“Yeni
İttifaqın ən vacib işi kinomuzun inkişafı
üçün işlək mexanizm yaratmaqdır”
Müşfiq Hətəmov : “Bu
gün Azərbaycan kinosunun problemini və həlli
yollarını sənətkarlardan çox prodüserlər
yaxşı bilirlər”
Arayış : Müşfiq Hətəmov 6 may 1969-cu ildə anadan olub.
1986-cı ildə M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram və
kino aktyoru fakültəsinə daxil olub. 1992-2002-ci illərdə
Əhməd Cavad adına Bakı Mədəni
Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini
tədris edib. 2000-ci ildə təsis etdiyi “MM”
MMC-də 100-ə yaxın konsert və televiziya
proqramlarının, reklam kampaniyalarının rəhbəri,
12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin
müəllifi olub. 2002-ci ildən 2006-ci ilə qədər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya
şöbəsində filmlərin dövlət reyestri
sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya
şöbəsinin müdir müavini vəzifəsində
çalışıb. 2011-ci ilin dekabr ayından C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasına
rəhbərlik edir.
- Siz yeni yaradılan Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının təşəbbüs
qrupunun və idarə heyətinin üzvüsünüz. Yeni yaradılan İttifaqı necə qiymətləndirirsiniz?
Bu İttifaqın kinonun gələcək
inkişafında nə kimi xidmətləri olacaq?
-
Bilirsiniz, bu, demokratik bir cəmiyyətdir. Təbii
olaraq vaxtilə kinoya görə birləşən insanlar bu
gün kinoya görə də ayrıldılar. Bu
adamların baxışları başqadır, onlar kinonun inkişafında
daha da radikal addımlar atmağa hazır olan, praktiki iş
görmək istəyən adamlardır. Bu
İttifaqda gənc, orta, yaşlı nəslin nümayəndələri
var ki, onlar da Azərbaycan kino tarixində böyük xidmətləri
olan insanlardır. Soruşa bilərsiniz ki,
“Niyə məhz Şəfiqə xanım İttifaqın sədri
oldu?” Bilirsiniz, sənətdə belə
bir fikir var. O insan sənətinə xəyanət edibmi?
O insan sənətini ucuzlaşdırıbmı? Şəfiqə xanım Azərbaycanda azsaylı sənətkarlardandır
ki, heç zaman öz sənətinə xəyanət etməyib.
Məhz buna görə də biz Şəfiqə
xanımı seçdik və inanıram ki, həqiqətən,
doğru qərar vermişik.
Əvvəllər deyirdilər ki, kino
üçün maliyyə yoxdur, kinoya qayğı yoxdur, amma
bu gün isə dövlət deyir, mən sənə maliyyə
verirəm, bəs sən mənə hansı nəticəni təqdim
edirsən? Buna
cavab olaraq məhz bu İttifaq yarandı. Bu
baxımdan biz- peşəkarlar, düzdür, mən
özümü o böyük sənətkarların
yanında peşəkar saymıram, amma bir prodüser kimi deyə
bilərəm ki, peşəkarlar artıq öz fikirlərini
deyə biləcək. Təkcə, bir ittifaq deyil,
beş-altı ittifaq
da yaransa, bu yalnız təqdirəlayiq hal olar.
İnsanlar öz sərbəst fikirlərini deyər və təşkilatlanarlar
ki - bu da onların konstitusiya ilə müəyyən olunan
hüququdur. Bu, özü bir rəqabət deməkdir.
- Alternativ adla bağlı nə deyə
bilərsiniz?
- Bu
insanlar özləri ənənəvi İttifaqı yaradan
insanlardan biri olub. Məncə, burada belə bir
ciddi problem yoxdur. Qeyri-peşəkar adamlar bu adda
İttifaq yaradıb və ondan istifadə etsəydi, bu o zaman
ciddi problem ola bilərdi. Amma
indi yaranan İttifaqın idarə heyətində təmsil
olunanlar kinoda öz sözlərini demiş insanlardır.
Əsas odur ki, iki İttifaq arasında da
yaradıcı rəqabət olacaq.
“Əgər biz bunu edə bilsək,
Azərbaycan dünya kinosunda tanınmış, qəbul
edilmiş bir məkana çevriləcək”
- İttifaqın kinomuza
töhfəsi nə olacaq?
- İttifaqın ən vacib işi Azərbaycan kinosunun
inkişafı üçün işlək mexanizm
yaratmaqdır.
Bu mənim həm də “Azərbaycanfilm”
kinostudiyasının və Prodüserlər Gildiyasının
rəhbəri kimi də ilk işlərimdən biridir. Bundan başqa, Azərbaycan kinosunu dünya kinosuna
inteqrasiya etmək, Azərbaycan kino üslubunu dünyaya
çatdırmaq və müştərək layihələr
hazırlamaq da qarşıya qoyulan vəzifələrdəndir.
