“Yeni İttifaq Azərbaycan kinosuna dəstək olacaq, bu mühitdə canlanma yarada biləcək”

 

Cəmil Quliyev: “Filmlərimizin dünyada təbliği, yayımı və nümayişi çox mühüm məsələdir”

 

Müsahibimiz Dövlət Film Fondunun direktoru, yeni yaranan Azərbaycan Respublikası  Kinematoqrafçılar İttifaqının icraçı direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Onunla söhbətimiz kinomuzun indiki vəziyyəti, yeni yaradılan ARKİ-nin  gələcək fəaliyyəti ilə bağlıdır.    

-Cəmil müəllim, uzun illərdir ki, kino sahəsində çalışırsınız. Kinomuzun indiki durumunu necə qiymətləndirirsiniz?

- Ümummilli lider Heydər Əliyevin istər sovet dövründə, istərsə də dövlət müstəqilliyi illərində milli kinomuza göstərdiyi böyük diqqət və qayğı bu sahədə ciddi uğurların qazanılmasını təmin etdi. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev 2007-ci ildə imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında”, 2008-ci ildə imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”ı ölkəmizdə kinonun çox sürətlə inkişaf etməsinə şərait yaratdı. Bütün bunlar milli kinomuzun müstəqillik illərində çətinlikdən yaxa qurtarmasına, yeni inkişaf yoluna qədəm qoymasına zəmin yaratdı. Son illər Azərbaycan kinematoqrafiyası sürətlə inkişaf etməyə başlayıb. Bunun da əsas səbəbi dövlətimizin milli kinomuzun tərəqqisinə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük qayğı ilə yanaşmasıdır.  Dövlət Film Fondu yaradıldı, “Nizami” Kino Mərkəzi bərpa olundu. Dövlət tərəfindən kino sahəsində çalışan gənclərə özlərini təsdiq etmək üçün geniş meydan verildi. Onlar da bu layihələrdə uğurla iştirak edirlər. İstehsal olunan filmlərin -  istər bədii, istərsə sənədli filmlər -  sayı iki dəfə artdı. Bu istiqamətdə görülən işlər həddindən artıqdır.

-  Bu yaxınlarda siz də daxil olmaqla bir qrup kino adamı birləşib yeni bir qurum - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqını  yaratdı. İttifaqın icraçı direktoru kimi bu haqda nə deyə bilərsiniz?

- Hesab edirəm ki, indiki dövrdə kino sahəsində çalışan ictimai təşkilatlar dövlətə dəstək olmalı, kino siyasətinin reallaşdırılmasına kömək etməlidir. Amma Azərbaycan Kinematoqrafçılar İttifaqının indiki vəziyyəti buna cavab vermir. Halbuki, uzun illər kino sahəsində yeganə qurum və kino adamlarını birləşdirən bir yer idi. İctimai təşkilat cəmiyyətdə sağlam ictimai rəy formalaşdırmalı, qərəzli danışmamalıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyi ölkəmizdə kino sahəsində aparılan uğurlu işləri görmür və görmək istəmir. Təbii ki, kino sahəsində fəaliyyət göstərən ictimai təşkilat digər yaradıcı təşkilatlarla sıx əməkdaşlıq etməlidir. Eyni zamanda, beynəlxalq miqyaslı başqa təşkilatlarla işləməlidir. Lakin təəssüflər olsun ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı bunların heç birini etmir və kinomuzun inkişafına hər hansı dəstək vermir. Oradakı iş sistemi artıq tənəzzülə uğrayıb. Ona görə də, mən də daxil olmaqla bir neçə kino adamı belə qərara gəldik ki, yeni təşkilatın yaradılması lazımdır. Bu ittifaqın rəhbərliyində təmsil olunan ayrı-ayrı kino adamlarının cəhdləri maneələrlə üzləşdiyindən, həmin adamlar kino ictimaiyyətinin istəyinə və dəstəyinə arxalanaraq yeni qurum yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Burda toplaşan hər kəsin bir məqsədi var - milli kinomuzun inkişafı üçün yaranan əlverişli şəraitdən faydalanmaqla kino təbliğatı işini canlandırmaq və uğur qazana bilən dəyərli əsərlər yaratmaq. Şübhəsiz, əvvəllər ittifaq bu missiyanı həyata keçirə bilsəydi, yeni qurum yaratmağa da ehtiyac qalmazdı. Lakin kino həyatında baş vermiş bu zəruri, qanuni hadisəyə müxtəlif don geyindirmək istəyənlər tapılır. Belələri, əvvəla, iddia edirlər ki, guya, yeni ittifaqın yaradılması kinoda parçalanmaya səbəb olur. Əslində bu, belə deyil, dünya təcrübəsindən də məlumdur ki, demokratik cəmiyyətdə digər yaradıcı adamlar kimi, kinematoqrafçılar da məramlarına görə müxtəlif qurumlarda, cəmiyyətlərdə birləşə bilərlər. Misal üçün, qonşu Rusiyada, Polşada, Macarıstanda və başqa ölkələrdə kino işçilərinin 2 və daha çox peşə qurumları fəaliyyət göstərir. İkincisi, yeni qurumu yaradanları və burada birləşənləri gözdən salmağa, nüfuzsuz qeyri-peşəkar adamlar kimi qələmə verməyə çalışırlar. Bu da belə deyil. Xalq artisti, professor Şəfiqə Məmmədova, xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, “Nərimanfilm” şirkətinin prezidenti Nəriman Məmmədov, xalq artistləri, məşhur kinorejissorlar Eldar Quliyev və Oktay Mir - Qasım, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, xalq rəssamı Mais Ağabəyov, xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi kimi mədəniyyət xadimləri barədə nə haqla belə düşünürlər? Milli kinomuzun yüksəlişinin bütöv bir dövrü bu simaların adı ilə bağlıdır. Kinomuzun yeni yolla irəlilədiyi bir dövrdə xırda hisslərlə yaşayanlar, köhnə şöhrətə aludə olub yerindən tərpənmək istəyənlərə mane olmasınlar, təcrübəsiz cavanları səhv yola çəkməsinlər.

