“”Dolu”nun
Hollivud filmi olması üçün ən azından 10 il
vaxt lazımdır”
Elxan
Cəfərov : “Drakon və Pələng rolu üçün
əməlli-başlı başım ağrıyıb”
Müsahibim kinorejissor Elxan Cəfərovdur.
Onun son işi iyirmi ildə Qarabağ mövzusunda çəkilən
ən uğurlu filmlərdən biri
“Dolu”dur. Söhbətimiz də
əsasən bu filmin ətrafında baş tutdu.
-Elxan bəy, bildiyim qədər, filmin payız
aylarında təqdimatından yana idiniz. Yayın isti günlərində
təqdim olunan filmin tamaşaçı münasibəti sizi
qane etdi?
- Ən
vacib məqam filmin kino günündə göstərilməsi
idi. Bu faktın özü yaradıcı qrup üçün
böyük sevincdir. Azərbaycan Hollivud, Avropa deyil ki, filmin
prokatından danışaq. Ümid edirəm, “Dolu”nun
nümayiş taleyi sentyabr ayından başlayacaq. Biz bu film
üzərində çalışanda qəlbən nə maddiyyat,
nə də şöhrət ardınca getmişdik. Filmin
uğurlu alınmasının səbəbi məhz bunu
xalqımız üçün etdiyimiz idi. Mənim 45
yaşım var. İndi kinoda nə etdimsə, etdim. 40-60
arası nə imkan varsa, etmək lazımdır.
-
Axı rejissor üçün 60 yaş elə də
böyük yaş deyil.
-
Aktivliyi nəzərdə tuturam.
“Dolu” kimi döyüş filmini orta yaşlı adam
çəkə bilərdi. Çünki orada fiziki
gücün tükəndiyi məqamlar həddindən
artıq çox idi. Hazırda Azərbaycan kinosu inkişaf
edir. Filmin daxilində sistemlər modernləşir, təşkilati
məsələlər təkmilləşir. Uzun müddət
idi ki, batal səhnəli ( bir kadrda 300-650 nəfərlik)
filmimiz yox idi. Bunun lazımi səviyyədə çəkilməsi
üçün həm yaradıcı, həm də istehsal təşkilatı
çox səlis qurulmalı idi. Ümid edirəm, Azərbaycanda
elə bir istehsal təşkilatı yaranacaq ki, 60 yaşlı
rejissor ancaq monitorun qarşısında oturmaqla yaxşı
bir iş ortaya çıxara bilsin.
-Sizin üçün “Dolu”nun ən
zirvə kadrı hansı idi?
- Filmin əsas
kadrı sonuncu kadrı idi. Ona görə,
posterlərdə də o kadrı qabartmışıq. “Dolu”nun ümumi qayəsi məhz sonluğa aiddir.
Yəni, biz silahsız və sadəcə ruh
olaraq yox, həm də canlı, ruhlu olaraq üzümüz
Qarabağa gedirik. Biz bu yolun yolçusuyuq.
Bir söz var - yolu yalnız gedən fəth edər.
Yolun uzunluğunu görüb qorxacaqsansa, o yolu
getməyə dəyməz. Amma biz bu yolu
gedəcəyik-filmin əsas ideyası budur. Ümumən bu sonluq Aqil Abbasın “Dolu” romanında
da var.
-Sonuncu kadr tamaşaçıda həm
də bir balaca sual doğurdu. Sərhəddi keçənə
qədər yaşlı-başlı komandir, bəs o zamana kimi harada idi?
-
Birincisi, o dövrü yaşamış insanların 90-cı
illər haqqında kifayət qədər informasiyası var.
İkincisi, əgər fikir verdinizsə, filmin sonlarına
yaxın komandir özü kimi bir komandiri güllə ilə
vurur və təbii ki, bu, cəzasız qala bilməzdi. Aqil Abbasın ilkin ssenarisində bu faktlar var idi.
Onun cəzaçəkmə müəssisəsində
olması, Avropa Şurasının nümayəndələrinin
onun yanına gəlməsi və s. faktları biz qabartmaq istəmədik.
Bir də ki, biz filmdə zamanı dəqiq
vurğulamamışıq.
- Amma hər
halda o sualı yaratmamaq olardımı?
