Heykəltəraş
Ömər Eldarovun “Elegiya”
əsəri
1950-60-cı illərdə
müxtəlif ali rəssamlıq məktəblərini
bitirərək dünya və sovet heykəltəraşlıq sənətinin
ənənələrinə, yüksək sənətkarlıq
vərdişlərinə yiyələnmiş istedadlı gənclər
dövrü mühüm
ideya bədii tələbləri ilə
səsləşən əsərlər yaratmaq
uğrunda rəqabətə
girişmişlər. Onların
yaradıcılığı mövzu və
janr müxtəlifliyi, plastik
formanın incəliklərinə nail olmaq cəhətləri ilə özlərindən
əvvəlki heykəltəraşlar nəslinin ənənələrindən
fərqlənməyə başlayırdı. Həmin dövrün orta və gənc
nəslini təmsil edən H.Abdullayeva,
Ö.Eldarov, İ.Zeynalov,
F.Nəcəfov, M.Mirqasımov, T.Məmmədov, E.Hüseynova, və başqalarının
yaradıcılığı belə axtarışlarla səciyyəvi idi.
Heykəltəraş
Ö.Eldarovun yaradıcılığında heykəltəraşlığımızın
bütün janrları inkişaf etmişdir. Biz onun
yaratdığı monumental sənət əsərlərini,
memorial xatirə, portret, kompozisiya və qabartma əsərlərini
bir çox yerlərdə ucaldığını
görürük. Bu da sənətkarın
yaradıcılığına olan sevgidən irəli gəlir.
Heykəltəraş
Ömər Eldarovun ən uğurlu və möhtəşəm
əsərlərindən biri də Zərifə xanım Əliyevanın
qəbirüstü abidəsidir. Heykəltəraş, Zərifə
xanım Əliyevanın obrazına üç
dəfə müraciət etmişdir. Uzun
axtarışdan, Heydər Əliyevlə və ailənin digər
üzvləri ilə məsləhətləşmələrdən
sonra eskizin son variantı müəyyənləşmişdir.
Üç il gərgin
işdən sonra müəllifin “Elegiya” adlandırılan əsəri öz həyatını yaşamağa
başlamışdır. Parlaq bir mühitlə əhatə olunmuş
bu heykəl öz dairəsində
sanki bir məkan
yaradır və bu da plastik həcmlə nəciblik bəxş edir. Burada xeyirxah,
müdrik, nəzakətli qadının
obrazı ümumi ideyanın əsasını
təşkil edir. Müəllif xarakterin əsas cəhətini dəqiq vermişdir ki, bu da şəxsiyyətin əsas
mənasını ifadə edir, qadına
məxsus zərifliyi və ana qəlbinin
ismətini təsvir edir. Tuncdan
hazırlanmış və 1995-ci ildə Fəxri Xiyabanda ucaldılmış bu
heykəl işıq və kölgənin təsiri ilə seyrək
duman içərisindəki kimi təsir bağışlayır. Zərif,
güclə seçilən naxışlar hər bir formanı dəqiq müəyyənləşdirir,
üzünün ifadəsi daim dəyişən canlı bir
insan təsəvvürünü
yaradır. Materialın mikroməkan səthindəki bu hərəkətin nəticəsində heykəl
öz ömrünü
yaşayır.
Ümummilli
liderimiz Heydər Əliyev Zərifə xanım Əliyevanın
heykəli və Ömər Eldarov haqqında qeyd etmişdir. “Görürsünüz,
bu adi əsər deyil. Bu əsərdə məni valeh edən,
sevindirən və məndə böyük hissiyyatlar
doğuran odur ki, bu əsərdə böyük fəlsəfə,
məna vardır. Ən birincisi odur ki, Zərifə
xanımın daxili mənəviyyatını, onun
simasını daxili və zahiri simasını Ömər
Eldarov əks etdirə bilib. Eyni zamanda gözəl heykəltəraş
kimi heykəltəraşlıq sənətinin, məktəbinin,
nəinki Azərbaycan heykəltəraşlıq məktəbinin,
dünya heykəltəraşlıq məktəbinin elementlərini,
yaxud onların müəyyən cəhətlərini bu əsərində
həyata keçirə, tətbiq edə bilib. Bu, heykəltəraşlıq
əsəri kimi mürəkkəb əsərdir.
Çünki burada heykəltəraş üçün,
xüsusən daş, ağ mərmər üzərində
işləyən heykəltəraş üçün
çox çətinliklər vardır.
Gördüyümüz kimi, bu heykəlin çox incə,
nazik, zərif fraqmentləri vardır. Bunların hamısı
bir tərəfdən bir heykəltəraş kimi Ömər
Eldarovun əsərinin dəyərini nümayiş etdirir, amma
eyni zamanda mənim üçün bu mücərrəd əsər
deyil. Mən Zərifə xanımın daxili mənəviyyatını
tam bildiyim üçün görürəm ki, bu əsərdə
bunların hamısı öz əksini nə qədər
tapmışdır. Ona görə də, bu əsər həm
bədii, həm də fəlsəfi xarakter daşıyır,
ən yüksək heykəltəraşlıq səviyyəsini
nümayiş etdirir.”
Heykəltəraş
Ömər Eldarov bu əsəri ilə görkəmli
müasirimiz, məşhur oftalmoloq, tanınmış ictimai
xadim və ən başlıcası, müdrik qadın, həssas
ana olan Zərifə xanımın xatirəsini əbədiləşdirdi.
Bu abidəyə baxanda adama elə gəlir ki, hətta tunca xas
olan sərtlik belə, qəhrəmanın daxili aləmini
duymağa, çöhrəsində sanki hər an dəyişən
ifadəni görməyə mane ola bilmir. Yaratdığı
obraza öz qəlbinin hərarətini bəxş etmək,
bununla da tamaşaçının həmin obrazın daxili aləmini
görməsinə imkan yaratmaq Ömər Eldarov
yaradıcılığının dəsti-xəttinə həmişə
xas olmuş cəhətdir. “Əbədi dünya özü ilə
yaşatmayıb, ancaq şərəflə ömür sürənlər
xatırlanır”.
Məni
ilk növbədə müəllifin öz əsərinə
münasibəti heyran edirdi. O, qəhrəmanına münasibətini
bildirmək üçün əvvəlcə sanki
özünün daxili aləminə nəzər
salırdı. Albomların birində belə bir fikir var idi:
bizlərdən hər birimiz kainatın sirrini ətrafda
axtarır, amma bircə onu bilirəm ki, dərinliklərinə
üz tutanlar azdır. Bu fikrin kimə mənsub olduğunu
bilmirəm, amma bircə onu bilirəm ki, Ömər Eldarov bu
sirri tapıb və onun fərdi yaradıcılıq metodunun
cövhərini məhz bu sirr təşkil edir.
Samir SADIQOV,
sənətşünas
Zaman.-2012.-7-8 fevral.- S.14.