- Təşkilat işini daha çox hansı istiqamətlərdə quracaq?

- Bu gün Azərbaycan filmlərinin dünyada təbliği, yayımı və nümayişi çox mühüm məsələlərdən biridir. Bu istiqamətdə lazımlı işlər görməyi planlaşdırırıq. İttifaqın təşəbbüs qrupunun üzvləri hesab edirlər ki, ölkəmizdə mütəmadi olaraq beynəlxalq kino festivallarının təşkili, kinematoqrafçıların sosial problemlərinin həlli, yeni texnologiyaların kinoya tətbiq edilməsi, kadrların hazırlığı istiqamətində də ciddi addımlar atılmalıdır.

- Kadr hazırlığından söhbət düşmüşkən, hazırda bu işi ölkəmizdə Mədəniyyət və İncəsənət Universiteti edir. İttifaq bu məsələni necə həll edə bilər?

- Biz Tədris Mərkəzinin yaradılmasının tərəfdarıyıq. Bu təklifi İttifaqın üzvü rejissor Yusif Quliyev verdi. Mərkəzdə gənclərə ustad dərsləri keçiriləcək. Dərsləri də xaricdən dəvət olunan peşəkarlara həvalə edəcəyik. Bundan başqa, Mərkəzin tərkibində qrimyorlar, səs operatorları, səs rejissorları, rejissor assistentlərini də hazırlamaq olar. Bir sözlə, Azərbaycan Kinematoqrafçılar İttifaqının işləməli olduğu, lakin işləyə bilmədiyi bir çox sahələr üzrə dövlətə dəstək olmaq istəyirik.  Bayaq da dediyim kimi, dövlətimiz bu gün kinoya çox qayğı göstərir. Hazırda Azərbaycan kinosu uğurlu yoldadır. Milli kinomuzun müxtəlif nəsilləri təmsil edən yaradıcıları əl-ələ verib onu dünyanın qabaqcıl mövqelərinə çıxarmağa çalışırlar. Ümid edirəm ki, bizim təşkilat Azərbaycan kinosuna dəstək olacaq, bu mühitdə bir canlanma yarada biləcək. Kinomuza öz töhfəsini verəcək. Biz konkret iş görəcəyik, müxtəlif səpkili layihələrin həyata keçməsinə çalışacağıq. Bu təşkilat kinomuzla bağlı bir çox məsələlərin həllində dövlətə dəstək ola bilər. Mən inanıram ki, kinoya xidmət etmək istəyən, ölkəmizdə kinonun gələcək inkişafında maraqlı olan adamlar Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ətrafında toplanacaq. Görüləsi işlər isə çoxdur. Kinematoqrafçılar İttifaqını yaradanların məramı dövlətin qayğı və himayəsindən yararlanmaqla yaradıcılıq səylərini səfərbər etmək, kinomuzun uğurlarını artırmaqdır. Yeni ittifaqda birləşən və ona qoşulacaq adamlar bu yolda gərəkli işlər görə biləcək, milli kinomuzun çağdaş mərhələsini yaddaqalan əməllərlə zənginləşdirəcəklər.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-5-6 iyul.-S.13.