Soyadların kütləvi milliləşdirilməsi diasporla Vətən arasında təfriqə yarada bilər

 

“Millət vəkillərimiz soyadları dəyişmək əvəzinə fikirləşsinlər, görək, necə etmək olar ki, diasporumuz yumruq kimi bir olsun”

 

Uzun müddətdir ki, soyadların dəyişdirilməsi polemika mövzusuna çevrilib. Dəfələrlə Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılır, lakin hələ də son nəticəyə gəlinməyib. Baxmayaraq ki, Milli Məclisin 1993-cü il 2 fevral tarixli “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” qərarı ilə soyadların dəyişdirilməsi və ya uyğun sonluqların qəbul edilməsi yolunda maneələr aradan qaldırılıb. Bu qanuna əsasən, ölkə vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Xatırladaq ki, o zaman Milli Məclis vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bu qərarı qəbul etmişdi. Və bu sənədlə soyadların dəyişdirilməsi könüllülük prinsipi ilə həyata keçirilir. Yəni kim istəyirsə, soyadını milliləşdirir, kim istəmirsə, soyadı rus mənşəli olaraq qalır. Yaxın illərin statistikasına baxsaq, ildən-ilə soyadını milliləşdirənlərin sayının artdığını görərik. Məsələn, ötən il Azərbaycanda 3201 nəfər “-ov”, “-yev” soyad sonluğunu milli soyad sonluqlarına dəyişdirib (APA). Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə bildirib ki, bu rəqəm Naxçıvan da daxil olmaqla, bütün ölkəni əhatə edir. 2010-cu ildə isə, Azərbaycanda 2503 nəfər “–ov”, “-yev” soyad sonluğunu milli soyad sonluqlarına dəyişdirmişdi. Bütün bu artımlara baxmayaraq, mütəxəssislər soyadların milliləşdirilməsi prosesinin məcburi olması üçün çalışırlar. Hətta Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılmasıyla bağlı 1993-cü il qanununun köhnəldiyini və bununla bağlı yeni qanuna ehtiyacın olduğunu bildirirlər. Artıq ölkədə milli soyad sonluqlarının müəyyənləşdirilməsi üçün xüsusi konsepsiya hazırlanıb. Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın araşdırmaları nəticəsində hazırlanan sənəddə adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulur. Konsepsiyada “-ov”, "-yev", “-zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər “-lı” (-li, -lu, -lü), “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər. Bu qayda Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələrinə aid olmayacaq.

Düzdür, mütəxəssislər bu baxımdan öz işlərini görürlər. Amma onlar məsələnin millətimiz üçün təhlükəli olan tərəflərini, deyəsən, gözdən qaçırırlar. Çünki, 9 milyon Azərbaycan vətəndaşı öz soyadını dəyişməklə dünyada yaşayan soydaşlarımızdan təcrid olunmuş sayılacaq. “Biz 50 milyonluq azərbaycanlıyıq” deyirik. Və dövlətin diaspor siyasətinin əsas məqsədi bu 50 milyon azərbaycanlını bir yumruq halında birləşdirməkdir. Lakin soyadların milliləşməsi özü milli ayrı-seçkilik yaradacaq. Eyni zamanda bu, gələcəkdə nəsillərin də ayrı-seçkiliyinə aparıb çıxaracaq. Məhz buna görə də, soyadların kütləvi şəkildə milliləşməsi Milli Məclisdə deputatlar tərəfindən birmənalı qarşılanmır. Ötən ay Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Fəttah Heydərov bu məsələdə tələsməyin lazım olmadığını deyib: “Azərbaycanda ad və soyadların dəyişdirilməsinə ehtiyac varmı? Bizim işimiz qurtarıbmı ki, indi də ad və soyadları dəyişək?”

Onun fikrincə, ad və soyadların dəyişməsi zamanı bir sıra problemlər meydana çıxa bilər: “Çünki çox sayda insan uzun illərdir “-ov”, “-yev” soyadını daşıyır. Bu gün Müstəqil Azərbaycanda 9 milyon, bundan dəfələrlə çox Cənubi Azərbaycanda, Gürcüstanda və digər bölgələrdə azərbaycanlılar yaşayır. Bu soyad dəyişmə Gürcüstanda yaşayan yarım milyon azərbaycanlıya da şamil olunacaqmı? Adam doğum şəhadətnaməsi alıb, orada “-ov”, “-yev” yazılıb. Belə məktəbi bitirib, hərbi xidmətdə olub, işləyib, onda bu məsələlər necə tənzimlənəcək? Bu, insan hüquqlarına uyğun deyil. Eyni zamanda, biz yer adlarını da dəyişdiririk. Bu məsələdə diqqətli olmaq lazımdır. Biz tariximizi saxtalaşdırmamalıyıq”.

