Yeni İttifaqda kinomuzda xüsusi xidmətləri
olan insanların təmsil olunması ona inamı daha da artırır”
Mehriban Əfəndi: “Onların hər biri
ayrı-ayrılıqda Azərbaycan kinosuna
öz dəyərli töhfələrini
veriblər”
1984-88-ci
illərdə Əzim Əzimzadə adına Rəssamlıq
Akademiyasında, 1989-1991-ci illərdə Moskva “Soyuzfilm”in
animasiya məktəbində təhsil alıb. 1991-ci ildən
“Azərbaycanfilm”də istehsal olunan cizgi filmlərində
qrafik-animator, bədii filmlərdə: “Otel otağı”,
“Özgə vaxt”, “Kənar adamlar”, “Qırmızı qatar”,
“Qara ney”, “Məkanın melodiyası”, “Absurdistan” və s. filmlərində
geyim üzrə rəssam kimi çalışıb. Azərbaycan
Rəssamlar İttifaqının, Azərbaycan Dizaynerlər
İttifaqının üzvüdür. Əsərləri Azərbaycanda
və xarici ölkələrin qalereyalarında nümayiş
etdirilib. 2010-cu ildə Bolqarıstanda keçirilən
“Radiance” müsabiqəsinin iştirakçısı olan 22
ölkədən 123 rəssam arasında qalib elan olunub. O,
Avropa və Amerika ölkələrində təşkil olunan
bir sıra qrup sərgilərinin iştirakçısı
olmaqdan savayı, Avstraliya və Amerikada fərdi sərgilərini
açıb. Bu yaxınlarda ABŞ-ın Nyu-York
ştatının məşhur Brodvey küçəsində
“Art Takes Times Square” layihəsi
çərçivəsində reklam lövhələrinin
yerində nümayiş olunan rəsm əsərlərinin sərgisində
onun “Mirvari ulduz” əsəri də iştirak edirdi. O, bu sərgiyə
internet vasitəsilə iki milyondan artıq
iştirakçı arasından seçilib. Oktyabr ayında
isə o Portuqaliyada tarix muzeyində öz əsərlərini
nümayiş etdirəcək. Sonda onu da bildirək ki, o, bu
yaxınlarda Jurnalist Həmkarlar İttifaqının media
prizinə də layiq görülüb. Həmsöhbətim
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əlbəsələr
şöbəsinin rəhbəri, dünyaca məşhur rəssam
Mehriban Əfəndidir.
“Kino mənə yad
sahə deyil”
- “Əzimzadə”də dördillik
təhsili başa çatdırmamış, artıq
üçüncü kursda
“Soyuzmultfilm”in ikiillik kurslarında oxumaq üçün seçilən
on nəfərdən biri
də mən oldum. Müəllimimiz Arsentyev deyirdi ki, sənin öz yolun var. Həmin on nəfər indi dünyanın bir çox ölkələrinin studiyalarında
peşəkar multiplikasiyaçı
kimi çalışır.
Mənim üçün
də belə bir imkan yaranmışdı
- elə “Soyuzmultfilmin”
kurslarında oxuduğum
illərdə “Disney” studiyasından
təklif almışdım.
Təhsilimi bitirəndən
sonra kinoda bir neçə işim oldu.
Kino mənə yad sahə deyil - Əlisəttar Atakişiyev
babamın bibisi oğlu olduğu üçün bu sənətlə nisbətən
daha yaxından tanışlığım uşaq
vaxtlarımda olub. Kino
rəssamı kimi ilk işim Fərid Hümbətovun “Kənar adamlar” filmində oldu. Sonra Hafiz Fətullayevin baş rəssam olduğu Gülbəniz Əzimzadənin
“Sənin oduna yanaram” filminə dəvət olundum. Həmin filmdə birgə işləməyimizin
sayəsində Hafiz Fətullayev
məni “Özbəkfilm”də
çəkilən “Qırmızı
qatar” filminin yaradıcı heyətinə
təqdim etdi. O filmə böyük vəsait qoyulmuşdu, süjeti qeyri-standart ssenari üzrə inkişaf edirdi, çox böyük uğur qazana bilərdi. Hətta hələ çəkiliş
prosesi bitməmiş bir neçə beynəlxalq kinofestivala dəvət də almışdı. Amma xronometrajı uzandığı
üçün filmin
kinematoqrafik keyfiyyətləri
uduzdu. Bununla belə, mənim üçün bu filmdə işləmək
bir çox cəhətlərdən uğurlu
oldu. Bu illər ərzində çox filmlərdə işləmişəm,
amma sonuncu işim Oktay Mir-Qasımın rejissorluğu
ilə çəkilən
“Qisas almadan ölmə” filmi olub.
“Biz dünya kinosu ilə ayaqlaşmalıyıq”
- Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
yaradılmasını çox
yüksək qiymətləndirirəm.
Bu İttifaq kino adamlarının hərəkətə
gəlməsinə lazımi
şərait yaradacaq.
