Azərbaycanlı heykəltəraşın Türkiyə uğurları

 

 Heykəltəraş Səyad Rüstəmin yaradıcılığı barədə qeydlər...

 

 Bəlkə də bəzi oxucular azərbaycanlı heykəltəraş Səyad Rüstəmin adı bir o qədər tanış deyil. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Məsələ burasındadır ki, müstəqil yaradıcılığı otuz ilə yaxın bir vaxtı əhatə edən Səyad Rüstəmin fəaliyyəti əsasən qardaş Türkiyə ilə bağlı olmuş və ötən bu müddətdə həmin ölkənin ən iri şəhərlərində azərbaycanlı tişə ustasının ərsəyə gətirdiyi onlarla abidə ucaldılmışdır. Odur ki, gəlin, əvvəlcə heykəltəraşın bioqrafiyasına işıq salaq...

Tanışlıq üçün deyək ki, Səyad Rüstəm qonşu Gürcüstanın Qarayazı elində dünyaya göz açıb. İxtisas təhsilini əvvəlcə Gəncədəki pedaqoji texnikumda alıb. Burada əsasən rənglərin sirrinə bələd olan (1974-1978) Səyadın bir qədər sonra Tiflis Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsində oxumaq istəyini dilə gətirməsi onu eşidənlər üçün baş tutmayan bir arzu kimi qəbul olunsa da, onun özü inadında israrlı, ən başlıcası isə öz gücünə inamlı idi. Çox az sonra hamı onun bu “inadkarlığının” uğurlu nəticəsinə şahidlik etdi. Belə ki, texnikumu qırmızı diplomla bitirən Səyad ilk iki ixtisas imtahanından “əla” qiymət alıb qalan yeddi sınaqdan azad olunmaqla çox nüfuzlu ali təhsil ocağının tələbəsi adını qazandı. Altı illik təhsili (1979-1985) uğurla başa vurub sonda da “Leyli və Məcnun” adlı ikimetrlik çoxfiqurlu kompozisiya ilə imtahan komissiyasının alqışını qazanan Səyadın yaradıcılığında gürcü heykəltəraşlığı ilə birbaşa anım yaradan bədii-estetik məziyyətlər olmasa da, o, Tiflisi də, orada xüsusilə kompozisiya məfhumunun mahiyyətini bütün incəliklərinə kimi açan müəllimi Qoça Oçaurini də minnətdarlıqla xatırlayır. Taleyini təhsildən sonra qədim Gəncə ilə bağlamağa qərar verən Səyad orada ilk bir-neçə il ərzində şəhəri bəzəyəcək əsər (“20 yanvar” və “İstiqlaliyyət”, hər ikisi 1991-ci il) yaratsa da hiss edirdi ki, iç dünyasında cəmləşənləri materiala çevirmək üçün ona daha geniş imkanlar lazımdır.  1993-cü ildə Türkiyə Mədəniyyət Nazirliyindən aldığı dəvət ona bu mənada arzuladığı şəraiti yaratdı, desək, yanılmarıq. Dost ölkədə yaratdığı elə ilk tunc “Barış” heykəli ilə (İzmir şəhəri) özünün zəngin yaradıcılıq imkanlarını sərgiləməklə, buradakı ən tələbkar mütəxəssislərin belə təqdirini və inamını qazanmış oldu. Elə ilk əsərində plastikanın monumentallığını əldə edən Səyad Rüstəm sonralar bütün yaradıcılığı boyu sadiq qalacağı yeganə amalı – zamanın ədalətli ifadəçisi olmaq kimi mürəkkəb bədii konsepsiyaya tapındığını nümayiş etdirmiş oldu. Görünür, buna nail olduğundandır ki, həm Türkiyə və Azərbaycanda, eləcə də müxtəlif Avropa ölkələrində təşkil olunan müxtəlif miqyaslı sərgilərdə onun təxəyyülünün ifadəsi olan rəngarəng mövzulu plastik nümunələr davamlı olaraq tamaşaçı diqqətini cəlb etməkdə və düşündürməkdədir. Obrazlı dillə desək, əsərdə təsvir olunan əli göyərçinli qadın gənc heykəltəraşın yaradıcılıq yoluna xeyir-dolu bir su səpmiş oldu...  

  “Barış” abidəsini yaratmaqla onun İzmirin çox baxımlı mədəni məkanına çevrilməsini şərtləndirən Səyad Rüstəmə bu şəhərin rəhbərliyindən ikinci bir heykəlin yaradılmasının sifariş olunması da onun sənətkarlığını yüksək dəyərləndirmənin ifadəsi oldu.  Heykəltəraşın  1993-cü ildə bu şəhər üçün işlədiyi həmin əsər “Balıqçı” abidəsi adlanır.  Bu abidənin forma-biçim həllindəki plastik oynaqlıq və ifadəli siluet onun “Barış” kimi cəlbedici sənət nümunəsinə çevrilməsini şərtləndirdi. Elə həmin ildə Səyad Mersin şəhəri üçün işlədiyi “Mersinli Əhməd” heykəlini öz yüksək bədii-estetik dəyərləri ilə şəhər sakinləri üçün qürurdoğurucu mənəvi-psixoloji qaynağa çevirdi, desək, həqiqəti söyləmiş olarıq...

