Sankt-Peterburqda Azərbaycan diasporunu vaxtilə bizim ziyalılar yaradıblar”

 

Rəşad Cəbrayılov: “Sankt -Peterburqda yaşayan iş adamlarının diaspor fəaliyyətinə dəstəkləri yaxşıdır”

 

 “Mən çox şadam ki, Sankt-Peterburqda diaspor çox fəaldır, çox gözəl işlər görür və onun fəaliyyəti Peterburqun rəhbərliyi tərəfindən də bəyənilir”. Bu sözləri Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşdə Prezident İlham Əliyev çıxışı zamanı bildirib. Prezident həmçinin qubernatorun, yerli orqanların da bizim diasporun nümayəndələrinə böyük hörməti olduğunu vurğulayıb: “Mən əminəm ki, siz bundan sonra da yaxşı yaşayacaqsınız. Sankt-Peterburqda yaxşı işlər görəcəksiniz.  Burada məktəblər fəaliyyət göstərməlidir ki, bizim uşaqlarımız ana dilini unutmasın, öyrənsinlər, mükəmməl bilsinlər. Eyni zamanda Azərbaycanı təmsil edən mədəniyyət mərkəzləri, ölkəmizi təcəssüm etdirən digər infrastruktur yaradılır”. Rusiyanın Şimal paytaxtında milli diasporumuzun fəaliyyəti bu gün də davam və inkişaf edir. Əlbəttə ki, bu işdə yaşlı nəsil diaspor nümayəndələrinin, xüsusən ziyalılarımızın rolu daha böyükdür. Bununla yanaşı, ziyalılarımızın təcrübələrindən yararlanaraq diasporun gənc üzvləri də fəallıq göstərirlər. Elə müsahibmiz də Sankt-Peterburqdakı diasporumuzun gənc fəallarından olan Rəşad Cəbrayılovdur. Eyni zamanda Dünya Azərbaycanlıları Konqresinin Sankt-Peterburq nümayəndəsi olan R.Cəbrayılov 1974-cü ildə Laçında anadan olub. 1991-ci ildə kimya-biologiya təmayülünü bitirən müsahibimiz 1992-ci ildə həyatının ən acı günlərini yaşadığını deyir:  “Doğma yurdum, elim Laçınımı itirdim. 1993-cü ildə isə ulularımdan bizə qalan kəndimi, yurdumu itirdim. Həmin ildən Vətəndə bir vətənsiz övladı kimi yaşamağa başladım”.

-1995-ci ildə Rusiya torpağına üz tutmağımın bir çox səbəbləri vardı. Ən böyük səbəb doğma yurdumun isğalı və özümü Vətənimdə belə vətənsiz hiss etməyim idi. Vətənimdə bu acıları yaşamaqdansa, qərib diyarda bu acıları yaşamağı üstün tutdum.

- Dünyadakı soydaşlarımızın birliyi yolunda DAK -ın rolunu necə qiymətləndirirsiniz?

- DAK-ın bir çox gördüyü işləri dəstəkləyirəm. Amma gəlin, düşünək. Bizlər bu birliyə hazırıqmı? Bunu etmək üçün birinci növbədə milli şüur, milli birlik lazımdır. Çox təəssüf ki çox vaxt bu belə deyil. Çox soydaşlarımızda milli ruh yoxdur. Bu da soydaşlarımız arasında birliyə mane olur.

-DAK-ın Birlik Qurultayından nə gözləyirsiniz?

- Doğrusu, mən bu gün DAK qurultayında birlik mövzusunun yox, başqa problemlərin qabardılmasını istərdim. Ancaq çox təəssüf ki bu gün həqiqət budur ki, biz hələ də birlik problemini həll etməmişik.

- Sankt-Peterburqda yaşayan Azərbaycan ziyalıları diaspor işində nə dərəcədə fəaldırlar?

- Sankt-Peterburqda çox ziyalılarımız var. Bu həqiqətən də, çox ürəkaçandır. Ziyalı bir millətin güzgüsüdür. Millətə qiyməti onun ziyalısı ilə verirlər. Diqqətinizə çatdırım ki, məsələn, Sankt-Peterburqda Azərbaycan diasporunu vaxtilə bizim ziyalılar yaradıblar. “Sank-Peterburqun Azərbaycan diasporu” təşkilatının (ROO Azerbaydjanskaə diaspora Sankt-Peterburqa) tərkibində böyük ziyalı qrupu var. Sankt-Peterburqda yaşayan ziyalılarımızdan R.Y.Abbasov, S.M.Məsimov, N.A Qarayev. və s. adını çəkmək olar. Bu gün diasporun fəaliyyətində gözəl ziyalımız -  Smolnı Universitetinin rektoru Heydər İmanovun böyük zəhmətləri var. Məsələn, ötən həftə professor, fizik Fəqan Kəsəmənlinin 80 illiyini qeyd etdik. Yeri gəlmişkən, ötən bazar isə diasporumuz Müslüm Maqomayevin yubileyini keçirdi. Belə ziyalılarımızdır ki, bu gün bu şəhərdə bizim millətin adını yüksəldir.

-Rusiyadakı milli dərnəklərimiz arasında əlaqələr varmı, yoxsa hər biri ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verir?

- Dərnəklər arasında əlaqələr var. Ayrı-ayrılıqda fəaliyyət göstərən dərnəklər də var.  Azərbaycanlıların a diaspor fəaliyyətində iştirakı ürəkaçan dərəcədə deyil. Ancaq bir çox insanlar fəal iştirak edirlər, əsasən də ziyalılar.

-Rusiyada, ümumiyyətlə dünyadakı iş adamı həmyerlilərimizin diasporumuza olan dəstəyini necə qiymətləndirirsiniz?

- Bu, hamıya aid olmasa da, diasporu dəstəkləyənlər az deyil. Ümumi götürdükdə isə, Rusiyada ticarətin bir neçə faizi azərbaycanlıların əlində olsa da, çoxu diaspordan öz məqsədləri üçün istifadə edir. Diasporun əsas sütunu ziyalılardır. Amma maliyyə baxımından dünyada çox sayda böyük imkanlara malik olan iş adamları var. Xaricdə yaşayan zəngin azərbaycanlılar bu işdə bacardıqları maliyyə yardımlarını etməlidirlər. Diaspor qurumları dövlətdən asılı olmamalı və təşkilat üzvləri tərəfindən maliyyələşdirilməlidir. Dövlət onun qanunları ilə idarə edilən qurumlara yardım etməlidir.

 Hər yerdə olduğu kimi, Sankt-Peterburqda da diasporun problemləri var. Məsələn, bir çox vətəndaşın diaspor fəaliyyətinə biganə olmasını qeyd edə bilərəm. Əsas problemlərdən biri də bəzi vaxtlar birliyin olmamasıdır. Yəqin ki, DAK qurultayından sonra nə isə nailiyyətlər gözləmək olar bu sahədə.

 

 

Fuad HÜSEYNZADƏ

 

 Paritet.-2012.-26-27 aprel.-S.10.