Xocalı
soyqırımı, Qarabağ hadisələri,
Azərbaycan xanlıqları ilə bağlı seriallar təqdim olunub
Sona Vəliyeva: “Televiziya rəhbərləri
ədabaz aparıcısını efirə çıxaracaqsa,
bir müddətdən sonra öz reytinqlərini itirəcəklər”
“Bugün gənclər
televiziyadakılara bənzəməyə
çalışırlar. Bu çox kiçik detal kimi
görünə bilər. Əslində mahiyyət etibarı
ilə bu, böyük hadisədir. Gənclərin milli-mənəvi
ruhda tərbiyə olunmasında televiziyaların rolu şərhsiz
olaraq böyükdür və televiziyaların rəhbəri
düşünməlidirlər ki, aşıladıqları tərbiyə
biləvasitə öz övladlarına yönəlir”.
Bu barədə “Kaspi” qəzetinin rəhbəri,
Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva
mediyaya müsahibəsində deyib. Onun sözlərinə
görə, MTRŞ hər həftə bütün kanallar
üzrə monitorinq aparır: “Bütün verilişlər
yazılır və istənilən verilişə istədiyimiz
zaman təkrar baxıb nöqsanı araşdıra bilərik.
Həftəlik iclasda isə biz radio və televiziyaların mənfi
və müsbət cəhətlərini bildiririk. Biz həmin
iclaslarda onlara iradlarımızı bildirərək tövsiyələr
veririk. Həmin televiziyanın nümayəndələri nə
qədər özlərini müdafiə etməyə
çalışsalar da, şura da qanunları əsas tutaraq
onların üzərinə gedir və onlardan nəyisə tələb
etməyə tam ixtiyarı var”. Şura üzvü qeyd edib ki,
iclaslarda hətta proqramda aparıcıların işlətdiyi
sözün təhlili belə gedir.
S.Vəliyeva
hər bir kanalın rəhbəri şuranın qanunlardan
çıxış edərək onun üzərinə gəlməyini
gözləmədən, cəmiyyətinə, millətinə
xalqına bağlılıq keyfiyyətini ortaya qoyaraq
verilişlər hazırlamasına üstünlük verməsini
istədiyini deyib. Qeyd edib ki, MTRŞ-da belə bir deviz var: “Ailənə,
övladına, özünə rəva bilmədiyin məzmunlu
verilişləri, proqramı kanala gətirməyəcəksən”.
Şura üzvü hesab edir ki, Azərbaycan milli-mənəvi
xüsusiyyətini özündə daşıyan kanal rəhbəri
buna yol verməməyə çalışır.
Şuranın
qanunlarında televiziya verilişlərinə müdaxilə
etmək səlahiyyətinin olmadığını, sadəcə
olaraq tövsiyələr verdiyini deyən MTRŞ üzvü
diqqətə çatdırıb ki, qanunun konkret elə bir
maddəsi yoxdur ki, orada “evlənmə proqramı və ya mətbəx
verilişlərinin dayandırılması” barədə
şuraya səlahiyyət verilsin.
“Hər
kanalın rəhbəri Azərbaycan milli-mənəvi dəyərlərinin
onun rəhbərlik etdiyi kanalda hansı səviyyədə
qorunması və yayımlanmasına nəzarət etməlidir.
Bir Azərbaycan xanımı kimi, bir jurnalist kimi və söz
adamı kimi evlənmə proqramlarının əleyhinəyəm.
Bəlkə də, həmin proqramlar fiziki cəhətdən
qüsurlu olaraq ünsiyyətə ehtiyacı olan insanlar
üçün açılsaydı, biz bunu
alqışlayardıq. Bir daha deyirəm ki, mən Azərbaycan
xanımı kimi 18 yaşlı qızın evlənmə
proqramına çıxıb, hətta atası ilə bərabər
gəlməsini bəyənmirəm. Təkcə mən deyil,
təmsil etdiyim Teleradio Şurası da bu proqramları bəyənmir.
Yenə qeyd edirəm ki, kanal rəhbərləri özlərinin
şəxsi maraqlarından proqramların məzmununa
yanaşmamalıdır”-deyə o qeyd edib.
Mətbəx
proqramlarına gəldikdə isə, S.Vəliyeva bildirib ki, əgər
orada nümayiş olunan yemək nüsxələri bizim
sağlamlığımıza, milli mətbəximizin təbliğinə
yol açırsa, onu bəyənəcəyik: “Əgər
istənilən mətbəx proqramından yağ-soğan iyi
alacağıqsa, bəyənməyəcəyik. Bəzən
kanal rəhbərləri bunu reytinqlə bağlayırlar. Mən
burdan bir daha demək istəyirəm ki, bütün məsələləri
reytinqlə bağlamaq olmaz, reytinqdən əlavə bir də
bizim malik olduğumuz dəyərlər sistemi var. Hesab edirəm
ki, bütün malik olduqlarımızın üstündə
dəyərlər durmalıdır və həmin dəyərlər
bizim fəaliyyətimizi, bizim həyatımızı, bizim gələcəyimizi
və cəmiyyətimizin inkişafını tənzimlənməlidir”.
