“Azərbaycan kinosunda kadr demək olar ki, yox dərəcəsindədir”

 

Ənvər Əbluc: “Elə filmlər çəkək ki, yüksək səviyyəli festivallardan Azərbaycan kinosunun səsi gəlsin”

 

Əməkdar incənət xadimi, kinorejissor Ənvər  Əbluc  6 yanvar 1947-ci ildə Beyləqanda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda  (1964-1968), Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb  (1968-1973). 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissorluq sənətindən dərs deyir. Ə.Əbluc “Dənizə çıxmaq qorxuludur”, “Firəngiz”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Pəncərə”, “Ağ atlı oğlan” filmlərini çəkib. Onun dublyaj sahəsində də çox xidmətləri var.

“İnanmaq istəyirəm ki, yeni İttifaq kino işçilərinin  həm yaradıcılığı, həm də sosial vəziyyətləri ilə  məşğul  olmağa cəhd göstərəcək”

-Ənvər müəllim, ondan başlayaq ki, bu yaxınlarda ənənəvi İttifaqı tərk edənlərdən biri də siz oldunuz.

-Ənənəvi İttifaqdan çox şeylər gözləyirdik, amma o süst  bir vəziyyətə düşmüşdü. Demək olar ki, kino işçilərinə istər sosial, istər yaradıcılıq cəhətdən arxa dayaq ola bilmirdi. İndi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaranırsa, bu, bizdə böyük ümid yaradır. İnanmaq istəyirəm ki, yeni İttifaq  şəxsi ambisiyaları kənara qoyub - istər sədr, istər katiblər-  kino işçilərinin, yaradıcı insanların həm yaradıcılığı, həm də sosial vəziyyətləri ilə məşğul olmağa cəhd göstərəcək. Alınacaq, alınmayacaq deyə bilmərəm, amma ümidvaram ki, alınacaq.

-Bəs yeni İttifaqa üzv olmusunuzmu?

-Müraciət etmişəm. Qəbul etsələr, üzv olacam.

-Rejissor kimi Azərbaycan kinosunun indiki durumu, peşəkar ssenari seçimi, kadr təminatı sizi qane edirmi?

-Son vaxtlar kinomuzda əsasən gənclərə yol açılmışdı. İndi ara- sıra yaşlı rejissorları da yada salmağa başlayıblar. Eşitdiyimə görə gənclər müəyyən festivallardan mükafatlar alırlar. O gün olsun, onlar Kann, Venesiya festivallarından mükafatlarla dönsünlər. Yəni, biz eləyə bilmədiyimizi gənclər etsinlər. Dövlət tərəfindən kinoya diqqət və qayğı artmağa başlayıb. Məsələn, filmin çəkilişi üçün ayrılan vəsait bunu deməyə əsas verir. Mən 1994-cü ildə “Ağ atlı oğlan” filmini cüzi maliyyə vəsaiti ilə çəkmişdim. Filmin rejissoru olsam da tam dəqiqliyi ilə bilmədim ki, həmin filmə konkret nə qədər vəsait ayrılmışdı. Son məqamda quruluşçu rejissor kimi mənə verilən qonorar təxminən 170 dollar civarında idi. Amma sonuncu çəkdiyim “Tərsinə çevrilən dünya” filminə dövlət tərəfindən 950 min manat vəsait ayrılmışdı. Bunun müəyyən hissəsi vergilərə ayrılırdı. Orta təminat üçün həmin məvacib yararlı idi.  İndi kinoya ayrılan vəsait artıb. Filmin yaxşı alınması həm də maliyyədən asılıdır. Çünki maliyyə olmayanda kinoda istədiyini edə bilmirsən. Amma hələ ki, onu geri qaytarmaq, hələ üstəlik qazanc əldə etməkdən söhbət getmir. Çünki kinoteatrlarımız yox dərəcəsindədir. Tamaşaçılar kinoteatrlara getməyi yadırğayıblar.  Ümid edirəm ki, tədricən dövlətin film üçün ayırdığı vəsait özünü doğruldacaq.  Yəqin ki, kinostudiya yenidən təmir olunacaq, texnika alınacaq, bu da yeni, keyfiyyətli filmlərin yaranmasına stimul olar.

 

 “Fitri istedadı olan gənc olsa gözüm üstə yeri var”

 

-Tamaşaçılar kinoteatrlara getməyi yadırğasalar da, öz filmlərimizə baxmağı yadırğamayıblar.  