Uşaq yaşlarından onun üçün bir çox milli tariximizlə bağlı hadisələrin və görkəmli  şəxsiyyətlərin qürurverici amilə çevrilməsi qarşılığında sənətə bağlılığı kamilləşməyə yüksələndə Səyad Rüstəmin qeyd olunanlara bədii görkəm vermək istəyinin  sürətlə təxirəsalınmaz yaradıcılıq vəzifəsinə çevrilməsini,  yəqin ki, onun Vətən torpağına sonsuz sevgisi və onun yolunda əziz canından belə keçməyə hazır olanlara ehtiramının ifadəsi saymaq olar. Bu mənada onun iştirakı ilə Gəncədə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş memarlıq-heykəltəraşlıq kompleksinin yaradılması bu işin başlanğıcı oldu. Bundan sonra yaradıcılıq fəaliyyətini Türkiyədə davam etdirən Səyad tarixi və mədəniyyəti çox yaxın olan qardaş torpaqda ona onu çoxdan düşündürən mövzuların və obrazların abidələrinin yaradılmasının sifarişi ilə, demək olar ki, içində çoxdan gəzdirdiyi bədii arzularının gerçəkləşməsinin davamını tapmış oldu.  Odur ki, o, Bayburt şəhərində ulu Dədə Qorquda ucaldılan tunc abidə ilə özünün uzaq keçmişi, onun tarixini  və mənəvi dəyərlərini yaşadan şəxsiyyətlərin obrazlarını plastikada canlandıra bilmək istedadını nümayiş etdirdi. Hər birimizin dilinin əzbəri olan Dədə Qorqudun artıq insanların qəlbində yaradılan mənəvi obraza adekvat ola biləcək heykəli ərsəyə gətirməyə çalışan tişə ustası bu əsərində plastikanın real-gerçəkçi mahiyyəti ilə onun dərin psixoloji ovqatı ifadə etmək məziyyətini abidənin ümumi tutumunu müəyyənləşdirəcək monumentallığa kökləməklə yaddaqalan sənət əsəri yaratmağa nail oldu. Heç şübhəsiz, bədii şərhi realizmdən qaynaqlanan bu heykəldə həm də bu bədii prinsipin ifadə imkanlarının nəhayətsizliyini nümayiş etdirən Səyad Rüstəm bütünlükdə inandırıcılıqla psixoloji yaşantıların qovşağını əldə etdiyindən bu mənəviyyət və qürur abidəsi elə ilk baxışdan tamaşaçısını öz cəlbedicilik aurasına sala bilir və əsərdən alınan təəssüratın davamlılığını şərtləndirir.

İzmir, Mersin və Bayburt şəhərlərlərindəki əsərləri ilə özünü Türkiyənin bədii məkanında kifayət qədər tanıtmağa nail olan Səyad Rüstəm üçün növbəti sınaq meydanının ölkənin başkəndi Ankaranın olması, yəqin ki, məntiqli davam idi. Paytaxt rəhbərlərinin bir-birinin ardınca ürəklərində yaşatdıqları, amma həyatda reallaşdıra bilmədikləri layihələrlə gənc heykəltəraşı “yükləmələri” də onu qorxutmadı. Bu gün Ankaranı Səyadın irili-xırdalı iyirmiyə qədər abidəsinin bəzəməsi təkcə sayca yox, elə zəngin bədii-estetik məziyyəti baxımından da diqqətçəkəndir...

