“Azərbaycandan getsəm də, fikrim
hər zaman burda olacaq”
Zəki Qazioğlu: “Azərbaycan nə
qədər güclənərsə, Kipr də o qədər
rahat və güvənlikdə olar”
Azərbaycan
Jurnalist Qadınlar Assosiasiyasının “Qadın klubu”nun budəfəki
qonağı Şimali Kipr Türk Respublikasının Azərbaycan
nümayəndəliyinin rəhbəri Zəki
Qazioğludur
-Zəki bəy, Şimali Kipr Türk
Respublikası ilə Azərbaycan arasındakı əlaqələr
hansı vəziyyətdədir?
- 20 yanvar
faciəsini dünyada ilk qınayanlardan biri Şimali Kipr
Türk Respublikasının Cümhuriyyət Məclisidir. Daha
sonra Xocalıdakı hadisələrə qarşı öz
mövqeyimizi ortaya qoyduq. Şimali Kiprin Cümhuriyyət Məclisi
sovetlər dövründə Azərbaycanın başına gətirilənlərə
qarşı çıxan və Azərbaycanı hər zaman
dəstəkləyən ilk addımı atıb. Bundan sonra
Xocalıda siyasi və müharibə vəziyyətində hər
zaman Azərbaycanın yanında olan, eyni acıları daha
öncə biz də yaşadığımız
üçün bunu ən yaxşı anlayan və daim azərbaycanlı
qardaşlarımızın yanında olan bir mövqe sərgiləmişik.
Həm rəsmi, həm ictimai, o cümlədən istənilən
sahədə əlaqələrimiz mövcud və ildən-ilə
də genişlənir. Azərbaycandakı fəaliyyətimin
ilk illərində 2006-2007-ci ildə ölkələrimiz
arasında 17 qarşılıqlı rəsmi
görüşlər keçirilib. Demək olar ki, hər həftə
iki dövlət arasında qarşılıqlı
görüşlərimiz olur. Bu, kənardan heç də
özünü büruzə vermir. Hətta bizim ölkədə
belə Azərbaycanla bu qədər sıx əlaqələrimizin
olmasının fərqində deyillər. Halbuki Türkiyədən
sonra Şimali Kiprin ən çox təmasda olduğu ölkə
Azərbaycandır. Bizim burda həyata keçirmək istədiyimiz
işlərin mahiyyəti ondan ibarətdir ki, ölkələrimizin
vətəndaşları bir-birləri ilə sıx əlaqəyə
girsin. Biz doğru insanları doğru yerlərə istiqamətləndirib,
onların biri-birlərini tapmasını, tanımasını
və işbirliyi qurmasını təbliğ edirik.
Çünki dövlətin bu işləri görməsi bir
yerə qədərdir. Dövlətin işi çox
olduğundan ayrı-ayrı sahələr üzrə işlər
çox zəif gedir. Hesab edirəm ki, özəl sektor bu
işləri öz üzərinə götürsə, o zaman
işlər də daha da sürətlənər.
Bunun üçün biz üzərimizə düşən
işləri görürük, amma özəl sektorun da
çalışması, onların da daha çox iş
görmələri və daha çox tələbkarlıqla
bizdən istəmələri lazımdır ki, biz də onlara
lazımı yolları göstərək.
- İki dövlət arasında
hansı sahələrdə əlaqələrin inkişaf
etdiyi daha çox özünü göstərir ?
- Qarşılıqlı əməkdaşlı
sahəsində öz bəhrəsini verən daha çox təhsil
sahəsidir. Turizm sahəsi də pis deyil. Keçən il
bunun bir təcrübəsi də reallaşdı. “Çarter
relslər”i açıldı və iki ayda burdan Kiprə 4 min
turist getdi. Demək ki, bu sahədə də yaxşı bir potensial var. Bayaq
dediyim kimi, bunu dövlət etməməməlidir, edə də
bilməz. Bu, yalnız xüsusi şirkətlərin görə
biləcəyi işdir. Biz- ada insanlarının mentaliteti,
düşüncəsi böyük ölkələrə nisbətən
bir az fərqlidir. Bizim çoxa
ehtiyacımız yoxdur, əksinə az olsun, bizim olsun.
Amma bu düşüncə tərzi indiki dünyada doğru
deyil. İndi hamı bir-birini əzə-əzə
bir yerlərə gəlir. Ona görə də bizim iş
adamlarının xaricə çıxması çox çətindir. Amma Azərbaycanda bu belə deyil.