Sevinə-sevinə yeni
İttifaqa üzv ola bilərəm. Kino sahəsində nə qədər belə təşkilatlar, yəni işini görə biləcək təşkilatlar
yaransa, bir o qədər kinomuzun inkişafına xidmət edəcək. Ondan başqa yaradılan İttifaqda kinomuzda xüsusi xidmətləri olan insanların təmsil olunması ona inamı daha da artırır.
Çünki onların
hər biri ayrı-ayrılıqda Azərbaycan
kinosuna öz dəyərli töhfələrini
veriblər. Mən şəxsi narazılıqları
olmasının tərəfdarı
deyiləm, amma iş xətrinə narazılıqların olması
normaldır. Ümumiyyətlə,
kinomuzda bu gün böyük inkişaf var. Ölkə Prezidentinin əmri ilə kinostudiya yenidən təmir olunur. Bu faktın özü çox sevindiricidir. Hər il çəkilən filmlərin sayı artır. Kinostudiyaya direktor təyin olunan Müşfiq Hətəmov gəncdir və onun seçdiyi
yol çox düzgündür. O, Avropa
kino şirkətləri
ilə əlaqələr
qurmaq, kinomuzu qlobal müstəviyə çıxarmaq üçün
əlindən gələni
edir. Biz dünya kinosu ilə ayaqlaşmalıyıq. Hesab
edirəm ki, kinoda çalışan hər bir kəs
öz üzərində
nə qədər çox işləsə,
kinomuz bundan ancaq udacaq.
“İndi qadın rəssamları inkişafa aparan yol daha genişdir”
- Mən əsərlərimi
Qərb məktəbini
sevib, bu istiqamətdə dərs alan, ancaq Azərbaycanın
günəşini, enerjisini,
rənglərini, simvollarını
əks etdirərək
yaradıram. Mənim yaradıcılığımdakı mistika Allahın qüvvəsidir, o mənim
ağlımın bəhrəsi
deyil. Mən sadəcə rəssamlığın
incəliklərini, onun
nəzəriyyəsini, mənə öyrədilənləri
öyrənə bilərəm.
Çalışıram ki,
bütün əsərlərim
təhtəlşüurən, vəhylə yaransın. 5
yaşından başlayaraq
mən qəribə hisslər keçirmişəm.
Özümün, kainatın
yaranışını hiss etmişəm. Bütün
insanların Allahın
nəzərləri altında
olmasını anlamışam.
Bu dünyadan ayrılıb,
gözəgörünməz bir aləmdən informasiya alırdım. Və birdən-birə şəkillər çəkməyə
başladım. Rəssamlıq
məktəbinə daxil
olandan sonra müəllimlərimin məsləhətinə
görə bir müddət çəkməyi
dayandırdım, öyrənməyə
başladım. Amma adi rəssamlıq mənə heç maraqlı gəlmədi. Ondan sonra hər
şeyi Allahın hüzuruna təslim etdim. Qəribə yuxular görürdüm, qeyri-adi hadisələrlə
qarşılaşırdım və bütün olanları heç cür reallıqla uzlaşdıra bilməzdim.
Bilirəm ki, əsərlərim böyük
qüvvəyə malikdir
və insanlara pozitiv enerji aşılayıb, xoşbəxtlik
gətirir. Hər bir əsəri işləmək zərgər
işidir. Bəzən
aylarla bir əsər üzərində
işləyirəm.
Bilirsiniz,
indi qadın rəssamları inkişafa
aparan yol daha genişdir. Əslində Azərbaycanda
qadın rəssamlar nəslinin vüsət qazanmasına böyük zəmin var - bizdə tikmə işinin ən müxtəlif növlərinin
inkişaf etməsini nəzərdən qaçırmaq
olmaz. Elə bu zəmin Azərbaycan
qadınının rəssamlıqla
peşəkar şəkildə
məşğul olmasını
qeyri-məqbul saymağın
əksini göstərir.
Çünki bizim qadınlar tarix boyu incə zövqə, gözəl əl qabiliyyətinə, işgüzarlıq kimi keyfiyyətlərə malik
olublar. XIX əsrin sonları, XX əsrin əvvəllərində qızların
kütləvi şəkildə
təhsil almasına şərait yaranması isə klassik rəssamlıq məktəbinin
Azərbaycan qadınlarından
da ibarət olan nəslini yetişdirdi. Vəcihə
Səmədova, Maral Rəhmanzadə kimi ustadlarımız meydana gəldi. Bəli, qadının həm ömür-gün yoldaşı,
həm ana, həm də rəssam olması heç də asan deyil. Mənə
də həmişə
deyirdilər ki, ailə qursan, sənin üçün çətin olacaq. Məncə, məsələ
kişi və ya qadın olmaqda
yox, şəxsiyyət
olmaqdadır. Məgər
yaradıcı potensialını
üzə çıxarmaq
üçün istədiyi
durumu, ovqatı tapmayan kişi rəssamlar azdır? Axı, sənət adamı olmaq üçün təkcə
istedad kifayət etmir, mütləq öz üzərində də işləməlisən.
Nərmin MURADOVA
Paritet.-2012.-10-11 iyul.-S.14.