5 ildə
Xocalı soyqırımı ilə bağlı 50-yə
yaxın ölkədə 1000-dən artıq tədbir keçirilib
Bu il də diaspor təşkilatlarımız
tərəfindən dünyanın onlarla ölkəsində
soyqırımının 20-ci ildönümü münasibətilə
tədbirlər keçiriləcək
Azərbaycanın
ən ağrılı problemlərindən biri, erməni hərbi
birləşmələrinin 1992-ci ilin fevralın 26-da törətdiyi
Xocalı soyqırımına hələ də dünya
birliyi tərəfindən lazımi qiymətin verilməməsidir.
Bu soyqırımının hüquqi qiymətini alması və
cinayətkarların cəzalanması istiqamətində Azərbaycan
dövləti ilə yanaşı, diaspor təşkilatları
da mübarizə aparır. Müstəqilliyimizin bərpasından
sonra təşkilatlanmış formada, koordinasiyalı şəkildə
fəaliyyət göstərən Azərbaycan diasporu hər
il soyqırımının ildönümü münasibətilə,
o cümlədən, ilin digər vaxtları Xocalı
soyqırımını dünya ictimaiyyətinə
çatdırır, baş verənləri tarixi faktlarla
nümayiş etdirir. Diaspor təşkilatlarının bu
istiqamətdə fəaliyyəti, gördükləri işlər,
keçirilən tədbirlər haqqında Diasporla İş
üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci
ilin iyun ayının 5-də Bakıda keçirilən
Dünya Azərbaycanlılarının III Qurultayı
münasibətilə nəşr olunan “Qurultaya hesabat”
kitabında ətraflı məlumat verilib. Belə ki, kitabda
Dünya Azərbaycanlılarının II Qurultayının
keçirildiyi 2006-cı ildən III Qurultaya qədər olan
vaxtı əhatə edən məlumatlarda Xocalı
soyqırımı ilə bağlı diaspor təşkilatlarımızın
keçirdiyi tədbirlər illər üzrə yer alıb.
2006-cı il: Xocalı
soyqırımının 14-cü ildönümü müxtəlif
ölkələrdə qeyd olunub
Xocalı
soyqırımının 14-cü ildönümünün
qeyd olunduğu 2006-cı ilin fevral ayında Azərbaycan
Türk Kültür Mərkəzinin təşəbbüsü
ilə Haaqada yerləşən Beynəlxalq İnsan
Haqları Məhkəməsinin qarşısında mitinq
keçirilib. Mitinqə Hollandiyada fəaliyyət göstərən
Azərbaycan və türk diaspor təşkilatları
qatılıb. Polşada da bu ölkədəki Azərbaycan səfirliyinin,
Azərbaycan-Polşa Mədəniyyət
Assosiasiyasının, Azərbaycan-Polşa Mədəniyyət
Cəmiyyətinin, Demokratik Azərbaycan Təşkilatının
və Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin
iştirakı ilə soyqırımı ilə əlaqədar
anım mərasimi keçirilib.
Özbəkistanın
Daşkənd şəhərində “Azərbaycan Evi”, Azərbaycanlıların
Milli-Mədəni Mərkəzlərinin Assosiasiyası və
Azərbaycan Gənclər Təşkilatı bu ölkədəki
Azərbaycan səfirliyi ilə birlikdə
soyqırımına həsr olunmuş konfrans keçirib.
Soyqırımının ildönümü ilə əlaqədar,
Türkiyədə də müxtəlif tədbirlər
keçirilib. İstanbul-Azərbaycan Kültür və
Dayanışma Dərnəyi azərbaycanlı tələbələrin,
diplomatik korpusun nümayəndələri və ictimai xadimlərin
iştirakı ilə İstanbulda soyqırımının
14-cü ildönümünü qeyd edib. Tədbir Türkiyənin
İzmir, İzmit, Ankara, Adana və digər şəhərlərində
də təşkil olunub.