- Onda aksentlər
dəyişəcəkdi. Bizim filmin əsas
mövzusu məhz Azərbaycan oğullarının qəhrəmanlıq
faktıdır. Qarabağ müharibəsi
bu gün bizim gözümüzü yumduğumuz utanc yerimiz
olmamalıdır. Müharibədir-onu
udarlar da, uduzarlar da. Kinonun ideoloji istiqamət
qüvvəsi var.
-Siz kinonu
həm də nağıl adlandırırsınız.
-
Nağıl pis şey deyil. Nağılla müəyyən
mənada ideoloji istiqamət vermək olur. Filmdə
səkkiz tankın hücumu səhnəsi var. Bu, doğurdan
da, vahiməli hadisədir. Amma biz filmdə
onun 4-nü vurduq. Filmdə bu kimi üsullardan
istifadə etmək olar. Bunların hamısı Azərbaycan
milli düşüncəsində yarada biləcək fikrə
xidmət edir: xalqın dəyanətinə qalib gəlmək
olmaz. Torpaqlar müəyyən müddətə
alına bilər, amma xalqın iradəsini, Qarabağa
qayıtmaq arzusunu sındırmaq mümkün deyil.
- Filmdəki qəhrəmanları siz
yaratmısınız, özünüzün xüsusilə
sevdiyiniz qəhrəman varmı?
- Əslinə qalsa, orada elə Azərbaycan qəhrəmanı
yox idi ki, mən onu sevməyim. Təbii ki, hər kəs
öz qəhrəmanını tapır. Yaşına,
ürəyinə münasib qəhrəman tapır. Kiməsə komandirin sərtliyi, kiməsə Pələngin
ürək açıqlığı xoş gələ bilər,
kiməsə Drakonun dəyanəti xoş gələ bilər.
Bəziləri də Pələngi
qeyri-müharibə adamı kimi sevməyə bilərlər.
Bu, hamısı bizim tariximizdir - Pələngimiz
də, Drakonumuz da, komandirimiz də, müəllimimiz də, səngərdə
qorxan gəncimiz də.
Qarabağın getməyi bizim müharibədə
uduzmağımız deyil. Bu müəyyən qədər
siyasi faktorlarla bağlıdır. Biz filmdə
Sovet Mərkəzi Komitəsini inkar edirik, Azərbaycanı
deyil. Və Sovet Mərkəzi Komitəsinin
tulası olan bu və yaxud digər şəxsiyyətlər
haqqında danışırıq. Bizim
torpaqlarımızın işğal altında olmağında
bilavasitə Mərkəzi Komitənin əli olub. Ermənilər məhz xarici qüvvələrin
üzərində dayanmışdılar. Axı,
tək erməni deyil bizim düşmənimiz. Bizə Qarabağı almağa siyasi geopolitik hadisələr
imkan vermir. Yoxsa ki, erməni kimdir ki? Mən “Xoca”, “Fəryad”, “Yalan”,
“Uçuş xətti” filmini də bu aspektdə qeyd etmək
istəyirəm. Hər hansı film bu və
yaxud digər emosiya yarada bilər. Amma
bunların hamısı bir istiqamətə vurur. Daxilən inanmasaq, Qarabağı
qaytarmayacağıq.
-Filmin əsas iki qəhrəmanı
Drakon və Pələng obrazını qeyri-peşəkar
aktyorlar canlandırıb.
- Drakon və
Pələng rolu üçün əməlli-başlı
başım ağrıyıb. İki rol
üçün uzunmüddətli axtarışlar aparmalı
oldum. Drakon obrazını Rza Rzayev
oynayır. O, peşəkar aktyor deyil, publisist,
yazıçı, jurnalistdir. Rza qapıdan içəri girəndə
mən başa
düşdüm ki, istədiyim insanı tapmışam. Rza çox qabiliyyətli, istedadlı və həddindən
artıq utancaq insandır. Diqqətlə
baxsanız, Drakon obrazı da nə qədər müharibə
lehinə insan olsa da, bir o qədər də gözlərində
müharibə sevməməzliyi sezilir. Drakonun
emosional münasibəti də Rzaya xas xüsusiyyətdir.
Pələng rolunu oynayan Elvin Əhmədov isə
filmin rejissor assistentlərindən biri idi. Hər
dəfə ona bir tapşırıq verirdim və eyni zamanda da
həmişə hərəkətlərinə diqqət
yetirirdim. Axır bir gün özünə dedim ki, sən
Pələngsən. Şükürlər olsun ki, bədii
şurada aktyorlarla bağlı bir problem olmadı.
