Ötən il daşınmaz əmlakın ilkin qeydiyyatı 81% artıb

 

Azərbaycanda özəlləşdirilmiş müəssisələrdə 15 mindən artıq yeni iş yeri yaradılıb

 

 Ötən il Azərbaycanda daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, hüquqların qeydiyyatı ilə bağlı vətəndaşların müraciətlərinin baxılmasında operativliyin daha da artırılması əsaslı nəticələr verib. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK)  verilən məlumata görə, bu barədə Komitədə 2011-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib.Belə ki, 2011-ci ildə respublika üzrə rekord həddə-147 mindən artıq əmlak qeydiyyata alınıb ki, bu da 2010-cu ilə nisbətən 56% artıqdır. Bundan 52 580-dən çoxu ilkin, 94 min 780-dən çoxu isə təkrar qeydiyyata aid olub. Əvvəlki ilə nisbətən təkrar qeydiyyat 44,3%, ilkin qeydiyyat 81,4% artıb.

 Ötən il 131 700-ə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və ya torpaq sahəsinin plan və ölçüsü tərtib edilib. Əvvəlki ilə nisbətən texniki pasportların verilməsi 62% artıb. Hesabat müddətində 20 990-dan çox ipoteka müqaviləsi, 1 450-ə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb.

Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 150 məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 29 800-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib.Müşavirədə bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi və qabaqcıl iş təcrübəsinin tətbiqi məqsədi ilə informasiya sistemlərinin və məlumat bazalarının mərkəzləşdirilməsi, korporativ şəbəkənin qurulması, ərazi qeydiyyat idarələrinin müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması, arxivlərin elektron formata keçirilməsi, müasir texnologiyaların, avadanlıq və geodezik cihazların alınması, işçilərin bilik və bacarıqlarının artırılması sahələrində tədbirlər davam etdirilib.

Ötən il Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə dair Azərbaycan hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) arasında imzalanmış kredit sazişinin icrası ilə bağlı tədbirlər davam etdirilib. Görülmüş tədbirlər qeydiyyat sisteminin müasirləşdirilməsi və inkişaf səviyyəsinin yüksəldilməsi baxımından nəticələr verir və bu xarakterli tədbirlər davam etdirilməkdədir. “Belə ki, Dünya Bankının biznes mühitinin təhlili ilə əlaqədar “Doing Business 2012” hesabatında Azərbaycan 183 ölkə arasında 9-cu yeri tutub. Eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində mövcud daşınmaz əmlakların ilkin və təkrar qeydiyyatının həcmi 2011-ci ildə əvvəlki illərlə müqayisədə əsaslı şəkildə artıb”,-deyə məlumatda bildirilir.

Ötən il Azərbaycanda kiçik özəlləşdirmə formasında 900-ə yaxın dövlət müəssisə və obyekti, 540-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib.Qeyd olunub ki, ötən il dövlət müəssisələrinin çevrilməsi nəticəsində 10 səhmdar cəmiyyəti yaradılıb, səhmlərin satışı üzrə keçirilmiş 23 pul və ixtisaslaşdırılmış pul hərraclarında 10 səhmdar cəmiyyətinin müvafiq sayda səhmləri özəlləşdirilib.

Ötən il investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 125,7 mln. manat məbləğində investisiya qoyulub. Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş və müqavilə öhdəliklərini icra etmiş 9 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ 2011-ci ildə alıcılara keçib.

Tədbirdə bildirilib ki, ümumilikdə, 2012-ci il yanvarın 1-dək keçirilmiş investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş 91 dövlət müəssisəsinə 666,3 mln. manata yaxın investisiya qoyulub, bu müəssisələrdə 15 mindən artıq iş yeri yaradılıb, əlavə olaraq dövlət büdcəsinə 47 mln. manatdan çox məbləğdə vəsait köçürülüb.

Tədbirdə bildirilib ki, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılma tədbirləri də davam etdirilib. Belə ki, qlobal maliyyə-iqtisadi böhran dövründə fəaliyyəti dayanmış Gəncə Gil-Torpaq istehsalat sahəsi görülmüş tədbirlər nəticəsində yenidən işə başlayıb və hazırda müəssisədə 1 200 nəfərə yaxın işçi çalışır.

Bu istiqamətdə “Azərboru” və “Bakı Elektriktökmə” ASC tərəfindən təqdim edilmiş sağlamlaşdırma tədbirlərinə dair proqramlara baxılıb və müvafiq təhlillər aparılıb. “Azərboru” SC-nin təqdim etdiyi layihənin aidiyyəti dövlət orqanları ilə razılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.

Ötən il Komitə tərəfindən hüquqi və fiziki şəxslərə 620-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib, eyni zamanda icarə haqlarını ödəməyən 700-dən çox qeyri-yaşayış sahəsinin icarəçilərinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilərlə bağlı məhkəmələrə 300-dən çox iddia ərizəsi göndərilib və bununla bağlı müvafiq məhkəmə qərarları qəbul edilib. Torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında 480-ə yaxın icarə müqaviləsi bağlanılıb.

Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə keçirilən monitorinqlərdə 150-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib, bu işlərin qarşısının alınması üçün məhkəmələrə iddia ərizələri verilib.

Bundan başqa, icarə haqlarının ödənilməsində şəffaflığın və operativliyin təmin edilməsi məqsədi ilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən ödənişlərin həyata keçirilməsi davam etdirilib.

Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən hesabat dövründə dövlət büdcəsinə 5,1 mln. manatdan çox vəsait daxil olub ki, bununla da 2011-ci ilin dövlət büdcəsi üzrə müəyyən edilmiş müvafiq tapşırıqlar 102% yerinə yetirilib.

 

 

ƏKBƏR

 

Paritet.-2012.-23-24 fevral.- S.12.