Kanadada
Azərbaycan Təşkilatları Federasiyası tərəfindən
isə Xocalı soyqırımını əks etdirən,
soyqırımı haqqında məlumatların yer
aldığı xüsusi kart nəşr olunaraq Kanadanın
parlament və rəsmi qurumlarına, həmçinin, bir
çox ölkələrin parlamentlərinə, beynəlxalq
təşkilatlara göndərilib. Federasiya üzvləri
Kanada parlamentinin binası və Ermənistanın Kanadadakı
səfirliyi qarşısında ermənilərin
xalqımıza qarşı törətdikləri
soyqırımı və terror aktlarınıa etiraz olaraq
mitinq də keçiriblər. Almaniyanın Mayns şəhərində
isə “Soyqırımlar tarixi və Qərbin erməni
iddiaları” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Almaniyanın bir sıra nüfuzlu ictimai xadimləri, habelə
kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirakı etdiyi konfransda Xocalı soyqırımı
haqqında həqiqətlər alman cəmiyyətinə
çatdırılıb.
2007-ci il: Soyqırımına həsr
olunmuş etiraz aksiyaları, konfranslar, anım mərasimləri,
sərgilər təşkil olunub
Xocalı
soyqırımının baş verməsinin 15 ili tamam
olduğu 2007-ci il tarixində də diaspor təşkilatları
silsilə tədbirlər keçirib. Bu tədbirlərə
Heydər Əliyev Fondu xüsusilə dəstək göstərib.
Belə ki, Fond soyqırımının 15-ci
ildönümü ilə əlaqədar xarici ölkələrdəki
Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və
sənədlərlə təmin edib. Fondun keçirdiyi tədbirlərə
diaspor təşkilatları da dəstək veriblər.
Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən
soyqırımı aktı kimi tanınması
üçün diaspor təşkilatlarımız Azərbaycanın
səfirlikləri ilə birlikdə keçirilən tədbirlərdə
Fond tərəfindən hazırlanan təbliğat vasitələrinin
yayılmasında fəal iştirak ediblər. Kitabda bildirilir
ki, Xocalı soyqırımı haqqında məlumatları
dünya ictimaiyyətinə çatdırmaq məqsədilə
2007-ci ildə dünyanın müxtəlif ölkələrində
tədbirlər təşkil edilib. Belə ki, DİDK dəstəyi
ilə Benilüks Azərbaycanlıları Konqresi Niderland
Krallığının Haaqa şəhərində beynəlxalq
konfrans təşkil edib, Amsterdam şəhərində
böyük yürüş-mitinq keçirilib. Bununla
yanaşı, Helsinki şəhərində Finlandiya-Azərbaycan
Dostluq Cəmiyyəti, Çexiyada fəaliyyət göstərən
“Azəri-Çex” Cəmiyyəti, Almaniyanın Köln şəhərində
Almaniya Azərbaycan Kültür Ocağı, Hedelberq şəhərində
Azərbaycan Kültür Cəmiyyəti, Böyük
Britaniyada London-Azərbaycan Gəncləri Klubu, Danimarkanın
Hillerd şəhərində Azərbaycan-Danimarka Dostluq Cəmiyyəti,
Parisdə Azərbaycan-Fransa Gənclik Assosiasiyası, Strasburq
şəhərində “Azərbaycan evi”, İsveçin
Stokholm şəhərində Dünya Azərbaycanlıları
Konqresi, Höteborq şəhərində İsveç-Azərbaycan
Federasiyası, Norveçdə “Xəzər-Yanvar” dərnəyi,
İsveçrədəki Azərbaycanlıların Mədəniyyət
Mərkəzi, Tallində “Aydan” Eston-Azərbaycan Mədəniyyət
Mərkəzi və digər ölkələrdəki diaspor təşkilatlarımız
tərəfindən soyqırımına həsr olunmuş
etiraz aksiyaları, konfranslar, anım mərasimləri, sərgilər
və s. tədbirlər təşkil edilib.
