Xocalı soyqırımı haqqında BMT-yə
qətnamə göndəriləcək
Diasporumuz
soyqırımının 20-ci ildönümü ilə
bağlı tədbirlər keçirməyə
hazırlaşır
1992-ci
il fevralın 26-da Ermənistan silahlı birləşmələri
Xocalı şəhərinin yeddi minlik əhalisinə
qarşı soyqırım aktı həyata keçirib. Bu hərbi
təcavüz zamanı Xocalı ağır hərbi texnikadan
şiddətli atəşlər nəticəsində
darmadağın edilərək, dinc sakinlərə
amansızcasına divan tutulub. Bir neçə saat ərzində
613 soydaşımız, o cümlədən 106 qadın, 63
uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə
yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə
yol verilib.
Həmin
kütləvi qırğın həyata keçirilərkən
8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki
valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum
edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər
girov götürülüb. Girov götürülənlərdən
150 nəfərin taleyi indiyədək məlum deyil.
Bu
tarix 20 il öncə Xocalıda baş verib. Daha doğrusu, ermənilər
əvvəlcədən planlaşdırılmış şəkildə
Xocalı şəhərinin yerli əhalisi olan azərbaycanlılara
qarşı törədib. Dünyada öz hüquqi qiymətini
hələ də tam almayan Xocalı soyqırımının
tanıdılmasında Azərbaycan dövləti mühüm
addımlar atır. Müəyyən qədər buna nail də
olunub. Lakin əsas məqsəd 20 il öncə Xocalıda
baş verənlərin dünyaya çatdırılması və
cinayətkarların cəzasını almasıdır ki, bu
işdə də dövlətlə yanaşı, diaspor təşkilatları
konkret nəticələrə əsaslanan tədbirlər
görür. Artıq həmin tarix-20 il öncə 26
fevral tarixində baş vermiş Xocalı
soyqırımının 20 illliyi tamam olur. Bu
soyqırımı baş verəndən bu günə kimi hər
il davamlı olaraq diaspor təşkilatlarımız silsilə
tədbirlər keçirir, dünya ictimaiyyətinin diqqətini
bu hadisəyə cəlb edirlər. 90-cı illərdə zəif
olan diasporumuzun artıq kifayət qədər gücləndiyini,
koordinasiyalı, təşkilatlanmış formada
çalışdığını nəzərə alsaq,
bu istiqamətdə daha mütəşşəkil mübarizənin
apardığını görərik. Belə ki, artıq
diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri
ölkələrin ictimaiyyət nümayəndələrinə,
parlament üzvlərinə bu soyqırımın baş verməsini,
Ermənistanın təcavüzkar dövlət olduğunu
inandırmağı bacarırlar. Təsadüfi deyil ki, Azərbaycan
dövlətnin uğurlu xarici siyasəti və bu siyasətin əsas
hissəsini təşkil edən diaspor fəaliyyətinin nəticəsi
olaraq İslam Əməkdaşlıq Konfransı, bu
yaxınlarda isə Pakistan Senatı Xocalı
soyqırımınına hüquqi qiymət verərək
tanıyıb. Lakin mübarizənin hələ bitmədiyini
yaxşı anlayan diaspor təşkilatlarımızın hər
il olduğu kimi bu il də soyqırımın
ildönümü münasibətilə silsilə tədbilərin
keçirilməsinə hazırlaşır.
Soyqırım haqqında məlumatlar
Murmansk vilayəti hökumətinin rəsmi saytında yerləşdiriləcək
Xocalı
soyqırımının 20 illiyini qeyd etməyə
hazırlaşan diaspor təşkilatlarımızdan biri
Ümumrusiya Azərbaycan Konqresinin Murmansk bölməsidir.
Soyqırımın baş verdiyi tarix yaxınlaşdıqdca
ofisə toplaşan həmvətənlərimiz Azərbaycanın
ən yeni tarixinin faciəli günlərindən birinə -
ermənilərin Xocalıda törətdikləri
soyqırımına həsr olunmuş tədbirlər
planı üzərində işi tamamlamaq üzrədirlər.
