Səfəvilər dövləti Azərbaycan
dövlətçiliyinin genealoji
yaddaşıdır
Bu gün
Azərbaycanımızın dünyada xüsusi yeri var və o, bir çox
ölkələrin xarici siyasi
kursuna və daxili siyasi tədbirlərinə təsir edə bilir, bir sıra dövlətlərə
onların iqtisadiyyatının inkişafında yardım
göstərir. Artıq Azərbaycanımız geosiyasi gücə
çevrilməkdədir. Bütün
bunları Azərbaycanımızı sevməyən ölkələr də
anlayır və bilirlər. Ona görə
də hansısa yolla bölgədəki vəziyyəti
dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya
daha çox ideoloji ekspansiyalar formasında həyata keçirilir. Bu özünü ictimai fikri formalaşdıran bəzi siyasət
adamlarının
çıxışları və onların tariximizi təhrif
edən təbliğatları formasında daha çox özünü bürüzə verir. Acınacaqlı hal odur ki, bu
vəziyyətlə ədəbi
məfkurəlikdə də və incəsənət aləmində
də tez-tez
rastlaşırıq.
Bu günlərdə Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim
edilmiş “Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi” yazısı məni çox
düşündürdü.
Xüsusən
də müəllifin
aşağıdakı fikirləri:
-Özünü
dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək
imkanı verən dəyərlərlə zənginləşir.
Çünki əvvəlki tarix, daha dəqiq desək,
keçmiş insanın özündə
müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş
həmişə indiki zamandan
daha müdrikdir, çünki indiki
zamandakılar hələ gerçəkliyə çevrilməlidir.
Deməli, indiki zamanda
keçmişin izləri nə qədər
qalmışdırsa, o, bir
o qədər müasirdir.
Elə buna görə də keçmiş həmişə bizimlədir və
o, heç vaxt indiki dövrlə əvəz
edilə bilməz. Məhz bu səbəbdən
insan özündə öz
keçmişinə hörmət hissi tərbiyə
etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə
millətə münasibətdə öz
keçmişindən yüksəkdə olmaq
mümkün deyil, çünki bu, millətin
tarixidir. Ona görə də öz
keçmişimizə tənqidi münasibət bildirərkən
həddindən artıq ehtiyatlı olmaq
lazımdır. İnsan öz
keçmişi ilə nə dərəcədə
həmrəy yaşayırsa, o, özü ilə də eyni
dərəcədə həmrəy yaşayır deyənlər
haqlıdırlar.
Burada
müəlliflə razılaşmamaq mümkün deyil,
həqiqətən də, tarixi irs
və mental dəyərlər, şüur və
özünü dərk etmənin
formalaşması üçün mütləq şərtdir.
İnsan özünü və ətraf
aləmi müəyyən zaman və məkan
daxilində dərk edir. İnsan,
müəyyən genetik proqramla doğularaq, hələ heç
bir keçmişi,
özünə və ətraf aləmə münasibət təcrübəsi
olmadan gələcəyə doğru olan həyatına
başlayır.
Mental psixologiyada kifayət qədər
irsi, psixofizioloji bacarıqlar şəklində gizli
xüsusiyyətlər mövcuddur.
Buna görə də, dahi şəxsiyyətlərin
tərcümeyi-halını yazan insanlar buna xüsusi
diqqət yetirirlər. Onlar bu şəxsiyyətlərin harada
anadan olduğunu,
onların milli mənsubiyyətini və doğma dilini tədqiq
edirlər. Bu əlamətlərə
görə onlar bu
şəxsiyyətlərin həyat və fəaliyyətindəki
bəzi xarakterik cizgilərini izah etməyə çalışırlar. Bəzi müəlliflər, liderlərin milli cizgilərini anlamaq üçün stereotip
qiymətlərinə deyil, tarixdən gətirilən
faktlara, onun genetik koduna nəzər
yetirməyi daha düzgün
hesab edirlər.Ona görə ki, bu faktorlar
hər bir liderin təfəkkür
və düşüncəsinə təsir edir.
Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli mədəniyyət,
kostyum kimi geyinilib, soyunulacaq bir adət deyil. İnsan nə
qədər çalışsa da, o öz mədəniyyətindən
imtina edə
bilməz, çünki bu
onun sinir sisteminin köklərinə hoparaq,
onun dünyanı necə dərk etməsinə
təsir göstərir. Milli mədəniyyətin
böyük hissəsi şüura
nəzarətin hüdudlarından kənarda gizli
qalaraq, insan həyatının
əsasını təşkil edir. Hətta
milli mədəniyyətin gizli
bir hissəsinin idraki
mövcudiyyətin bir hissəsinə
çevrilməsi halında belə onları dəyişdirmək
çətindir. Ona görə yox ki, onlar
insanlar tərəfindən duyulmuş və
yaranmışdır, ona görə ki, insanlar mədəniyyətdən
başqa heç bir dərk edilmiş yolla fəaliyyət göstərə bilmirlər”.
