“İstərdim ki, diasporumuzda kəmiyyət yox, keyfiyyət olsun

 

Eldar Rüstəmov: “Azərbaycanı tanıtmaq və Qarabağ münaqişəsini ictimaiyyətin diqqətinə çatdırmaq bizim üçün əsas prioritetdir”

 

Bir çox ölkələr kimi İngiltərədə də diasporumuzun birinci (yaşlı) nəsli öz sözünü tam deyə bilməyib. Amma kədərlənməyə dəyməz. Çünki hazırda bu ölkədə diaspor gənclərimizin daha aktiv fəaliyyəti gözə çarpır. Və onlar yaşlı nəsil diasporumuzdan daha intensiv fəaliyyət göstərərək Azərbaycan həqiqətlərini təbliğ edirlər. Bu baxımdan İngiltərədəki Oksford-Azərbaycan Cəmiyyəti də diqqəti cəlb edir. Təşkilatın sədri Eldar Rüstəmov 1987-ci ildə Göyçə mahalında doğulub. Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra Gəncədə yaşayıb. 1999-cu ildən etibarən Moskvada orta məktəbdə təhsilini davam etdirib. 2004-cü ildə Britaniyanın Brighton şəhərində Bellerbys Kollecinə, 2005-ci ildə Oksford Brookes Universitetinin Siyasət və beynəlxalq münasibətlər fakültəsinə daxil olub. 2009-cu ildə isə Oksford Universitetinin Britaniya və Avropaşünaslıq fakültəsində təhsilini davam etdirib. 2011-ci ildən isə Portsmouth Universitetinin İdarəetmə fakültəsində təhsilini davam etdirir. E.Rüstəmov qəzetimizə müsahibəsində dedi ki, təhsilini bitirdikdən sonra, Azərbaycanda Vətəninə rəsmi olaraq xidmət etmək istəyir. Onun sözlərinə görə, bu xidmət də  öncə hərbi xidmətdən başlayır.

-İlk nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi hansı işlər var ki, bu gün onlar sizin prioritetlərinizdir?

-Oksford-Azərbaycan Cəmiyyəti olaraq Azərbaycanı tanıtmaq və Qarabağ münaqişəsini ictimaiyyətin diqqətinə çatdırmaq bizim üçün əsas prioritetdir. Ən əsası isə, Oksfordda bu sahədə erməniləri qabaqlamaq və yanlış məlumatın çatdırılmasının qarşısını almaqdır və Oksfordda biz buna nail ola bilmişik.

- Britaniyanın orta və ali təhsili hansı özəlliyi ilə seçilir? Onları Azərbaycanda necə tətbiq etmək olar?

- Britaniyada, ümumiyyətlə, təhsil sisteminin çox mükəmməl olduğunu vurğulamaq istəyirəm. Hər bir ölkə üçün təhsilə yatırılan investisiya ən effektiv uzunmüddətli bir investisiya deməkdir. Britaniya bu baxımdan öz təhsil sisteminə yetərincə investisiya yatırır. Düzdür, Amerika ilə müqayisədə, Britaniya təhsil ocaqları maliyyə baxımdan müəyyən çətinliklər çəksə , bu ölkə Avropa məkanında öz təhsil sistemi ilə seçilir. Mən Böyük Britaniyaya təhsil almağa 15 yaşında getmişəm. Ondan qabaq mən Rusiyanın Moskva şəhərində həm yaşayır, həm təhsil alırdım. Təbii ki, Moskvadan sonra mühitimi dəyişdiyimə görə, mənə tam yad bir ölkədə təhsil almaq yaşamaq çox çətin gəldi. Lakin Britaniya təhsil sistemində ən sevdiyim keyfiyyət məni bir tərəfdən həvəsləndirirdi - bu da Britaniya təhsil sistemində tələbələrə seçim vermək imkanı idi. Tələbələr istər orta məktəbdə, istər universitetlərdə oxumaq istədikləri fənləri seçə bilirdilər. Hesab edirəm ki, təhsil sistemində bu çox böyük bir faktordur. Moskvada oxuyarkən, mənim hər hansı bir fənni seçmək ya hər hansındansa imtina etmək imkanım yox idi - bütün fənləri məcburi oxumalı idik. Ancaq İngiltərəyə gedərkən, mən artıq həvəsim olan fənləri oxumağa başladım bu da mənə yaxşı oxumaq üçün əlavə stimul verirdi. Mənim həvəsim həmişə siyasi elmlərə olub artıq 16 yaşımdan mən siyasət üzrə, iqtisadiyyat idarəçilik üzrə təhsil almışam. Digər bir faktor isə, Britaniyada təhsil müəssisəsinin reytinqinin vacibliyidir. Əgər təhsil aldığınız universitet ya məktəbin reytinqi yüksəkdirsə, bu həmin müəssisədə təhsilin yüksək olduğuna işarədir. Reytinqlər təhsil ocağına yatırılan vəsaitin həcmi xərclənməsinə görə müəyyən edilir. Hər bir universitet ya məktəb öz qarşısına strategiya qoyur maliyyə vəsaitinin daha çox hansı istiqamətə yönləndirilməsini təyin edir. Məsələn universitetin kitabxanasının genişləndirilməsi, informasiya texnologiyaları sisteminin yenilənməsi, araşdırma mərkəzlərinin genişlənməsi, tələbələr üçün yeni yataqxanaların tikilməsi s. Təhsilin mükəmməlləşməsinə tələbələrin təhsil almaq üçün qalmaq üçün daha yaxşı şəraitin yaradılması üçün yüksək reytinqli universitetlər daha çox maliyyə vəsaiti ayırırlar. Prestijli universitetlər üçün maliyyə vəsaitinin cəlb olunması daha asan prosesdir, çünki Britaniyada məzun tələbələr gələcəkdə karyeralarında uğurlu olduqları halda, adətən təhsil aldıqları universitetə xeyriyyə olaraq daim köməklik göstərirlər. Bu, Britaniyada çox mühüm bir adət halına çevrilib universitetlər öz keçmiş məzunlarından çox böyük dəstək alır. Hesab edirəm ki, bu faktor Azərbaycanda da ənənəyə çevrilsə, yaxşı olardı. Çünki dövlətin təhsil ocaqlarına ayırdığı maliyyə vəsaitindən əlavə, məzunlar tərəfindən köməklik gələrdi.

