcında
oxucularımızı maraqlandıran bir suala cavab verməyinizi
istərdim. Neçə müddətdir, doğma vətənimiz
Azərbaycandan uzaqda yaşayırsınız. Deməzsiniz, bu ayrılığın səbəbi
nə idi?
-
Tale elə gətirdi ki, 1999-cu ildən bəri, mən Rusiya
Federasiyasının paytaxtı Moskva şəhərində
yaşamalı oldum. Biz yeni nəsillərdən
fərqli olaraq, iki rejimin bir bədəndə yaşamağa məcbur
olmuş zamanının övladlarıyıq. Və bu
zalım zaman hər kəsə
öz istədiyi taleni, qədəri diqtə etdi. Bizi
arxasınca çəkən tale, nə yazıq ki, hər
zaman bizdən bir addım qabaqda olur. Mənim də qismətimə
qürbət düşdü - soyuğu bitməyən,
baharını gözləməklə gəlməyən,
günəşə həsrət olduğumuz bir qürbət.
Dostlarım,
mənə də bahar göndərin,
Çiçəkli,
günəşli bir bahar olsun!
Kəsilsin
arası soyuq günlərin,
Nə
boran, nə sazaq, nə də qar olsun!
Qürbətdə
ömürdən ömür azalar,
Bənizin
açılmaz, canın sozalar.
Yazanda
qisməti elə yazalar -
Hər
insan elində bəxtiyar olsun!
-Siz ixtisasca həkimsiniz. Bilmək istərdim,
orada bu sahə üzrə işləyirsinizmi?
- Bu sahədə
12 illik iş stajım var. Azərbaycanda ən gənc tələbə
və ən gənc həkim olmuşam. 20 yaşından həkim-terapevt
işləmişəm. Hazırda isə ədəbiyyat
bütün vaxtımı və duyğularımı
özündə cəmləşdirib. Sözlə müalicəni
dərmanla müalicədən daha çox sevirəm.
-Deyirlər,
ağ səhifədə yazmağa başlamaq ən çətinidir.
- Mən
heç zaman şeiri yalnız yazmaq xatirinə
yazmamışam. Şeir axıcı və tam olaraq
süzülüb gəlməsə, mən onu kağıza
köçürmürəm. Yalnız o zaman
yazdığımı üzə çıxarıram ki, ilk
tənqidçisi olaraq özüm ondan razı qalım. Bir
ana öz övladlarını sevən kimi, mən də
şeirlərimi sevirəm. Əslində belə də
olmalıdır. Çünki bir misrası şairin bir
kiçicik parçasıdır, bir zərrəsidir. Qəlbindən
ayırdığı, hisslərini hopdurduğu, cilalayıb
üzə çıxardığı xəzinəsidir.
-Azərbaycan ədəbiyyatını
Rusiyada, daha doğrusu, Moskvada necə tanıyırlar, bu haqda
nə kimi təsəvvürə malikdirlər?
- Bu suala
cavab vermək elə də asan deyil. Moskva olduqca böyük və
çoxmillətli bir şəhərdir. Hər kəsin
öz düşüncə və maraq dairəsi var. Rus oxucusu
savadlı və hər əsərə
həqiqi dəyərini verə bilən oxucudur. Onu deməyi
lazım bilirəm ki, rus toplumu
hindlilərlə birlikdə dünyada ən çox
mütaliə edən toplum kimi ad çıxarıb. Bir də
onu deyə bilərəm ki, indiyə kimi moskvalı oxucular Azərbaycan
ədəbiyyatını Xaqaniyə, Nizamiyə, M.F.Axundova,
sonralar Səməd Vurğuna,
Anara, Çingiz Hüseynova, Məmməd İsmayıla və
s. görə tanıyırdılarsa, artıq müasir
dövrdə Rusiyada yaşayan azərbaycanlı yazarlara: Tofik
Məlikliyə, Nəsib Nəbioğluna, Sultan Mərziliyə
və s. görə də tanımağa başlayıblar və daha yaxşı
tanıyacaqlar. Dediyim odur ki, artıq Moskvada da bir Azərbaycan ədəbi
mühiti formalaşır.
