Çox istəyirəm, Azərbaycanda Kukla Muzeyi yaradılsın”

 

Elmira Abbaslı : “İlk işimi nənəmə həsr etmişdim”

 

Artıq uzun illərdir ki, dünyada müəllif kuklaları sənət növü kimi qəbul edilir. Müəllif kuklaları - müəllifləri, yaradıcıları olan kuklalardır. Min bir əziyyətlə, məşəqqətlə, nazla, qəmzəylə, ədayla incə əllərin yaratdığı mahir sənət əsəridir.  Yaradıcılardan müəyyən edilmiş bədii obrazlardan savayı, həm də güclü sevgi tələb edən sənət növüdür. Ona görə, müəllif kuklaları həmişə hissi, xarakteri insana məharətlə aşılaya bilir.  Müsahibim əsərlərində İçərişəhəri yaşadan, tərənnüm edən Azərbaycanda peşəkar müəllif kukla sənətinin banisi, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrin şəxsi kolleksiyalarında nümayiş etdirilən rəssam Elmira Abbaslıdır.

-Mən İçərişəhərdə anadan olmuşam. Gözümü açandan nənəmi görmüşəm və onun mənə danışdığı nağılları, əcdadlarım barədə olan əhvalatları eşidə- eşidə böyümüşəm. Uşaqlığım İçərişəhərin maraqlı insanları, nağılları ilə dolu idi. Ona görə, oranın hər daşı mənim üçün əziz və müqəddəsdir. Baxmayaraq ki, hazırda İçərişəhərdə yaşamıram, amma bizim aramızda qırılmaz bağ var.  Nənəmin çox yaxşı tikmə qabiliyyəti vardı və həmişə də nəsə tikirdi. Bəlkə ona görə uşaqlıqdan tikiş tikmək çox xoşuma gəlirdi. O vaxtlar bunu niyə elədiyimi fikirləşmirdim, sadəcə içimdən gəldiyi kimi davranırdım. 1983-cü ildə  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət   Muzeyindən Şərq xalça sənəti üzrə Beynəlxalq Simpozium üçün qonaqlara  hədiyyəlik milli geyimli kuklalar hazırlamağı təklif etdilər. O an mənim həyatımda dönüş nöqtəsi oldu və içimdə başqa bir dünya açıldı. Sanki hər şey yenidən başlanırdı. Çünki mən o ana qədər  kukla barəsində tamamilə məlumatsız idim.

-İşin öhdəsindən necə gəldiniz?

-Çox axtardım, araşdırdım, elmi kitablar oxudum, nəhayət ki, sifariş olunan kuklaları hazırlayıb, təhvil verdim. Ondan sonra bu işlə çox ciddi məşğul olmağa başladım. 1983-cü ildə kuklanın nə olduğunu bilməyən adam 1985-ci ildə artıq peşəkar sərgilərdə iştirak edirdi. Bu, böyük inqilab idi. Maltada yeni açılan muzeydə mənim işlərimi nümayiş etdirdilər, 1987-ci ildə Dostluq Cəmiyyətinin təşəbbüsü ilə  Finlandiyada fərdi sərgim oldu. 1989-cu ildə Krakovda II Beynelxalq Folklor Kuklaları Beinnalisində bürünc mükafat qazandım. Bundan başqa, 2002-ci ildə Puşkin adına Dövlət İncəsənət Muzeyində fərdi sərgim,  eyni zamanda da əsərlərim Moskvadakı Mərkəzi Rəssamlar Evinin qalereyalarındakı  sərgilərdə nümayiş olundu.  Həyat dolu idi belə gözəl hadisələrlə.  Bütün bunlarla yanaşı, o illərdə müxtəlif  işlərdə çalışdım. Mənim daha da püxtələşməm naminə sanki həyat mənə həmişə laboratoriyalar açırdı.  1989-cu ildə Marionet Teatrında “Arşın mal alan” tamaşasını hazırladıq.  Həmin tamaşa o dövr üçün çox böyük ajiotaj doğurdu. 1994-cü ildə Bakıda keçirilən sərgilərimdən birində bir biznesmen əsərlərimi görüb,  mənə bir muzey yaratmağı təklif etdi. Təklifi qəbul etdim və işə başladıq.  Və beləliklə “Çeşmə” Mədəniyyət Mərkəzinin nəzdində ilk özəl Milli Geyimlər və  Kuklalar Muzeyini yaratdıq. Muzey iki ilin içində çox böyük işlər gördü. Amma biznesmen Bakıdan köçəndən sonra muzey başsız qaldı. Və sonra da tamamilə dağıldı.

-İlk hazırladığınız kuklanı xatırlayırsınızmı?

- Əlbəttə, ilk işimi nənəmə həsr etmişdim. Hətta onun öz əli ilə hazırladığı  qurama da kompozisiyada yer alır.

