Heykəltəraş
Əlinin yaradıcılıq aləmi
Təsviri sənətin maraqlı növü sayılan heykəltəraşlıq
insan həyatında geniş
yayılıb. Belə ki, o həqiqətdə olan
gözəlliyi əks etdirərək, öz
növbəsində bizim
yaddaşımızı, zövqümüzü
və gözəllik haqda olan
anlayışımızı formalaşdırır. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin,
siyasi xadimlərin, sərkərdələrin,
mütəfəkkirlərin,
yazıçıların, xalqın rəğbətini və
hörmətini qazanmış şəxsiyyətlərin
şərəfinə möhtəşəm heykəltəraşlıq
abidələri yüksəlir. Əzəmətli imarətləri,
parkları, xiyabanları, fəvvarələri gözəl
heykəllər bəzəyir. Muzey
ekspozisiyalarında, mədəniyyət ocaqlarında,
yaşayış evlərində heykəltəraşlıq
nümunələrinə tez-tez rast gəlirik. Heykəltəraşlıq abidələrini
yaradaraq ərsəyə gətirən
tişə ustaları mövcuddur. Bu sənət sahəsində uşaqlıqdan
yorulmaq bilmədən çalışan
heykəltəraş Əli Çeraqi
yaradıcılığı özünə məxsusluğu
ilə diqqəti cəlb edir.
Əli
Feyzullah oğlu Çeraqi 1974-cü ilin fevral ayının
20-də İran İslam Respublikasının Zəncan şəhərində
anadan olub. Orta təhsilini bitirdikdən sonra Zəncan şəhərinin
Nəbatat Muzeyində əmək
fəaliyyətinə başlamış, 1997-ci ildə
Muzeydə çalışdığı illərdə Əli uşaqlıqdan maraq göstərdiyi
heykəltəraşlıq sənətini bu sənət
ocağında davam etdirib. Burada heyvanat aləminə məxsus
yüzlərlə heykəllərini düzəltməklə
öz vəzifəsinin öhdəsindən layiqincə gəlib.
Əli
Çeraqi əmək fəaliyyəti ilə yanaşı təhsilini
də, davam etdirib. 1995-ci ildə Texniki Sənət Məktəbində
memarlıq və sənaye dizaynı ixtisası alıb,
üç illik təhsilini bitirdikdən sonra yorulmaq bilmədən
çalışmağa başlayıb. Əli Çeraqi
2006-cı ildə Zəncan Müstəqil Akademiyasında
memarlıqdan dərs deyib. Memarlıq sənətinin sirlərini
gələcək nəsillərə öyrədib. Əli
heykəltəraşlıq təhsili olmasına baxmayaraq, bir
çox heykəllər yaradıb ki, Zəncanda
çalışan sənət ustaları bu abidələrə
yüksək qiymət veriblər. Bir çox heykəltəraşlar
onun yaratdığı heykəltəraşlıq əsərlərinə
baxandan sonra ona bu sənətin sirlərini öyrənmək
və təkmilləşdirməkdən ötrü heykəltəraşlıq
təhsili almasını töhfə vermişlər. Əli
daim rus heykəltəraşlarının əsərlərinin
fotosurətləri ilə tanış olur və qərara
alır ki, Moskva şəhərinə gedib orada heykəltəraşlıq
təhsili alsın. 2008-ci ildə Əli Bakı şəhərinə
turist kimi gəzməyə gəlir, şəhərdəki
heykəlləri görür və onların müəllifləri
ilə maraqlanmağa başlayır və Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasına gəlir, bu sənət
ocağında heykəltəraşlıq ixtisasının
olduğunu öyrənir. Bu sənət ocağına rəhbərlik
edən heykəltəraş, akademik Ömər Eldarovla
görüşən Əli belə
qərar verir ki, heykəltəraşlıq təhsilini
Bakıda alsın. Öz şəhərinə qayıdıb
lazımi sənədlərini götürüb geri qayıdan
Əli yaratdığı heykəltəraşlıq əsərlərinin
bir çoxunun surətlərini Rəssamlıq
Akademiyasında çalışan heykəltəraşlara
göstərib, onlar onun yaratdığı bu əsərləri
bəyənmiş və onun qabiliyyətini burada daha da təkmilləşdirəcəklərini
qeyd ediblər. Əli bir il Akademiyanın hazırlıq
kursunda oxuduqdan sonra 2010-cu ildən
heykəltəraş Sevil Süleymanovadan, Zeynal İsgəndərovdan
və akademik Ö.Eldarovdan heykəltəraşlığın
ən incə sirlərini öyrənməyə
başlayır və hal-hazırda ikinci kursda təhsilini davam
etdirir.
Ə.Çeraqinin
yaradıcılığına nəzər yetirəndə məlum
olur ki, alimlərin, şairlərin, rəssamların, zəhmətkeş
insanların obrazları canlandırılıb. Heykəltəraşın
“Şair Hafiz”, “Şəhriyar”, “Söhrəvərdi”, “İbn
Sina” obrazları öz orjinallığı ilə diqqəti
özünə cəlb edir. İbn Sinanın barelyefində
alimin dərin fəlsəfi keyfiyyətlərini göstərməyə
nail olub. Ə.Çeraqi İbn Sina obrazında
yaradıcılıq ilhamının gücünü, fərdiliyin
özünəməxsusluğunu incə şəkildə
genişləndirməyi bacarıb. Bədii obraz öz mahiyyətinə
görə humanistdir, o, böyük plastik icrasına, dərin
daxili dinamikasına görə nəzəri cəlb edir.