-Sizin təhsil aldığınız universitetdə azərbaycanlılar da varmı? Onlar hansısa diaspor fəallığı göstərirlərmi?

- Mən 2005-ci ildə Oksford Brookes Universitetində təhsil alarkən orada ümumiyyətlə, Oksford şəhərində  azərbaycanlı tələbələr çox az idi. Vaxt keçdikcə, tələbələrin sayı artmağa başladı artıq universitetdə yeni azərbaycanlı tələbələrin sayı artırdı. 2009-cu ildə, Oksford Brookes Universitetində təhsilimi bitirdikdən sonra, mən Oksford Universitetinə daxil oldum təhsilimi orada davam etdim. Oksford Universiteti Britaniyada birinci yeri tutur sözsüz ki, qəbul prosesi çox çətindir. Həmin universitetdə mən daxil olmaqla dörd azərbaycanlı tələbə təhsil alırdı. Diaspor fəaliyyətinə gəldikdə, Sizə fəxrlə deyə bilərəm ki, ümumiyyətlə Britaniyada Azərbaycan diaspor təşkilatları arasında təsis etdiyim Oksford-Azərbaycan Cəmiyyəti həmişə çox aktiv qabaqcıl bir təşkilat olub. Sayca az olsaq da, hesab edirəm, gördüyümüz işlərin effekti yüksək olub buna biz ancaq birliyimizin möhkəm olduğuna görə nail ola bilmişik.

-Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?