2008-ci il: Soyqırımı ilə
bağlı dünyanın 60-dək şəhərində tədbirlər
təşkil olunub
Xocalı
soyqırımının 16-cı ildönümü ilə əlaqədar
isə 2008-ci ildə dünyanın 60-dək şəhərində
Azərbaycan diaspor təşkilatları tərəfindən
müxtəlif tədbirlər təşkil olunub. Fevralın
21-də Niderlandda fəaliyyət göstərən Azərbaycan
icma və birliklərinin dəstəyi ilə “NED3” yerli
televiziya kanalında Azərbaycan haqqında 3 hissədən
ibarət film nümayiş edilib. Filmdə Azərbaycanın təbiəti,
tarixi, inkişafı ilə yanaşı, Xocalı
soyqırımı, məcburi köçkün və
qaçqınlar haqqında süjetlər əks olunub.
Fevralın 23-də Nyu-York şəhərində Türk Mərkəzinin
binasında Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr olunmuş konfrans və fotosərgi
keçirilib. Azərbaycan və Türkiyə diplomatik
korpuslarının rəsmi nümayəndələri və
ictimai xadimlərin iştirak etdiyi tədbirdə Xocalı
soyqırımı, Dağlıq Qarabağ münaqişəsi
haqqında iştirakçılara ətraflı məlumat
verilib. Fevralın 24-də isə Haaqada Niderlandda fəaliyyət
göstərən Holland-Azəri-Türk Dərnəyinin təşəbbüsü
və Heydər Əliyev Fondu, Azərbaycanın
Niderlanddakı səfirliyi, DİDK-nin dəstəyi ilə
soyqırımı şəhidlərinə həsr olunmuş
abidənin açılışı olub. Qeyd edək ki, bu,
Azərbaycanın xaricində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə ucaldılmış ilk abidədir.
Abidənin açılışı münasibətilə
keçirilmiş tədbirdən sonra diaspor təşkilatlarının
toplantısı keçirilib, o cümlədən, Heydər Əliyev
Fondunun diaspor təşkilatlarına göndərdiyi rəsm əsərlərindən
ibarət sərgi təşkil olunub.
Fevralın
25-də Vaşinqtonda soyqırımla bağlı
Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi,
Amerika-Azərbaycan Ticarət Palatası və Amerika Azəbaycanlıları
Şəbəkəsinin (USAN) təşkilatçılığı
ilə Ermənistan səfirliyi binasının
qarşısında piket keçirilib. Aksiyada Vaşinqton,
Merilend və Virciniyada fəaliyyət göstərən azəri
diaspor təşkilatlarının nümayəndələri və
tələbələr iştirak ediblər.
Fevralın 26-da isə, Azərbaycanın
BMT-dəki Daimi Nümayəndəliyinin binasında Azərbaycan
diasporunun fəal nümayəndələrinin iştirakı
ilə keçirilmiş anım mərasimində diplomatlar,
ictimaiyyət nümayəndələri, xarici media təmsilçiləri
və digərləri iştirak ediblər.
Fevralın
26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini
Mayns, Brüssel şəhərində, Nyu-Yorkda, Kanadanın
Toronto şəhərində də diaspor təşkilatlarımız
tərəfindən anılıb, aksiyalar təşkil olunaraq
soyqırımı törədənlərin cəzalandırılması
tələb olunub.