Burdan ora getməyin əsl vaxtıdır və Azərbaycan
iş adamlarını həmişə olduğu kimi bu gün
də Şimali Kiprə dəvət edirəm. Gedib
görsünlər. Ən çox da
orda turizm üçün çox zəngin bir sərmayə
qoymaq imkanları var və bizim dövlət də bunu təşviq
edir. Bunun üçün bəzi güzəştlər də
var. Ona görə deyirəm ki, hazırda Kiprə getməyin
tam zamanıdır. Çünki Kipr türkləri üzərində
olan embarqolar davamlı deyil. Əlbəttə
ki, bütün bunlar tezliklə aradan götürüləcək.
Çünki orda günahsız insanlar insan haqlarından mərhum
ediliblər. Bunu hələ ki,
Avropa görməməyə çalışır, amma
hər bir vicdanı olan insan günahsız insanların orda təzyiqlər
altında saxlanıldığını bilir. Bu təzyiqlər
tezliklə ortadan qalxacaq və Avropadan Şimalı Kiprə
çox böyük sərmayələr gələcək. Əlbəttə ki, Avropadan gələn
şirkətlər bankların pullarıyla, kreditləriylə
çox güclü şəkildə investisiya qoymağa
çalışırlar. Bax, o zaman azərbaycanlı iş
adamları gələrsə, onlarla yarışma vəziyyətində
qalacaq və qalib gəlmək şansı çox az olacaq.
Halbuki, indiki vaxtda bu rəqabət yoxdur və ora investisiya
qoymağın əsl vaxtıdır.
-Sizin də, bizim də bir problemimiz
var. Bizdə Qarabağ münaqişəsi, sizdə Kipr məsələsi
mövcuddur. Vaxt getdikcə isə
bu problemlərin çözülməsi çətinləşir.
Bilmək istərdik ki, Kipr məsələsinin həlli
getdikcə çətinləşir, yoxsa yaxınlaşır?
- Problemin
vaxtı nə qədər uzanarsa, həlli də bir o qədər
çətinləşir. Bir işin içinə nə qədər
adam qarışarsa, onların mənafeələri
toqquşmağa başlayır və iş getdikcə uzanır. Bu baxımdan Qarabağ məsələsinə
nə qədər adam qarışsa,
problemin həlli üçün
çalışmalarına baxmayaraq, bu münaqişənin həlli
də uzanacaq. Burda Azərbaycanın bir şansı var ki, o
torpaqlar sizin olduğu
üçün onları geri qaytarmaq da sizin hüquqi
haqqınızdır. Azərbaycanın, türk
dünyasının getdikcə güclənməsi
Qarabağın tezliklə azad olunması şansını
artırır. Kipr məsələsində isə daha
çox
qarışıqlıq mövcuddur. Asan məsələ olsaydı, əlbəttə
ki, bu günə kimi həll olunmuş olardı. Bu işin
içində çox ölkənin mənfəətləri
var. Bu baxımdan nə qədər haqlı olsaq belə, bu
haqqımızı bizə vermək istəmirlər. Ecevitin
zamanındakı cəsur addımlarla haqqımızın bir
qismini aldıq və varlığımızı davam etdirə
bilirik. Türkiyə o vaxt 5-10 gün belə gec müdaxilə
etsəydi, bu məsələ dönüşü olmayan
sonluqla tamamlanmış olacaqdı. Bu isə bir
çoxlarının mənfəətinə yarayacaqdı.
Dünyanın hər yerində olduğu kimi Kiprdə də
iqtisadi çətinliklər var. Amma əhali sayının az
olması və düzgün tədbirlər nəticəsində,
eyni zamanda, Türkiyənin köməyi ilə iqtisadi
gücü artırmaq mümkündür. Türkiyə nə
qədər güclü olarsa, Azərbaycan nə qədər
güclənərsə, Kipr də o qədər rahat və
güvənlikdə olar.
-Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası imtahandan kənar
xarici universitetlərə qəbulla bağlı xəbərdarlıq
edib. Eyni zamanda, sizdəki tibb təhsili müddəti ilə
Azərbaycandakı tibb təhsili müddətində fərqlər
var. Bunun da problemlər yaratması ilə bağlı
söz-söhbətlər oldu.
- Mən
Azərbaycana gəldiyim zaman Kiprdə 65 azərbaycanlı tələbə
var idi. Bir il sonra bu say 97-yə çatdı. Sonra isə
117, 127, 412
oldu. Bu il isə 950 oldu. Oktyabrda olacaq qəbulda isə
bu sayın 1500-ə çatacağını hesab edirəm.
