“Şeir də, ilham da hamısı Vətəndə qaldı”

 

 Piruz Dilənçi: “Vətənsizlikdən yorulmuşam, xəstələnmişəm...”

 

“Bir dəfə vətəndən, doğmalardan, sevdiklərimdən, boya-başa çatdığım küçə-bazardan məcburən ayrılıb, Şimali Azərbaycana pənah gətirmişdim. Çox gənc idim. İlk bir-iki il içərisində hər gecə anamı yuxuda görürdüm. Hətta bəzən yuxudan ayılıb, onu ağlarkən başım üstündə görüb, tələsikli atılıb işığı yandırmışdım. Uzun illərdən, yəni  15 ildən sonra bu həyata yeni alışmışdım ki, heç istəmədən Bakını da tərk etməli oldum. Budəfəki ayrılıq daha dəhşətli oldu mənim üçün.  Dünyanın lap bu  biri başında millətimdən və torpağımdan ayrı yaşamağa məhkum etdi təbiət məni. Olduqca xoşbəxt ailəyik, iki oğlum var: Şəhriyar və Atilla. Dünyanın ən gözəl ölkəsinin ən gözəl şəhərində yaşasaq da, xoşbəxt ailə olsaq da, vətənsizlikdən yorulmuşam,  xəstələnmişəm...”. Bu cümlələrin müəllifi, müsahibim uzun müddət Kanadada yaşayan şair Piruz Dilənçidir. 1965-ci ildə Tehranda azərbaycanlı ailəsində anadan olan P.Dilənçinin 14 yaşında ilk kitabı fars dilində böyük tirajla nəşr edilib. Doğulduğu şəhərdə yaşadığı illər müddətində 7 kitabı fars və Azərbaycan dillərində işıq üzü görüb.  İranın “Keyhan” və “Ettelaat” kimi dünya səviyyəli mətbuat orqanlarında onlarla elmi, ədəbi, ictimai və siyasi məqalələri dərc edilib.  Bir neçə il “Varlıq” jurnalı ilə əməkdaşlıq edib. “Bir şair üçün vətən həsrəti ölümdən də ağırdır.  17 yaşım olarkən, Tehranda Cənubi Azərbaycanın çox görkəmli bir şairi var idi: Kərim  Sönməzin “Varlıq” jurnalında 3-4 sətirlik bir sərbəst şeiri çıxmışdı. Şeir eyni ilə belə idi:

 

    “Qulaqlığı həkim qoydu qəlbimə,

      Mənə desin nədən deyir ürəyim.

      Zəhmət çəkmə -dedim, özüm bilirəm

      Vətən deyir, vətən deyir ürəyim”

 

Bir gün ustad şairlə görüşərkən, bu şeir haqda sordum. Dedi qızım İngiltərədə  oxuyarkən yanına getmişdim. Bir ay yanında qaldıqdan sonra xəstələnmişdim. Bir-iki həkimə getdim, hamısı yoxlayıb dedilər ki, sən sağlamsan, heç bir xəstəliyin yoxdur. Sonra bildim ki, doğru deyirlər, mən Vətən xəstəsiyəm...Baxın, bir şair üçün qürbət bu deməkdir”.

İranda təqiblərdən yaxa qurtarmaq üçün 1990-cı il yanvar ayında Şimali Azərbaycana gəlir. O vaxt burada yaşamasına icazə verilməsə də, Anar, Nəriman Həsənzadə, Məmməd Araz və Nəbi Xəzri kimi görkəmli ziyalıların rəsmi və yazılı ərizə, müraciət və zəmanətlərini nəzərə alan KQB (DTK), nəhayət ki, 1991-ci ildə onu “vətəndaşlığı olmayan şəxs” kimi Azərbaycanda qeydiyyata alır. 1991-ci ilin sonlarında “Ədəbiyyat və incəsənət” qəzetində “Ədəbi Təbriz” adlı şöbə yaradıb və bir il müddətində hər nömrədə bir səhifəni həmin ad altında oxuculara təqdim edib. O həmçinin yüzə yaxın sevilən mahnı sözlərinin də müəllifidir. Daha sonra P.Dilənçinin əmək və təşəbbüsü ilə Azərbaycan Dövlət Televiziyasında “Araz-Cənub ədəbiyyatı toplusu” və “Şəhriyar-Cənub ədəbiyyatı toplusu” adlı silsilə proqramlar hazırlandı: “Şəhriyar yalnız Azərbaycanın yox, hətta əsrimizin dünya ədəbiyyatında möcüzəsidir. Mən şeir və ədəbiyyat dünyasına Şəhriyarla daxil olmuşam. 14-15 yaşında olarkən Şəhriyarın şeirlərini, bir-iki il sonra isə şəxsən özünü tanımağa başladım. Daha sonralar isə mənəvi həyatımın ayrılmaz tərkib hissəsi olub bu dahi şəxsiyyət. Böyük oğlumun da adını Şəhriyar qoymuşam”.