-Azərbaycan tamaşaçılarının əksəriyyəti keçmiş filmlərimizə daha çox üstünlük verirlər. Təbii ki, Azərbaycan kinosunun keçmişi yaxşı olub. O dövrdə çəkilən filmlər həqiqətən gözəl idi. Xalq tərəfindən bəyənilən həmin filmlər müxtəlif festivallarda mükafatlar da alırdı. Müstəqillik illərinin ilk mərhələsində, ilk dövründə bir qədər kino istehsalı səngidi. Bu dövrlərdə əsasən Qarabağ savaşından bəhs edən “Fəryad”,  “Ağ atlı oğlan” və s. kimi filmlər çəkildi. Müasir dövrdə çəkilən filmlərin o dövrdə çəkilən filmlərlə müqayisəsini aparanda o vaxtlar professional sənətkarlar, rejissorlar, dahi aktyorlarımız var idi. Təəssüf ki, onların əksəriyyəti artıq dünyalarını dəyişiblər. Yeni dövrdə artıq professional kino təhsili alan rejissorlarımız, eləcə də digər kadrlarımız demək olar ki, yox dərəcəsindədir.   Çünki sovet dövründə hər il ya da  iki ildən bir bütün dünyada məşhur olan Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna, Leninqrada təhsil almağa göndərilən tələbələr var idi. Onların peşəkarlıq səviyyəsi çox yüksək idi.  Bunların arasında operatorlar, rejissorlar, rəssamlar,  kinoşünaslar var idi. Mən bildiyim qədər hələ ki, Moskvaya təhsil almaq üçün göndərilənlər yoxdur. Mən üç il  Mədəniyyət və İncəsənət Universitetində dərs dedim və çox təəssüfedici mənzərə ilə qarşılaşdım. Əfsus ki, universitetdə texniki təchizat çox aşağı səviyyədədir. Bu universitetin qayğısı deyil, buna dövlət dəstək olmalıdır. Biz Moskvada oxuyanda artıq birinci kursdan qısametrajlı, səssiz filmlər çəkir, çəkdiyimizi montaj edirdik. Orada mini kinostudiyamız, laboratoriya, pavilyon var idi. Dekorasiyalar tikilirdi, kino lentə çəkilirdi. Bu şərait Mədəniyyət İncəsənət Universitetində yoxdur. Fala baxmaqla dərs oxumaq olmaz. Bu yaxınlarda Kşiştof Zanussini master -klass üçün Bakıya dəvət etmişdilər. O da gəldi, kinonu necə çəkdiyindən danışdı, getdi. Tələbə görməlidir , necə çəkilib. Çəkilən filmlərə baxmaq, düzgün istiqamət vermək lazımdır. İndiki halda bizdə tələbənin belə imkanı, universitetin belə texniki imkanları yoxdur.  Tələbə bilavasitə kino lenti ilə təmasda olmursa effekt olmur. Səhv etmirəmsə, 2009-cu ildə ÜDKİ -nin 90 illiyi qeyd olunurdu, fikir verdim ki, oranı  tamamilə yeni texnika ilə təmin ediblər. Hesab edirəm ki, hər halda tələbələr  təcrübəli müəlliminin başçılığı altında kinonu dərindən öyrənməli, təcrübə keçməlidirlər.  Səhv eləyə-eləyə öyrənməlidirlər.

-Ənvər müəllim, siz fikirləşirsiniz ki,  gənclərə yaşlı nəsildən daha çox imkanlar yaradılıb?

-Bilirsiniz, gənclərə çəkməyə film verirlər, amma bəziləri montajın əlifbasını bilmir, aktyorla işləməyi, peşəkar kadr qurmağı bacarmır. Düzdür, bu sözü bütün gənclərə aid eləmirəm, çünki aralarında çox istedadlıları da var.  Əksəriyyəti, hələ kino sahəsində bişmədiklərindən, professionallıq səviyyələri aşağı olduğundan keyfiyyətli, dəyərli filmlərin səviyyəsi hələ ki, aşağıdır. Amma mən ümidvaram ki, bizdən sonrakı nəsillər getdikcə daha da püxtələşəcək, bir neçə film çəkəndən sonra, istehsalatla əlaqədar təcrübə topladıqdan sonra Azərbaycan filmlərinin yeni yaradıcıları olacaq, yeni-yeni uğurlu filmlərə imza atacaqlar. Daha çox qeyri-peşəkarlıq telekanallarda nümayiş olunan seriallarda çox hiss olunur. Ümidvaram ki, gələcəkdə seriallar peşəkar şəkildə çəkiləcək. Universitetin  kino televiziya üzrə ixtisasları texniki vəsaitlə təchiz olunmalıdır. Onda yəqin ki, büdrəyə-büdrəyə gənclərimiz peşəkarlaşarlar, həqiqətən yüksək səviyyədə filmlər çəkməyə qadir olarlar.  Fitri istedadı olan gənc olsa gözüm üstə yeri var.  Amma hər halda yaşlı nəsli   unutmamaq lazımdır. Şəxsi ambisiyalar hesabına kiməsə ad, prezident təqaüdü verirlər.