-2010- cu ildə İçərişəhərdə sizin  “Köhnə Bakı obrazları  - İçərişəhər XIX əsr” adlı kolleksiyanız nümayiş olundu.   O kolleksiyada çox maraqlı tipajları canlandırmısınız.  

- Bu kolleksiyanı  hazırlamaq 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinin rəisi  tərəfindən  təklif edildi.  Köhnə Bakının 23 tipik personajlarından 12-i internet sorğu nəticəsində müəyyən edildi. On aya  həcmli bədii miniatürlərdən ibarət kolleksiyanı tam başa çatdırdım. May ayının 9-da isə Kiçik Karvansarayın “İncəsənət bağ”ında həmin kolleksiyanın təqdimatı keçirildi. Təqdimat hamının xoşuna gəldi. Amma məni təəssüfləndirən sənətşünaslarımızın bir kəlmə də kolleksiya barədə yazmamaqları oldu. 10 gündən sonra kolleksiyanı Şirvanşahlar sarayına köçürdülər. Eşitdiyimə görə, orada da çox bəyənilib. Hazırda Heydər Əliyev Fondunun təklifi ilə 12 obrazın davamını hazırlayıram. Belə həcmli miniatürlərə qiymət verdiklərinə görə mən həm Heydər Əliyev Fonduna, həm də “İçərişəhər”  Qoruq İdarəsinə dərin minnətdarlığımı bildirirəm.

-Dediniz ki, İçərişəhərdə böyümüsünüz.  Bu kolleksiyasını işləyəndə nəyi daha çox fikirləşirdiniz?

- Əlbəttə ki, uşaqlıqda nənəmin danışdığı nağılları, ürəyimdən keçən, içimdə yaşayan hissiyyatları fikirləşirdim. Obrazların xarakterlərini dəqiq müəyyənləşdirmək, xırda əşyalar, qədimi lampalar, çayçının yanındakı şamamaları hazırlamaq,  parçaları incəliklə  təkrarçılığa yol vermədən bir - bir seçmək    “qocaltmaq”,  bir sözlə, İçərişəhər böyük buket kimi bu kolleksiyada öz əksini tapmalı idi.  

-Bildiyim qədər, həmin kolleksiyada bütün obrazlara ad vermisiniz. Adlar nə məna kəsb edir?

- Obrazlara, əsərlərə ad vermək mənim üçün çox vacibdir. Bununla mən sanki onları canlandırıram. Məncə, adlar müəyyən zamana, dövrə, tarixi şəraitə uyğun qoyulur. Adlar tarixi yaşadır. Kolleksiyadakı obrazlaraXan”, “Abdulla bəy”, “Tacir Heybətqulu”, “Zəngin xanım Mənzər”, “Toydan sonra Səkinə xanım”, “Faytonçu Qorxmaz”, “Çayçı Tofiq”, “Qoçu Həsənbala”, “Mirzə Abbas”, “Xanbala”, “Arşınmalçı Bağır mənim babamla nənəmin şərəfinə  “Baba HacıağaNənə Xanımanaadlarını verməklə o zamanın ruhunu müasir tamaşaçılara çatdırmaq istəyirdim. 

- Siz müsahibələrinizdən birində belə bir cümlə işlətmisiniz. Sərgilərdə həmişə nənələri alırlar, babalar tək qalır siz babaya yeni nənələr hazırlamağa məcbur olmusunuz. 

- Bu hadisə ilə Moskvadakı sərgilərdə çox tez - tez qarşılaşırdım. Rusların  çarşablı nənələr üçün ürəkləri gedir. Ona görə, hər dəfə nənə alınır, baba tək qalırdı. Axır qərar gəldim ki, babaya bir nənə düzəldəcəm onları bir kompozisiyada birləşdirəcəyəm. Beləcə, heç kim,  heç vaxt onları ayıra bilməyəcək. Ondan sonra bu əsər  Nənənin xoşbəxtliyiadlandı.

-Bəs, nənənin xoşbəxtliyi nədə idi?

- Baba nənəyə lap uşaqlıqdan vurulub. O, pinəçidir, amma başqalarına başmaq tikməkdən öz başmağını  tikməyə vaxtı yoxdur. Pinəçilik edə-edə gözlərini nənədən çəkmir. Babanın məhəbbəti sonsuzdur. Nənə isə fikirləşir ki, olsun ki, 88 yaşım var, ürəyim sevgi ilə doludur. o çox  xoşbəxtdir. Bu əsərdə tək nənə xoşbəxt deyil. Nənənin həndəvərindəki pişiklər, siçanlar da xoşbəxtdir. Çünki bu pişiklər siçanları yemirlər. Yəni, burada məhəbbət tam şəkildədir.

- Belə başa düşdüm ki, hər əsərinizin ayrıca hekayəsi var.

- Bəli, hamısının qısa hekayələri var.

- Onda deyə bilərsinizmi ki, ən yaxşı hekayəniz hansıdır?