Kanadada ədəbi yaradıcılıqla məşğul ola bilirsinizmi? Nə yazırsınız? Vətəndən uzaqda olmaq bu yazılara təsirini göstərirmi?

-Ən yaralı yerimə toxundunuz. Əlbəttə ki, təsirini göstərir. Buraya gəldikdən sonra sanki ulu tanrımız verdiyi ilhamını da məndən əsirgədi. Mənəvi varlığım vətən torpaqlarında qaldı. Sanki hamısı torpaqla bağlı imiş. Vətəndə olarkən, mən şeir yazmırdım, şeir məni yazırdı. Gün olurdu, hətta iki şeir gəlirdi. Amma burada heç ayda biri də gəlmir. Bilirsiniz, Azərbaycanın bir neçə görkəmli bəstəkarı bir çox şeirlərimə mahnılar bəstələyiblər. Ən çox yazanı isə əziz dostum və qardaşım Eldar Mansurovdur. Onun adını təsadüfən çəkmədim. O da, mənimlə hər danışanda eyni ilə sizin sözünüzü  deyir. Zəng edir, mahnı bəstələmək üçün yeni şeirlər istəyir. Deyirəm ay qardaş, vallah şeir də, ilham da hamısı Vətəndə qaldı.

 P.Dilənçi  ədəbi yaradıcılığı ilə bərabər milli-siyasi hərəkatda da fəal iştirak edib.  Bünövrəsi 1991-ci ildə qoyulan CAMAH-ın əsas banilərindən biri olaraq, 1999-cu ilə qədər həmin təşkilata rəhbərlik edib. 1999-cu ildə Təbrizdə milli hərəkatın dalğaları genişləndikdən sonra P.Dilənçi CAMAH Mərkəzi Komitə rəhbərinin birinci müavini, eyni zamanda Bakı Komitəsini sədri təyin edilib. Deyir ki, bütöv Azərbaycan eşqindən heç bir vaxt vaz keçməyib : “17 yaşımdan bu yolda mübarizə aparmaqdayam. Bunun üçün həbslərə, ağır işgəncələrə və nəhayət sürgünlərə məruz qalmışam. Bu, hər bir azərbaycanlı kimi, mənim də ən böyük arzumdur. Əslində bu məsələnin iki tərəfi var: biri bayaq dediyimiz kimi, arzu və istəkdir, o biri isə mövcud dünyamızın böyük güclərinin planları. Qlobal dünyamızda olan həqiqət budur ki, Amerika istəməzsə, dünyanın heç bir yerində hər hansı bir xəritə dəyişikliyi aparmaq mümkün olmaz. Təəssüflə deməliyəm ki, Amerika da hələ ki, bunun tərəfdarı deyil. Şəxsən mən dəfələrlə Amerikanın yüksək səviyyəli  dövlət adamları ilə danışarkən onlar açıqlamalarında bunu etiraf ediblər”.

-Tarixən bölünə-bölünə gələn Azərbaycan bu ağrı-acıları,  haqq səsini ədəbiyyatla dünyaya duyura bilirmi?

-Dilimiz və ədəbiyyatımız başqa kiçik millətlərin dil və ədəbiyyatı kimi dünyada tanınır. Buna görə də, ədəbiyyatla dünya səviyyəsində hər hansı bir irəliləyiş ən azından hələlik mümkün deyil. Ədəbiyyatımız yalnız öz içimizdə duyulur. Uzaq başı türk dilli ölkələrə qədər gedə bilir. Dünyanın böyük və aparıcı ölkələrində hətta Azərbaycanın adını da bilmirlər. Bir ölkəni dünyaya tanıtdırmaq üçün dövlət strategiyası və siyasəti olmalıdır. Hələ ki, bu sahədə çox yol qət etməliyik. Xaricdə millətçi adı altında millətinə xeyir verməyən insanlar çoxdur. Amma elələri də var ki, onların adlarını xüsusi vurğulamaq istərdim. Bir vaxtlar Azərbaycanın Amerikada səfiri olmuş Hafiz Paşayev adlı ziyalımız Azərbaycanı olduğundan da artıq təmsil edirdi. Yalnız bir səfir deyil idi. Bir ziyalı idi, bir  vətəndaş idi, bir millətçi idi, bir sözlə, mükəmməl və ləyaqətli bir şəxsiyyət idi.

-Cənubi Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçısı olmusunuz. Orada baş verən son durumları necə qiymətləndirirsiniz?

