Azərbaycan
ictimaiyyəti müraciət etdi
İlk qadın bəstəkarı
Ağabacı Rzayevanın 100 illiyi dövlət səviyyəsində
qeyd edilsin
İyunun 8-də Azərbaycan milli
musiqisinin inkişafında mühüm xidmətləri olan, Azərbaycanın
ilk qadın bəstəkarı Ağabacı Rzayevanın 100
illiyinin dövlət səviyyəsində qeyd edilməsi
xahişi ilə Prezident İlham Əliyevə müraciət
göndərilib.
Prezidentə müraciət iyunun 6-da
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkil
etdiyi “Uşaq mahnıları: dünəni, bu günü,
sabahı” mövzusunda keçirdiyi Dəyirmi masada ölkənin
tanınmış incəsənət xadimləri tərəfindən
qəbul olunub.
Müraciətdə
deyilir ki, 2012-ci ildə anadan olmasının 100 ili tamam olan Azərbaycan
musiqisinin görkəmli nümayəndəsi, dahi Üzeyir
Hacıbəylinin ilk qadın tələbəsi, əməkdar
incəsənət xadimi Ağabacı Rzayeva həm Azərbaycanda,
həm də bütün Şərqdə peşəkar musiqi
təhsili almış ilk qadın-bəstəkardır. Zəngin
yaradıcılığında klassik və müasir şairlərimizin,
aşıqların, o cümlədən, Nizami, Nəsimi,
Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, N.Rəfibəyli,
M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz və
başqalarının sənət əsərlərinə
mahnı və romanslar bəstələmiş bəstəkarın
eyni zamanda ata-anaların gözlərini sevincdən yaşardan
“Evimizə gəlin gəlir”, “Oxuma gözəl”, “Çoban
Qara”, “Yağış yağır”, “Toy mahnısı”, balaca
qızların gözləri qarşısında şirin və
möcüzəli bir aləm açan “Kukla”, gözəl
musiqisi ilə yaddaşlarda həkk olunan “Qaranquş”, “Ağ
göyərçinim”, “Sabahın ustaları”, “Balaca kapitan”,
“Qərənfiləm mən” və s. əsərləri bu
gün milli mədəniyyətimizdə layiqli yer tutur. Xalq
çalğı alətləri orkestrinin tərkibinə
klarnet alətinin salınması da Ağabacı Rzayevanın
adı ilə bağlıdır.
Qeyd
edək ki, Ağabacı Rzayeva ölkəmizin ictimai həyatında
da fəal iştirak etmiş, dəfələrlə Azərbaycan
SSR Ali Sovetinin deputatı seçilmiş, 2 dəfə
“Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf
nişanı” ordeni, əməkdar incəsənət xadimi fəxri
adı, müxtəlif medallarla təltif olunub.
NƏRMİN
Paritet.-2012.-9-11 iyun.-S.15.