Daha sonra çıxış edən komitə sədri Arif Rəhimzadə ad və soyadların dəyişdirilməsi məsələsində Fəttah Heydərovun təkliflərini müdafiə eləyib: “Bu, insan haqlarına zidd məsələdir, çünki heç bir şəxsin bu məsələ ilə bağlı problemi yoxdur. Sadəcə olaraq, “-ov”, “-yev” məsələsi yaşlı nəslə çox ağır başa gələcəkdir”.

 

“50 milyonluq azərbaycanlını biz Azərbaycandan təcrid etmiş olacağıq”

 

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə də soyadların milliləşdirilməsinə qarşı çıxanlardandır. A.Əlizadə qəzetimizə bildirdi ki, bu barədə televiziyalarda bir neçə dəfə debatları olub və opponentlərinə bunun tamamilə yanlış olduğunu sübut edib: “Deyirlər ki, gələcəkdə kimdə “lı” (-li, -lu, -lü) görsələr, hamı biləcək ki, bu, azərbaycanlıdır. Bu axı, heç bir məntiqə uyğun deyil. Məsələn, gələcəkdə baxacaqlar, Üzeyir Hacıbəyovu və ya Müslüm Maqomayevi çağıracaqlar ki, rusdur bu və ya nədir. Amma əvəzində Layza Minielli, Vano MraBelli  elə biləcəklər ki, azərbaycanlıdır. Kimsə deyirsə ki, 100 ildən sonra kim “-lı”(-li, -lu, -lü) görəndə dərhal bunun Azərbaycan soyadı olduğunu deyəcək, bu, gülməlidir. Bizim tarixi şəxsiyyətlərimiz var. Mən düşünmürəm ki, ümummilli lider Heydər Əliyevin nəslindən kimsə Əliyevin soyadından imtina etsin. Amma gələcəkdə deyəcəklər ki, baxın, Azərbaycana azərbaycanlı rəhbərlik etməyib. Axundov, Bağırov, Əliyev, Mütəllibov, yenidən İlham Əliyev... Bunlar nəyə lazımdır? Bu həm də nə qədər xərc aparacaq”.

Onun sözlərinə görə, soyadların dəyişilməsi təklifini verən millət vəkilləri  istəyirlər ki, adları tarixdə qalsın: “Buna deyirlər ki, yıxıl adın çıxsın. Amma kimlərinsə adlarının tarixdə qalmaq üçün biz nə qədər zərbə alacağıq. Yaxşı, Şuşinskilər, Şıxlınskilər, Şahtaxtınskilər, onlar nə olacaq gələcəkdə. Ona görə, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil. Onsuz da, indi ləzgilər qışqırırlar ki, Üzeyir Hacıbəyli ləzgidir. Nəyə lazımdır bu dəyişikliklər? Əgər belədirsə, o qanunu təklif edən çox hörmətli Nizami Cəfərov gedib özünün, uşaqlarının soyadını dəyişsin. Azərbaycan Respublikasının qanununa görə, kimsə mane olur ki, kimsə soyadını dəyişsin? Bunu niyə məcburi etməliyik? Deyirlər ki, məmurların özbaşınalığı var, mane olurlar. Mən hələ görməmişəm ki, soyadını dəyişməsinə görə kiməsə maneə törətsinlər. O qədər Əliyevlər gedib Əlili, Əlibəyli olublar ki”.

ASDP həmsədri bildirdi ki, bununla 50 milyonluq azərbaycanlını biz Azərbaycandan təcrid etmiş olacağıq və tarixdən də itirəcəyik: “Bu, deyim filan bir işə kömək edəcək, mən görmürəm. Bununla millətin içinə ayrı-seçkilik toxumu səpirik. Düşmənlərimiz də bundan istifadə edib deyəcəklər ki, Azərbaycanın görkəmli şəxsləri azərbaycanlı deyil. Rusiyada 2,5 milyon azərbaycanlı var, bəs, onlar nə edəcəklər? Onların uşaqları orada sənəd alacaqlar. Buradakılar olacaq hamısı “-lı”(-li, -lu, -lü), “-oğlu” “-qızı” (özü də qızı yoxdur). Digər tərəfdən də, kim “-oğlu”dursa, Türkiyə türkləri kimi qəbul edəcəklər. Yəni, bunlar hamısı lazım olmayan təşəbbüslərdir. Gələcəkdə deyəcəklər ki, “-zadə”lər  də dəyişdirilsin. Amma bu mümkün olan şey deyil. Deyirlər “-zadə” fars sonluğudur. İranda “-zadə” sonluqlu bir nəfər də fars tapa bilməzsiniz. Orada əgər kimsə “-zadə”dirsə mütləq azərbaycanlıdır. Biz deyirik əsilzadələr”.