- Sözsüz ki, “ dəvə”. O, elə-belə nağıl deyil. Onu 2005-ci ildə hazırlamağa başladım.  Mənim üçün  dəvə  haqqın  simvoludur. dəvənin yanındakı bala dəvə onun davamçısı anlamına gəlir. Dəvənin önündə arxasında mistik fiqurlar var. Həmin fiqurlar əbədiyyətin bələdçiləri kimi dəvəni müşayiət edirlər. Dəvənin ayağının altında məscidlər, sfinks ve piramidalar, müxtəlif şəhərlər var. Dəvə keçdiyi bütün yerləri sanki işıqlandırır.  Dəvənin belində isə  balaca oğlan “Quran” kitabı var. Oğlanın üzü isə realdır, mistik deyil. Oğlan yenilik anlamındadır.  

- Bəs, onda bir kukla yaratmağa başlayanda ilk öncə hansı hissəsini hazırlayırsınız?

- Birinci olaraq simasından başlayıram. Lepka etapında ətrafımdakı hər şey yaddan çıxır, heç yerə getmirəm, heç kimlə əlaqə saxlamıram. Bir müddətlik bu dünyadan ayrılıb, başqa dünyaya gedirəm. O ərəfədə beynimdə o qədər ideyalar, fəlsəfi fikirlər, şeirlər yaranır ki....anındaca hamısını  qeyd edirəm. Bir o müddətdə ürəyimdə həmişə namaz qılıram. O mənim təmizlənmə, azadolma anımdır. 

- Yaradıcılığınızın ilk dövrlərində müraciət etdiyiniz nənə-baba mövzuları indi yerini hansı mövzulara əsərlərə verib?

- İndi  fəlsəfi əsərlərə  daha çox üstünlük verirəm. Amma, ümumiyyətlə, son illərdəQüvvə verən şəhər”, “Məbədə yol”, “Nur”, “Məhəbbət  kollajlarım, “Şəhrizad”, “Şah”, “Şirvanşahların quşları”, “Qədimi şəhərin gözətçiləri”,  Rəqqasəkimi əsərlərim yarandı. 

-  Ötən ilin sonlarında “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalisi keçirildi. Biennalidə diqqət çəkən əsərlərdən biri   sizinŞəhrizadəsəriniz idi. Bilmək olarmı, sizŞəhrizad”ı hansı özəllikləri ilə təqdim edirsiniz?

- Şəhrizad, şaha nağıllarını danışa-danışa ona təsir edə, fikirlərini dəyişə bilir. O, müdriklik haqda danışır, müdriklik Allahdandır. Bu gözəl, müdrik qadın özündə işıq gəzdirir. Elə həmin işıqla o şahı xilas edir.  Şəhrizad”ı yaradandan sonra fikirləşdim ki, şahı da mütləq hazırlamalıyam. Beləcə, bir ildən sonraŞahda yarandı.  Fərqli illərdə hazırlandıqlarına baxmayaraq, indi ikisi eyni kompozisiyada cəmləşib.

- Sifariş kuklaları hazırlayanda sizə diqtə olunanı, yoxsa öz fikirlərinizi əsas götürürsünüz?

- Allaha çox şükür ki, mənim sifarişçilərim mənə, mənim zövqümə, əllərimin gücünə sonuna qədər inanırlar. Bu cür sifarişçilər böyük hədiyyədir. Yaradıcılıq dövrümdə bir- iki diqtə edən sifarişçim olub, amma inanın, onlar özləri istədikləri işin yolunu bağlayıblar. Çünki çox yüksək fikirlərlə işdən yapışırlar bu, işi irəli aparmır. Belə olan halda mən işləyə bilmirəm. Hər bir işdə əsas  olan niyyətdir. Məsələn, mən portret kuklaları hazırlamağı sevmirəm, amma mənə yaxşı niyyətlə müraciət edəndə, razılaşıram. Amma  bir adamın portretini sifarişçinin diqtə etdiyi kimi  görmürəmsə, onda onu  hazırlaya bilmərəm.

- Ölkəmizdə bu sənətin inkişafını necə görürsünüz?

- Mən çox istəyirəm, Azərbaycanda Kukla Muzeyi yaradılsın. Gələcək nəsillər üçün belə bir muzeyin yaranması çox  vacibdir.

- Kukladan sonrakı  mərhələ hansıdır?

- Binaların, otaqların dizaynını verməyi çox sevirəm, elə öz evim də buna misaldır. Sizə bir söz deyim, mən əsərlərimdə nə yaradıramsa, sonra həmin işlər həyatda öz yerini tutur. Ona görə məncə, insanlar özləri öz gözəl fikirləri ilə həyatlarını qura bilərlər. Sadəcə, hər şey insanın öz əlindədir. Hirs, qibtə içində yaşamaq mümkün deyil. Həmişə qəlbinizdə məhəbbət olmalıdır.  Uzun ömür yaşamaq üçün adamın içində məhəbbət olmalıdır. 

 

 

  NƏRMİN

 

  Paritet.-2012.-11-13 avqust.-S16.