-Son filminizi keçən il təhvil verdiniz. Filmdən özünüz razı qaldınızmı?   

-15 il idi ki, bədii film çəkmirdim.  AmmaAzərbaycantelefilmYaradıcılıq Birliyində görkəmli şəxsiyyətlər haqqında on iki sənədli film çəkmişəm. Bu illər ərzində Mədəniyyət Turizm Nazirliyinə müxtəlif mövzular təklif edirdim. Amma mənim təkliflərim kino şöbəsinin qurduğu planlara uyğun gəlmirdi. Birincisi ssenarini Əkrəm Əylisli ilə işləmişdim. Onun çox gözəl bir povesti var - “Kür qırağının meşələri”, çox əla əsərdir, psixoloji mövzudadır. İkinci ssenarim Natiq RəsulzadəninXor müğənnisiəsəri idi. Onu böyük məmnuniyyətlə çəkmək istərdim. Sonra nazirlik mənəTərsinə çevrilən dünya”nın  ssenarisini təqdim etdi. Heç kim öz ayranına turş demir. Yaxşı filmdir, kimlərə həsr olunubsa, onların da çox xoşuna gəldi. Biz bacardığımızı eləmişik.

 

Uşaqlar üçün filmlər tək milli ruhda deyil, hər  mövzuda olmalıdır

 

-Uşaqlardan film çəkən bir rejissor kimi sizcə, uşaq kino sahəsini necə inkişaf etdirə bilərik?

 Biz milli uşaq filmlərimizi çəkmədikcə, uşaqlar başqa mədəniyyətləri aşılayan filmlərin təsiri altında böyüyür.

-Mən bunu bir neçə dəfə demişəm. Amerika dünyaya filmləri ilə əxlaqsızlıq, zorakılıq aşılayır. Bu cür filmlər  nəinki uşaqların, bütün dünyanın əxlaqını, tərbiyəsini pozur. Əlbəttə,  humanizm ruhunda çəkilən, insanlara sevgi, məhəbbət aşılayan, səviyyəli filmlər də var. Amma  əksəriyyəti kino sənayesinə qazanc mənbəyi kimi baxır, yüz milyonlarla artıq pul qazanır, bunun müqabilində isə insanları vəhşiləşdirir, quduzlaşdırırlar. Qaldı ki, öz filmlərimizə. Bir deyim var:  “Uşaqlar üçün yazmaq lazımdır. Böyüklər üçün yazılandan da yaxşı yazmaq lazımdır”. Uşaqlar üçün  film mütləq çəkilməlidir. Bu filmlər  tək milli ruhda deyil, hər mövzuda olmalıdır. İstər əyləncə, nağıl, istər problem xarakterli, istər vətənpərvərliyə səsləyən filmlərin olmasına çox ehtiyac var.  Düşünün, məktəb problemlərini ekranda əks etdirən filmlər olsa, necə gözəl olar. Müsabiqə elan edib,  bir neçə uşaq mövzusunda yaxşı film çəkmək lazımdır. Əvvəllər hər il olmasa da, iki ildən bir uşaq mövzusunda filmlər çəkilirdi. Təəssüflər olsun ki, indi  uşaq filmi yoxdur.  Amma düşünməliyik ki, bu gün onların tərbiyəsi, əxlaqı, dünyagörüşünün inkişafı ilə məşğul olmasaq, gələcəkdə peşman olarıq. Ona görə də uşaq filmlərinin çəkilməsi üçün  yaxşı ssenarilər yazılmalı, müsabiqələr təşkil olunmalıdır.

-Qarşıdan Milli Kino günü gəlir. Kinomuza nə arzu edərdiniz?

-Özümə də, həmkarlarıma da bir arzum var. Elə filmlər çəkək ki, yüksək səviyyəli festivallardan  Azərbaycan kinosunun səsi gəlsin.. 

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-24-25 iyul.-S.9.