2009-cu il: “Xocalıya Ədalət”
kampaniyası dünyanın 100-dən artıq şəhərində
aparılıb
Kitabda 2009-cu ilin Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeavnın təşəbbüsü
ilə 2008-ci ilin may ayından başlayan “Xocalıya ədalət”
kampaniyasının daha geniş vüsət aldığı
il kimi göstərilir. Bu kampaniya çərçivəsində
dünyanın bir çox ölkələrində Xocalı
soyqırımı ilə bağlı həqiqətləri
yaymaq məqsədilə etiraz aksiyaları, elmi-praktiki
konfranslar və digər tədbirlər həyata
keçirilib. Azərbaycan diaspor təşkilatlarının
da fəal şəkildə iştirak etdiyi kampaniya
dünyanın 100-dən artıq şəhərində təşkil
olunub. Bununla yanaşı, Litvada slaptai.lt internet saytında ermənilərin
Azərbaycan xalqına qarşı törətdiyi
soyqırımı və terror aktlarından bəhs edən
“Erməni terroru” sənədli filmi nümayiş olunub.
Fevralın 20-də isə, Londonda parlament önündə
soyqırımının 17-ci ildönümünə həsr
olunmuş piket keçirilib. Piketdə faciəni törədənlərə
qarşı etiraz şüarları səsləndirilib,
soyqırımı ilə bağlı məlumat vərəqələri
paylanılıb. Fevralın 22-də “Qarabağ”, “Odlar yurdu”, “Ərk”,
“Azərbaycan” cəmiyyətlərinin təşkilatçılığı
ilə Stokholmun mərkəzi meydanında mitinq keçirilib.
Fevralın 23-da İçveçdə fəaliyyət
göstərən AFİ təşkilatı İsveç
parlamentinə ünvanlanmış müraciətlər qəbul
edib. Mürciətdə Xocalı soyqırımı, eləcə
də Qarabağ münaqişəsinə dair həqiqətlər
yer alıb. Almaniyadakı Azərbaycanlıların Koordinasiya
Mərkəzi fevralın 26-da Berlində
soyqırımının 17-ci ildönümü münasibətilə
anım mərasimi keçirib. 1992-ci il 26 fevral
gününün dəhşətlərini əks etdirən
“Xocalı soyqırımı” adlı sənədli film
nümayiş etdirilib. Azəri diasporunun təşkilatçılığı
ilə fevralın 24-də “Kanal Avropa”da (Düsseldorf),
fevralın 25-də TGRT-də (Franfurkt), fevralın 27-də isə
Foks TV-də Xocalı soyqırımı ilə bağlı
verilişlər efirə gedib. ABŞ-da da Azərbaycan diasporu
Xocalı soyqırımı ilə bağlı etiraz
aksiyası təşkil edib. Aksiyada Ermənistanın təcavüzkarlıq
siyasətini pisləyən şüarlar səsləndirilib.
Amerika azərbaycanlıları beynəlxalq ictimaiyyəti
Xocalı soyqırımına hüquqi və siyasi qiymət
verməyə çağırıblar.
2010-cu il: Soyqırımının
tanıdılması üçün bütün vasitələrdən
istifadə edilib
Xocalı
soyqırımının 18-ci ildönümünün qeyd
olunduğu 2010-cu ildə soyqırımının daha mütəşəkkil
formada tanıdılması üçün Heydər Əliyev
Fondu xarici ölkələrdəki Azərbaycan icma və
birliklərini müvafiq məlumatlar və sənədlərlə
təmin edib. Əsas məqsəd soyqırımının
növbəti ildönümünün yüksək səviyyədə
qeyd olunması və faciənin əsl mahiyyətinin dünya
ictimaiyyətinə çatdırılmasıdır.
“Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat
kampaniyası bu il ərzində də aparılıb.
Kampaniyaya uyğun olaraq, dünyanın bir çox ölkələrində
etiraz aksiyaları, elmi-praktiki konfranslar və digər tədbirlər
təşkil edilib. 2010-cu ilin fevralın 19-da Almaniyada fəaliyyət
göstərən AAKM tərəfindən internet vasitəsilə
federal parlament və Almaniya siyasi partiyalarının funksionerlərinə,
ictimai qurumlara, KİV, QHT-lər, mədəniyyət və
elm xadimlərinə Xocalı həqiqətlərini əks
etdirən müraciət yayımlanıb.
