“Məqsəd yeni nəsli vətəndaş cəmiyyətinin
gələcək liderləri kimi
yetişdirməkdir”
Məcid Musayev: “Fəaliyyətimiz
çərçivəsində sıralarımızda kreativ
ideyaları olan hər bir tələbə-gənci görməyə
şadıq”
Vətəndaş cəmiyyətinin
inkişafına töhfə verən Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı bu gün
növbəti “Liderlik Məktəbi”nə start verir. Cəmiyyətdə
gənc liderlərin aşkar olunmasına yönəlik bu layihəyə
hazırlığın gedişi və eləcə də digər
məsələlərlə bağlı ATGTİ-nin mətbuat
katibi Məcid Musayevlə həmsöhbət olduq.
-Bildiyiniz
kimi, 2005-ci ildə ölkənin bütün ali təhsil
müəssisələrində Tələbə Gənclər
Təşkilatları (TGT) yaradılıb. Bütün TGT-lərin
fəaliyyətini vahid bir mərkəzdə toplamaq
üçün 2009-cu ilin 20 noyabr tarixində Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqı (ATGTİ)
yaradıldı. ATGTİ-nin məqsədi ölkənin tələbə
cəmiyyətinin hərtərəfli inkişafına dəstək
göstərməkdir. Bu məqsədə nail olmaq
üçün son 2 il ərzində ATGTİ bir çox
layihə və tədbirlər həyata keçirmişdir ki,
bu fəaliyyətin nəticəsi olaraq, İttifaq tələbə-gənclər
üçün geniş və hərtərəfli fəaliyyət
platformasına çevrilə bilib. Bu gün ATGTİ tələbə-gənclər
üçün ekologiya, hüquqşünaslıq, beynəlxalq
əlaqələr, idman, diplomatiya və s. sahələrdə
fəaliyyət göstərən, ölkənin ən
böyük tələbə təşkilatıdır.
- Vətəndaş cəmiyyətinin
inkişafında tələbə gənclərin rolunun
artırılması istiqamətində hansı layihələri
həyata keçirmisiniz?
-
Dediyim kimi, ötən 2 il ərzində ATGTİ bir çox layihələr həyata
keçirib, ancaq ilk olaraq layihələrimizin əsas məqsədini
(prinsipini) qeyd etmək istərdim. ATGTİ hər bir layihəsini
reallaşdırmamışdan öncə onu dəfələrlə
analiz edərək, tələbə-gənclərin müasir
istək və tələblərinə cavab verib-vermədiyini
müəyyən edir. Əgər nəzərdə tutulan
layihənin yekunu gənclərin inkişafına dəstək
verməyəcəksə, bu layihə ləğv olunur. Əminliklə
deyə bilərəm ki, bu müddət ərzində
keçirdiyimiz irimiqyaslı layihələr tələbələrin
bilik və şəxsi keyfiyyətlərinin inkişafına
lazımi qədər kömək olub.
Reallaşdırdığımız “Yaşıl enerji”
düşərgəsi, “Tələbələrarası I
Hüquq Olimpiadası”, “1 tələbəyə 1000 kitab” “Tələbə
baharı” layihələri və ATGTİ-nin ən
böyük layihəsi olan “Liderlik Məktəbi” bu gün tələbə
cəmiyyətində kifayət qədər tanınır və
izlənilir. Fikrimcə, ATGTİ-nin
reallaşdırdığı hər bir layihə gənclərin
şəxsi inkişafına dəstək verərək, vətəndaş
cəmiyyətinin inkişafına xidmət edir. Bu
günün gənci gələcəkdə yeni cəmiyyət
qurucusudur və sirr deyil ki, gənclər hər bir ölkənin
gələcəyidir. Bizim layihələr ilk olaraq tələbə-gənclərə
özlərini bu və ya digər sahələrdə sınamağa
imkan yaradır, onlara öz maraqlarına uyğun fəaliyyət
istiqamətini seçməyə kömək edir.
ATGTİ
olaraq biz reallaşdırdığımız layihələrdə
mümkün qədər müxtəlif sahələri əhatə
etməyə çalışırıq. Beynəlxalq əlaqələr,
iqtisadiyyat, elm və maarifləndirmə, mədəniyyət və
s. Bu gün ölkəmizi Cənubi Koreyadan Meksikaya qədər
müxtəlif beynəlxalq tədbirlərdə təmsil edən
fəallarımız, Azərbaycanın mədəniyyət təqdimatlarını
hər tədbirdə qalib edən gənclərimiz var. Bu
gün ATGTİ Avropa Tələbələr Birliyinin (ATB)
tamhüquqlu üzvüdür və bununla biz gəncləri
avropalı həmyaşıdlarına bir addım daha yaxın
etdik. Təşkilatın bu nailiyyəti nəticəsində
üzvlərimizin (fəallarımızın) Avropada
keçirilən bir çox beynəlxalq layihələrdə
iştirakı daha asanlaşıb. Biz bu şansı
bütün tələbə-gənclərə veririk.