Yaxud müəllifin digər bir fikri : “Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir.”
Şübhəsiz ki, bu belədir!
Azərbaycan türkləri ta qədimdən
müəyyən intellektual və
emosional keyfiyyətləri ilə
fərqlənmişlər. Məhz bu
qabiliyyətləri ilə Azərbaycan
türkləri yeni
ərazilərdə nəhəng dövlətlər ərsəyə
gətirirdilər. Azərbaycan
türkləri özləri üçün ictimai tərbiyə
formasına çevrilən, çoxsaylı məziyyətlərə
malik davranış normaları işləyib
hazırlayırdılar. Türk hələ
uşaqlıqdan dünya ilə ünsiyyətin
prinsiplərinin məcmuyunu əxz edir, vaxt ötdükcə bunları həyati
davranış normalarına çevrir və
yaşa dolduqca bu dəyərlər
refleks şəklində onun şüurunda möhkəmlənirdi.
Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülürdü. Azərbaycan türklərinin
dövlət təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda hakimiyyətin “mülki”
və “hərbi” olaraq bölgüsünə
gətirib çıxarmışdı. Xalq
bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə
malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü.
Bütün bunlarla bərabər Azərbaycan türklərinin dövlətçili
ənənələrində dövlət
başçısı mühüm qərarları cəmiyyətinin
demokratik təşkilinin vacib elementi olan məclislə məsləhətləşmələrdən
sonra qəbul edirdi. Məsələn Səfəvilərdən sonra hakimiyyəti ələ
almış Nadir
Şah 1736-cı ilin
martında Muğana gəldi və xalq məclisi
çağıraraq özünü
yeni Əfşarlar imperiyasının banisi elan edərək tacqoyma mərasimi
keçirdi (Yaqub Mahmudov, Kərim
K. Şükürov Azərbaycan Bey-nəlxalq
münasibətlər və diplomatiya
tarixi, Dövlətlərarası
müqavilələr və digər xarici
siyasət aktları 1639-1828. Dörd cilddə Birinci cild,
Bakı 2009. səh95).
Xalq
Məclisi həmçinin, “ağsaqqallar şurası” və
ictimai məhkəmə idi. Əksər hallarda Şah titulu on illərlə, bəzənsə yüz illərlə eyni bir zadəgan ailəsinin əlində qalırdı.
Çox vaxt hakimiyyət
atadan oğula keçirdi, lakin
şahlığa iddialı zəruri keyfiyyətlərə malik olmadıqda bu vəzifə
digər bir zadəgana
çatırdı. Amma bəzən də
iddialı olanın şəxsi keyfiyyətləri heç də
həmişə həmin mübarizənin sonluğunu
müəyyən etmirdi.
Ona
görə ki, xalq bütün
işlərdə başlıca təsirə malik idi və əksəriyyətin
razılığı olmadan heç bir iş
görülmürdü.
Yaxud
Ramiz müəllimin F. Ələkbərliyə
qarşı olan iradı : “Azərbaycan
xalqının formalaşmasının mühüm mərhələlərindən
biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən
olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin
vaxtda qədim Azərbaycan etnosu
onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli
xüsusiyyətlər qazanmışdır. Bu müddəaların
müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə,
Şah İsmayılın fəaliyyəti
barədə bəzi mülahizələrində subyektivizmə
meyillidir. Ümumiyyətlə, XVI əsrin
əvvəlində regionda baş
verən proseslərin bütün
dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət
başçısının fəaliyyətini tənqid etmək
nə dərəcədə düzgündür”.
Doğrudanda
haqlı bir iraddır, ona görə ki, hər bir tarixi
dövrün öz xüsusiyyətləri var, hər tarixi
hadisə öz ilkin şərtlərinə malikdir və
bunların birini digərindən ayırmaq olmaz. Əks təqdirdə tədqiqatçı mütləq
subyektivizmə uğrayacaq. Doğrudur, nəzərdən keçirilən
sivilizasiyanın içərisində və ya
ondan kənarda yer
almasından asılı olmayaraq hər bir müəllifdə hadisələrə özünə
məxsus yanaşma tərzi əmələ
gəlir. Bu və ya yekun nəticə ona daxili məntiqin gətirdiyi
inandırıcılıq vektorlarının
qarşılıqlı təsiri ilə izah
oluna bilər.
Ancaq mən
tariximizi tədqiq edən bir
şəxs kimi
kitablarımın süjet xətlərində həmişə bir
prinsipial şərtə əməl
etmişəm - tarixi hadisələrə bu günün nəzərləri
ilə baxmaq olmaz.