Xocalı
soyqırımı həqiqətlərini daha dəqiq şəkildə
və tarixi faktlara söykənən sənədlər əsasında
geniş Litva ictimaiyyətinə çatdırmaq, elmi, siyasi və
akademik dairələrdə, həmçinin, din və mədəniyyət
təşkilatlarında obyektiv rəylər yaratmaq məqsədilə
AMEA-nın İnsan Hüquqları İnstitutunun
hazırladığı “Erməni terror və quldur birləşmələrinin
bəşəriyyətə qarşı cinayətləri
(XIX-XXI)” müxtəsər xronoloji ensiklopediyasından Litva dilinə
tərcümə edilən geniş parçalar və
soyqırımı faktlarının illüstrasiyalı
görüntüləri internet saytlarında yerləşdirilib.
Bununla yanaşı, İsveçdə fəaliyyət
göstərən İsveç-Azərbaycan Federasiyası və
İsveç Azərbaycanlıları Konqresi tərəfindən
Qarabağ Komitəsi yaradılıb. 27 fevral 2010-cu il tarixində
Stokholmun Sergelstorq meydanında Qarabağ Komitəsinin təşkilatçılığı
ilə Xocalı soyqırımı və Qarabağın
işğalına etiraz mitinqi keçirilib.
2011-ci il: Soyqırımı
törədənlərin cəzalandırılması
üçün beynəlxalq ictimaiyyətə müraciətlər
qəbul olunub
Bu
ildə də Xocalı soyqırımının 19-cu
ildönümü ilə bağlı dünyanın müxtəlif
ölkələrində diaspor təşkilatları tərəfindən
tədbirlər keçirilib. Fevral ayı ərzində
Ukraynanın Nikolayev şəhərində Xocalıda qətlə
yetirilmiş insanların yad edilməsi, soyqırımı həqiqətlərinin
Ukrayna ictimaiyyətinə çatdırılması məqsədilə
tədbir keçirilib. Ukraynanın I kanalı tərəfindən
Xocalı soyqırımı haqqında hazırlanan sənədli
film nümayiş etdirilib. Simferopol şəhərinin mərkəzi
kitabxanasında da Xocalı qurbanlarının xatirəsinə
həsr olunmuş tədbir keçirilib.
Amerika-Azərbaycan Şurası tərəfindən
ABŞ konqresmenlərinə Xocalı soyqırımından bəhs
edən məktublar göndərilib. Şimali Azərbaycan Mədəniyyət
Mərkəzi Azərbaycanın Los-Ancelesdəki konsulluğu
ilə birgə San-Fransisko şəhərində
soyqırımına həsr olunmuş anım mərasimi
keçirib. Mayamidə Florida Beynəlxaq Universitetində
Amerika-Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə
isə azəri diasporunun üzvləri tələbə və
müəllim heyəti qarşısında Xocalı
soyqırımı haqqında məruzələrlə
çıxış ediblər.
“Xocalıya
ədalət” kampaniyası çərçivəsində
Türkiyənin müxtəlif şəhərlərində
Türkiyə-Azərbaycan Dərnəyi və TSAM imzatoplama
kampaniyası aparıb. Qazaxıstanda isə Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə Astana və Almatı şəhərlərinin 11 vilayətində
soyqırımının 19-cu ildönümü ilə
bağlı silsilə tədbirlər keçirilib. Eyni
zamanda, İsraildə İsrail-Azərbaycan Beynəlxalq
Assosiasiyası tərəfindən təşkil olunan Knessetin
deputatları, siyasi və ictimaiyyət təşkilatlarının
rəhbərliyi, səfirlik və diplomatik nümayəndələrinin
iştirakı ilə anım mərasimi keçirilib.