- Sizin üçün sima, yoxsa
aktyor qabiliyyəti vacibdir? Rejissor olaraq istənilən
adamı aktyor edə bilərsinizmi?
- Kinoda
sima çox vacib məsələdir. Amma
aktyorluq qabiliyyəti də ondan geri qalmır. Məsələn, əgər Drakon obrazını
Rasim Balayev oynasaydı, necə olardı? Bu
məqamda peşəkarlıqdam söhbət getmir. Rasim Balayev hamının düşüncəsində
Nəsimi obrazı kimi qalıb. İstər-istəməz
tamaşaçı Rasim Balayevi ekranda görüb Nəsimi
haqqından fikirləşəcək. Bu
film Qarabağ haqqındadır. Bu mənada çox
tanınmış və başqa tarixi rola damğasını
vuran simanın içinə girmək çətindir. Bu mənada tamaşaçı üçün
tanımadığı aktyorla uyğunlaşmaq, dil tapmaq daha
rahatdır. Bu filmdə kifayət qədər
qeyri-peşəkar və peşəkar aktyorlar var idi. Şamil Süleymanlını biz həmişə
komik obrazlarda görmüşük, amma “Dolu”da onu ciddi rolda
görən tamaşaçı çaşır.
Sualınızın ikinci hissəsinə gəlincə,
küçədən adamı gətirib aktyor eləmək
mümkün deyil. Əgər bir insanda aktyorluq istəyi
varsa, mən onu istiqamətləndirə bilərəm. Mən aktyora 2 dəfə otur, 2 dəfə dur,
qaşını qaldır kimi əmrlər vermirəm, mən
sadəcə onun hirslənməyini, gülməyini istəyə
bilərəm. Bu mənada aktyora mütləq
azadlıq verilməlidir. Rza da, Elvin də
qeyri-peşəkar aktyordurlar, amma onların ikisi də filmdə
kifayət qədər gözəl ansambl yaradıblar.
-“Dolu”da incəliklə, dəqiqliklə
işlənən döyüş səhnələri var idi. Maraqlıdır, həmin səhnələrin
çəkilişində hansısa filmin təsiri varmı?
- Kino bir
anlamdır. Öz-özlüyündə
inkişaf edir. İnkişaf etdirən fərdlərdir,
hamısı bu yola çıxır, amma yolu yaratmır.
Çünki yol özü var. Təbii ki,
döyüş səhnələrini çəkməmişdən
öncə minlərlə döyüş səhnələrinə
baxmışam. Döyüş səhnələrinin
çəkilməsində iranlı protexnik Əzim Səttarın
və Əli Məmmədovun böyük zəhməti var.
Əzim İran-İraq müharibəsində iştirak edib.
O, bizə rəsmli partlayışları göstərdi. Burada hamı bir-birindən öyrənir. Mən bu gün yaxşı döyüş səhnəsi
çəkmək üçün Amerika filmlərindəki
döyüş səhnələrinə baxıram. Oğurlamıram, eyni kadrı təkrar etmirəm.
Ümumi montajın dinamikası, planların
düzümü, bu və yaxud irili planların
ardıcıllığında dünya təcrübəsinə
arxalanmasaq, bəs nəyə arxalanaq?
- Müharibə filmlərindən sevdiyiniz film hansıdır?
-
Çoxdur. Amma döyüş adına
çəkilən filmlərdən ən sevdiyim “Sıravi
Rayanın xilası” filmidir.
-“Əlavə təsir”
filminizin təsiri necə oldu?
- “Əlavə təsir” mənim ilk böyük bədii
tammetrajlı filmdir. Ondan öncə Mətanət İsgəndərli
ilə “Əlvida” adlı video film çəkmişdim.
İnsan iş görə-görə təkmilləşir. Fikirləşirəm ki, bundan sonra çəkəcəyim
film “Dolu”dan da bir addım irəlidə olmalıdır. Hər bir çəkdiyim film, klip, reklam
yığdığım təcrübədir. Bütün yaradıcı insanlar irəli getməlidir.
Həyatın bir qanunu var-ya irəli, ya da geriyə
hərəkət var. Bir yerdə durmaq yoxdur.
- “Dolu”dan sonra nə çəkmək
istəyirsiniz?
