“Hamı filmdən “Cəsur ürək” filminin effektini almaq istəyir”

 

Samir Kərimoğlu:”Amma bu, mümkün deyil, Azərbaycan böyük filmlər çəkməyə hazır deyi”

Müsahibim “Sirat körpüsü”, “Niyyət”, “Onun ürəyi”, “Qanadlarıma sığal çək” filmlərinin rejissoru Samir Kərimoğludur. 

- Noyabr ayında rejissor kurslarına start verdiniz. Bir az kursların gedişi barədə bizə məlumat verərdiniz.  

- Məşğələlər həftədə 2 dəfə keçirilir. “İdeyadan filmin yaradılmasına qədər” adlı tədris proqramında fərqlənənlər gələcəkdə sonra mənlə birlikdə film çəkilişləri zamanı rejissor assistenti kimi fəaliyyət göstərə biləcəklər. Hazırda kursun gedişindən razıyam.

- “Niyyət” filmindən sonra çox dəyişik bir işə imza atdınız. Uşaq filmlərinin olmadığı bir zamanda uşaqlar üçün “Onun ürəyi” adlı nağıl-müzikl çəkdiniz.  

- Düz qeyd etdiniz, uşaq filmləri indi heç çəkilmir. Amma bilirəm ki, nazirlikdə bununla bağlı layihələr var. Burada nazirliyi də qınamaq olmur, çünki güvəniləcək adamlar azdır. Tək rejissordan söhbət getmir. Çünki film komanda işidir. Rejissorun arxasında inandığı komandası olmalıdır. Komanda yaxşıdırsa, film mütləq yaxşı alınmalıdır. Belə bir film İdeyası bəstəkar Vüqar Camalzadədən gəldi. Mən ssenarini yazdım və nazirliyə təqdim elədik. Bəyəndilər və filmin istehsalına razılıq verdilər. Bilirsiniz, müzikl çox çətin janrdı. Burada musiqi, xoreoqrafiya və gözoxşayan görüntülər mühüm rol oynayır. Nəzərə alsaq ki, filmimiz həm nağıldı, həm də 3 D qrafikası ilə çəkilirdi, işimiz üç qat çətinləşirdi. Sadaladıqlarımı nəzərə alaraq deyirəm - Azərbaycanda ilk  dəfədir ki, belə bir film çəkildi. Dünya praktikasında isə “Alisa möcüzələr ölkəsində”,  Üzüklər hökmdarı” filmləri bu sistemlə çəkilib. Təbii ki, o genişlikdə çəkməyə texniki cəhətdən imkanımız olmadı. Amma filmin keyfiyyətli alınması üçün əlimizdən gələni etdik. Bu baxımdan,  filmimiz eksperimentdi. Mən isə eksperimentlərdən, çətinliklərdən qorxmuram. Məncə, rejissorun hər çəkdiyi film o birilərindən çətin  olmalıdır. Bu, mənə ikiqat stimul, maraq və zövq verir. Hər bir film sənin bir məktəbindir, bu məktəbdə buraxdığın səhvi o birisində təkrarlamırsan. Rejissor hər cür filmi çəkməyi, hər cür mövzunu işləməyi bacarmalıdır. Onun hər çəkdiyi təzə film o birilərindən çətin olmalıdır. Bu ikiqat həyəcan və zövq verir. Hər nə qədər də müxtəlif olsa da, filmlərimdə  məqsəd dəyişməzdi. Tamaşaçı filmi hiss etməlidir, film tamaşaçını tərpətməlidir.  Çəkdiyim filmlərin hamısı öz zövqümdədir, amma tamaşaçı üçündür.  Burada bir az psixoloji amil də var. Mən başa sala bilmərəm tamaşaçı nə istəyir, amma onun nə istədiyini hiss edirəm.

- Quruluşçu rejissoru olduğunuz “Mən evə qayıdıram” filmi hazırda hansı mərhələdədir?