Son 5 il ərzində diaspor təşkilatlarımız
tərəfindən Xocalı soyqırımının
tanıdılması ilə bağlı aparılan işlərə
nəzər yetirdikdə məlum olur ki, diasporumuz bu istiqamətdə
dünyanın 50-yə yaxın ölkəsində aksiya,
mitinq, elmi-praktiki konfrans, sərgi, ümumilikdə 1000-dən
çox tədbir keçirilib.
Ukraynada “Xocalı ayı” çərçivəsində
tədbirlərə Xarkov şəhərində start verilib
Diaspor
təşkilatlarımız bu il də
soyqırımının 20-ci ildönümü ilə
bağlı silsilə tədbirlər keçirməyə
hazırlaşır. DİDK-dən qəzetimizə verilən
məlumata görə, Xocalı faciəsinin 20-ci
ildönümü münasibəti ilə dünyanın
onlarla ölkəsində tədbirlər, soyqırımı
qurbanlarının anım mərasimləri, sərgi və
konfranslar, kütləvi aksiyalar keçiriləcək. Belə
ki, Rusiyanın Moskva və digər şəhərlərində
Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyi və AMOR-un təşkilatçılığı
ilə anım mərasimləri, dəyirmi masa və konfranslar
keçiriləcək, Xocalıda dinc əhalinin qətlə
yetirilməsini əks etdirən fotosərgilər, sənədli
filmlər nümayiş etdiriləcək: “Fevralın 26-da AMOR
tərəfindən Moskvada “Xocalıya ədalət” çərçivəsində
Rusiyanın ayrı-ayrı regionlarında
soyqırmının 20-ci ildönümünə həsr
olunmuş tədbirlər təşkil olunacaq. Xocalı faciəsinin
ildönümü münasibəti ilə tədbirlər
Ukrayna, Belarusiya, Estoniya, Litva, Latviya və Moldavada da baş
tutacaq. İslam Konfransı Gənclər Forumunun və Ukrayna
Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü
ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub ki,
artıq bu tədbirlərə Xarkovda start verilib.
Fevralın 25-də, həmçinin,
UAK-ın təşkilatçılığı ilə Kiyev
şəhərində soyqırımının 20-ci
ildönümünə həsr olunmuş anım mərasimi də
keçiriləcək.Ayın 26-da Minskdə Belarusiya Azərbaycanlı
İcmaları Konqresi, 27-də isə Kişinyov şəhərində
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı
ilə soyqırımı qurbanlarının xatirəsinə
həsr olunmuş tədbirlər keçiriləcək, yerli
KİV-də soyqırımı ilə bağlı materiallar
dərc olunacaq: “Fevralın 24-də Vilnüsdə Litva Azərbaycanlıları
Cəmiyyəti, fevralın 25-də Tallində “Aydan” Estoniya-Azərbaycan
Mədəniyyət Mərkəzi Azərbaycanın bu ölkədəki
səfirliyi ilə birgə soyqırımı qurbanlarının
xatirəsini anacaq. Avropanın ayrı-ayrı ölkələrində,
o cümlədən, Almaniya, Fransa, İtaliya, Danimarka,
İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan,
Finlandiya, Çexiyada keçiriləcək tədbirlərdə
bu ölkələrdəki azəri diasporu ilə
yanaşı, türk, yəhudi icmalarının, eləcə
də adıçəkilən ölkələrin
ictimai-siyasi təşkilatlarının, həmçinin,
parlamentlərinin nümayəndələrinin
qatılacağı gözlənilir. Azərbaycanlı
diasporunun Almaniyadakı Mərkəzi Şurası tərəfindən
soyqırımının tanıdılması məqsədilə
fevralın 10-dan başlayaraq, Berlində “Biz sülh istəyirik”
adlı silsilə rəsm müsabiqələrinə start
verilib. Fevralın 11-də Almaniyanın Hamburq şəhərində
Saksen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyəti təşkilatçılığı ilə
soyqırımının 20-ci ildönümünə həsr
olunmuş boks turniri keçirilib, yarışı izləyən
600-dən artıq tamaşaçıya Xocalı
soyqırımı haqqında məlumat verilib. Maqdeburq şəhərində
fevralın 17-də Almaniya Sosial Demokrat Partiyasının
toplantısında soyqırımına dair məruzə təqdim
olunub, fevralın 18-də soyqırımı
qurbanlarının xatirəsinə həsr olunmuş avtomobil
yürüşü keçirilib. Fevralın 26-da isə alman
yazıçısı Rolf Kunşun alman dilində nəşr
olunmuş “Xocalı” kitabının təqdimat mərasimi
keçiriləcək”.