İnformasiya
texnologiyalarının inkişaf etdiyi bir dövrdə
ATGTİ gəncləri bu istiqamətdə maarifləndirmə
tədbirlərinə start verdi. 50-yə yaxın gəncə
2 ay müddətində tam pulsuz kompyuter kursları təşkil
etdik. Bu kurslarda gənclər kursun əvvəlində öyrəndikləri
bütün nəzəri bilikləri günün sonunda
praktiki şəkildə kompyuterlərdə tətbiq edirdilər.
Gənclərin xarici dil biliklərini inkişaf etdirmək
üçün Rusiya və ABŞ səfirliklərinin dəstəyi
ilə gənclər üçün pulsuz rus və ingilis
dilləri danışıq klubları təşkil edilib. Beləliklə,
bizim bu gün maarifləndirdiyimiz gənclər, sabah sağlam
vətəndaş cəmiyyətini qura biləcəklər və
əlbəttə ki, həmin cəmiyyətin baş
rollarında özləri (tələbə-gənclər)
duracaq.
-Təşkilatınızın ən
səs-küylü layihələrindən biri “Liderlik Məktəbi”dir.
Bu məktəb haqqında ətraflı məlumat verməyinizi
istəyirəm. İdeya necə yarandı, məqsədi nələrdir? Fəaliyyət
strukturu necə qurulub?
- Bəli,
ATGTİ olaraq ən böyük layihəmiz “Liderlik Məktəbi”
layihəsidir. 2010-cu ilin iyul-avqust aylarında Lənkəranda
ilk dəfə “Liderlik Məktəbi” keçirildi. O zaman layihədə
regional ali təhsil müəssisələrinin tələbələri
daxil olmaqla 120 tələbə iştirak edirdi. Daha sonra 2011-ci
ilin qışında Qubada, 2011-ci ilin yayında Qəbələdə
və bu dəfə MDB ölkələrinin gənclərinin
iştirakı ilə beynəlxalq, ondan sonra isə 2012-ci ilin
fevral ayında Xızıda 4-cü “Liderlik Məktəbi”
reallaşdırılıb. Deyə bilərəm ki, bu layihə
ATGTİ tərəfindən təsis edilmiş ənənəyə
çevrilib.
İndi
isə sayca 5-ci “Xəmsə” “Yay Liderlik Məktəbi”nə
hazırlıqlar gedir. Bu dəfə layihə 9-15 avqust tarixlərində
Şəki şəhərində reallaşacaq. Layihənin əsas
ideyası və məqsədi, yeni nəsli (gəncləri) vətəndaş
cəmiyyətinin gələcək liderləri kimi
yetişdirməkdir. Bu məqsədlə bütün ali təhsil
müəssisələrindən tələbə-gənclər
seçilərək “Liderlik Məktəbi” layihəsində həm
öyrənirlər, həm də əylənirlər. Bu
günə qədər keçirilmiş 4 “Liderlik Məktəbi”ndə
500-dən çox gənc iştirak edib və sevindirici
haldır ki, bu gün həmin tələbə-gənclər
ölkənin aparıcı QHT-lərində işləyir,
beynəlxalq qurumların və özəl şirkətlərin
işçiləridirlər. Onların bir çoxu ölkəmizi
beynəlxalq müstəvidə uğurla təmsil edir.
- Dediniz, “Liderlik Məktəbi”ndə
bu zamana qədər 500 gənc iştirak edib.
Maraqlıdır, gəncləri məktəbə necə cəlb
edirsiniz?
- Gənclərin
bu layihəyə marağı olduqca yüksək səviyyədədir.
“Liderlik Məktəbi” layihəsi çərçivəsində
ATGTİ-yə 1000-ə yaxın elektron müraciət ərizə
formasının daxil olması buna sübutdur. Həm də,
artıq qeyd etdiyim kimi, ATGTİ reallaşdıracağı hər
bir layihəni öncədən analiz edir və qiymətləndirir.
