“Kinorejissorlar Gildiyası ilə dəfələrlə problemimiz olub”

 

Məhsim Məhsimov: “Tezliklə Bakıda yaşayanlar da bizim kanala baxa biləcəklər”

 

Artıq xəbər vermişdik ki, “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə gerçəkləşdirilən “Azərbaycanı qarış-qarış” layihəsi çərçivəsində Xaçmaza səfər etdiyimiz zaman regionun yeganə telekanalı olan RTV-də qonaq olub, kanalın efir yayımı, verilişləri ilə yaxından tanış olduq.  Məlumat üçün bildirək ki, fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. RTV 2007-ci və 2009-cu illərdə ilin region televiziyası seçilib. Telekanal haqqında daha ətraflı “Regional” Televiziya Şirkətinin icraçı direktoru Məhsim Məhsimov “Paritet”ə müsahibəsində danışdı.

- “Regional” Televiziya Şirkəti 2007-ci ilin noyabr ayının 15-də yayıma başlayıb. Bu televiziya Azərbaycanın ilk rəqəmsal kanalıdır. RTV Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. İlk peşəkar region televiziyasıyıq. RTV-nin struktur quruluşu 5 departament və 1 xidmətdən ibarətdir. Xəbərlər, Sosial- İctimai Proqramlar departamenti, Proqram departamenti, Texniki departament, Yaradıcılıq departamenti, Maliyyə və Kadrlar departamenti və Təsərrüfat, Mühafizə, Nəqliyyat Xidməti departamenti. Bu müddət ərzində ilk peşəkar səhər verilişi RTV-də yarandı. Canlı xəbər buraxılışını həyata keçirdik. Telekanalın xəbərlər xidməti fəaliyyətə başladığı gündən operativliyi və baş verənlərə obyektiv münasibəti ilə rəğbət qazanıb. Hazırda “Xəbər Vaxtı” informasiya buraxılışı gündə dörd saat xəbərlərlə  tamaşaçıların qarşısına gəlir. Həmin veriliş “yerli xəbərləri dolğun və operativ işıqlandırdığına, aktual problemləri diqqətdə saxladığına” görə, “Media Açarı 2010” mükafatına da layiq görülüb. Hətta əlavə edim ki, RTV təsis olunduqdan bəri bu mükafatı qazanan ilk regional media qurumudur. Bizim hazırda beynəlxalq xəbər agentlikləri ilə anlaşmamız var. Bu gün kanalın saytı həm də xəbər portalıdır. RTV, doğrudan da, xəbər liderliyini bu regionda ələ ala bilib. Sayt vasitəsilə kanalın bütün verilişlərini onlayn izləmək mümkündür. RTV-nin 2012-ci ildə peykdə yeri olacaq   çox tezliklə Bakıda yaşayanlar da bizim kanala baxa biləcəklər.

- Telekanal Xaçmazdan başqa hansı regionlarda yayımlanır?

- RTV Xaçmaz rayonundan yayımlanır. Amma Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarını əhatə edir. Bundan əlavə, Dağıstanın cənub hissəsini əhatə edə bilirik. Quba rayonunun Dağlı kəndi və Siyəzən rayonunda Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda ən keyfiyyətli yayım həyata keçirməyə imkan verir.

- Bir region televiziyası olaraq kadr məsələsini hansı yollarla həll edirsiniz?

- Kanal yarananda təbii ki, ciddi kadr problemi ilə üzləşmişdik. Hazırda televiziyada 88 nəfər çalışır. Biz müxtəlif qurumlara rəhbərlik edən şəxsləri televiziyaya cəlb etdik, müxtəlif müsabiqələr keçirdik. Bizim qarşımıza qoyduğumuz məqsəd o idi ki, regionda yaranan televiziyada yerli kadrlar yetişdirilsin. Çox sevinirəm ki, biz qarşıya qoyulan bu işin öhdəsindən gələ bilmişik. Hazırda kollektiv uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı, həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. Bu gün artıq kanal gənclərdən ibarət kollektivdir, təcrübə göstərir ki, gənclərlə işimiz daha uğurlu alınır. Bərabər işimiz məni qane edir. Bir sıra müsabiqələrdə uğurlu çıxışlarına görə, televiziyanın bəzi əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük  Britaniyada təcrübə keçib.