Diasporumuz Avropa Komissiyasının
önündə “Hamımız xocalılıyıq!
Hamımız türkük!” deyəcək
Bu
ayın 24-də Berlində Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin və Atatürkçü
Düşüncə Dərnəyi Berlin-Brandenburq Cəmiyyətinin
təşkilatçılığı ilə
soyqırımının 20-ci ildönümünə həsr
olunmuş “Qafqazda sülhün qorunması və Türkiyə-Azərbaycan
münasibətləri” mövzusunda konfransın da keçiriləcəyi
qeyd olunan məlumatda bildirilir ki, fevralın 25-də isə
Berlin-Bakı Qalereyası Bakı Pantomima teatrı ilə birgə
Berlində soyqırımına həsr olunmuş foto və rəsm
sərgisi təşkil edəcək,
tamaşaçıların diqqətinə soyqrımından
bəhs edən ədəbi-bədii kompozisiya təqdim edəcək:
“Fevralın 25-də Berlində Azərbaycan Evi, Almaniya-Azərbaycan
Həmrəylik Cəmiyyəti, AAKM birgə təşkilatçılığı
ilə soyqırımının 20-ci ildönümü
münasibətilə etiraz aksiyası baş tutacaq. O cümlədən,
soyqırımının 20-ci ildönümünə həsr
olunmuş tədbirlər Almaniyanın Drezden, Kassel, Hannover və
Mayns şəhərlərində də keçiriləcək.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında fəaliyyət göstərən Avropa-Azərbaycan
Cəmiyyəti də soyqırımının 20-ci
ildönümü ilə bağlı silsilə tədbirlər
keçirəcək, bununla yanaşı, fevralın 22-də
Londonda soyqırımına həsr olunmuş rəsm əsərlərin
ən ibarət sərgi təşkil edəcək. BAK tərəfindən
isə, fevralın 22-də Amsterdamda azərbaycanlı
uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən
ibarət sərgi, fevralın 23-də Haaqada “Uşaq rəsm sərgisi”
təşkil ediləcək. Fevralın 28-də BAK-ın təşkilatçılığı
ilə Brüsseldə soyqırımının 20-ci
ildönümü münasibətilə mitinq keçiriləcək.
Brüsseldəki Place Schuman meydanında Avropa
Komissiyasının önündə saat 13.00-15.00 arasında
keçiriləcək “İnsanlıq ayıbı Xocalıya ədalət
mitinqi”ndə “Hamımız xocalılıyıq!