Ofisə gələnlər Qarabağ münaqişəsindən
və bu münaqişənin ölkəmiz üçün
ağır nəticələrindən söz açan fotosənədlər,
çoxsaylı nəşrlər, KİV materialları ilə
tanış olurlar. ÜAK-ın regional bölməsinin idarə
heyətinin üzvü Amil Vəliyev ofisin foyesində qurulmuş
fotokompozisiyanı yerli jurnalistlərə şərh edərək
bildirib ki, təpədən-dırnağadək
silahlanmış erməni cəlladları 1992-ci il fevralın
26-na keçən gecə Xocalı şəhəri sakinlərinə
qanlı divan tutublar. Soyqırımında qətlə yetirilənlərlə
bağlı məlumat verən A.Vəliyev bu faciənin Azərbaycan
xalqının tarixinə Xocalı soyqırımı kimi
daxil olduğunu diqqətə
çatdırıb.
“Hərbi
təcavüz zamanı kütləvi qətliam nəticəsində
613 həmvətənimiz, o cümlədən 106 qadın, 63
uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə
yetirilmişdir. O məşum gecə 8 ailə tamamilə məhv
edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə
valideynlərindən birini itirmiş, 487 dinc sakin ağır
yaralanmış, 1275 adam girov götürülmüş, 150
girovun taleyi indiyədək məlum deyil. Dağlıq Qarabağ
münaqişəsi nəticəsində 20 min vətəndaşımız
qətlə yetirilmiş, 50 min insan yaralanmış və əlil
olmuş, ərazilərimizin 20 faizi işğal edilmişdir.
Erməni şovinist dairələrinin XIX-XX əsrlərdə
azərbaycanlılara qarşı mərhələ-mərhələ
həyata keçirdikləri etnik təmizləmə siyasətinin
daha bir təzahürü olan Xocalı soyqırımı
haqqında həqiqətlər dünya ictimaiyyətinə,
xarici ölkələrin parlamentlərinə
çatdırılmalıdır. Azərbaycan xalqına və
bütövlükdə insanlığa qarşı yönəldilmiş
bu cinayət beynəlxalq miqyasda siyasi-hüquqi qiymət
almalıdır”-deyə idarə heyətinin üzvü
vurğulayıb. A.Vəliyev onu da bildirib ki, Murmansk vilayəti
hökumətinin rəsmi saytında və KİV-də XX əsrin
ən dəhşətli faciələrindən biri olan
Xocalı soyqırımı haqqında materiallar yerləşdiriləcək
(AzərTAc).
İsveç parlamentinə və
BMT-yə soyqırımı haqqında qətnamə göndəriləcək
İsveç
Azərbaycanlıları Konqresi də (İAK) fevralın 26-da
Malmö şəhərində Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunmuş anım mərasimi keçirəcək. İAK-a
üzv dərnəklərdən olan, Malmödə yerləşən
“Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti
bu tədbirin yüksək səviyyədə keçirilməsi
üçün geniş proqram hazırlayıb. Tədbirə
İAK-ın Stokholm ofisindən başqa, Linköpinq şəhərində
yerləşən “Babək” dərnəyi (İAK
üzvü), Göteborq şəhərində fəaliyyət
göstərən azərbaycanlılar, eləcə də
Malmödəki bir neçə türk, türkmən dərnəkləri
və təşkilatları da iştirak edəcəklər. Mərasimin
əsas təşkilatçısı “Xəzər” dərnəyinin
sədri və İAK-ın İdarə Heyətinin
üzvü Leyla Kiyanidir. Tədbirdə 1992-ci ilin fevral
ayında Xocalıda ermənilər tərəfindən
törədilmiş dəhşətlər haqqında
danışılacaq və bununla bağlı 20 dəqiqəlik
film nümayiş olunacaq. Bundan əlavə, Qarabağda
döyüşən insanlar çıxış edəcəklər.
Tədbirdə fotosərginin keçirilməsi də
planlaşdırılıb. Azərbaycan və isveç dilində
olacaq tədbirin sonunda İsveç parlamentinə və BMT-yə
soyqırım haqqında qətnamə göndəriləcək
(Trend).
