Kino sahəsində nə qədər çox təşkilat olsa, kinomuzun xeyrinədir”

 

Cəmil Quliyev: “Naməlum şəxslər mənə hədə-qorxu gəlirlər, lazım olsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya müsahibəsi

 

-Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında söz-söhbətlər və narazılıqlar bitmək bilmir. Bu, nə qədər davam edə bilər?

- Hesab edirəm ki, kino sahəsində nə qədər çox təşkilat olsa, kinomuzun xeyrinədir. Yeni yaranmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosuna öz töhfələrini verə biləcək bir təşkilatdır. Son iki ay ərzində ittifaqa insanlar könüllü olaraq müraciət edib üzv qəbul olunublar. Bunlar kino sahəsində çalışan insanlardır, onların arasında veteranlar, eyni zamanda gənclər də var. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi zor tətbiq etməklə, yaxud hədə-qorxu ilə heç kimi ittifaqın üzvlüyünə qəbul etməyib. Bu bizim ətrafımızda yayılan müəyyən şayiələrdir, bu şayiələr müəyyən insanlara sərf edir ki, bizim təşkilatı nüfuzdan salsınlar, təşkilatımızın ətrafında qalmaqal yaratsınlar. Son iki həftə ərzində ünvanıma kifayət qədər təhqiramiz sözlər söylənilib, müxtəlif mətbuat orqanları tərəfindən təhqir olunmuşam. Bunu normal qəbul edirəm və hesab edirəm ki, insanlar kino sahəsində heç bir fəaliyyətlə məşğul ola bilməyəndə təhqirə keçir, suçlamalara başlayırlar. Məni təhqir etməkdənsə, kino sahəsində xeyirli işlər görmək lazımdır. Bizim təşkilat bu işlərlə məşğul olur, biz fəaliyyətimizi davam edirik. Ünvanımıza söylənilən bütün şayiələr, bütün sözlər, fikirlər bir daha sübut edir ki, bu ittifaq nəsə edir və bu ittifaqa qarşı mübarizə aparmaq lazımdır. Və bunu da müəyyən insanlar açıq-aşkar edirlər...

-Bu cür qalmaqalların hökm sürdüyü bir vəziyyətdə kino sahəsinin, eyni zamanda qurumların inkişafından, gələcək fəaliyyətindən danışmaq olarmı?

- Bizim təşkilat hazırda bir neçə layihə üzərində işləyir. Bu layihələr gerçəkləşdikdə tamaşaçılar və oxucular bunu görəcəklər. O ki qaldı bizim ətrafımızda aparılan söz-söhbətlərə, bunların hamısı ona görə olur ki, həm müəyyən qədər fiziki imkanlarımızı zəiflətsinlər, həm də qanımızı qaraltsınlar. Amma biz yolumuzdan dönməyəcəyik. Mənim haqqımda istədikləri qədər pis şeylər yazsınlar. Onsuz da həm Azərbaycanda, həm də xaricdə əsl kinematoqrafçılar məni kifayət qədər tanıyırlar. Mənim xaricdə dostlarım çoxdur və orada da mən Azərbaycan kinosuna xidmət edirəm.

- Uzun illər Rasim Balayevlə eyni qurumda fəaliyyət göstərmisiniz, çiyin-çiyinə çalışmısınız. Bu gün isə aranızda qarşılıqlı ittihamlar var...

- Rasim Balayevlə heç bir düşmənçilik, şəxsi-qərəzlik işləri aparmağa həvəsim yoxdur. Sadəcə, hər bir tərəf bir-birinin mövqeyinə hörmətlə yanaşmalıdır. O ki qaldı onun mənim ünvanıma dediyi fikirlərə, onu qoy oxucular ayırd etsin, kim ona inanır inansın, kim inanmır inanmasın. Mən ona başqa heç bir söz deməyəcəyəm. Öz fəaliyyətimi yalnız işlə göstərəcəyəm. Onunla uzun illər birgə işləmişik və mən aramızda olan hörməti itirmək istəmirəm.

-Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının neçə üzvü var? Onlardan neçəsi Azərbaycan Kinematoqrafçılar İttifaqından gələnlərdir?

- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına Azərbaycan Kinematoqrafçılar İttifaqından 72 nəfər şəxs keçib. İttifaqımızın üzvləri kifayət qədər çoxdur və bu proses gedir. Sentyabrın sonunda rəsmi olaraq üzvlərimizin sayını açıqlayacağıq və bütün yenilikləri deyəcəyik. Bilirsiniz, mən müəyyən insanların adlarını çəkmək istəmirəm, çünki o dəqiqə onlara zənglər olunur, təhqir edirlər, min söz deyirlər. Biz işimizi açıq və şəffaf şəkildə aparırıq, mətbuat vasitəsilə işıqlandırırıq. Bizim 200-dən çox üzvümüz var və gücümüz artmaqdadır.

-Bir neçə gün bundan əvvəl qurumunuza daxil olan üzvlərdən birinin siyahıda adının yanlış yazılması da böyük səs-küyə səbəb oldu.

- Şəxsən mənim adımı da mətbuatda bəzən səhv yazıblar. Bu, texniki, kompüter səhvidir. Həmin faktla bağlı mətbuat bizə müraciət etdi və cavablandırdıq. Bəli, bu, Nazim Yüzbaşov deyil, o, 15 il əvvəl dünyasını dəyişib, bu şəxs Rafiq Yüzbaşovdur. Bu adın ətrafında bu qədər qalmaqal yaratmağa dəyərmi? Bunu bizi hörmətdən salmaq üçün edirlər. Bizi biabır etmək istəyirdilər, amma heç nə alınmadı. Rafiq Yüzbaşov Azərbaycan elmi-kütləvi kinosunun inkişafında önəmli yeri olan, filmləri mükafatlara layiq görülmüş, öz sahəsində tanınmış insandır. Rafiq müəllim 10 ildən artıqdır ki, xəstədir. Dediyinə görə, o ittifaqdan heç kim onunla maraqlanmayib. Dünən də o insanı qəzet səhifəsində təhqir etdilər. Hansı ittifaqın üzvünü biz təhqir etmişik? Amma biz öz ünvanımıza kifayət qədər sözlər eşitmişik. Qoy oxucular kimin kim olduğunu ayırd etsinlər. Mən heç nə demək istəmirəm. Biz öz işimizi davam etdirəcəyik, fəaliyyətimizi göstərəcəyik. Yəqin ki, bu çıxışımdan sonra mənim ünvanıma yenə də ardı-arası kəsilməyən təhqirlər, müxtəlif ifadələr, hədə-qorxular olacaq. Bir tərəfdən yazılır ki, “Cəmil Quliyev insanları qorxudur, işdən çıxartdırır”. Mənim elə bir səlahiyyətim yoxdur ki, kinostudiyanın, televiziyanın işçisini işdən çıxartdırım. Boş söhbətlərdir. Biz heç kimi qorxutmuruq, əksinə, o ittifaqdan bizim təşkilata üzv olmaq istəyən insanlara bir daha fikirləşmələrini, götür-qoy etmələrini məsləhət bilirik. İstəmirik ki, sabah “bizi bura zorla gətirdilər” desinlər. Məndə olan məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri onların rəhbərliyi tərəfindən bir-bir dəvət olunur, onlarla söhbət aparırlar. Onlara qarşı yeni ittifaq tərəfindən təzyiq göstərilib-göstərilmədiyi soruşulur. Bizim ittifaqın ətrafında detektiv ssenari hazırlamaq istəyirlər.

- Sizə təzyiqlərin hansı formada olduğunu açıqlaya bilərsinizmi?

- Mənə telefon zəngləri olunub, məni təhqir ediblər, müxtəlif hədə-qorxu gəliblər. Adlarını bilmirəm, naməlum telefonlardan iş telefonuma da zənglər olunub. Müəyyən insanlar çalışırlar ki, mənim ətrafımda bu cür xoşagəlməz vəziyyət yaransın. Əfsuslar olsun ki, bunun kimlər tərəfindən olunduğunu bilmirəm, amma lazım olsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Məni heç nə qorxutmur. Bu, mənim mövqeyimdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının işindən narazı olmuşam, ona görə də oranı tərk etmişəm. İttifaq yeni yaradılıb və biz Azərbaycan kinosuna xidmət edirik. Bu gün bizim sıralarımızda olan insanlar bizə inanırlar və bizə dəstək olmağa çalışırlar. Bizə dəstək olan insanların sayı kifayət qədərdir. Sadəcə, bizə işləməyə imkan versinlər. Bu təzyiqlər heç nəyə mane ola bilməyəcək.

 

 

Paritet.-2012.-30-31 avqust.-S.9.