Hamımız türkük!” şüarlarının sədaları
altında ölkədə fəaliyyət göstərən
azəri və türk diaspor təşkilatlarının,
siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin
iştirakı planlaşdırılıb”. Məlumata görə,
fevralın 25-də İsveçin Malmö şəhərində
İAK-nin təşkilatçılığı ilə
soyqırımına həsr olunmuş konfrans, fevralın 26-da
Stokholm şəhərində Azərbaycan Federasiyası
İsveçin təşkilatçılığı ilə
seminar keçiriləcək. Fevralın 26-da isə, AFİ tərəfindən
Stokholmda soyqırımının 20-ci ildönümünə
həsr olunmuş kütləvi etiraz aksiyasının
keçirilməsi planlaşdırılıb: “Fevralın
26-da, həmçinin, ASAİF təşkilatçılığı
ilə İngiltərə, Misir, İtaliya, Fransa, Niderland və
Kanadada soyqırımının 20-ci ildönümü ilə
bağlı tədbirlər keçiriləcək. Fevralın
25-də Danimarka və Rumıniyada, fevralın 26-da Finlandiya və
Macarıstanda soyqırımı qurbanlarının xatirəsi
anılacaq. Fevralın 25-də Praqanın Sülh meydanında
“Azəri-Çex” Cəmiyyətinin təşkilatçılığı
ilə “Xocalıya ədalət”
çərçivəsində kütləvi etiraz
aksiyasının keçirilməsi
planlaşdırılıb.
Gürcüstan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstanda da anım mərasimləri, konfrans
və sərgilər təşkil olunacaq. Belə ki,
fevralın 26-da Qazaxıstanın Astana şəhərində
Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri
İttifaqının təşkilatçılığı
ilə “Xocalı soyqırımı-XX əsrin dəhşətli
faciəsi” mövzusunda konfrans keçiriləcək”.
“Türkiyə bunu tanı, unutma
Xocalını” şüarları səslənəcək
Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə
tədbirlərin Türkiyənin bir sıra şəhərlərində
də keçiriləcəyi bildirilən məlumatda qeyd
olunur ki, fevralın 26-da İstanbulun Taksim meydanında
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin,
ASAİF, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin,
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının, Azərbaycan və Türkiyə
qeyri-hökumət təşkilatlarının, KİV
nümayəndələrinin iştirakı ilə ““Türkiyə
bunu tanı, unutma Xocalını” süarı ilə
izdihamlı yürüş-mitinqin keçirilməsi
planlaşdırılıb. “Fevralın 26-da Misirin paytaxtı
Qahirədəki Eyn-əş-Şəms Universitetində Qahirə-Türk
Araşdırmalar Mərkəzinin Azərbaycanın Misirdəki
səfirliyi ilə birgə təşkil etdiyi konfrans, Dubayda BƏƏ-də
fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin
təşkilatçılığı ilə elmi-praktiki konfrans, Küveytdə “Vətənsevər”
Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin
təşkilatçılığı ilə anım mərasimi
keçiriləcək”-deyə DİDK-dən bildirilib.
Soyqırımının 20-ci ildönümü münasibətilə
tədbirlərin ABŞ-ın Nyu-York, Los-Anceles, San-Fransisko,
Hyuston şəhərlərində də təşkil
olunacağı vurğulanan məlumatda Amerikadakı diaspor təşkilatlarımızın
təşkil etdiyi tədbirlərdə türk, yəhudi və
digər icmaların nümayəndələrinin iştirak edəcəyi
deyilir. Bildirilir ki, soyqırımı qurbanlarının xatirəsi
Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və Meksikada da yad ediləcək:
“Fevralın 26-da Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi təşkilatı
tərəfindən Sidney sakinlərinə əvvəlcədən
istehsal olunmuş üzərində “Xocalı faciəsi-1992-ci
il” yazısı olan köynəklər paylanacaq, Azərbaycan-Yeni
Zelandiya Dostluq Cəmiyyəti tərəfindən anım mərasimi
keçiriləcək. Kanadanın Ottava, London və Kalqari
şəhərlərində diaspor təşkilatlarımızın
təşkilatçılığı ilə
soyqırımla bağlı anım mərasimləri baş
tutacaq”. Fevralın 26-da
soyqırım qurbanlarının xatirəsi Meksikada fəaliyyət
göstərən Latın Amerikasındakı Azərbaycan
Assosiasiyası tərəfindən təşkil olunacaq
anım mərasimində anılacaq.
Asif NƏRİMANLI
Paritet.-2012.-21-22 fevral.-S.12-13.