- Bu film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə  kinostudiyasında istehsal olundu. Müdafiə Nazirliyinin yardımları ilə ərsəyə gələn film  hərbi vətənpərvərlik mövzusundadır.  Ekran əsəri Azərbaycanın ən çətin illərində rus ordusunda xidmət edən Tərlan Seyidzadənin qəhrəmanlıq hekayəsindən bəhs edir. Filmdəki əhvalatlar real hadisələr üzərində qurulub. Belə ki, 1992-ci ildə Vətənin ən çətin zamanında bu igid oğlan böyük qəhrəmanlıq göstərir. Hərbi Hava Qüvvələrindəki hər bir əsgər bizim yaratdığımız qəhrəmanı çox yaxşı tanıyır və qiymətləndirir. Biz isə bu filmlə onu bütün xalqa tanıdacağıq. “Mən evə qayıdıram” filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinədir. Məncə, Qarabağ mövzusunda yeni filmlərin çəkilməsi qanunauyğun haldır. Filmlə tamaşaçılara demək istəyirik ki, Vətən daim öndə olmalıdır. Filmin hazırlıq müddəti iki ay davam edib. 51 günə isə yaradıcı heyət çəkilişləri tamamlaya bildik. Çünki sonra isti günlər gəlirdi. Bildiyiniz kimi, isti günlərdə çəkiliş aparmaq çox çətindir. Ona görə, çox qısa vaxtda filmin çəkilişlərini yekunlaşdırdıq. Hətta sizə deyim ki, Qubada təbiətin ən sərt üzünü gördük. İlk çəkilişimiz  fevral ayının 26-da  Qubanın Nügədi-2 gölündə idi. Gölün möhkəm buz bağlaması əsl problem yaratdı. Hətta motorlu qayıqların qıra bilmədiyi buzun öhdəsindən çəkiliş qrupumuz gəldi. Nəticədə motorlu qayıqları digər sahildən 300 metrlik məsafədən iplə dartmalı olduq. Çox gərgin rejimlə işlədik, 1 həftə davam edən gecə çəkilişlərimizin yorğunluğuna baxmayaraq çəkiliş prosesindən razıyam. Amma etiraf etməliyəm ki, tarixi və geniş həcmli film üçün bu çox qısa zaman kəsiyidir. Heç bir yerli tarixi film belə qısa müddətdə çəkilməyib. Hazırda filmin tamamlama işləri gedir. Post-prodakşın işləri, yəni rənglərin tənzimlənməsi və filmin kinolentinə köçürülməsi işini Almaniyada görürük. Çünki filmin yüksək keyfiyyətlə ərsəyə gəlməsini istəyirik. Filmə gələn ilin ilk aylarında ilk baxış keçiriləcək.

- Necə fikirləşirsiniz, biz tarixi film çəkməyə hazırıqmı?

- Məncə, biz tarixi film çəkməyə hələ hazır deyilik. 1992-ci il yaxın keçmiş olsa da, insanların geyimi, davranışı çox dəyişib. Biz təxmini 5 ilə böyük tarixi filmlərə imza ata bilərik.

- Bildiyimiz qədər, çəkiliş zamanı canlı səsyazmadan istifadə etmisiniz?

- Dünyanın qabaqcıl kino ölkələrində istifadə olunan bu sistem Azərbaycanda az tətbiq olunub. Çəkiliş  zamanı canlı səs yazmaq həm çətin, həm də bahalı işdir. Bu çəkilişin müddətini iki  qat uzadır. Filmdə xarici aktyorlar da rol aldığından bu sistemdən istifadə  qaçılmaz  idi. Çünki  müxtəlif ölkələrdən olan aktyorları ayrıca səsləndirmə  üçün çağırmaq istəmədik. Qeyd  edim ki, seçimlərdə  filmə uyğun səs tembri olan aktyorlara xüsusi diqqət yetirdik. Ona görə, əminliklə deyə bilərəm ki, filmdə aktyorların səsləri olduğu kimi qalacaq.

- Aktyor seçimində, deyəsən, bu dəfə də ənənənizə  sadiq qalmısınız. 

- Bəli, elə demək mümkündür. Aktyor seçimində xüsusi incəliklə işləmişik. Peşəkar aktyorlarla yanaşı, filmə qeyri-peşəkar, amma obraza uyğun simaları da çəkmişik. Baş qəhrəman roluna müğənni Emil Bədəlov çəkilib. Kameraya çox öyrəncəli olan Emilin biz bu dəfə aktyorluq bacarığını üzə çıxardıq. Məncə, bunu  bacardıq da, amma təbii ki, son sözü tamaşaçılar deyəcək. Bundan başqa, filmdə xalq artistləri mərhum Yaşar Nuri, Fuad Poladov (müstəntiq Səlimov), Emil Bədəlov (Tərlan Seyidzadə), Murad Abdullayev (leytenant Fərhad Məmmədov), Kamran Ağabalayev (mayor Savalyev), Yaqub Hüseynov, Vladimir Yakovlev, Katerina Fedorova, Anna Kostenka çəkiliblər. Onu da qeyd edim ki, filmin quruluşçu operatoru Almaniyadan olan əslən türk Ayxan Salardır. Müştərək işimizin bir səbəbi də yaradıcı qrupun əcnəbi üzvlərinə Azərbaycanda kino sənətinin inkişafını göstərmək, həmkarlarımızla dostluq körpüləri qurmaqdır.  