Bu, böyük bir rəqəmdir.
Türkiyədə oxuyan
azərbaycanlı tələbələrin sayı 3500 nəfərdirsə, Kiprdə
olan 1500 çox böyük rəqəmdir. Kiprdə
oxuyan xarici tələbələr içərisində ilk
sırada Nigeriya və İran qərarlaşır. Azərbaycan
6-cı sırada idi, amma indi 3-cü sıradadır. Güman
edirəm ki, növbəti illərdə Azərbaycan bu istiqamətdə
birinci yerə keçəcək. Bizdəki universitetlərin
xaricdən gələn tələbə sayı 60 min
olmalıdır. İndi 45 min tələbədir. Qarşımızdakı hədəf
bu sayı lazım olan səviyyəyə yüksəltməkdir.
Bu 60 min tələbənin 5 mini mütləq Azərbaycandan
olmalıdır. Buna görə də Kiprdə universitetlərin
sayı artmaqdadır. Hazırda bizdə 5 universitet var ki,
onlardan 2-si dövlət, 3-ü isə özəldir. Kiprdəki
yeganə tibb fakültəsi də Yaxın Doğu Universitetindədir.
Tibb fakültəsinin olması üçün xəstəxana
olmalıydı. Belə bir xəstəxana isə Kiprin şərtləri
və imkanları üçün həddindən
çox idi. Amma çox
müasir bir xəstəxana tikildi. Bununla da tibb fakültəsi
öz işini özü qurur. Əsas məqsəd xəstəxananı
yetərincə deposu olmayan Kipr şərtləri çərçivəsində
qoruyub saxlamaqdır. Böyük sərmayə qoyulan bu xəstəxanaya
Türkiyədəki ən yaxşı həkimlər cəlb
olundu. Onlar da həm dərs verirlər, həm də xalqa xidmət
edirlər. Müasir texnologiyalı bir təhsil
ocağıdır. Azərbaycandan da orda tələbələr
oxuyur, xüsusən də diş həkimliyi üzrə
oxuyanların sayı daha çoxdur. Həm də qeyd edim ki,
Kiprdəki bütün universitetlər Ali Təhsil Qurumu
adlı bir qurumdan keçir ki, burada verilən diplomları o
tanımazsa, o diplomun heç bir qiyməti olmaz. Qurumun verdiyi
diplomlar Türkiyədə qəbul olunduğu kimi,
dünyanın digər ölkələrində də qəbul
olunmasına heç bir mane yoxdur. Hətta bizdə bakalavr pilləsini
bitirdikdən sonra növbəti pillələri başqa
ölkələrdə oxuyanlar da var ki, bu da həmin
diplomların tanınması deməkdir.
-Bəs , azərbaycanlı tələbələrə
güzəştlər varmı?
- Azərbaycanlı
tələbələrə 50 faiz güzəşt var. Kiprli tələbə
nə qədər təhsil haqqı ödəyirsə, azərbaycanlı
tələbələr də eyni qiymətlə təhsil
alırlar. Amma Türkiyədən gələn tələbələr
bunun iki qatını ödəyirlər. Bəzi universitetlər
bir illik təhsil haqqı, gündə üç dəfə
yemək və yataqxana xərclərindən ibarət paket
üsulu tətbiq edirlər. Bu isə Azərbaycan manatı ilə
5 min manat civarında olur.
-Kipr universitetlərinə qəbul
necə aparılır?
- Qəbul
üçün TQDK-nın qiymətləndirməsi ilə
yüksək nəticə göstərənlər
arasından da müraciət edənlər var. Bunun faydası
ondan ibarətdir ki, universitetlər TQDK-nın imtahanında
yüksək bal yığanlara 550-700 civarında təqaüdlər
verirlər. Amma 400, 200 balla da, eyni zamanda attestatla da qəbul
mümkündür. Onu da deyim ki, bu hələ tam qəbul demək
deyil. Bizdə dərslər əsasən ingiliscə
keçirildiyi üçün qəbul olunan tələbələrə
əvvəlcə ingilis dili kursları keçirilir. Amma
kurslara keçdikdən sonra oxumayan heç bir kəsə
diplomlar verilmir. Bir-iki il oxumaq fürsəti verilir və bu
zaman kəsiyində tələbə özünü
doğrultmasa, onunla yollarımızı ayırmalı oluruq.
-Azərbaycandan
başqa hansı ölkələrdə diplomatik fəaliyyət
göstərmisiniz?
