“Regional
əməkdaşlıq Azərbaycanın sonradan
necə inkişaf etməsi üçün çox vacib bir məsələdir”
Rusiya İqtisadiyyat İnstitutu
Postsovet tədqiqatları mərkəzinin rəhbəri Leonid
Vardomski iqtisadi əlaqələrin inkişaf etdirilməsi
üçün Rusiyadakı Azərbaycan diasporunun
imkanlarından istifadə etməyi zəruri hesab edir
Rusiya Elmlər Akademiyası,
İqtisadiyyat İnstitunun Postsovet tədqiqatları mərkəzinin
rəhbəri, iqtisadiyyat elmləri doktoru, professor Vardomski
Leonid Borisoviçin müsahibəsini təqdim edirik:
-Azərbaycan və Rusiya
arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri
necədir?
-Perspektiv
həmişə var. Sadəcə, burada məsələ tələb,
maraq və təklifdədir. Rusiya və Azərbaycan bir-birilərinə
nə təklif edə bilərlər? Hər şey bundan
asılıdır. Məsələn, Azərbaycan Rusiyaya qaz tədarük
edir. Bu, 2 mlrd. kub metr həcmində idi. İndi 4 mlrd. kub
metrdir və gələcəkdə ola bilsin ki, daha da çox
olacaq. Rusiya Azərbaycana hərbi texnika, əczaçılıq
məhsulları təklif edə bilər. Lakin bu da həqiqətdir
ki, bu məhsulları digər ölkələr də Azərbaycana
təklif edə bilər. Məsələn, Türkiyə,
Ukrayna kimi ölkələr. Məsələ seçim, rəqabət
və təklifdədir. Bu gün iqtisadiyyatda sənaye sahəsində
gəlir 5 faizdir. Neft sektorunda gəlir isə 50 faiz
miqdarındadır. Azərbaycan
atom elektrik stansiyası tikmək qərarına gəlsə,
bu zaman Rusiya kömək edə bilər. Eyni zamanda, gəmiqayırma
sahəsini də inkişaf etdirmək olar. Problem ondadır ki,
Rusiyanın özünün də öz texnologiyası yoxdur
və biz bunu xaricdən alırıq. Bu da elə əməkdaşlıqda
olan baryerdir. Eyni zamanada, Azərbaycandan idxal edilən kənd təsərrüfatı
məhsullarına da toxunmaq olar. Lakin burada da rəqabət var.
Türkiyə bazarın, demək olar ki, böyük hissəsini
öz əlində
saxlayır, Moldova və Mərkəzi
Asiya ölkələrindən də gələn məhsullar
var. Bu, rəqabətli bazardır. Müəyyən istiqamətlər
var ki, onları xüsusi olaraq öyrənmək, tədqiq etmək
lazımdır. Lazımdır ki, ölkələrin ticarət-sənaye
palataları görüşsün. Diaspor istiqamətində də
iş görmək, bu əlaqələri inkişaf etdirmək
olar. Rusiyadakı Azərbaycan diasporunu istifadə etmək
lazımdır. Burda bizneslə məşğul olan çoxlu
sayda insanlar var və onlar bilirlər ki, bunu necə inkişaf
etdirmək olar.
-Sizcə, Azərbaycan nə etməlidir
ki, iqtisadi inkişaf tempini 5, ya da 10 ildən - neft resursları
tükənəndən sonra da saxlaya bilsin?
-Hal-hazırda
Azərbaycanın maliyyə vəsaitləri var. Azərbaycan gələcəyə
inamla baxır və yaxın illər ərzində bu valyuta
ehtiyatları bitməyəcək. Burda sual, sadəcə
olaraq, onlarla necə davranmaqdadır. Qonşuluqda analoji
halın olduğu dövlətlər var. Bu, Qazaxıstan və
Türkmənistandır. Demək olar ki, ümumi problemlər
var: maliyyə vəsaitlərini nəyə yatırmaq, nəyi
inkişaf etdirmək və ümumiyyətlə, bu valyuta
ehtiyatlarından necə istifadə etmək. Mən
düşünürəm ki, burada Qazaxıstan və
Türkmənistanın təcrübəsini Qafqaz
spesifikasını hesaba almaqla öyrənmək
lazımdır. Prinsip etibarilə, Azərbaycanın turizm və
nəqliyyat logistikası kimi sahələri inkişaf etdirməsi
üçün böyük imkanları var. Qazaxıstanda
olduğu kimi, informasiya texnologiyaları parkları yaratmaq,
aqrar sahə,əczaçılıq, kosmetika sahələrini
inkişaf etdirmək olar. Ümumiyyətlə, təkcə Azərbaycanın
deyil, bütünlükdə Xəzər hövzəsi
dövlətlərinin bir böyük xammal iqtisadiyyatı var ki, bu sahə də onlara həmin
dövlətin imkanlarından, sərf edə biləcəklərindən
daha çox gəlir verir. Ona görə də, onlar
yaxşı inkişaf edirlər. Fakt budur ki, Azərbaycan
sürətlə inkişaf edir və Azərbaycanda postsovet məkanında
və bəlkə də dünyada ən sürətli
inkişaf tempi var. Son on il ərzində Azərbaycan öz
ÜDM-ni ikiqat artırıb, hətta 2000-ci illə müqayisədə,
ÜDM-də olan artım dörd qat olub.
