“Bu, bizim şərəfimiz
və fəxrimizdir”
Əşrəf Hüseynli: “Azərbaycan,
artıq, bütün dünyada qəbul olunur, onun dövlət
siyasəti, dövlət rəhbəri şərəflə
tanınır”
O, Cəlilabadda
anadan olub. Əvvəlcə İncəsənət
Universitetini, sonra isə gəncliyinin ən böyük arzusu
olan Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca
tarixçidir. Universiteti bitirdikdən on üç il sonra
götürdüyü elmi mövzunu müdafiə edərək
tarix elmləri namizədlik dərəcəsini alıb. Layihə
çərçivəsində bugünkü həmsöhbətim,
artıq neçə illərdir ki, Rusiyada yaşayan,
tarixçi olmaqla yanaşı, həm də gözəl ədəbiyyatçı
və şair olan Əşrəf Hüseynlidir.
- Mən
on iki ildən çoxdur ki, Azərbaycandan uzaq ölkələrdəyəm.
Avropanın və Şərqin bir sıra ölkələrində
olmuşam. Rusiyanı özümçün ən münasib
ölkə seçdim. Bunun da səbəbləri var. Mən təbiətcə
elə bir adamam ki, əgər bir millətin dilini, mədəniyyətini
mənən dərk edə bilmirəmsə, ora mənim
üçün qəfəs timsalındadır. Mən fars və
ərəb dillərinə yaxın olmağıma baxmayaraq, həmin
ölkələrdə də özümü rahat hiss edə
bilmədim. Rusiya isə keçmiş Sovetlər məkanına
daxil olan bir məmləkət kimi, mənən mənim
düşüncələrimə daha yaxındır. Bir
sözlə, biz bu məkanda böyüyüb boya-başa
çatmışıq. Milliyyətindən, dinindən və
dilindən asılı olmayaraq həmin məkanda, coğrafi
birlikdə yaşayan nəsillər bir-birini daha asan başa
düşürlər, nəinki avropalılar, ərəblər
və farslar. Lakin burada bir qürbət sözü var. Siz həmin
sualı yerində işlətmisiniz. Əlbəttə, Vətən
dediyin məfhum insanın ana beşiyidir, anasının
anasıdır. Böyük şairimiz Abbas Səhhət daha
gözəl deyib:
Vətəni
sevməyən insan olmaz,
Olsa
ol şəxsdə vicdan olmaz.
Hanı
cahanda elə bir məqam ki, Vətənlə olduğun bir dəqiqənin
yerini verə bilsin? Qürbət isə tarixi bir yükdür
ki, asılıb çiyinlərimizdən. Əlbəttə
ki, bir zaman gələcək hamı qürbətin qəriblik
köynəyindən çıxacaq. Bu, bir tarixi prosesdir və bu proses təkcə,
biz azərilər üçün davam etmir. Bu, Teymurləngin
qazanına bənzəyir ki, sovetlər ölkəsinə
daxil olan bütün xalqlar həmin qazanda birgə
qaynayırlar. Əzabları və əziyyətləri də,
demək olar ki, birdir.
- Ürəyi sözlə dolu olan bir
tarixçi-şair üçün vətən həsrəti
nə deməkdir?
- Vətən
həsrəti, Dədəm Qorqudun sözü ilə desəm,
iç göynərtisi, ürək yanğısıdır.
Təbiət şairimiz Musa Yaqub isə əvəzsiz deyib:
Bəlkə
də borcundan çıxmadım, Vətən,
Ömür
bahar deyil bir də qayıtsın.
Ölsəm
də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm,
bir ovuc torpağın artsın.
- Tarixən bölünə-bölünə
gələn Azərbaycan öz haqq səsini ədəbiyyatla
layiqincə dünyaya duyura bilirmi?