Televiziyaların
dil məsələsinə də toxunan MTRŞ üzvü
bunun birbaşa kanal rəhbərliyindən aslı olduğunu
deyib. Bildirib ki, televiziya rəhbərləri zaman-zaman
özünün nitqi qüsurlu, amma ədabaz
aparıcısını efirə çıxardacaqsa, bir
müddətdən sonra öz reytinqlərini itirəcəklər:
“Bu səbəbdən kanallar nitqi gözəl olan, nitq mədəniyyətinə
sahib olan aparıcıları ekrana gətirməlidir. İndi
də müğənnilər aparıcılıq edir və
biz şura olaraq bunu bəyənmirik. Çünki onlar
özlərinin şəxsi keyfiyyətlərini ortaya qoyaraq
proqrama reytinq qazandırırlar. Bu proqramlar da bəzən ədabazlıqdan
başqa bir şey deyil. Mən indi ad çəkmək istəmirəm,
amma hazırda bir çox müğənnilər veriliş
aparır və yalnız bəziləri sevilə-sevilə izlənilir.
Ola bilər ki, həmin müğənni öz sənətində
birincidir və böyük uğur qazanıb. Bu o demək
deyil ki, o gözəl aparıcı ola bilər. Çünki
aparıcılıq özü bir mərhələli məktəbdir”.
Onun sözlərinə görə, kanal rəhbərləri
bunun üzərində çox dayanmalı və
düşünməlidirlər.
Milli
serialların çəkilməsi məqsədilə
MTRŞ-nın dövlət tərəfindən ayrılan
maliyyəni telekanallar arasında böldüyünü deyən
S.Vəliyeva bunu Azərbaycan məkanında milli-mənəvi
dəyərlərə xidmət baxımından
düşünülmüş və
planlaşdırılmış addım olduğunu deyib.
“Burada
bizim teleseriallarımız mütləq Azərbaycan milli-mənəvi
dəyərlərinin qorunmasına xidmət edəcək və
hesab edirəm ki, həmin əcnəbi serialların bizim
televiziyalardan çıxarılması nə boşluq, nə
də ki nostalji hiss yaratmamalıdır. Bunlar
olmamalıdır. Çünki bütün inkişaf
etmiş ölkələrdə həmin ölkələrin
milli serialları göstərilir. Bu həm istehsal
baxımından televiziyalarımızı irəli aparacaq, həm
kadrların üzə çıxmasına şərait
yaradacaq”-deyə o qeyd edib.
Digər
məqsədin milli-mənəvi dəyərlərin
qorunması olduğunu deyən şura üzvü bildirib ki,
hazırda MTRŞ-yə təqdim olunan filmlər arasında,
xüsusilə də Xocalı soyqırımı, Qarabağ
hadisələri, Azərbaycan xanlıqları ilə
bağlı seriallar da təqdim olunub. Bunun yerinə
düşmüş qərar olduğunu deyən S.Vəliyeva
qeyd edib ki, mayın əvvəlindən xarici serialların
bizim televiziya məkanlarından
çıxarıldığının şahidi
olacağıq və zaman-zaman milli seriallarımız
onların yerini tutacaq.
Serialların
keyfiyyətinə gəlincə MTRŞ üzvü bildirib ki,
seriallar ələnəcək və
yerdə yaxşısı qalacaq.
Onu da qeyd edib ki, serialların çox çəkilməsi
bizim xeyrimizədir, bu zaman televiziya kanalının seçimləri
çox olacaq, çox seçim olandan sonra, təbii ki, ən
keyfiyyətlisi seçiləcək.
“Bu
kanal rəhbərliyindən asılı olan bir şeydir.
İstədiyi gündə komediya tərzdə olanı verəcək
və ya ayrı gündə tarixi mövzulardan çəkilmiş
serialı təqdim edəcək. Bizi düşündürən
əsas məsələ istehsal məsələsidir. Buna həm
dövlət dəstəyi var, həm də bizə olan
müraciətlərdən aydın olur ki, tarixi faktlara,
gündəlik məişət problemlərinə əks
olunmuş ssenarilər artıq mövcuddur. Aydındır ki,
kimi hansı məsələ narahat edirsə, o mövzuya
müraciət edəcək. Hazırda əsas məsələ
seriallarımızın televiziya kanallarında yer
almasıdır. Zaman-zaman isə yaxşı-pis məsələsi
süzgəcdən keçiriləcək və keyfiyyətsiz
filmlər öz-özünə kənarlaşacaq” -deyə
S.Vəliyeva vurğulayıb.
NƏRİMAN
Paritet.-2012.-28-30 aprel.-S.4.