“Azərbaycan qadını heç
vaxt kişidən önə keçməz”
“Bir
dəfə gillə işləyəndə mənə
informasiya gəldi ki, o heykəl qadın yox, kişi fiqurunda
olmalıdır”
Müsahibim
Minaxanım Hüseynova uzun illərdir dekorativ-tətbiqi sənətin
müxtəlif növləri ilə məşğul olur. Yaratdığı əsərləri də
İçərişəhərdəki xaricilərin ən sevimli məkanı olan
“Əcdadların izi ilə” art solununda həm
satışa çıxarır, həm də sərgiləyir.
İxtisasca xalçaçı-rəssamdır,
amma dekorativ-tətbiqi sənətin bütün növlərini sevir,
əksəriyyətində də böyük
uğurlar qazanıb.
- Dekorativ-tətbiqi sənətlə
nə vaxtdan maraqlanmağa başlamısınız?
-
Anamın gözəl əl qabiliyyəti var. Rəssamlıq
və tikmə ilə məşğul olur.
Uzun illər tikiş
fabrikində sex müdiri
işləyib. Mən də elə onun əlinə
baxıb bu sənətə həvəs
göstərmişəm. Amma sonda tikməni yox,
xalçaçı-rəssamlığı seçdim.
- Siz dekorativ-tətbiqi sənətin
digər növləri ilə də məşğul olursunuz.
- Düzdür.
Uşaqlıqda tikmə sənətini öyrənmişdim.
Tikmənin bir neçə növünü - naxış tikmə, xaç tikməni bilirəm. Sonralar
isə plastilinlə işlədim, bu da mənə gələcəkdə gillə
işləməyə kömək etdi. Təhsil
aldığım illərdə əvvəl hobbi
kimi, sonra isə ciddi şəkildə keramika
ilə məşğul olurdum. Daha sonra heykəltəraşlıqla
maraqlanmağa başladım. Rəssamlıq
Akademiyasında oxuyanda batik
sənətini də öyrəndim. Batiki
ipək üzərində işləyəndə çox gözəl alınır. Bu sənət də mənə çox doğma gəlir.
Batik kəlağayıdan keçmə bir sənətdir. “Batik” termini əcnəbi sözdür.
Kəlağayı isə bizə məxsusdur. “Kəl
ayağı” sözündəndir. Keçmişdə gənc
oğlanlar həddi-buluğa çatanda güclərini sınamaq üçün kəl ilə
döyüşərdilər. Həmin igid
əgər kəlin kürəyini yerə vurdusa,
kəlin ayağını ipək parça,
yəni kəlağayı ilə bağlayardı. Kəlağayı
çox zərif incə parçadır.
Batikdən sonra qobeleni
öyrənməyə başladım. Qobelen
xalça sənətinə çox yaxındır. Sadəcə, xalça müəyyən formada
toxunur, amma qobelendə
nə istəsən etmək olar. Tez-tez kiçik ölçülü xalçalar
toxuyuram. Xalça toxumadan dayana bilmirəm. O
vaxt televiziya
verilişlərinin birində xalq rəssamı
Lətif Kərimov emalatxanasında xalça
toxuyaraq bu sənətin
incəliklərindən danışırdı. Mən onda bu insanın Lətif
müəllim olduğunu hələ bilmirdim. O, xalçaya elə
qayğı ilə yanaşırdı ki,
sanki övladıdır. Ekranda
gördüklərim məni elə ovsunladı ki, ömürlük xalça sənətinə bağlandım. Xalçada Azərbaycana xas
musiqini, rəqsi, tarixi
hiss etdim. Qərara gəldim,
xalçaçı-rəssam olum. İlk ustadım Cavanşir
müəllim olub. Məhz o
mənə bu sənətin
ağırlığına tab gətirməyə
kömək edib. O bizə ornamentlərin,
naxışların, rənglərin dilini,
xalçaya canlı varlıq kimi baxmağı, onun enerjisini hiss etməyi
öyrətdi. Ümumiyyətlə,
xalçaçılıq sənətini bu
dərəcədə sevməyimdə müəllimlərimin
rolu böyük olub. Xalça aləminə
daxil olduqca anladım ki, adi həyatdan ayrı,
gözəl bir dünya
varmış.
- Xalçaçı-rəssam
kimi ən parlaq əl işləriniz hansıdır?
- Xalça elə bir aləmdir ki, adamı özünə cəlb edir. Başın işə qarışır, xalça hazır olanda isə görürsən ki, üç-dörd il keçib xəbər tutmamısan. İki böyük əl işim var: “Məhəbbət dastanı”, “Əcdadların izi ilə”. Bu əsər bütün canlıların məhəbbətindən danışır. Xalçanın mərkəzində ud çalan, dastan danışan oğlan təsvir olunub. Həmin oğlanın danışdığı məhəbbət dastanından torpaq canlanır, yeni həyat başlayır. Milli-mənəvi dəyərimiz olan muğamımızı da xanəndə və kamançaçalan oğlanın timsalında göstərmişəm. Xalçanın bir hissəsində isə kitab oxuyan oğlan və onu dinləyən qız təsvir olunub, yəni əsrlər keçsə də, ud çalan oğlanın danışdığı sevgi hekayəsi dastana çevrilir və indi bu oğlanla qız o dastanı oxuyurlar.