“Azərbaycanlı gənclər
bir məqsəd uğrunda İstanbulda-Taksim meydanında tək
yumruq olacaqlar”
“Hər
il olduğu kimi, bu il də təşkilatımız
dünyanın müxtəlif ölkələrində bu faciəni
dünya ictimaiyyətinə çatdırmaq üçün
çox fərqli tədbirlər nəzərdə tutub. Litva,
Latviya, İngiltərə, Fransa, İtaliya, Macarıstan,
İspaniya, Hollandiya, Belçika, Türkiyə və s.
ölkələrdə təbliğat aksiyaları
planlaşdırılıb. Düzdür, bu il əsas diqqəti
Xocalı soyqırımının Türkiyə Böyük
Millət Məclisi tərəfindən rəsmi
tanınması üçün İstanbulda təşkil edəcəyimiz
on min nəfərlik yürüş-aksiyanın üzərində
cəmləşdirmişik”. Bu barədə isə Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumunun (ASAİF) prezidenti Orxan Əkbərov
APA-ya müsahibəsində bildirib. Qeyd edib ki, digər ölkələrdə
isə təhsil alan gənclərimiz təhsil aldıqları
universitetlərdə dəyirmi masalar, ictimai leksiyalar, bəzi
şəhərlərdə sakit küçə aksiyaları
keçirməklə dünya ictimaiyyətinin diqqətini bu
hadisəyə çəkməyə
çalışacaq.
O.Əkbərov
bu il İstanbul aksiyasının Azərbaycan tarixində
ölkə kənarında keçirilmiş ən
böyük və səs-küylü aksiya olacağına
inandığını bildirib. Bu işdə onlara dəstək
olan inandıqları, güvəndikləri və dəstəklərini
hər an hiss etdikləri Türkiyədə təhsil alan gənclərimizə
xüsusi minnətdarlığını bildirən ASAİF sədri
bu məsələnin təşkilati tərəfini həll
etməyi və aksiyaya qatılacaq insanların yüzlərlə
bayraq, poster, plakat və digər promo materiallar ilə təchiz
etməyi planlaşdırdıqlarını deyib. O.Əkbərov
vurğulayıb ki, bu aksiya siyasi və digər
baxışlarından asılı olmayaraq hər bir azərbaycanlının,
türkün və özünü türk hiss edən hər
bir insanın aksiyasıdır: “Mən əminəm ki, məhz
bu aksiyada bütün azərbaycanlı gənclər bir məqsəd
uğrunda İstanbulda-Taksim meydanında tək yumruq olacaqlar.
Aksiya maraqlı fleş-mobla bitəcək. Tədbir hər
zaman bizə dəstək olan yerli və xarici kütləvi
informasiya vasitələrinin köməyi ilə mediada
işıqlandırılacaq. Bu aksiyanı özünü azərbaycanlı-türk
hesab edən, damarından türk qanı axan, vətənini
sevən, ədaləti dəstəkləyən hər bir kəs
dəstəkləyir. Həqiqətən də bu belədir.
Siyasi düşüncəsindən asılı olmayaraq hər
bir türk anlayır ki, bu, bizim ortaq məsələmiz,
dünyaya çatdırılacaq ən önəmli
problemimizdir”. Onun sözlərinə görə, Xocalıda o
soyuq gecədə amansızca qətlə yetirilmiş 613 nəfərin
haqqı hər birimizin boynundadır: “Bunu hər kəs
anlayır, ona görə də, Türkiyədə fəaliyyət
göstərən tələbə-gənclər təşkilatları,
yerli qurumlar, dərnəklər, siyasi partiyaların gənclər
təşkilatları, fərdi, heç bir təşkilat
üzvü olmayan gənclərimiz və
soydaşlarımızın dəstəyi sonsuzdur. Bu səbəbdən
onlara çox minnətdarıq. Bu məsələyə dəstək
olan hər bir qurum və təşkilatlara təşəkkürlərimizi
bildiririk”.
İstanbulda hər kəs
“Kalbimizde Hocalı-Hepimiz Karabağlı!” deyəcək
O.Əkbərov
onu da qeyd edib ki, aksiyaya qatılmaq sərbəstdir və
heç bir xüsusi tələbə ehtiyac yoxdur: “Qəlbində
vətən sevgisi olan hər bir insan bu aksiyaya qatıla bilər.