Osmanlı - Səfəvi qarşıdurması zamanı Şah
İsmayılın şəxsi
keyfiyyətlərindən qaynaqlanan
xüsusiyyətləri ilə bərabər, dövrün
geosiyasi vəziyyətinin
baş verən bu siyasi hadisələrə təsiri də nəzərə
alınmalıdır. II Bəyazid həyatda ola-ola özündən böyük
qardaşlarını öldürməklə hakimiyyətə
gələn Bəyazidin üçüncü
oğlu sultan I Səlim
isə ölkəni coğrafi cəhətdən
genişləndirmək, babası Fateh Sultan Məhəmmədin yolunu
davam etdirmək istəyirdi. Ancaq şərqdə
sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli
görünürdü. Belə olan halda I Səlim və I
İsmayıl arasında münasibətlər çox
kəskinləşdi. Əslində
hər iki lider
xilafətdən sonra möhtəşəm bir imperiyanı yaratmaq
arzusundaydılar. Hər ikisi də müqqədəs şəhərlərə
və ümumilikdə Ərəbistana sahib
olmaq istəyirdilər. Təsadüfi deyil ki, məhz
Çaldıran savaşından sonra
Osmanlı ordusu
Misiri fəth etdi
və çox
keçməmiş Hicaz, sonra
da Yəmən, Əl-İhsən və
Ərəbistanın digər hissələrini ələ keçirdi. Məkkənin dəniz
qapısı olan Ciddəyə, Misir, Hicaz və Əlcəzairin
bir hissəsinə Sultan
öz paşasını
başçı təyin etdi (Cevdet. Ahmed. Tarih-i vekaiya devlet-i
aliye. vol. 1-12.
Istanbul. hicri 1271-1292. 12 vols). XVI əsrdə qüdrətli
Osmanlı donanması
demək olar, bütün Aralıq dənizi hövzəsinə
nəzarət edirdi.
1521-ci ildə türk qoşunları Belqradı tutdular.
1526-cı il Moxaç döyüşündə
onlar macar-çex qoşunlarını ağır
məğlubiyyətə uğratdılar,
sonra isə Macar krallığının
əhəmiyyətli hissəsini
ələ keçirdilər.
Yalnız 1555-ci ildə
Osmanlı dövləti
ilə Səfəvilər arasında sərhədlərin
tanınması barədə
müqavilə imzalandı
(İsmail Hakkı Uzunçaşırlı. Osmanlı tarihi.
III s. Ankara, 1988) .
Fikrimcə, tarixə bu
baxımdan nəzər
yetirmək daha ədalətli olardı.
Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənmişdir. Əgər dünyanın
bugünkü geosiyasi
vəziyyətinə nəzər
salsaq görərik ki, keçmiş tarixi vəziyyət davam edir və
təkrar olunur.
Ramiz müəllimin
xüsusi ilə üstündə dayandığı
digər bir qeydi “Şah İsmayıl Azərbaycan
dilində təkcə
gözəl şeirlərin,
mükəmməl ədəbi
abidə olan “Dəhnamə” (“On məktub”)
poemasının müəllifi
deyildi. O, həm də dövlət fərmanları
imzalayır və beləliklə, Azərbaycan dilini
dövlət müstəvisinə, siyasi
müstəviyə keçirmiş olurdu. Bununla bağlı İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim. O
yazırdı: “Aldığı tərbiyəyə və
maraqlarına görə İsmayıl qızılbaş
tayfaları və köçəri əyanları ilə
sıx bağlı idi. O, yaxşı təhsil
görmüşdü, şair
və alimlərə himayədarlıq edirdi.
Xətai təxəllüsü götürmüş
İsmayıl öz vaxtının
tanınmış şairi idi, özündən sonra
şeirlər toplusu (divan)
qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair
olan və özündən sonra divan qoyub
getmiş Osmanlı sultanı I Səlim
yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində
yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa
tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin
nə qədər cəfəng olduğunu
göstərir. Azərbaycan dili
İsmayılın ana dili
idi, onun və ailəsinin
əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca
danışırdılar (Petruşevskiy
İ.P. V kniqe Sbornik
statey po istorii Azerbaydjana. Str. 242-243).”
Azərbaycan tarixən tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdirməyə çalışıblar. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib. Səfəvilər dövrü isə dilimizin inkişafının və yayğınlaşmasının zirvə nöqtəsi olub.
Bu gün keçmiş Səfəvi
coğrafiyasında Azərbaycan
dilinə qarşı hücumların şahidi oluruq, amma bu
qafillər bilmirlər ki, Səfəvilər dövləti müasir Azərbaycan dövlətçiliyinin
geneoloji yaddaşıdır.Məhz
bu geneloji yaddaş vasitəsi ilə Azərbaycan dili
özünü həmişə qoruyub və bundan sonrada
qoruyacaqdır, o yaşayır və yaşayacaqdır!
Adıgözəl MƏMMƏDOV,
araşdırmaçı-yazar
Mental portretologiya
və siyasi
analizlər mərkəzinin
rəhbəri
Paritet.-2012.-18-19 dekabr.-S.8.