Cəmiyyətin hüquqi maarifləndirilməsi ilə
bağlı kitab nəşr olunub
“Vəkil məsləhətləri
toplusu” kitabında vətəndaşlar hüquqi məsləhətlər
ala bilərlər
Vətəndaşların
hüquqi maarifləndirilməsində dövlətlə
yanaşı, QHT sektoru da yaxından iştirak edir. “Azərbaycan”
qəzeti ilə “Azərbaycan Hüquq İslahatları Mərkəzi”
İctimai Birliyinin birgə nəşr etdirdiyi “Vəkil məsləhətləri
toplusu” kitabı da belə töhfələrdən biridir.
Prezident
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
nəşr olunan kitabın nəşrində əsas məqsəd
cəmiyyətin hüquqi maariflənmə səviyyəsinin
artırılması ilə insanların məhkəmələr
və digər dövlət orqanlarına
çıxış imkanlarının
asanlaşdırılması və müxtəlif vəziyyətlərdə
hansı hüquqa uyğun davranışdan yararlanmalı olduqlarını
aydınlaşdırmaqdır. Nəşrdə “Azərbaycan” qəzetinin “Bakı
Hüquq Mərkəzi oxucuların suallarına cavab verir”
rubrikası çərçivəsində son üç il ərzində
qəzetdə dərc olunan hüquqla bağlı sual-cavablar əksini
tapıb.
İyulun
10-da kitab ictimaiyyətə təqdim olunub. Təqdimat mərasimində
çıxış edən “Azərbaycan” qəzetinin baş
redaktoru Bəxtiyar Sadıqov Azərbaycanın müstəqilliyini
bərpa etməsindən sonrakı dövr ərzində
hüquq sahəsində görülən işlər,
insanların hüquq və azadlıqlarının
qorunmasında əldə edilən uğurlar və hüquqi
dövlət quruculuğunda atılan addımlardan
danışıb. O qeyd edib ki, qəbul edilən qanunların
ictimaiyyətə çatdırılması, bu məqsədlə
hüquqi maarifləndirmə işinin aparılması və
yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə
vacib məsələlərdəndir: “İlk növbədə,
insanlar öz hüquqlarını bilməli və ondan
düzgün istifadə etməlidir. Digər tərəfdən,
əgər biz hüquqi cəmiyyət qururuqsa, insanlar qanunlara
riayət etməlidirlər. Hüquqi maarifləndirmənin ən
mühüm cəhətlərindən biri də cəmiyyətdəki
mənfi halların aradan qaldırılmasına
yardımdır. Korrupsiya və rüşvətxorluğa
qarşı mübarizənin ən mühüm tərəflərindən
biri odur ki, vətəndaş öz hüququnu bilsin və tələb
etsin”.
“Azərbaycan Hüquq
İslahatları Mərkəzi” İB-in sədri, vəkil,
Hakimlərin Seçki Komitəsinin üzvü, həmçinin
layihənin rəhbəri Anar Bağırov isə, son illərdə
ölkəmizdə hər bir sahədə islahatlar həyata
keçirildiyini və bu sırada məhkəmə-hüquq
islahatlarının da beynəlxalq standartlara uyğun olaraq
yüksək səviyyədə aparıldığını
deyib: “Son dövrlərdə bölgələrdə yeni məhkəmələr
yaradılıb, hakimlərin və vəkillərin sayı
artıb, o cümlədən hüquq sahəsində beynəlxalq
standartlara cavab verən normativ-hüquqi baza
formalaşdırılıb. Bəs, bütün bu
islahatların məqsədi nədir? Təbii ki, əsas hədəf
vətəndaşların hüquq və
azadlıqlarının daha etibarlı müdafiəsidir. Bu
istiqamətdə ən mühüm vəzifələrdən
biri də hüquqi maarifləndirmədir”. Onun sözlərinə
görə, əhalinin hüquqi maarifləndirilməsi məqsədilə
nəşr olunan bu kitab bir sıra təşkilatlara,
xüsusilə sadə vətəndaşlara pulsuz paylanıb: “İki
yüz nüsxə penitensiar müəssisələrə
göndərilib. Biz kitabın çap versiyası ilə kifayətlənməyərək
onun elektron versiyasını da hazırladıq. Elektorn
versiyanı təşkilatımızın internet
ünvanında “Facebook” səhifəmizə yerləşdirmişik.
Hesab edirik ki, bu hüquqi maarifləndirmə ilə
bağlı informasiya texnologiyalarına müraciət edən
vətəndaşlar üçün faydalı ola bilər.
Bu baxımdan, kitabın vətəndaşlar üçün
mayak funksiyasını yerinə yetirəcəyini hesab edirik”.
Konstitusiya
Araşdırmalar Mərkəzinin rəhbəri, QHT-lərə
Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd
Nuriyev də kitabın hüquqi maarifləndirmə
baxımından olduqca səmərəli olduğunu deyib. Onun
sözlərinə görə, istənilən islahatlar o zaman
səmərə verir ki, vətəndaşlarımız bunu dərk
etsin və onun tətbiqi prosesində bilavasitə iştirak
etsinlər: “Qanunvericiliyin tətbiqi prosesində belə nəşrlər
vətəndaşlara əlavə köməkdir. Bu,
onların prosesdə iştirakını bilavasitə şərtləndirə
bilər. Hesab edirəm ki, belə nəşrlər davamlı
şəkildə olmalıdır. Yaxşı olar ki, digər
qurumlar da bu prosesdə iştirak etsin”.
Ə.Nuriyev qeyd edib ki,
şura belə nəşrlərə dəstək
verməyə hazırdır. O hesab edir ki, müdafiəni
aktiv surətdə həyata keçirməklə
yanaşı, belə
maarifləndirici nəşrlərlə
də müdafiəni
dolayısı yolla təşkil etmək mümkündür.
Bakı Apelyasiya Məhkəməsinin
Mülki Kollegiyasının
sədri Mehdi Əsədov isə deyib ki, vətəndaşlar
hüquqi maarifləndirməyə
o qədər də meylli deyillər. Onun sözlərinə görə,
problemlə rastlaşdıqda
qanuna müraciət edib maddəyə baxmaqdansa, hüquq məsləhətxanasına üz
tutmağa daha çox üstünlük
verirlər: “Bu zaman rastlarına yaxşı vəkil çıxanda işləri düzəlir,
savadlı vəkil çıxmayanda isə öz hüquqlarını
bilməyərək gileylənirlər.
Belə halda problemlər yaranmağa başlayır.
Vətəndaş öz hüququnu
biləndə nə dövlət üçün
problem yaranır, nə
də məhkəmə
üçün. Hesab edirəm
ki, bu cür
kitabların dərc olunması hüquqi maarifləndirmə işinə
çox böyük dəstəkdir. Bu kitabda çap olunan sual-cavablar gündəlik həyatda rast gəlinən məsələlərdir. Hər bir vətəndaş
problemlə üzləşəndə
bu kitab onun karına
gələ bilər”.
Tədbirdə Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası
Mərkəzinin rəisi,
hüquq elmləri doktoru Fuad Cavadov,
Bakı Dövlət Universitetinin kafedra müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov,
BDU-nun dosenti, vəkil
Turqay Hüseynov da çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.
Asif NƏRİMANLI
Paritet.-2012.-12-13 iyul.-S.10.