-Rusiyada Azərbaycan ədəbiyyatı
haqqında məlumat əldə etməkdə çətinlik
çəkmirsiniz ki?
-
Kapitalizmin məngənəsində boğulan başqa şəhərlərdən
fərqli olaraq, Moskvada möhtəşəm və
çoxsaylı kitab dükanları var. Kitaba meyl də
azalmış sayılmaz, əksinə artmaqdadır. Kitab
mağazalarında istənilən qədər rus dilinə tərcümə
olunmuş Azərbaycan ədəbiyyatı nümunələri
tapmaq mümkündür. Bundan
başqa, internet vasitəsilə də naşirlərimizin
bazaya daxil olunmuş əsərlərini (rus dilində) tapmaq və
oxumaq çətin deyil.
“Vətəndən hər
dönüşümdə özümlə xeyli kitab gətirirəm”
-Son dövr nəşr olunan ədəbi
nümunələrimizdən oxumusunuzmu? Ümumiyyətlə,
Azərbaycanda yaşayan ədəbi mühit adamları ilə əlaqələriniz varmı?
- Bu
sualı mənə çox verirlər. Bəli, oxuyuram.
Heç elə ola bilərmi ki, öz ədəbiyyatımızdakı
yeniliklərlə tanış olmayım, oxumayım, izləməyimə
Azərbaycanda yaşlı nəsil və gənc nəsil
yazarlarımız arasında dostlarım, tanışlarım,
qələminə dərin hörmət bəslədiklərim
və əsərlərini diqqətlə, maraqla oxuduğum
insanlar çoxdur. Adlarını sadalamayacam, lakin onu demək
istəyirəm ki, Vətəndən hər
dönüşümdə özümlə xeyli kitab gətirirəm,
aldıqlarım da olur, bağışlananlar da. Bəzən
də, yeni kitablardan mənə göndərirlər. Elə
bu ay, redaktoru olduğum “Sən məni yuxuda çağır
bir axşam” adlı şeirlər toplusu işıq
üzü gördü və bir neçə gün ərzində
onu mənə - Moskvaya çatdırdılar. Kitabın müəllifi qələm
dostum Elman Tovuzdur.
-Vətənimizdən kənarda yaşayan hər bir azərbaycanlı
yaşadığı ölkədə öz ölkəsinin
təmsilçisi sayılır. Siz vətənimizi, onun tarixi
gerçəkliklərini, acılarını orada necə
tanıdırsınız?
- Vətənindən
kənarda yaşayan hər bir yaradıcı insan, istər-istəməz
ilk öncə öz elini-obasını, xalqını tərənnüm
edir. Əlbəttə ki, bu yolda bir nəfərin səyi
azdır, necə deyərlər,
“tək əldən səs çıxmaz”. Amma bu da həqiqətdir
ki, hər bir insan birinci özündən
başlamalıdır. Mən, sən, o - bu artıq
çoxluq deməkdir və burada yaşayan hamımız:
müəllimi, həkimi, şairi - bütün
ziyalılarımız Vətən naminə
yaşamalıyıq. Yad millətə xalqımızı
sevdirə bilməliyik, adət-ənənələrimizi
unutmamalıyıq. Öz vətənini sevən xalqa daha
çox hörmət edirlər, dünya intellekt ailəsinə
daha yaxşı qəbul edirlər. Çünki hamı bilir
ki, özününkünü sevə bilməyən, özgəninkini
heç sevə bilməz, səmimi və dürüst ola bilməz.
Bu sarıdan, Rusiyada yaradılan ədəbi-mədəni və
diaspor cəmiyyətlərinin çox böyük rolu var. Pərakəndə
deyil, bir toplum olaraq biz daha güclü oluruq. Bu bir
başlanğıcdır. Və harada başlanğıc var,
orada davamiyyət də, keyfiyyət də olacaq. Mən buna
inanıram!