- Son zamanlar çəkilən filmlər birmənalı qarşılanmır. Peşəkarlar filmləri süni aktyor oyununda, keyfiyyətsiz görüntüdə və digər başqa məsələlərdə günahlandırırlar.

- İndi çəkilən tarixi  filmlərə hamı “alınmadı” damğasını vurur. Niyə? Çünki hamı filmdən “Cəsur ürək” filminin effektini almaq istəyir. Amma bu, mümkün deyil, Azərbaycan böyük filmlər çəkməyə hazır deyil, pavilyon yox, komanda yox. İndi hər şey sıfırdan başlayır və bunu qəbul etmək lazımdı. Filmi çəkmək üçün  sağlam komanda olmalıdır. Mən həmişə rejissoru dirijorla müqayisə edirəm. Simfonik  orkestrdə 122 nəfərin birinin buraxdığı səhv musiqiyə təsir edir, eynilə də filmdə də. Tamaşaçı o səsin hardan gəldiyini bilmir, amma onu eşidir.   qədər ki, bizim komandamız yoxdur, o səhvlər çox olacaq. Məsələnin digər tərəfinə  gələndə, dövlət rejissora pulu verir və deyir ki, xalq üçün film çək. Rejissorun borcudur xalq üçün film çəkmək. Əgər sən-rejissor müəllif filmi çəkmək istəyirsənsə, pulu özün tapmalısan. 

 

- Dövlət xalq üçün film çəkdirir və hazırda ancaq Nizami Kino Mərkəzində bu filmlərə baxmaq mümkündür. Ancaq həmin filmlərin piar-kampaniyası zəif aparılır. Belə şəraitdə də rejissorlar festivallar  üçün film çəkirlər.

- Festivallara potensial azdır. Çəkdiyimiz filmlərin  ən yaxşısını artıq xaricilər çəkib. Festivallar artıq siyasi mövqe alıb, buna görə də, bəzi Avropa festivalları “Niyyət”i “İslamı təbliğ edir” bəhanəsi ilə qəbul etmədilər. Amma mənim üçün belə şeylər əhəmiyyətli deyil. Qarşıma qoyduğum məqsəd Azərbaycan tamaşaçısı üçün film çəkmək idi və bizim tamaşaçılar da filmdən razı qaldılar. Gələn dəfə Avropa festivalları üçün film çəkərəm, onlar da məmnun qalar. Kinomuzun sıfırdan başladığı məqamda festival sabahın, o biri günün işidir. İndi birinci növbədə öz tamaşaçımız üçün film çəkmək lazımdır. Özəl sektor da olmalıdır kinoda. Biznesmenlər kinoteatrlar açsalar, kinonun inkişafına nə qədər kömək etmiş olarlar.

- Film alınmayanda rejissorlar günahı maliyyədə görürlər.

- Bilirsiniz, maliyyə nə zaman rol oynayır, məsələn, aktyoru,  film üçün daha yaxşı geyindirə bildiyim halda, pulun azlığından pis geyindirməyə məcbur olmuşam. Amma rejissorun verdiyi  quruluşu heç bir  pulla əvəz  etmək olmur.

- Kinomuzun gələcəyini necə görürsünüz

- Bir misal çəkim, yolda maşın sürürsən ...getdikcə yollar dəyişir...qarda-yağışda, enişdə - yoxuşda sən sürməlisən. Biz hazırda kinoda sükanı əlində olan rejissorlarıq. Onu hər cür çətinlikdən çıxartmalıyıq. Biz özümüzdən sonra gələn nəslə yol açmalıyıq.  İnanın, o nəsil gəlir və demək istədiklərimizi  başa düşüb,  hiss edirlər. Həmişə demişəm və indi də deyirəm, kinomuz 5 ilə lazım  olan səviyyəyə çatacaq.  Bəziləri film çəkməyin ciddiyyətini, ağırlığını dərk etmədən işə başlamaq istəyir və başlayandan sonra bu ağırlığın altında qalır, amma  bir neçə prodüser mərkəzi öz məhsulları ilə yaxşı filmlərə  imza atıb, bu da o deməkdir ki, ümid var.

 

Nərmin MURADOVA

Paritet.-2012.-20-21 dekabr.-S.13.