Qeyd edim ki, kadr hazırlığı məsələsi
də önəmlidir. Bu gün Azərbaycana
film çəkmək üçün gəlmək istəyən
çoxlu qüvvələr var. Ancaq biz onları
qarşılaya, onların tələblərinə cavab verə
bilmirik. Əgər biz o xidmətləri
qura bilsək, Azərbaycana böyük sərmayələr gələ
bilər. Çünki Azərbaycan məkan,
təbiət etibarı ilə pavilyona bənzəyir.
- Bizə əsas nə mane olur?
- Texniki
bazamız yaxşılaşdırılmalıdır. Bilirsiniz ki, cənab Prezident tərəfindən
kinonun inkişafına aid dövlət proqramı imzalanıb.
Və bundan irəli gələrək
proqramın həyata keçirilməsi üçün
işlər görmək və texniki bazamızı, kadr
hazırlığımızı, müasir dövrün tələblərinə
uyğun olaraq kinostudiyanın statusunun
formalaşdırılması, özəl şirkətlərin
bizimlə müştərək işlər görməyini təmin
etmək lazımdır. Bizdə çox
gözəl studiyalar var ki, onlara təkan vermək
lazımdır. Və inandırıram ki, əgər
biz bunu edə bilsək, Azərbaycan dünya kinosunda
tanınmış, qəbul edilmiş bir məkana çevriləcək.
Amma bunu düzgün istifadə etmək
üçün çox böyük zəhmət tələb
olunur. İttifaqın da
qarşıdakı işləri bunlar olacaq.
- İttifaq kadr məsələsinin həlli istiqamətində
hansı təşəbbüslə çıxış edəcək?
- İttifaq layihələr verə biləcək. Mən təklif
edirəm ki, biz elə qanun layihəsi hazırlayaq ki, xaricilərə
bütün şəraitlər yaradılsın, yalnız bir
şərt olsun ki, film çəkilişində 40 faiz yerli
kadrlar çalışsın. İran
kinosu məhz bu kursla inkişaf etdi.
- Gənclərə nə kimi şərait
yaradılacaq?
-
Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyinin həyata
keçirdiyi çoxsaylı layihələrin hesabına son beş ildə kinoya yeni nəsil gəldi. Bu uşaqlar potensialları olduğunu sübuta
yetirdilər. Əlbəttə ki,
İttifaq tərəfindən proqram işlənməlidir.
Başqa Gildiyalar, təşkilatlarla əməkdaşlıq
edilməlidir. Artıq kinonun inkişafına
dair dövlət proqramında bu nəzərdə tutulur.
Ancaq bunun həyata keçirilmə mexanizmini
tapmaq lazımdır. Biz onun bütün
detallarını bilirik və həll etməliyik.
- İttifaqın yer problemi həll
olundumu?
-
Yaxın günlərdə həll olunacaq. Hələlik,
“Nizami” Kino Mərkəzində görüşüb, müzakirələr
aparırıq.
- İttifaqa üzvlük necə
həyata keçiriləcək?
-
Çox sadə qaydada. Kinoda xidmətləri olan insanlar bu
İttifaqa üzv ola bilərlər.
“Azərbaycanfilm”in
direktoru yerli filmləri görmək istəyənlərə
xoş xəbər verir
- Yerli filmlərin nümayişi
baxımından həm İttifaq, həm rəhbəri
olduğunuz kinostudiyada hansı işlər görülür?
- Sentyabr
ayından etibarən “Azərbaycanfilm”in son beş
ildə çəkdiyi filmlərinin “Nizami” Kino Mərkəzində
nümayişi təşkil ediləcək. “Nizami”
ilə paralel olaraq, başqa kinoteatrlarda da reklamı həyata
keçirməyə başlayacağıq. Gələcəkdə
çalışacağıq ki, filmin çəkiliş
boyu reklam işləri ilə məşğul olaq. Bu həmin film haqda əhalinin məlumatlı
olmasını təmin edəcək. Dünya
praktikasında film çəkiləndən sonra onu reklam etmək
o qədər də qəbul edilmiş hal deyil.
- Bu yaxınlarda siz Prodüserlər
Gildiyasının yaradılmasını elan etdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Sovet
İttifaqı dağılandan sonra bu istiqamətdə
yaradılan yeni qurumdur. Prokatın,
kinoteatrların işləməməsi Azərbaycan
prodüser məktəbinə çox böyük zərbə
vurdu. Şükürlər olsun ki, bu
problem artıq aradan götürülür. Dünyada kinonun inkişafı əsasən
prodüserlərin üzərindədir. Onlar həm
yaradıcılıq, həm istehsalat, maliyyə sahəsini
özündə birləşdirə bilən şəxslərdir.