“Bütün dövrlərdə
şair və yazıçıların üzərinə daha
böyük məsuliyyət düşüb”
- Belə
başa düşdüm ki, tarixi gerçəkliklərin
dünyaya çatdırılması aspektində ədəbiyyatın
gücünə inanırsınız.
- Ədəbiyyat
elə bir qüvvədir ki, onda sel gücü, vulkan yenilməzliyi,
bahar ətri, qəlb çırpıntısı, qələm
itiliyi və əsrlərin müdrikliyi var. Ədəbiyyatın
ürəklərə yol açdığı kimi,
şüurlara nüfuz etdiyi kimi, heç nə edə bilməz.
Nə zorla, nə xoşla bir sözün verdiyi effekti almaq
mümkün deyil. Odur ki, bütün dövrlərdə
şair və yazıçıların üzərinə daha
böyük məsuliyyət düşüb. Onlar
xalqının danışan dili olmalıdırlar. Neçə
ki, bir millətin incəsənəti, sözü
yaşayır, yayılır və təbliğ olunur, o millətə
zaval yoxdur. Odur ki, biz öz ana dilimizi sevməli, onu gözəl
bilməli, yazıb-yaratmalı və
bacardığımız qədər başqa xalqların
dilinə də tərcümələr etdirə bilməliyik.
Dünya ədəbiyyatına çıxış - Azərbaycanın
dünyaya açılan qolları deməkdir.
-Ötən il Azərbaycanda şeir
kitabınız nəşr olundu. Satışından razı
qaldınızmı?
- Bəli,
2011-ci ilin avqust ayında mənim “Səni
düşünürəm” adlı dördüncü
şeirlər kitabım nəşr olundu. Düzünü desəm,
kitabın satış məsələsində məni
maraqlandıran yeganə şey - oxucuların
marağıdır. Bu sarıdan da, şükürlər
olsun ki, heç vaxt narahatlığım olmayıb. Mən
yalnız xalqım üçün yazıram, yalnız onu
sevirəm, qəlbimi ona açıram. Tarixi kökləri bu
qədər zəngin olan bir xalq üçün
yazıb-yaratmaq çox böyük səadətdir.
-Bildiyim qədər, roman üzərində
işləyirsiniz. Bu haqda məlumat verə bilərsinizmi?
- Bəli,
elədir. İnşallah, bu mənim ilk romanım olacaq.
Adını hələ ki, deməyəcəm, çünki
ondan öncə iki yeni şeir kitabımı nəşr
etdirmək fikrim var. Hər ikisi tam hazırdır. Bunlardan biri
vətənpərvərlik ruhunda yazılan növbəti
şeir toplusu, digəri isə şair həmkarlarımla
deyişmələr, qəzəllər və rübailərdir.
Yalnız sonra romanımı oxucularımın ixtiyarına verəcəyəm.
Mövzu real hadisələrə əsaslanıb. Sağalmaz xəstəliyi
olan bir qızla evli bir yazıçının qəlb
sızladan məhəbbət macərasıdır. Hələ
ki, bu qədər...
“Həsrətə qarşı iki
silahım var - qələmim və pianom”
-Vətən üçün
çox darıxanda nə edirsiniz?
- Vətən
üçün darıxmadığım vaxt olmur. Amma həsrət
güc gələn zaman, piano çalıram. Çox
yanğılı... İstər öz bəstələrim
olsun, istər digər mahnılar...çalıb oxuyuram.
İxtiyarsız gözlərimdən yaşlar
axdığı da olur. Həsrətə qarşı iki
silahım var - qələmim və pianom.
Bakım
mənim!
Darıxmışam!
Bəs sən
necəə Darıxmısan, əziz anamə
Axı, mən
də sənin isti qucağında doğulmuşam,
mən də
sənin övladınam.
Razı
olma
küləyinə,
yağışına həsrət olam.
Rəva
bilmə
torpağına,
günəşinə həsrət olam.
Sənin
üçün bir olmalı övladların -
Sən
anasan!