Müxtəlif sosial şəbəkələrdə “Liderlik Məktəbi”
haqda öncədən verilən elanlar onu göstərir ki, gənclərimiz
bu layihəni artıq tanıyırlar və yeni bir “Liderlik Məktəbi”nin
başlanmasını səbirsizliklə gözləyirlər.
Biz hər
yeni “Liderlik Məktəbi”nin bütöv proqramının
layihənin iştirakçısı olan gənclərin istəklərinə
(marağlarına) əsaslanaraq, keçmiş layihələrin
təcrübəsindən istifadə edərək tərtib
edirik. Gənclərin hansı təlimlərə
ehtiyacları olduğunu nəzərə alırıq,
müasir musiqinin hansı cərəyanlarına
üstünlük verdiklərini müəyyən edirik. Hər
bir “Liderlik Məktəbi”ndə gənclər
üçün maraqlı olan idman növləri müəyyənləşdirilir.
Eyni zamanda “Liderlik Məktəbi” çərçivəsində
gənclərin mütəxəssis qismində kimi görmək
istədikləri də nəzərə alınır. Bunlar məşhur
idmançılarımız, ölkəmizin
tanınmış ictimai-siyasi xadimləri, xarici ölkələrin
səfirləri və ya mədəniyyət attaşeləri və
başqaları olurlar.
Deyə
bilərəm ki, biz özümüz də (layihənin təşkilatçıları)
gəncik və əksər hallarda maraq və istəklərimiz
üst-üstə düşür.
-Artıq növbəti “Liderlik Məktəbi”
başlamaq üzrədir. Ötən məktəblərdən
fərqli cəhəti olacaqmı?
- Bəli,
hal-hazırda yeni “Xəmsə” “Yay Liderlik Məktəbi”nə
hazırlıq prosesi tam sürəti ilə gedir. Bu gün
üçün “Liderlik Məktəbi”nin komandalarının
adları müəyyən olunub, komanda üzvləri (layihənin
iştirakçıları) seçilib. Qeyd etdiyim kimi,
növbəti “Yay Liderlik Məktəbi” 9-15 avqust tarixlərində
Şəkidə keçiriləcək. Fərqli cəhətlərdən
biri odur ki, bu dəfə layihədə 4 yox, 5 komanda qalibiyyət
uğrunda yarışacaq. Bu dəfə
reallaşdırılacaq “Liderlik Məktəbi” sayca 5-ci
olduğu üçün ona “Xəmsə” adı verilib və
“Yay Liderlik Məktəbi”nin komandaları dahi Azərbaycan
şairi Nizami Gəncəvinin “Xəmsə”sini təşkil
edən əsərlərin adlarını (“Sirlər xəzinəsi”,
“Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”,
“İsgəndərnamə”) daşıyırlar. Əminəm
ki, budəfəki “Liderlik Məktəbi” öz idman
oyunları, tələbə-gənclərin qonaqlarla
müzakirələri və komandaların təqdimatları ilə
yadda qalacaq.
-Tələbə gənclərin QHT
sektorunda fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə,
bu fəaliyyət qənaətbəxşdirmi?
- Deyə
bilərəm ki, hər bir nəticədən daha
yaxşı (daha yüksək) nəticə əldə etmək
olar. Bu gün bir çox gənclər müxtəlif QHT-lərdə
fəaliyyət göstərirlər və mən bunu öz tərəfimdən
yüksək qiymətləndirirəm. QHT sahəsində fəaliyyət
hər bir gənc üçün geniş bir təcrübə
imkanıdır. Gənclər QHT-lərdə fəaliyyət
nəticəsində bir çox yeni biliklər əldə edərək,
gələcək karyeralarının ilk təməlini
qoyurlar. Mənim də fəaliyyətim ayrı-ayrı QHT-lərdə
başlayıb.
-Sonda təşkilatınızın
gələcək layihələri barədə danışaq.
-
ATGTİ olaraq, gələcək fəaliyyətimizdə də
gənclərin maarifləndirilməsi sahəsində bir
neçə layihə reallaşdıracağıq. Cari ilin
idman ili elan edilməsi ilə əlaqədar idman və gənclərə
sağlam həyat tərzinin təbliği diqqət mərkəzində
olacaq. Eyni zamanda İttifaq böyük bir beynəlxalq layihə
üzərində işləyir. Bu layihə ölkəmizin
iqtisadiyyatının əsas amillərindən birini əhatə
edəcək. Fəaliyyətimiz çərçivəsində
sıralarımızda kreativ ideyaları olan hər bir tələbə-gənci
görməyə şadıq.
Nərmin MURADOVA
Paritet.-2012.-9-10 avqust.-S.9.