“İbn -Sina” (1994), “Cahid Güləbi” (1994), “Səhiyyə” (1994), “Ədalət ilahəsi” (1994), “Cüneyd Gökçər” (1994), “Mehmet Şövqü Paşa” (1994), “Əli Çətin Qaya”(1995), “Leyla Gencər” (1995), “Nazim Hikmət” (1995), “Əsgər” (1995), “Mustafa Atatürk” (1996), “Dəniz Kara Hava” (1996), “Namik Kamal” (1996),  “Memar Sinan” (1996), “”Piri Reyis” (1996), “Jandarma şəhidləri” (1997), “Jandarm” (1997), “Fateh Sultan Mehmet” (1998) və digər abidələri Ankarada bu gün təkcə Səyadın özünün yox, həm də təmsilçisi olduğu Azərbaycanımızın, onun qədim tarixə malik heykəltəraşlıq sənətinin şöhrətlənməsi deməkdir. Etiraf edək ki, çox qısa müddətə baş tutan Ankara uğuru, başqa sözlə desək, onun yüksək sənətkarlığının kifayət qədər qabarıq göründüyü bu abidələr azərbaycanlı tişə ustasının Türkiyənin aparıcı heykəltəraşına çevrilməsi ilə nəticələndi. Bunun şirinliyi ilə yanaşı, məsuliyyətini də Səyad yaxşı başa düşürdü. Odur ki, az sonra, demək olar ki, bütün Türkiyə onun üçün açıq səma altında emalatxanaya çevriləndə bu həm də qürurverici mənəvi-yaradıcı məsuliyyəti bir an belə unutmadı. Bu da onun Türkiyədə davam edən yaradıcılıq coğrafiyasının genişlənməsinə səbəb oldu. Bu gün böyük Türkiyə şəhərlərinin əksəriyyətində  onun əsərlərinin küçə və meydanları bəzəməsi də bunun təsdiqidir. İstanbul, Bursa, Çanaqqala, Dənizli, Ədirnə, Sarıqamış, Qaziantep, Tekirdağ və s. şəhərlərin sakinləri və qonaqları bu məkanda qərarlaşan Səyad Rüstəm təxəyyülünün nəticəsi olan heykəllərdən böyük zövq alır, sözün əsl mənasında, qürur hissi keçirirlər.  Bu çoxsaylı heykəllərin hər biri öz-özlüyündə maraqlı və cəlbedici bədii həllə malik olsalar da, onların  üçü  özünün daha zəngin məna tutumuna görə mütəxəssislərin  diqqət mərkəzində qalmaqdadır. Bunlar “Zəlzələ” (2001, Bolu şəhəri), “Türkçülük” (2000, Kayseri şəhəri) və “Yunis Əmrə” (1995, Hacı Bektaş şəhəri)  abidələridir. Buna səbəb həmin əsərlərdə sənətlərin sintezi probleminin uğurlu həllinə nail olunmasıdır. Bu tutumlu bədii məziyyətə isə Səyad plastik görkəm verdiyi obrazları ətraf mühitlə sıx əlaqəli təqdim etməklə, fərdi olduğu qədər də bəşəri olan duyğularını - psixoloji yaşantılarını onun əhatə edən insanlarla yaxınlığını ifadəli plastik görkəmə çevirməklə nail olmuşdur...

Heykəltəraşın vaxtaşırı öz yaradıcılığında kiçik plastika nümunələrinə müraciət etməsinin kökündə zaman-zaman üzləşdiyi hadisələrə və onu düşündürən məsələlərə obrazlı  plastik  görkəm vermək istəyi ilə yanaşı, həm də gələcəkdə monumental forma-biçim alacaq ideyalarına yaddaqalan bədii zəmin yaratmaq istəyi durur. Onun yaratdığı qalvanik qabartmaları isə mövzunun özünəməxsus bədii-plastik şərhi baxımından Azərbaycan heykəltəraşlığını zənginləşdirəcək nümunələr hesab etmək olar. Bədii şərhində qədim miniatür ənənləri ilə plastikanın  zərgər dəqiqliyinə yüksələn qovşağını əldə edən heykəltəraş aşıladığı bədii-psixoloji məziyyətlərlə tamaşaçısını düşüncələr və suallar burulğanına salmaq gücündədir. Odur ki, onun gerçəkliyə çoxqatlı bir baxışın nəticəsi olan həmin əsərləri (“Avtoportret”,”Uğur böcəyi və yaxud eşq hekayəsi”, “Dolaşan ruhlar”, “Adəm və Həvva”, “İztirab” və s.) duyulası dərəcədə cəlbedici və sirr qatına bələnmiş kimi görünürlər...

Sonda əlavə edək ki, onun Türkiyədəki uğurlarının sorağı xeyli vaxtdır ki, başqa  ölkələrə də yetişib. Onun Macarıstanda “Gül Baba” (1997), “Bela Bartok” və “Adnan Sayqun” (2003), Yaponiyada “Piri Reyis” (1997), Meksikada “Atatürk” abidəsi (2000) bunun təsdiqi olmaqla, həm də onun yüksək sənətkarlığının beynəlxalq təsdiqidir. Heykəltəraşın Bakımızı bəzəyəcək yaradıcılıq planları da kifayət qədər zəngindir. İnanırıq ki, çox yaxın gələcəkdə duyulası dərəcədə yeniləşən paytaxtımızda da həmyerlimizin hələ ki, başqalarına mənəvi zövq verən  təxəyyülünün nəticələri olan müxtəlif məzmunlu abidələrini görə biləcəyik...

 

 

 Ziyadxan ƏLİYEV

 

 Paritet.-2012.-16-17 avqust.-S.14.