Obrazın yığcamlığı təsvirin konkret həyatiliyinə
xələl gətirmir. Heykəltəraşı hadisə
deyil, insan obrazı maraqlandırır və məhz heykəlin
yapılmasında tarixi obrazların yaradılması sahəsində
toplanan təcrübədən maksimal dərəcədə
istifadə edilib. Forma, dinamiklik, dekorativ ifadəlilik hissinin səyini
qeyd etmək heykəltəraşa yığcam, mürəkkəb
fəlsəfi əhəmiyyətli və dərin psixoloji təsirə
malik alim obrazını yaratmaq imkanı verib.
Ə.Çeraqi yaratdığı
heykəltəraşlıq abidələrinin bir çoxunu
öz doğulduğu şəhərində Zəncanda
ucaldıb. Bunlardan “Mühəndis Rəstəqar”, “Söhrəvərdi”
“Quş fiquru”, “Günəş simvolik fiquru”nu və s.
göstərmək olar.
Şair Hafizin portretində
fakturanın kələ-kötürlüyü, səthin
sürətlə işlənməsi portreti çəkilən
şəxsin xarakteristikasını daha sərrast vermək,
onun çətinliklə sezilən əsas cizgilərini
qabarıq göstərmək arzusu ilə əlaqədardır.
Şair Hafizin yaradıcılıq şövqü onun
çöhrəsində əks olunub, müəyyən cizgiləri
sərbəst və ağzı ifadəli rəsm edilib.
Ə.Çeraqinin
“Oxatan” heykəlində öz orijinallığı ilə
yadda qalandır. Ölçü dairəsində ümumiləşdirilmiş
və stilizə edilmiş oxatan heykəli öz kiçikliyinə
baxmayaraq, yığcam quruluşu, təbii duruşu, mütənasib
həcmi ilə nəzəri cəlb edir. Heykəltəraş
döyüşçü fiqurunun kompozisiyasında, geyimində,
hərəkətin xarakterində Azərbaycan milli miniatür
rəssamlığının dərin və incə
düşünülmüş ənənələrinə əsaslanıb.
Yaraq-əsləhə geymiş və boğazına gərilmiş
kaman taxmış döyüşçünün mürəkkəb
inkişaflı fiqurunda heykəltəraş zəngin dramatizmlə
aşılanmış, ehtiraslı hisslərlə dolu obraz
yaradıb. Onun quruluşunda Əli qəsdən həcmin
formasını dəyişərək, intensiv
işıq-kölgə ləkəsi yaratmış, fakturaya
ekspressiv xarakter verməklə obrazın folklorluğunun təsirləndirici
alınmasına nail olub. Fiqurun qoyuluşu, onun ritmi,
arxitektonikası, sifətin və fiqurun həcmi dəqiq, ciddi
konturla çəkilib və aydın oxunur.
Ə.Çeraqi həmçinin bir
çox at, ceyran, keçi, maral heykəllərini düzəldib.
Onun “Üsyançı dəmirçi” heykəlində əlində
çəkic tutmuş insanın obrazı öz əksini
tapıb. Tarixdə feodal özbaşınalığına
qarşı etiraz edən dəmirçi obrazını
yaratmaq ən mühüm yerlərdən birini təşkil
edir. Dinamik tərzdə əks olunmuş obrazda
üsyançı obrazı canlandırılıb.
Ə.Çeraqi yaratdığı
heykəltəraşlıq əsərlərini bir neçə
dəfə fərdi sərgisində nümayiş etdirib.
1996-cı ildə doğulduğu Zəncanda ilk fərdi
yaradıcılıq sərgisi olub. Bu sərgidə heykəltəraşın
bir çox kompozisiyaları, portretləri, qabartma və
monumental sahədə yaratdığı sənət nümunələri
tamaşaçılara nümayiş etdirilib. Əlinin 2002-ci
ildə Şiraz şəhərində ikinci fərdi
yaradıcılıq sərgisi açılıb. 2004-cü
ildə isə Qeşim adasında fərdi sərgisi olub. Daim
fəal çalışan Əli Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasında təhsil almağa başladığı ilk
günlərdən tələbələr arasında öz
işgüzarlığı ilə hər zaman müəllimlərinin
diqqətini özünə cəlb edib. O, Rəssamlıq
Akademiyasının təşkil etdiyi bir çox sərgilərdə
iştirak edib. 2010-cu ildə “Amerika mənim arzularımda”
adlı sərgidə, 2011-ci ildə Karikatura sərgisində
iştirak edən Əli ikinci yerə layiq görülüb.
Karikatura sərgisində Əli siqaretin insan
sağlamlığına ziyanından bəhs edən karikatura
yaratmışdı. Bir çox diplomlarla təltif olunan gənc
heykəltəraş, həmçinin, gözəl naqqaş
kimi də fəaliyyət göstərir.
Samir SADIQOV,
sənətşünas
Paritet.-2012.-12-13 iyun.-S.16.