İstəyirəm
mənimçün də az da olsa darıxasan.
İstəyirəm
nəvazişlə öz qoynuna çağırasan..
Səncə,
bütün əzablara dözə bilən canammı mənə
Gərək
elə qürbətlərin soyuğunda donammı mən,
həsrətinin
alovunda yanammı mənə
Səslə
məni, Bakım mənim!
İsit məni
üşüyəndə,
ikinci bir
nəfəsim ol,
bu dolanbac
yollarda mən
yorulanda,
tövşüyəndə.
Məlhəm
eylə
ürəyimin
“Vətən” adlı yarasına!
Qoy,
küləyin sığal çəksin
saçlarımın
həsrətindən dən-dən olmuş sırasına.
Çağır
məni, əziz Bakım!
Əziz
anam!
Axı, mən
də sənin isti qucağında doğulmuşam!
Mən də
sənin övladınam!
- Ötən
ay Çanaqqalada dəniz zəfəri bayramında iştirak
etmisiniz. Türkiyə Şeir ailəsi Mədəniyyət və
Ədəbiyyat Akademiyasının diplomu ilə təltif
olunmusunuz. Bildiyimiz qədər, bu, sizin birinci mükafatınız deyil.
- Mart ayında, 18 mart dəniz zəfəri
günü ilə əlaqədar tədbirlərdə
iştirak etmək üçün Akademiyadan dəvət
aldım. Öncə İstanbulda, sonra isə Çanaqqalada
oldum. Möhtəşəm tədbirlərdə iştirak etmək
mənə də nəsib oldu. Türk xalqının Vətən
sevgisi onsuz da dillər əzbəridir, lakin bunun canlı
şahidi olmaq bir başqadır. Böyükdən kiçiyə
hər kəsin zəfər gününü necə
böyük həvəs və ehtiramla qeyd etməsi insanın
qəlbinə sirayət edir. Türk olduğunla qürur
duyursan. Bu, mənim Türk ədəbiyyatı ilə
bağlı keçirilən tədbirlərdə
aldığım ikinci diplom idi. İlk diploma 2011-ci ilin
sonlarında “Səni düşünürəm” adlı
kitabıma görə layiq görülmüşdüm. Bunlar
məni çox sevindirir, amma sevincimin səbəbi yalnız
uğurlarım deyil, uğurlarımla Azərbaycan
qadınının, Türk qadınının adını
yüksək tutmaq istəyim, xalqımın adını qərib
ellərdə yaşatmaq istəyimdir. Xalqım böyük
xalqdır, biz də harada oluruq olaq, onun adına layiq
olmalıyıq.
Nərmin MURADOVA
Afaq
Şıxlı 1969-cu ildə Bakı şəhərində
anadan olub. Orta təhsilini Bakı şəhəri 12 saylı
orta məktəbdə alıb, 1984-cü ildə həmin məktəbi
qızıl medalla başa vurduqdan sonra Azərbaycan Tibb
İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olub və 1990-cı ildə təhsilini tamamlayıb.
Hazırda Rusiya Federasiyasının Moskva şəhərində
yaşayan Afaq xanım ailəlidir, iki övladı var. Həkimlikdən
əlavə, musiqi, rəssamlıq və psixologiya ilə məşğul
olur. 4 kitab müəllifi olan Afaq Şıxlı
çoxsaylı şeirlərin, hekayələrin, nəğmələrin
müəllifidir. Kitablarının adı da rəngarəng və
maraqlıdır: “Qəlbimin dedikləri”, “Sevərsənmi”,
“Məndən uzaqda”, “Səni düşünürəm”.
A.Şıxlı Şairələr Məclisinin, Rusiya “Şəhriyar”
Ədəbi Mədəni Cəmiyyətinin və Beynəlxalq
Yazıçılar və Publisistlər Assosiasiyasının
üzvüdür.
“...soyuğu bitməyən,
baharını gözləməklə gəlməyən,
günəşə həsrət olduğumuz bir qürbət”
Paritet.-2012.-19-20 aprel.- S.13.