Bizim tamaşaçıların çoxu kino seyr etməyə yox, boş vaxt keçirməyə gəlir”

Namiq Quliyev : “Gələcəkdə Azərbaycanın digər şəhərlərində də kinoteatrlar yaratmaq istərdik”

Azərbaycanda ən böyük kinoteatr açılacaq. Burada ən son texnoloji avadanlıqlarla yüksək keyfiyyətli filmlər nümayiş etdiriləcək. “Park Cinema” kinoteatrının rəhbəri Namiq Quliyev “Paritet”ə  müsahibəsində yeni yaradılacaq kinoteatr barədə danışdı və gələn ildən kinoteatrda tətbiq ediləcək yeniliklər barədə maraqlı açıqlamalar verdi.

 -“Park Cinema” kinoteatrı gələn ilə hansı yeniliklərlə gedir?

-Saatlar yerində qalmaqla kinoseanslar artırılıb. Ənənəmizə sadiq qalaraq bütün filmlərin ilk nümayişi, eləcə hər həftənin 4-cü günü 3-4 filmin dünya premyerası olur. Kino aləmində həftə  4-cü gündən başlayır. Buna görə dünya praktikasında həftənin 4-cü günləri premyera günüdür. Dekabrın 20-də yeni formatda ekranlaşdırılan “Hobbit” filminin dünya premyerası oldu. 5-ci zalda nümayiş etdirilən bu ekran əsəri kino tarixində ənənəvi olan bir saniyədə 24 yox, 48 kadrla çəkilib. Bu isə o deməkdir ki, tamaşaçı sanki teatra baxır, filmin qəhrəmanları zalda, tamaşaçı isə filmdə baş verənlərin iştirakçısına çevrilir kimi təəssürat yaranır. Gələn ildən isə iki zalımızda filmlərin saniyədə  60 kadrla nümayiş etdirildiyi yeni proyektorlar qurulacaq. Bu isə daha yüksək keyfiyyət deməkdir.

 -Biletlərin qiymətində dəyişiklik olacaqmı?

-Biletlərin qiymətində heç bir dəyişiklik olmayacaq: səhər seansları 3 manat,  axşam seansları 7 manatadəkdir. Uşaqların qış tətili günlərində 4 yeni cizgi filminin nümayişinə başlanılıb. Bununla yanaşı,  2 aydan çoxdur biletlərin on-line satışına keçmişik. Tamaşaçı internet  saytımıza daxil olaraq filmi, onun nümayiş etdirildiyi günü, saatı zalda əyləşəcək yerini seçərək  istənilən bank kartının nömrəsini lazımı yerə qeyd edir. Sonra müştəriyə 10 rəqəmli İT kod təqdim olunur. Müştəri Park Cinem kinoteatrının kassasına yaxınlaşıb kodu verdikdən sonra ona bilet təqdim edilirdi. Artıq keçən həftədən Park Cinemada yeni aparat quraşdırılıb, müştəri 10 rəqəmli İT kodu aparata daxil edib bileti oradan əldə edir, artıq kassaya yaxınlaşmağa ehtiyac yoxdur. Lakin əlbəttə ki, on-line sistemlə bilet alanlar kassadan bilet alanlardan daha azdır. Bu bizim üçün maraqlıdır. Çünki bu ahlda müştərlərimizin kimliyi, maraq dairəsi haqqında informasiya toplayırıq. Müştərilərin çoxu isə kassaya yaxınlaşmaqla kino haqqında, hətta oturacağı yer haqqında informasiya alır.

 -“Park Cinema” kinoteatrına bonus kartlar zamana qədər paylanacaq?

-Dekabrın 1-dən başladığımız bu layihə uğurla davam edir. Pulsuz paylanan bonus kartların  məqsədi  Park Cinema Klubu yaratmaqdır.  Bu  kartlara bonusların toplanması   3 mərhələdir. Əvvəlcə müştəri qiymətindən asılı olmayaraq aldığı biletin  7,5 faizi kartın bonusuna oturur. 20 faiz bonus əldə edəndə bunu pulsuz biletə dəyişə bilər. Bu zaman ona Qold kart verilir. Burada isə artıq alınan biletin 10 faizi bonusa hesablanır. Beləliklə, bonuslar 20 faizədək artır müştəriyə individual kart təqdim edilir. Biz dünya premyeralarına jurnalistləri dəvət edirik, artıq bundan sonra “Park Cinema”nın fəal üzvləri onlara qoşulacaq. 