-Cənubi Azərbaycanda və ümumiyyətlə İranda durum olduqca ağırdır. İranla qonşu olan ölkələrdə baş vermiş olayların eynisi İranda da gözlənilir. Bu arada isə azərbaycanlılar zamanı qiymətləndirib, gedişat və olaylardan öz milli mənfəətlərinə istifadə etməyi bacarmalıdırlar. Bu da bir az zəif nəzərə çarpır. Artıq Cənubi Azərbaycanda, sözün həqiqi mənasında, hər hansı bir milli-siyasi təşkilat yoxdur. İnsanları təşkilat yönləndirməlidir. Bunun da olmadığı durumda, gedişat bizim xeyrimizə olmaya bilər. Cənubi Azərbaycan xalqına Şimali Azərbaycan və nəhayətdə Türkiyə sahib çıxmalı, himayə etməlidir. Əbülfəz Elçibəy və Heydər Əliyev bizə əllərindən gələn yardımı əsirgəmirdilər. Mənəvi dayaqdan tutmuş, maddi  yardıma qədər. İndi Azərbaycanda da durum fərqlidir, Türkiyədə də. Bir tərəfdən Türkiyənin millətçiləri hakimiyyət və iqtidardan uzaqlaşdırılıb, digər tərəfdən isə, Türkiyə “Kürdüstan” mövzusundan çəkinərək, Cənubi Azərbaycan həqiqətinə görməməzliklə yanaşır.

-Kanadada Azərbaycanı necə təbliğ edirsiniz?

-Kanadada Azərbaycanı təbliğ etmək bir az çətin məsələdir. Artıq 8 ildir ki, Kanadadayam. Vətəndaşlığım verilərkən, hətta buranın dövlət başçısı Stefan Harper şəxsən məni təbrik etdi. Mənə qızıl suyu ilə yazılıb imzalanmış təbrik məktubunu göndərdi. Kanadaya gəldiyim ilk il 3 dildə (Azərbaycan, fars, ingilis) qəzet nəşrinə başladım. Qəzetin adı “Azərbaycanın səsi” idi. Təxminən yarım il davamlı olaraq nəşr etdirdim. Amma  irəli gedə bilmədim. Nə mənəvi, nə də maddi yardım edən yox idi. Bütün zəhmətlərini və xərcini özüm çəkirdi. Burada iranlıların əhatəsi çox genişdir. 6-7 qəzet və jurnalları fars və ingilis dillərində nəşr olunmaqdadır. Ara-sıra münasibətlər olarkən, fürsətdən istifadə edib, həmin qəzetlərdə Azərbaycanla bağlı yazılarımı nəşr etdirirəm.

-Ümumən dünyada Azərbaycan özünü tanıtdıra bilibmi?

-Sizə bir hadisə danışım. Kanada dövlətinin rəsmi bir internet saytı var. Vətəndaşlar nə bilmək istəsələr, oradan oxuyurlar. Bir gün həmin saytda  Azərbaycan haqqında Kanada dövlətinin rəsmi bilgilərini gördüm. Həyatımda bu dərəcə şok olmamışdım! Yazıda uzun nağıldan sonra belə deyirdilər: “Azərbaycana heç  getməyin! Əgər qadınsınızsa, orada cinsi təcavüzə məruz qala bilərsiniz! Əgər kişisinizsə,  getmədən öncə Türkiyədəki səfirliyimizə özünüz barədə məlumat verin ki, hər gün orada sizi yoxlaya bilsin. Paytaxtı olan Bakı şəhərindən qırağa çıxmayın. Çox lüks hoteldə qalın. Axşam olmadan öncə qaldığınız hotelə qayıdın. Avtobus və metroya minməyin. İnsanlardan olan min-bir xəstəlik sizə də bulaşa bilər...” İnana bilirsinizmi? Mən bu yazıları dəfələrlə oxuyub, inanmadım. Kanada dövlətinin əlaqədar idarəsinə zəng etdik. Bu sözlərin yalan olduğunu bildirərək etiraz etdik. Dedilər, buna sizin səlahiyyətiniz yoxdur. Dövlətiniz, səfirliyiniz bizə bilgi verməlidir. Səfirliyimizə zəng etdim. Bir neçə ay müddətində, dəfələrlə  həm Azərbaycan səfirliyinə, həm də Kanada dövlətinə zəng edib saatlarla danışdıq. Nəhayət ki, lazım olan düzəlişləri etdirməyə nail olduq. Mənə elə gəlir ki, Azərbaycan özünü dünyada lazımi səviyyədə tanıtdıra bilməyib. Biz dünya və ya xarici ölkə dedikdə, yaxın qonşularımızı görüb-düşünmüşük. Təbii ki, qonşu ölkələrdə bizim həqiqi varlığımızı mənfi və müsbətlərimizlə tanıyırlar. Amma lazım olan yerlərdə ya bizi tanımırlar, ya da tanıyanlar yalnız mənfi xarakterlərimizlə tanıyırlar. Bu sahədə dövlətimizin planları və strategiyası olmalıdır. Bunun üçün büdcə ayrılmalıdır. Diasporumuz dövlət tərəfindən dəstəklənməlidir. Səfirliklərimizin özəl qrupları olmalıdır.

 

 

Nərmin MURADOVA

 

Paritet.- 2012.- 2-3 fevral - S. 10.