- Mən Britaniyada təhsil alarkən özümə həmişə Vətənimi tanıtmağı borc bilmişəm. Qeyd edim ki, burada mənim həyatımın böyük hissəsini Vətəndən kənarda yaşamağımın da rolu olub - uşaqlıqdan ailəmlə Rusiyada yaşamışıq. 2008-ci ildə mən və bir neçə həmvətənimiz Oksfordda Azərbaycan diaspor təşkilatını qurmağa qərar verdik. Məqsədimiz Azərbaycan reallıqlarını Britaniya ictimaiyyətinə düzgün çatdırmaq, Azərbaycan mədəniyyətini tanıtmaq, Dağlıq Qarabağ problemini Britaniyada əhalinin, siyasətçilərin və digər təşkilatların və qurumların diqqətində saxlamaqdır. Bu nöqteyi-nəzərdən, biz Oksford şəhərində və Londonda bir çox tədbirlər keçiririk. Xüsusilə vurğulaya bilərəm ki, baxmayaraq ki, üzvü az olan bir təşkilat olaraq və Britaniyada kiçik bir şəhərdə fəaliyyət göstəririk, Oksford-Azərbaycan Cəmiyyətinin tədbirləri həmişə Oksfordda rezonans doğurub: 2010-cu ildə Oksford Universitetində xüsusi qonaq olaraq Azərbaycan Respublikasının həmin zaman xarici işlər nazirinin müavini Vaqif Sadıxov tədbirimizə təşrif  buyuraraq Oksford Universitetində Azərbaycan və Azərbaycanın xarici siyasəti mövzusunda çıxış etmişdir. Digər bir beynəlxalq tədbirimiz isə Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolu mövzusunda beynəlxalq elmi konfrans oldu. Konfransda Türkiyənin energetika nazirinin müavini, Azərbaycan, Türkiyə və Avropa analitikləri və bir neçə şirkət nümayəndələri çıxış etmişdilər. Bundan əlavə, hər il Britaniyada təhsil alan digər azərbaycanlı tələbələrlə birlikdə Xocalı soyqırımını anmaq məqsədilə Britaniya Parlamentinin qarşısında piket keçiririk. Tədbirlərimizin sayı çox olub, ancaq məni həmişə tədbirlərin sayı deyil, onlardan əldə edilən nəticə maraqlandırıb və bu baxımdan, biz həmişə öz tədbirlərimizdə orada təhsil alan və ya yaşayan azərbaycanlı tələbələrdən çox, yerli əhali və Britaniya siyasi və ictimai xadimləri dəvət etmişik, çünki əsas məqsəd azərbaycanlı tələbələri deyil, Azərbaycanı tanıtmaq və Qarabağ haqqında Britaniya ictimaiyyətini məlumatlandırmaqdır. Buna biz nail ola bilmişik, ən azından Oksfordda -  tədbirlərimizə Oksford şəhərinin Meri, Parlamentdə Oksfordu təmsil edən deputat, yerli icra nümayəndələri və müəllimlər, professorlar və eləcə də tələbələr və şəhər sakinləri qatılırlar. Hər il, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Oksfordu təmsil edən deputat Andryu Smisə, şəhər meriyasına və universitetdə professorlara məktublar və informativ xarakterli broşüralar və kitabçalar göndərilir. Oksford şəhərindəki kitabxanalara Azərbaycan haqqında kitablar, Ümummilli liderimiz Heydər Əliyev haqqında kitablar, lüğətlər və digər materiallar yerləşdirilir. Onu da vurğulamaq istərdim ki, bizim bütün tədbirlərimizdə, həyata keçirdiyimiz bütün layihələrdə Azərbaycan Respublikasının Britaniyadakı Səfirliyinin böyük köməyi olub və bu məqsədlə də,  öncə Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanova dərin təşəkkürümü bildirirəm.

-İngiltərədəki milli diasporumuzun fəaliyyətini necə qiymətləndirərdiniz?

- İngiltərədə Azərbaycan diasporunun fəallaşmasını mən son 7-8 ilə bağlayıram. Daha öncə bizim diasporumuz bu ölkədə elə də aktiv olmayıb. Lakin azərbaycanlı tələbələrin sayı çoxaldıqca, diaspor sahəsində də fəaliyyət artıb. İngiltərədə bir neçə təşkilat var, hansı ki çox mühüm işlər görür və bunlardan biri də Avropa-Azərbaycan Cəmiyyətidir (TEAS). TEAS-la biz həmişə sıx əməkdaşlıq etmişik. Son iki il ərzində, ümumiyyətlə Britaniyada Azərbaycan diaspor təşkilatlarının sayı artıb və bu, sevindirici haldır. Lakin mən bir azərbaycanlı olaraq, çox istərdim ki, diasporumuzda kəmiyyət yox, keyfiyyət olsun.

-Britaniyadakı Azərbaycan diasporunun həmrəyliyi üçün nə çatışmır?

- Britaniyada sevinclə demək istərdim ki, bizim diasporumuz həmrəydir. Bütün tədbirlərlə bağlı bütün təşkilatlarımız arasında informasiya mübadiləsi gedir və şəbəkələşmə yüksəkdir. Tədbirlərdə bir-birimizə köməklik göstəririk. Onu da vurğulamaq istərdim ki, təşkilatların sayı çox olsa da, aktiv gənclərimiz olsa da, ümumilikdə gənclərimizin bəzilərində ictimai məsuliyyət zəifdir. Mən çox istərdim ki, Britaniyada gənclərimizi bu sahədə daha da məlumatlandıraq, daha da geniş formada diaspora cəlb edək, çünki güc birlikdədir və həmin birlik təkcə “birlik” sözüylə kifayətlənməməlidir - daha çox aktivlik, iştirak və zəhmət çəkməklə biz birliyə və həmrəyliyə nail ola bilərik.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-30 iyun-2 iyul.-S.11.