Qaldı ki,
“Əcdadların izi ilə” əsərimə, ilk
öncə onu deyim ki, bu adın tarixçəsi
var. Əl işlərimizi
satdığım dükana da bu adı qoymuşam. Təhsil aldığım illərdə
oxuduğum kitablardan birinin adı “Əcdadlarımız izi ilə” adlanırdı. Bu
kitab məni ovsunladı. Ona
görə də, magistr pilləsində
buraxılış işimi məhz belə
adlandırdım. Bu xalçanın mərkəzində
ətrafında butalar olan
böyük göl təsvir
olunur.
- Bir əsəri yaradanda daha
çox nəyə üstünlük verirsiniz? Hansı
düşüncəyə köklənirsiniz?
-
İncəsənət əsərini elə yaratmaq
lazımdır ki, tamaşaçı üçün müəllifin
izahatına ehtiyac qalmasın. Ona görə də, sənət
əsərləri bir iki
günə yaranmır, buna aylar, illər tələb olunur.
Əsəri başlayanda fikirlərin bir cür olur,
bitirəndə isə tamam başqa şey
alınır. Əks halda, demək, usta da inkişaf
etməyib. Sənətkar daim inkişaf etməli, hətta yeni
sənət növlərinə meyl etməlidir.
Mən hazırda dəmirdöymə sənəti ilə məşğulam.
Dəmirdöymənin də öz dili var. Bu
sənətdə metarialın özü
sənə hansı formaya düşmək
istədiyini diktə edir. Mən sənət
əsərlərini qısqanc və şıltaq qadına bənzədirəm.
Digər sənət növlərinin də öz
şıltaqlıqları var. Son vaxtlar həm də qrafika ilə məşğul oluram.
Daha çox gül təsvirləri işləyirəm. Baxmayaraq ki, qrafikada müxtəlif rənglərdən
istifadə etmək mümkün deyil. Amma təsviri sənətin
bu növü ilə
gözəl və canlı rəsmlər yaratmaq
olar. Əvvəllər gəlinciklər də
hazırlayırdım. Bir gəlinciyim
hazırda Amerikada şəxsi kolleksiyada saxlanılır. Bir
dəfə gəlincik düzəldirdim, elə bil, məftil məni tutub
saxlayırdı və deyirdi ki, “birdən məni başqasına verərsən,
a”. O vaxtdan daha gəlincik düzəldə bilmirəm.
Sifarişlər çox olsa
da, düzəldə bilmirəm.
- Müxtəlif sənətlərlə
məşğul olursunuz və çox sayda əl işləriniz
var. Onları birləşdirən ortaq xüsusiyyət nədir?
- Bütün işlərimdə milli adətlərə, koloritə sadiq qalıram. Mən dünyada sənətkarın özündən çox onun işlərinin tanınmasının tərəfdarıyam. Deyirlər, sənətkar o vaxt ölür ki, sənəti ondan qabaq ölür. Sənətkar nə qədər desə ki, mən bu əsəri belə görürəm. Yenə də əsər özü özünü müəyyən edir. Həm də əsər, ona seçilən rənglər müəllifin əhvalından asılıdır. Əgər sənətkarın əhvalı yaxşıdırsa, onda şux rənglərdən istifadə edir. Əks halda, tünd rənglərdən. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, həmin əsər kiminsə evindən asılacaq və onun da əhval-ruhiyyəsinə təsir edəcək.
- Hazırda hansı əsər
üzərində işləyirsiniz?
- Qobustan təsvirinə həsr olunmuş xalça eskizi hazırlamaq istəyirəm. Qobustan təsvirini batik texnikası ilə çox işləmişəm. Azərbaycan tarixini franqmentlərlə də olsa xaricilərə göstərmək istəmişəm. Qobustanda üstü naxışlarla bəzədilmiş bir qadın heykəli var, mən də qərara gəldim ki, üstü Qobustan təsvirləri ilə bəzədilmiş heykəl düzəldim. Amma hər dəfə heykəl müəyyən həddə çatandan sonra parçalanıb sınırdı. Hadisə üç dəfə təkrarlandı. Bunun təsadüfi yox, bir işarə olduğunu anladım. Səbəbini başa düşməsəm də, bunun bir gün mənə aydın olacağını ümid edirdim. Bir dəfə gillə işləyəndə mənə informasiya gəldi ki, o heykəl qadın yox, kişi fiqurunda olmalıdır. Qadın nə qədər gözəl olsa da, bütün ağırlığı tarixi çiyinlərində daşıyan əzəmətli kişidən üstün ola bilməz. Azərbaycan qadını heç vaxt kişidən önə keçməz. Ondan sonra mən heykəli kişi formasına saldım və heç bir xoşagəlməz hadisə baş vermədi. Hazırda heykəl mənim dükanımdadır. Bu heykəlin qoynunda ailə təsviri vermişəm. Yəni, kişi sinəsi ilə öz ailəsini qoruyur. Kürəyində isə yallı təsvir etmişəm. Sol tərəfdə boynu, ürəyi, qismən də qabırğası üzərində qadın təsvir etmişəm. Bir məsəl var, kişinin boynu hansı tərəfə fırlanırsa, qadının başı da o tərəfə baxır. Həm də qadın kişinin qabırğasından yarandığı üçün bu təsvir də qismən qabırğanın üzərinə düşür. Bu keramik heykəlin üzərindəki bütün rəsmləri Qobustan qayaüstü təsvirlərindən götürmüşəm. Bu təsvirləri xalça üzərinə köçürmək istəyirəm. Keramikada istənilən təsviri olduğu kimi vermək mümkündür. Amma xalçada hər elementi naxışla işləmək lazımdır. Düşünürəm ki, ən çətin əsərim bu olacaq.
Nərmin MURADOVA
Paritet.-2012.-18-19 dekabr.-S.13.