55 yaşın hesabatı

 

Şair Ədalət Əsgəroğlunun iki yeni kitabının təqdimatı keçirildi

 

 Fevralın 21-də Yazıçılar Birliyində Ədalət Əsgəroğlunun yenicə çapdan çıxmış iki kitabının təqdimat mərasimi keçirildi. Onlardan biri Xocalı faciəsinə həsr olunan “Xocam Xocalı”,  digəri isə “Aynasında Buta” kitabları idi. Hər iki şeirlər kitabı Ədalət Əsgəroğlunun 55 illik yubileyi münasibətilə nəşr olunub. Mərasimi giriş sözü ilə açan Yazıçılar Birliyinin Gənclərlə iş  üzrə katibi Rəşad Məcid kitabların  əhəmiyyətindən danışdı.  Onun sözlərinə görə, bu kitablar Azərbaycan ədəbiyyatına maraqlı töhfədir. 

Qeyd edək ki, “Ərgünəş”  nəşriyyatında nəşr olunan “Xocam Xocalı” kitabına müəllifin üç poeması və şeirləri daxil edilib. Kitab Xocalı soyqırımının 20 illiyi münasibəti ilə qələmə alınıb. Əsərdə Xocalı metafizik obrazı yaradılıb, faciənin fərqli bədii həlli verilib. Tədbirdə çıxış edən müəllif bildirdi ki, bu kitabları çap etdirməkdə məqsədi Xocalıya yeni yanaşma tərzini formalaşdırmaqdır. “İstəyirəm ki , Xocalı mövzusuna yanaşma tərzi artıq dəyişsin.  Bu qədər ağlaşmaqla, göz yaşı tökməklə yox, bir ədalətlə, həqiqətlə Xocalı faciəsini dünyaya tanıtmalıyıq. Mən istəyirəm, Xocalı mənə anlamaq dərdini çəkdirsin, belə olan halda biz onu  azad edə bilərik”. Şairin  “Aynasında Buta” kitabına isə xalq ruhunda qələmə alınan qoşma və gəraylılar toplanıb.

Tədbirdə qeyd edildi ki, Ə.Əsgəroğlu həm də yaxşı tərcüməçi kimi Azərbaycan ədəbiyyatına maraqlı tərcümələr bəxş edib.  Onun Taras Şevçenkodan, Nekrasovdan, Puşkindən, Radael Albertdən, Rimma Kazakovadan, Soljenıtsından, türk və özbək ədəbiyyatından tərcümələri oxucular tərəfindən rəğbətlə qarşılanıb. O həm də Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri kimi gənclərə qayğı ilə yanaşır. Onun gənc yazarlar haqqında yazdığı “Uğurlu yollar” ölkənin müxtəlif mətbu orqanlarında  dərc olunub.

 Məlumat üçün bildirək ki, tanınmış şair, Beynəlxalq Rəsul Rza, Mövlanə, Beynəlxalq Şahmar Ələkbərzadə adına və s. mükafatlar laureatı Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda dünyaya göz açıb. 80-ci illər ədəbi nəslinə mənsub olan Ə.Əsgəroğlunun indiyə qədər “Yaz ilə gələn sevda”, “Mən sənə aşiqəm, dünya”, “Göyçaydan başlanan ömür yolu”, “Sabahını itirməyən adamlar”, “Alim və pedaqoq ömrü”, “Məmləkətim canım mənim” , Xocalı faciəsinə həsr olunan “Dərdimizin qan rəngi” kitabları nəşr olunub.  Şairin bu yaxınlarda daha iki kitabı “Vektor” nəşrlər evinin vəsaiti  ilə işıq üzü görəcək.



NƏRMİN

 

Paritet.-2012.-23-24 fevral.- S.13.