Bu gün Azərbaycan kinosunun problemini və həlli
yollarını sənətkarlardan çox prodüserlər bilirlər. Ona görə ki, onlar film istehsal edəndə
qanunlarda olan bəzi boşluqları, bütün texniki vəsaiti,
kadr problemlərini daha yaxından hiss edirlər. Biz heç bir şey kəşf etməli deyilik.
Prodüserlər Gildiyasını yaratmaqda əsas məqsədimiz
bu insanların özlərində hiss etdikləri problemləri
həll etməyin yollarını tapaq. Bu gün
bizim prodüserlərimiz var, kinoya vəsait də
ayırırlar. Amma gördükləri
işdən stimul almırlar.
- Necə
alsınlar? Kinoteatr və prokatın vəziyyəti
hamıya məlumdur.
- Amma sizə
deyim ki, vaxtilə Azərbaycanda kassa gəliri gətirən
filmlər çəkilib. Onları film
adlandırıb-adlandırmamaq isə başqa söhbətin
mövzusudur. Bu gün prodüser cəmiyyətin
psixoloji dəyişikliyini hiss etməlidir. Əgər o bunu
öncədən hiss etmirsə, demək, ondan bir fayda olmaz. Prodüser cəmiyyətin psixoloji, mənəvi tələbini
bilməli, kinonun estetikasına xəyanət etmədən
tamaşaçının tələbatını ödəməlidir.
Hazırda kinonun Azərbaycan dövlətçiliyinin
təbliğatında rolu əvəzsizdir. İncəsənətin heç bir digər sahəsi
dövlətçiliyin təbliğində bu qədər rol
oynaya bilməz. Kino bir sənətdir və
burada insan psixologiyasına təsir daha güclüdür.
“Nə vaxtsa tamaşaçı
aldadılıb”
- Bildiyim
qədər, siz özünüz də yerli filmlərin
yayım işini həyata keçirmisiniz.
- Hələ
ondan əvvəl mən Bakı Mədəni Maarif Texnikumunda
rejissor və aktyor sənətindən dərs deyirdim. 1997-ci ildə başa düşürdüm ki, bu
işlə dolanmaq çətindir. Bir tərəfdən
də kinodan ayrılmaq istəmirdim. Sonra mən
Rusiya şirkətləri ilə əlaqələr
yaradırdım. Bu əlaqələr hərdən
alınırdı, hərdən yox. Mən
təklif edirdim ki, “Məhəllə” tipli kommersiya filmlərinin
olması bizə lazımdır. Ondan
başlaya-başlaya yüksək film çəkməliyik.
Bu faktı müsahibələrimdə dəfələrlə
qeyd etmişəm, 1993-94-cü illərdə ruslar hind filmlərinin
ssenarisini götürür, adlarını dəyişir, hadisələri
Rusiyaya uyğunlaşdırıb ucuz filmlər istehsal edirdilər.
Və özlərinə haqq qazandıraraq
deyirdilər ki, “Biz bunu çəkə-çəkə
yaxşı filmə doğru getməliyik. Film özü pul qazanmalıdır”. İndi biz çalışmalıyıq ki, “Azərbaycanfilm”
çəkdiyi filmlərin hesabına gəlir əldə
etsin. Buna imkanımız da var. Təmir işlərini
başa çatdırandan sonra tam gücümüzü
səfərbər edəcəyik.
- Məncə,
filmlərin reklam işləri lazımi səviyyədə
qurulsa, nəticə əldə etmək çətin
olmaz.
- Burada
başqa məsələ də var. Bu gün bəzi mədəniyyət
ocaqlarımız
çox gözəl təmir olunub, var gücü
ilə də işləyir, amma tamaşaçı yoxdur. Bu o deməkdir ki, nə vaxtsa tamaşaçı
aldadılıb. Tamaşaçını
aldatmaq olmaz. Bu gün “Azərbaycancanfilm”də
çox gözəl filmlər çəkilir. İnanıram ki, Elxan Cəfərovun “Dolu” filmi
Qarabağa aid fərqli bir film olacaq. Bilirsiniz,
istedadlı olmaq
peşəkar olmaq deyil. Bizim çox
istedadlı gənclərimiz var, amma onların bəzilərinin
peşə problemi var. Aktyor sənətini bilmək, aktyorlarla
işləmək böyük bir məktəbdir. Bunu bilmədən rejissorlar aktyorlarla işləyə
bilməzlər. İşləsələr
də, uğurlu nəticə olmur. Biz bunu
tədricən həll etməliyik.
Nərmin MURADOVA
Paritet.-2012.-30 iyun-2 iyul.-S.10.