- 1987-ci
ildən 1991-ci ilə qədər Belçikada - Brüssel
nümayəndəliyində birinci katib olaraq
çalışmışam, sonra qısa bir vaxt ərzində
İstanbulda baş konsul oldum, 1997-ci ildən 2003-cü ilə
qədər İsveçrədə - Cenevrə nümayəndəliyində
çalışmışam. Sonra Xarici İşlər
Nazirliyinə qayıtdım və üç il nazirlikdə
işlədim. Nəhayət, son altı ilimi də Azərbaycanda
işləməklə keçirmişəm. Əslində isə
mən Kipri çox sevdiyimdən, xaricə getməsəydim də
olardı, sadəcə elə bir peşə seçmişəm
ki, bütün həyatımı xaricdə keçmək məcburiyyətində
qaldı. Amma yavaş -yavaş sonuna gəlirik. Bundan sonra isə
təqaüdə gedəcəyəm.
- Azərbaycana gəldiyiniz vaxtdan bu
günə kimi görülən işləri necə qiymətləndirirsiniz?
-Mənim
üçün Azərbaycan heç bir zaman yad bir yer deyildi.
Amma Azərbaycanı daha yaxından tanımaq istərdim. Həm
də ki, dünyanın ən gözəl yerlərində
diplomatik fəaliyyətdən sonra növbəti gedəcəyim
ölkə ilə çox maraqlanırdım. 2005 -ci ildə ilk dəfə bura gələndən
sonra gedib nazirə “Azərbaycana bağlandım, məni
orda diplomatik vəzifəyə göndərə bilərsiniz”
dedim. 2006-cı ildən bu günə qədər də burda
yaşayaraq ən düzgün qərar verdiyimi
özüm-özümə sübut etdim. Mənim iş həyatımın ən
gözəl anları Azərbaycanda keçib. Digər ölkələr
daha çox nizam-intizam qaydalarına malik olsalar da, oralar bizə
doğma yerlər deyil. Məsələn, İsveçrə
gözəl bir tablonu xatırladır, o ağaclar, o
otların rəngləri, o sular, amma heç bir iyi gəlməz
onların. Azərbaycanda isə hansısa rayona gedərkən
yoldan bir keçi keçər onun iyi, ağacın,
çiçəyin, böcəyin iyi adama xoş gəlir.
Deməli, insan doğma yerlərdə özünü daha
rahat hiss edir, daha xoşbəxt olur.
-Zəki bəy, bilirik ki,
maraqlarınız arasında ovçuluq da var. Rəsmi işləriniz
ovla məşğul olmağa imkan verirmi?
- Mənim
imkanım olsa, ova tez-tez gedərəm. Həm də ki, xaricilərə
burda silah qadağandır. Ona görə də mənim burda
öz silahım yoxdur. Buna görə də burdakı dostlarla
ova getmək lazımdır. Təəssüf ki, onların da
hər zaman vaxtı olmur. Bu baxımdan da ildə 3 ya 5 dəfə
ova getmək fürsətim olur. Atam ovçu olduğuna
görə mən də 8 yaşımdan ovla məşğulam.
Ən çox ovladığım isə quşdur. Digər heyvanlara yazığım
gəldiyi üçün onları ovlamaq istəmirəm.
Quşu vurmaq istəyərkən isə düşünməyə
fürsət olmur.
- Azərbaycan mətbəxini bəyəndinizmi
və daha çox hansı yeməkləri nələri
xatırlayacaqsınız?
-
Sizin mətbəxlə bizim mətbəx arasında elə bir
fərq yoxdur. Mən o qədər də çox yeyən adam
olmadığıma görə dolma, aş, kababın
adını çəkə bilərəm.
- Övladlarınızın sizin
yolunuzu davam etdirmək fikirləri varmı?
-
Xeyr. Doğrusu, istəmirəm ki, onlar dövlət işində
işləsinlər. Özəl sektorda işləmələrini
daha çox istəyirəm. 27 yaşında olan oğlum Cahid
hotel idarəetməçiliyi üzrə oxudu və
hal-hazırda İsveçrədə təcrübə
qazanır. 26 yaşlı İmah adlı oğlum isə
İstanbulda hüquq bürosunda işləyir.
- Sizi Azərbaycanda əvəz edəcək
insanın kim olacağını bilirsinizmi?
- Məndən
sonra Azərbaycanda məni əvəz etmək
üçün Sadəddin Topuqçu gələcək. O da
mənə çox yaxın insandır. Azərbaycandan getsəm
də fikrim hər zaman burda
olacaq.
NƏRMİN
Paritet.-2012.-28-30 iyul.-S.4.