Burdan da bizim dostlar böyük bir heyətlə tədbirə
qatılacaq. Həmçinin aksiyaya Avropada yaşayan və təhsil
alan tələbələrimiz və Türkiyənin digər
ölkələrində təhsil alan gənclərimiz
qatılacaqlar. Bizi izləmək üçün “Facebook” səhifəsində
“TÜRKİYE BUNU TANI-UNUTMA HOCALINI” səhifəsinə,
twitter-də @hepimizhocalili, @asaifpress ünvanlarına daxil olmaq
mümkündür. Sual və təklifləri hər kəs
hepimizhocalili@gmail.com ünvanına göndərə bilər”.
Çox
fərqli və maraqlı şüarlarının olduğunu
deyən ASAİF-in sədri “Kalbimizde Hocalı-Hepimiz
Karabağlı!”, “Türkiye bunu tanı-Unutma Hocalını!”
və s. bu kimi şüarların aksiyanın əsasını
təşkil edəcəyini bildirib.
“Əsas
məqsədimiz aksiyanın canlı keçməsinə və
dünyada böyük səs-küy yaratmasına, səsimizin
və sözlərimizin lazımi ünvanlara
çatdırılmasına nail ola bilməkdir. Bu, təkcə
aksiyanı təşkil edənlərin yox, hər birimizin məqsədi
olmalı və “güc birlikdədir” deyib, yumruq kimi birləşib
ümumi məqsədlərimizə addım-addım nail
olmalıyıq”-deyə O.Əkbərov diqqətə
çatdırıb.
Haaqada Xocalı
soyqırımına siyasi qiymətin verilməsi
üçün deputatlarla görüşlər keçirmək
planlaşdırılır
Soyqırımın
20-ci ildönümünü qeyd edəcək diaspor təşkilatlarında
biri də mənzil-qərargahı Amsterdamda yerləşən
Benilüks Azərbaycanlıları Konqresidir (BAK). BAK bu məqsədlə
silsilə tədbirlər keçirəcək. BAK idarə heyətinin
Niderland Krallığının Brabant əyalətinin Tiburq
şəhərində keçirilmiş toplantısında
bununla əlaqədar xüsusi komissiyanın yaradılması
qərara alınıb. İdarə heyətinin qərarına
əsasən, komissiyaya rəhbərlik BAK-ın sədri Sahil
Qasımova, ümumi təşkilatçılıq və nəzarət
işləri isə sədr müavinləri Elsevər Məmmədova,
Ofelya Babayevaya və Musa Pünhana həvalə olunub
(diaspora.gov.az).
7
minlik Xocalı sakininə qarşı ermənilərin törətdikləri
vəhşilikləri Benilüks məkanındakı əhaliyə
çatdıracaq BAK bu gün dünya ictimaiyyətindən
qondarma “erməni soyqırımı”nı tanıtmaq yolunda dəridən-qabıqdan
çıxan ermənilərin özlərinin azərbaycanlılara
qarşı soyqırımı törətdiklərini
çatdırmaqla onların əsl simasını ifşa etməyə
çalışacaqdır. Bu məqsədlə BAK Niderland
Krallığının inzibati mərkəzi hesab edilən
Haaqada ölkə parlamenti qarşısında kütləvi
nümayişlər, parlamentin Xocalı soyqırımına
siyasi qiymətin verilməsi istiqamətində deputatlarla
görüşlər keçirmək
planlaşdırılır. Həmçinin, Amsterdamdakı Yəhudilərin
Tarix Muzeyində azərbaycanlı uşaqların Xocalı
faciəsinə həsr olunmuş rəsm əsərlərindən
ibarət sərginin təşkili, burada Haaqada akkreditə
edilmiş diplomatik korpusun nümayəndələrinin və
Niderlandın siyasətçilərinin iştirakını təmin
etmək, krallığın Soyqırımı İnstitutunda
konfransın, Brüsseldə isə Avropa Parlamentinin və Ermənistan
səfirliyinin qarşısında etiraz aksiyalarının
keçirilməsi nəzərdə tutulub. Bundan əlavə,
Lüksemburq parlamentində Xocalı faciəsinin gündəmə
gətirilməsi və bu hadisələrə siyasi qiymətin
verilməsi istiqamətində silsilə tədbirlərin
keçirilməsi planlaşdırılır.
Asif
NƏRIMANLI
Paritet.-2012.-7-8
fevral.-S.5.