Məsələn, Türkmənistan
tikiş sənayesini inkişaf etdirir. Türkiyənin köməyi
ilə bu sahə inkişaf edir. Orada turizm və elektroenergetika
da inkişaf edir. Qazaxıstanda isə tamamilə başqa
uğurlar var. Lakin onlarda da kadr sahəsində problemlər
mövcuddur. Onlar Mərkəzi Asiyanın dərinliyində,
bazardan kənardadırlar və bu da onlara çətinlik
yaradır. Lakin Azərbaycan üçün burada problem
yoxdur. Ona görə də, mən düşünürəm
ki, eyni vəziyyətdə olan qonşuların təcrübəsini
öyrənmək lazımdır. Bu dövlətlər əhalinin
sayına görə də yaxındırlar. Buna görə də,
fikirləşirəm ki, Azərbaycan müşahidə etməlidir
və hardasa hətta bu inkişafı köçürməlidir.
Regional
təşkilatlar yaratmaq
olar, lakin bu, çox uzaq bir prosesdir. Xəzərin hüquqi statusu ilə bağlı problemlər var. İndiki halda Qazaxıstanla ikitərəfli və üçtərəfli əlaqələri
gücləndirmək və
aktivləşdirmək lazımdır.
Demək
olar ki, ümumilikdə, Azərbaycanda
da elə bizdə olan çatışmazlıqlar var. Bu da əsasən, ixtisaslı kadrların çatışmazlığıdır.
Eyni zamanda, azad biznesin
aparılması ilə
də bağlı
problem var. Neft meydana çıxan zaman onu iqtisadiyyatın müxtəlif qolları, sahələri arasında bölmək lazımdır.
Bunun üçün isə möhkəm mərkəz
olmalıdır. Lakin hərdən
bu mərkəz özünün elastik davranmaq imkanlarını itirir və vaxtında müəyyən,
lazım olan qərarlar verə bilmir. İnkişafdan danışan zaman
ərəb dövlətlərini
nümunə göstərmək
olar. Məsələn, Birləşmiş Ərəb Əmirliklərini
(BƏƏ). Onlar pul vəsaitlərini
istifadə edirlər,
fondlar yaradırlar, xaricdə banklar alırlar, bir çox sektorlara investisiya yatırırlar.
Yəni, bu zaman Azərbaycanın daxilinə deyil, xaricə, dünya iqtisadiyyatına sərmayə
yatırmaq lazımdır.
Müxtəlif aktivlər almaq
lazımdır ki, bu da seçim
məsələsidir.
-Regional əməkdaşlıq
sahəsində hansı
problemlər mövcuddur?
-Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən
Azərbaycan regionalizasiya
prosesində aktiv iştirak edə bilmir. Yəni, regional birliklər yaratmaq, onlarda iştirak etmək və hansısa yeni əlaqələr qurula bilinmir. Hazırda yeganə optimal kanal Gürcüstan və Türkiyə kanalıdır
ki, bunun da öz problemləri
var. Türkmənistana gəlincə
özü-özlüyündə çətin tərəfdaşdır.
Ona görə də, hesab edirəm ki, Qazaxıstanla fəal işləmək lazımdır. Regional əməkdaşlıq Azərbaycanın
sonradan necə inkişaf etməsi, bu prosesi anlaması
üçün çox
vacib bir məsələdir. Bir daha demək istəyirəm ki, erməni faktoru bu prosesin
qarşısını alır.
-Azərbaycanın
iqtisadi potensialı imkan verə bilərmi ki, yaxın illərdə Azərbaycan müharibəyə
başlasın və Ermənistanın işğalı
altında olan torpaqları azad etsin?
- Azərbaycanın böyük
potensialı var. Lakin müharibəyə başlamaq
lazımdırmı? Əsas sual
budur. Müharibə həmişə böyük risklər daşıyır. Müharibə başlayacaq, Bakı-Tiflis-
Ceyhan neft kəmərini, qaz kəmərini partladacaqlar.
Diversiya qrupları göndərəcəklər
və Gürcüstanın
bütün turizm bölgəsi neft altında qalacaq. Ona görə də, mən bacardığım
qədər müharibə
variantını gündəliyə
çıxarmazdım. Bu məsələni iqtisadi uğurlar və beynəlxalq təşkilatlarda,
beynəlxalq aləmdə
aktiv iş görməklə qaldırmaq
olar. Eyni zamanda, mən
diaspor və başqa vasitələrlə
Ermənistanla da əlaqələri yoluna qoyardım. Mümkün olan qədər
müəyyən işlər
aparmaq lazımdır.
Ola bilər ki,
açıq şəkildə
deyil, amma tərəflərin mövqelərini
aydınlaşdırmaq lazımdır
ki, onlar harada razılığa gələ bilərlər,
harada yox. Eyni zamanda, mədəni,
humanitar əməkdaşlıq
da bu məsələdə
kömək ola
bilər. Həmçinin,
burada üçüncü
tərəf vasitəsilə,
məsələn, Gürcüstan
vasitəsilə iqtisadi
əlaqələr də
mümkün ola bilər. Çünki Gürcüstanda həm azərbaycanlılar
çoxdur, həm də ermənilər.
Əlimərdan SULTANOV
Paritet.-2012.-11-13 fevral.- S7.