- Çəkmək
istədiyim iki film mövzusu var. Biri Azərbaycanda əsrin əvvəllərində
olan kəndli-qolçomaq münasibəti barədə, digəri isə
komediya janrında filmdir. Özümü
başa düşəndən məni birinci sarsıdan film
“Yeddi oğul istərəm” olub. İndi də
böyük məmnuniyyətlə “Axırıncı
aşırım” filminə baxıram. Zaman
keçir, amma uşaqlıqda məni valeh edən filmlər
indi də mənim xoşuma gəlir. Komediyaya
gəlincə, Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda oxuyanda hamı məni komediya ustası kimi
tanıyırdı. Özüm də
yaxşı komikəm. Azərbaycanlıların
xaricdəki sərgüzəştləri haqda bir komediya filmi
çəkməyi çox istəyirəm.
- Komediya demişkən, indiki
komediyaların durumu sizi qane edirmi?
- İndi Azərbaycanda hər şey inkişafdadır. Bu gün komediya adına dediyimiz öndə gedən gənclərimiz
var. Rəfael-Coşqun, Tahir-Cabir cütlüyü, Elməddin-onlar
bu gün öndə gedənlərdir. Mən
bizim korifeylərimizi demirəm, onlar tamam başqa
dünyanın adamları idilər. SSRİ dağılandan sonra tamam
başqa dünyada yaşamağa başladıq. Bu yeniliyin içində mən bu gənclərin hər
birini alqışlayıram.
Bu gün hamı “Dolu”dan
danışdı, amma “Dolu” Hollivud deyil axı. Onun
Hollivud filmi olması üçün ən azından 10 il vaxt lazımdır. Mən
arxamca gələn gəncləri görürəm və
çox sevinirəm. Müəllimlik edə
bilmirəm, amma bölüşməyi çox sevirəm.
Çox istedadlı gənclər qrupu gəlir,
yeni düşüncəli insanlar gəlir, acınacaqlı
90-cı illərin qeyri-stabil münasibətlər
dünyasını görməyən insanlar gəlir, qələbə
əzmi ilə yaşayan gənclər gəlir. Onlar
“Qızıl Palma budağı”nı da, “Oskar”ı da alacaqlar.
- 90-cı illərdən söz
düşmüşkən, o illərdə sizin də
ümidinizin itdiyi anlar oldumu?
-
Ümidsizlik olmadı. Bilirdim ki, bu yolun
yolçusuyam. 90-cı illərdə
hamımız müxtəlif işin qulpundan
yapışdıq, bizneslə də məşğul olduq.
Amma həyat tale elə döndərdi ki, başa
düşdüm ki, mənim bacaracağım, ruhən rahat ola biləcəyim yeganə iş kinodu.
-Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının yaranmasını
kino adamı kimi necə qiymətləndirirsiniz?
- Sizə
bir fakt deyim, dünyanın yaranışı partlayış
(kallaps) nəticəsində olub, qarşıdurma yox.
Qarşıdurma əslinə qalsa yoxdur, hamısı keçib gedəcək.
Bu sadəcə insan emosiyalarıdır. Amma kallaps mütləq inkişafın labüd, vacib
məqamıdır. Partlayış
sonrakı gözəl planetin yaranmasının vacib şərtidir.
Həm o taylı, həm bu taylı insanların
hamısı məni 5 yaşından tanıyır. Onlar mənim əmilərim, dayılarım, xalalarım
və çox hörmət etdiyim istedadlı insanlardır.
Mən bu dəqiqə seçim etmək istəmirəm,
bu oyundan kənar durmaq istəyirəm. O tərəfə
getsəm, buradakı əmilərim inciyəcək, bu tərəfə
getsəm, o tərəfdəki əmilərim inciyəcək. Ümidliyəm ki,
bu, kinonun xeyrinədir. Ən azından cəmiyyətin
diqqəti bu gün kinoda baş verən bu qarşıdurmaya tərəf
dönübsə, demək, cəmiyyət kino haqqında
düşünür. Sağ olsun, Vahid Mustafayev ki,
“Xoca” filminin piarı ilə cəmiyyətin diqqətini
kinoya yönəltdi. Bu o deməkdir ki, Azərbaycanda
təkcə alver yoxdur, kino da var, mədəniyyət də
var.
Nərmin
MURADOVA
Paritet.-2012.-14-15
avqust.-S.14.