-Bir müddət Azərbaycanda kinoya kinoteatrda baxmağa maraq xeyli azalmışdı. Ölkədə  yeni tipli kinoteatr olan “Park Cinema” bu iki ildə bu marağı bərpa edə bildimi? 

-Əsas məqsədimiz kino mədəniyyətini inkişaf etdirmək, gəncləri kinoya alışdırmaqdır. Bunu  isə yalnız yeni filmlərin premyerası ilə bərpa edə bilərdik. “Park Cinema” dünya standartlarına  uyğun yeganə  kinoteatrdır ki, MDB məkanında istifadə etdiyi proyektorlar, cihazlar, filmi nümayiş etdirən bütün texniki avadanlıqlar rəqəmsaldır. Burada  bütün filmlər 3D  formatında nümayiş etdirilir. Hər həftənin 2-ci günü internat   fiziki qüsuru olan uşaqlara pulsuz kino nümayiş etdiririk.

-“Park Cinema”nın  gün ərzində qədər tamaşaçısı olur?

-Səhər saat 10-dan gecə  3-ün yarısınadək filmlər nümayiş etdirilir. Gündə  ən  azı  6-7 seans olur. Biri  VİP olmaqla   800 nəfərlik 6 zalımız var. Filmlərdən asılı olaraq  gün  ərzində 500-dən  1000 nəfərə qədər  tamaşaçımız olur. Yaş həddi 5 yaşından 60  yaşadəkdir.  Animasiya cizgi filmləri, döyüş, eləcə mistika filmlərinə maraq çoxdur. Avropa  filmləri Amerika filmlərini  üstələyir.

 -İstədiyiniz qədər tamaşaçı  auditoriyası toplaya bildiniz?

-Təbii ki, yox. Amma bəzən  kassaların qarşısında bilet almadan gedən insanları görəndə xəcalət çəkirəm. Ona görə   yeni istifadəyə verilən “Metro Park” əyləncə ticarət mərkəzində Azərbaycanın ən böyük kinoteatrı bu ilin sonu, yeni ilin əvvəllərində istifadəyə veriləcək. “Metro Cinema” adlanan kinoteatr 6 zal 1400 nəfərə qədər kreslodan ibarət olacaq. Kinoteatr fevral ayından kinomanlar üçün qapılarını açacaq. Kinoteatr çox bahalı layihədir. Lakin gələcəkdə Azərbaycanın digər şəhərlərində kinoteatrlar yaratmaq istərdik.

 -Film nümayişi siyasətində hansısa sədd varmı?

-Azərbaycan mentalitetinə uyğun olmayan filmləri ekranlara buraxmırıq. Nümayişdən əvvəl filmləri analiz edirik, yaradıcı heyəti haqqında informasiyalar toplayırıq. Əgər müsəlman olan Azərbaycan vətəndaşlarının marağına zidd deyilsə, təqdim edirik. İlk növbədə isə erməni adı keçən heç bir filmi “Park Cinema”ya qəbul etmirik. İşlədiyimiz bütün məşhur kino şirkətləri bunu gözəl bilirlər. “Park Cinema”da Azərbaycan filmlərinə az rast gəlinmir. Bir neçə dəfə Azərbaycan filmlərini nümayiş etdirmişik.

 -Filmlərin nümayişi 3D-dən 6D formatınadək yüksəldi. D-lərin sayının artacağı gözlənilirmi?

-Filmlər ancaq 3D formatda olur. 10D-dək yazılan filmlər görmüşəm. 3D-dən yuxarı artıq film deyil, atraksiondur. Onlar 5-8 dəqiqəlik qısametrajlı atraksion epizodlardır, sanki kreslo tərpənir, yağış yağır, külək hiss edilir. İnsanın gözü yalnız 3 ölçülü görüntünü qəbul edə bilər. 3D-dən yuxarı yazılanlar sadəcə insanları cəlb etmək üçündür.

 -Azərbaycan tamaşaçılarının kinoya baxmaq mədəniyyəti sizi qane edirmi?

-Bu, ən yaralı yerimizdir. Bizim tamaşaçıların çoxu kino seyr etməyə yox, boş vaxt keçirməyə, “facebook”da yazışmağa, telefonla danışmağa, sms yazmağa, söhbət etməyə gəlirlər. İşçilərimiz bunu onlara irad tutanda söz-söhbət yaranır. Heç bir Avropa ölkəsində kinoteatrda heç kim telefonla danışır, söhbət edir. Tamaşaçılarımızın hamısı bizə əzizdir, lakin istərdik ki, kinoya baxmağın qaydalarına əməl etsinlər.

 

Nərmin MURADOVA

Paritet.-2012.-25-26 dekabr.-S.13.