“Gənclərlə bağlı istənilən layihəni dəstəkləyirəm”

 

Elxan Cəfərov: “Özünü yaradıcılığa bağlayan insanlar mənim aləmimdə qəhrəman insanlardır”

 

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş “Gənclərin II Ümumrespublika Teatr Festivalı”na ssenari qəbulu davam edir. Ssenarilər pyes formasında və Azərbaycan dilində olmalıdır. Janr məhdudiyyəti yoxdur. Qeyd edək ki, layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır.  “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir. Rejissor Elxan Cəfərov festivalla bağlı təəssüratlarını bizimlə paylaşdı.

- Gənclərin II Ümumrespublika Teatr Festivalına start verilib, bilmirəm, xəbəriniz var, ya yox?

- Xəbərim yoxdur, çünki son vaxtlar başım film çəkilişlərinə qarışdığından bir qədər ətraf aləmdən xəbərsizəm. Amma xəbəri sizdən eşitdim və çox da sevindim. Ümumiyyətlə, bəribaşdan deyim və məlumatınız olsun ki, mən gənclərlə bağlı istənilən layihəni dəstəkləyirəm. Bu festivalın təşkilatçılarına minnətdarlığımı ifadə edirəm. Gənclərin teatr festivalına münasibətim çox yüksəkdir. Mən özüm də yaradıcı insanam və  hər bir yaradıcılıq işinə böyük əhəmiyyət verirəm. İnsan əgər yaradıcıdırsa və yaradıcılıqla məşğul olursa, o artıq qəhrəmandır. Özünü yaradıcılığa bağlayan insanlar mənim aləmimdə qəhrəman insanlardır. Bunu tam səmimiyyətlə deyirəm. Yaradıcı insanlar fədakar insanlardır və hər kəs ki yaradıcılıqla məşğul olur, demək, o müəyyən mənada özünü bu cəmiyyətə fəda etməlidir. Festivalda hansı mövzuda tamaşalar təqdim olunacaq? Çünki mövzu da çox önəmli məsələdir.

- Ötən il vətənpərvərlik mövzusuna həsr olunmuşdu, bu il isə ekologiya mövzusunda ssenarilər təqdim olunacaq.

- Vətənpərvərlik mövzusu bizim üçün hər zaman aktual və vacibdir. Bu mövzuya müraciət etmək həm də vətəndaş kimi borcumuzdur. Ekologiya mövzusu da günümüzlə səsləşən və aktuallığı ilə seçilən mövzudur. Bir də sizə bir söz deyim, ümumiyyətlə, istənilən bir festival, yaxud layihə cəmiyyətin inkişafı üçün hər hansı bir aktual mövzuya həsr olunursa, bunu yalnız alqışlamaq lazımdır. Mən bir rejissor olaraq inkarın tərəfdarı deyiləm, təqdirin tərəfdarıyam. Bunu birmənalı şəkildə deyirəm.

- Festivalda yaradıcılıq düşərgələrinin də keçirilməsi nəzərdə tutulub. Artıq müəyyən proseslərdən sonra Buzovnada “Art camp”lara - komandaların ustad dərslərinə, eləcə də digər yaradıcılıq işlərinə start veriləcək. Gənclərə tövsiyəniz nə olardı?

- Gənclərə yalnız uğurlar diləmək istəyirəm. Çox sevindirici bir işdir. Onlar bu yaradıcılıq düşərgələrində həm də bir-birləri ilə tanış olacaqlar, fikir mübadiləsi edəcəklər, paylaşacaqlar. Öyrənsinlər və öyrəndiklərini teatrda tətbiq etsinlər. Onlar üçün gözəl bir fürsət yaranıb, Gənclərin II Ümumrespublika Teatr Festivalı keçirilir, fürsətdən istifadə etsinlər.

 

 

N.ELDARQIZI

 

Paritet.-2012.-9-10 avqust.-S.16.