Moskvada tanınmış rəssam Əsgər Məmmədovun sərgisi keçirilib

 

Moskvada tanınmış azərbaycanlı rəssam, Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Federasiyasının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Əsgər Məmmədovun “Qəlbin iki qanadı” adlı sərgisi keçirilib. Sərgi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

 Fövqəladə və səlahiyyətli səfirimiz Polad Bülbüloğlu açılış mərasimində çıxış edərək azərbaycanlı rəssamının öz tarixi Vətəninin və uzun illər yaşadığı Rusiyanın gözəlliklərini tərənnüm edən yüksək yaradıcılığını Rusiya ictimaiyyətinə təqdim etmək imkanı yaratdıqlarına görə  Heydər Əliyev Fondunakitabxana rəhbərliyinə təşəkkürünü bildirib. P. Bülbüloğlu Əsgər Məmmədovun istedadını yüksək qiymətləndirərək qeyd edib ki, sərgi iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi baxımından vacibdir və əlamətdar hadisədir.                                                                                                                                       

 Kitabxananın baş direktoru Yekaterina Qeniyeva bu kitabxanada Azərbaycan Mədəniyyəti Mərkəzi yaradılmasına və belə gözəl tədbirlər keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O, rəssamı açılış münasibətilə təbrik edərək, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyevin təbrik məktubunu oxuyub.

Sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə bu təşəbbüsü dəstəkləmiş bütün insanlara minnətdarlığını bildiriən Ə. Məmmədov bildirib ki,  sərgi ona görə “Qəlbin iki qanadı” adlanır ki,  burada Azərbaycan və Rusiya nəzərdə tutulur.

Sərginin açılışında iştirak edən digər qonaqlar da sərgi ilə bağlı öz düşüncələrini bölüşüblər. Sərgidə həmçinin Azərbaycan Mədəniyyəti Mərkəzinin direktoru Nisə Mustafayeva, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov çıxış edərək öz təbriklərini bildiriblər.

Sərgidə rəssamın 50-yə yaxın işi, o cümlədən Xocalı faciəsinə, Qarabağ dağlarına, ölkəmizin tarixinin müxtəlif mərhələlərinə həsr edilmiş əsərləri təqdim olunub.  Qeyd edək ki, Ə. Məmmədov əslən Qarabağdandır. O 1945-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub.  Əzim Əzimzadə adına  Rəssamlıq Məktəbində oxuyub. Bir müddət bir çox dövlətləri səyahət edəndən sonra Moskvaya gələrək Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) multiplikasiya fakültəsinə daxil olub. Buranı bitirəndən sonra rejissor kimi 15 sənədli və animasiya filmi çəkib. Buna baxmayaraq o, Azərbaycana qayıdıb və yenidən rəssamlıqla məşğul olmağa başlayıb. Ə. Məmmədov uzun müddət Bakıda fəaliyyət göstərib, Qarabağda altıbucaqlı şəklində üçmərtəbəli qalereya tikdirib. Qarabağın ən məşhur yerlərindən olan qalereya 1992-ci ildə bombalanaraq məhv edilib. 2005-ci ildə isə rəssamın emalatxanasında yanğln baş verib və onun bütün əsərləri, eskizləri yanaraq məhv olub. Lakin buna baxmayaraq, görkəmli rəssam fəaliyyətinə davam edib və hər şeyi yenidən bərpa edib. Hazırda  Moskvada yaşayır.   Ə.Məmmədov yalnız Azərbaycan və Rusiyada tanınmır, onun Kipr, Türkiyə, İspaniya, İsrail və Almaniyada da sərgiləri keçirilib.Hazırda onun çəkdiyi rəsm əsərlərinin çoxu dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyaları və qalereyaları bəzəyir.

Sərgi 2012-ci il martın 11-dək davam edəcəkdir.

 

 

Əlimərdan SULTANOV

 

Paritet.-2012.-21-22 fevral.-S.14.