A.Əlizadə bu təklifin insan haqları baxımından da düzgün olmadığını düşünür: “Əgər belə bir qanun qəbul olunsa, məsələn, İnsan Haqları Məhkəməsinə ilk müraciət edənlərdən bir mən olacam. Çünki, zorla mənə təzə soyad sırımaq mümkün deyil. Kim istəyirsə, gedib soyadını dəyişsin. Deyirlər ki, səndə dəyişməyəcək, nəvə-nəticələrində dəyişəcək. Necə yəni, sabah mənim övladım doğulsun, amma ona mənim soyadımı verməsinlər? Bu, necə ola bilər? Mən nə pis iş görmüşəm ki, nəvə-nəticələrim mənim soyadımı daşımamalıdırlar. Adətən, soyadlarını o insanlar dəyişirdi ki, onların valideynləri nə isə binamusluq, xəyanət etsinlər. Bu qədər milləti birdən-birə bir-birindən ayırmaq olmaz. Biz babalarla nəvələri bir-birindən ayıracağıq”.

Onun fikrincə, ümumiyyətlə, millətin birliyinə nail olmaq üçün Azərbaycanda ikili vətəndaşlığa icazə verilməlidir: “Bununla dünyanın hər yerində olan azərbaycanlı istəyirsə, gəlib Azərbaycan Respublikasının vətəndaşı ola bilər. Yəni, onları bizə bağlamaq üçün bu çox gözəl iş olardı. İnanıram ki, o zaman yüz minlərlə azərbaycanlı gəlib Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alacaq. Bu çox asan prosesdir. Azərbaycan şəxsiyyət vəsiqəsi olanda vizaya ehtiyac olmur. İstənilən azərbaycanlı gələcək Azərbaycana isinişəcək, insanlarla təmasda olacaq. Bunu çox ölkələr ediblər. Mən bununla bağlı 1992-ci ildə təklif vermişəm. O zaman məni “vətən düşməni” adlandırdılar. Dedilər ki, bilirsiniz nə qədər casus gələcək Azərbaycana? Dedim ki, bütün gələn casusları tanıyıb, tutursunuz”.

 

 Diasporumuz Vətənin məhəbbətini duymur

 

Ümumiyyətlə,  həmsöhbətimiz hesab edir ki, diasporun ölkəyə rahat gəlməsi üçün  şərait yaradılmalıdır: “Biz diasporun içində çox pis iş aparırıq. Diasporla paralel xətlə gedirik, amma heç kəsişmirik. Biz diaspora başa sala bilmirik ki, onlar bizdəndirlər, biz də onlardan. Doğmalığımızı göstərə bilmirik. Biz elə bilirik ki, əgər hansısa ölkədə yığılıb 15-20 azərbaycanlı Novruz bayramını keçirirsə, bu, diasporla işdir. Xeyr! Bizim diaspordan olan insanlardan kim Azərbaycanda biznes qurmaq istəyirsə, biz şərait yaratmalıyıq ki, onlara ilk dövrdə yardımlar, müəyyən güzəştlər olsun. Onlar gəlsin, bağlansınlar bura. Amma bunu etmirlər. Çünki, bizdə inhisarçılıq var. Biz imkan verməliyik ki, onların balaları gəlib burada oxusunlar. Yaxud da orada onlara yardım etməliyik ki, oxusunlar. Görsünlər ki, Vətən onları düşünür”.

Bizim diasporun nəsil probleminin də olduğunu deyən A.Əlizadə, onların öz dilimizi də itirmələrindən təəssüflənir: “Biz onları heç nə ilə maraqlandırmırıq. İnsan Vətənini sevməlidir. Amma Vətən də insanı sevməlidir. Xarici vətəndaş gəlib burada evlənmək istəyəndə ondan nə qədər arayış alırlar. Azərbaycanlı Azərbaycanı sevməlidir, amma hiss etməlidir ki, Azərbaycan Respublikası da onu sevir. Bunun üçün min cür işlər görmək olar. Bizim o boyda Diasporla İş üzrə Dövlət Komitəmiz var. Lakin effekti çox azdır. Diasporumuz Vətənin məhəbbətini duymur. Bizim millət vəkillərimiz soyadları dəyişmək əvəzinə, yaxşı olardı, fikirləşsinlər görək, necə etmək olar ki, diasporumuz yumruq kimi bir olsun və Vətəni qorusun”.   

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-25-27 fevral.- S.7.