- Kanalın efir yayımı hansı verilişləri əhatə edir? RTV reytinq dalınca qaçırmı?

- RTV-də həftəlik yayım həcmi 126 saatdır. Yayımın 70%-i televiziyanın öz istehsalı olan proqramlar, 30% -i isə ödəniş əsasında müəlliflik hüququ ilə əldə olunan film, konsert və müxtəlif proqramlardır. Bu gün Regional Televiziyanın efirində öz istehsalı olan müxtəlif səpkili 22 proqram yayımlanır. Kanal hər səhər saat 08:00 da efirə “Gün başladı” verilişi ilə start verir. Bayaqkı sözümə qüvvət olaraq, 2 saatlıq bu veriliş regional televiziyaçılıq tarixində ilk peşəkar səhər proqramıdır. Teleməkanda yeni nə varsa, ondan yararlanmağa və istifadə etməyə çalışırıq. 18 saatlıq efir saatımız var. Çalışırıq ki, reytinq dalınca qaçmayaq, biz, sözün həqiqi mənasında, milli-mənəvi dəyərlərə xidmət edirik. Biz insanların faciəsindən reytinq qazanmağa çalışmırıq. O xəbər nə qədər oxunacaqsa belə, yenə də o xəbəri yayımlamırıq. Reytinqlərimiz mütəmadi ölçülür və onlar reklamvericilərə təqdim olunur. Demək olar ki, 80 faiz mərkəz reklamvericiləri ilə işləyirik. Əlbəttə ki, bütün Azərbaycanda olduğu kimi bizdə də qalmaqal xarakterli verilişlər həmişə yüksək reytinq qazanır. Məsələn, Ədalətin itindən bəhs edən verilişə daha çox baxırlar, nəinki tarixi verilişə. Bizim “Savaş bitməyib”, “Unudulmayan ifalar” adlı verilişlərimiz yayımlanır ki, reytinq sıfırdır. Amma bununla belə mən onları yenə praym-taym məqamına, ən bahalı yerlərə yerləşdirirəm. Bunu öz borcum hesab edirəm. Bunu mərkəz televiziyaları da etsələr, təqdirəlayiq olar. Eybi yox, qoy həmin verilişlərdən pul qazanmayaq, amma hər birimiz vətəndaşıq. Bankir olmaqla, iqtisadçı olmaqla yanaşı, hər birimiz insanıq. Bunu düşünmək lazımdır.

- Kanalın kino siyasəti necə qurulub?

- Azərbaycan Professional Kinorejissorlar Gildiyasının qoyduğu qaydaya görə, bizim milli sərvətimiz olan kinolarımızı efirdə nümayiş etdirmək xarici filmi almaqdan daha baha başa gəlir. Bu məsələdə onlara dəfələrlə problemimiz olub. Mən düşünürəm ki, bu, belə olmalı deyil. Regionda ilk televiziyayıq ki, bütün efirimizi yalnız müəllif hüquqları əsasında formalaşdırmışıq. İlk dəfə iki Türk və bir Braziliya serialını müəllif hüquqları çərçivəsində pulla almışıq. Hazırda “Balayevlər” adlı milli serialımızı çəkirik. RTV respublikada dublyaj studiyası olan ilk regional televiziya kanalıdır. Burada artıq 800-ə yaxın bədii və sənədli film Azərbaycan dilində səsləndirilib. Bundan başqa, müxtəlif sənədli filmlər də istehsal edirik. 2011-ci ildə isə televiziyanın istehsalı “İşıqlı zülmət” filmi H.Əliyev fondunun, BMT-nin Əhali fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi, 36 yerli, 10 xarici filmin qatıldığı “Azərbaycan Ailəsi-2011” film festivalında ən yaxşı film nominasiyasında qalib olub. Hazırda isə “Çanaqqala” savaşı haqqında sənədli film çəkmişik. Film yaxınlarda təqdim olunacaq. 

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-9-10 avqust.-S.4.