- Mənə
belə gəlir ki, cənublu-şimallı Azərbaycan ədəbiyyatı
nəhəng bir okeanı xatırladır. Ora minlərlə
suları dolu və daşqın olan uzun və gen çaylar
dayanmadan can atır. Bununla belə, saysız-hesabsız
sısqa çaylar da mövcuddur. Çox təəssüflər
ki, bəzən onlar mənsəbə çatmamış
ömürlərini yarıyolda sona çatdıraraq
ilğım kimi yoxa çıxırlar. Əgər tarixən
götürsək, Azərbaycanımızın cənub hissəsi
Əhəmənilərin dövründən (bəzi dövrləri
istisna etməklə) ta indiyə kimi, fars imperiyasının
tabeliyində olub. 10 fevral 1828-ci il Türkmənçay
müqaviləsinə görə isə Bütöv Azərbaycan
Rusiya ilə İran arasında iki yerə parçalandı. Həmin
tarixdən etibarən də Azərbaycan adlı məmləkətin
dəhşətli və bəlalı günləri
başlandı. Gözümüzün qarşısında
dili bir, qanı bir, dini bir millətimizi iki yırtıcı
dövlət öz maraqlarına görə iki yerə
şaqqaladı. O dövrlərdə bizim müstəqil
dövlətimiz və onu müdafiə edə biləcək
ordumuz olmadığından, yumruqlar altda dözməyə məcbur
olduq. Çar Rusiyası isə bunun əvəzində
İrandan və Türkiyədən köçürüb Qərbi
Azərbaycan torpaqlarında yerləşdirdiyi etnik erməni
qruplarının hesabına Ararat Respublikası (21 mart 1828-ci
ildə), Sovet hakimiyyəti isə
həmin qurumu qüvvətə yüksəldərək
onun əsasında süni Ermənistan Respublikası
yaratdı. Bu gün də Azərbaycan xalqı həmin
qondarma tarixi qərarların bəlasından qurtara bilmir. Bu,
bizim tale tariximizdir ki, bunu yalnız gec-tez Azərbaycan xalqı
özü həll edəcək. Fikrimin əvvəlinə
qayıdaraq sualınıza belə cavab verərdim ki, Azərbaycan
ədəbiyyatı məmləkətimizin taleyi ilə
bağlı dünyanın nəzərinə əvəzi
olmayan əsərlər verə bilib. Yüzlərlə, bəlkə
də minlərlə qələm sahibləri cəsarətli
yazılarına görə həm İranda, həm də Sovet Azərbaycanında qətli-qarətlərə,
repressiyalara məruz qalıblar. Sualın cavabı bir qədər
uzun olsa da, qeyd etmək istərdim ki, 20-ci əsr Azərbaycan
poeziyasının görkəmli şairlərindən biri olan
Bulud Qaraçorlu-Səhənd, Məhəmməd Abid, Məhəmməd
Calal, Həmid Nitqi, Mədinə Gülgün, Hökumə
Bülluri, Balaş Azəroğlu, Söhrab Tahir, Nigar Xiyavi, Məhərrəm
Sürgün, Saplaq, Aqşin Ağakəmərli, Ülya
Ülyai, Qulammirzə Təbrizi və onlarca şairlər iki əsrə
yaxın davam edən ayrılıq həsrətimizi hər
zaman dünyanın qulağına diktə ediblər.
Onların arasında, şübhəsiz ki, Ulu Seyyid Məhəmmədhüseyn
Şəhriyarın xidmətləri ölçüyəgəlməzdir.
Lakin dünyanın qulağı üçün bu haraylar və
fəryadlar maraqlı olmadığı üçün səsimizə
səs verən olmayıb. Görünür, bu məsələdə
tanrı bizi yetim yaradıb.
Şimal ədəbiyyatımızda
S.Rüstəm, B.Vahabzadə, M.Araz, Xəlil Rza Ulutürk,
M.İsmayıl, R.Rza, N.Rəfibəyli, M. Dilbazi, Vaqif
Bayatlı, Səməd Vurğun, H.Cavid, M.Müşfiq,
Hüseyn Kürdoğlu, Abbas Abdulla, Cavad Cavadlı, Almaz
İldırım, O.Sarıvəlli, H. Arif və b. qələmlərini
süngüyə çevirərək daim
parçalanmış millətimizin taleyindən qıyya
çəkmişlər. Lakin şimalda Sovet hakimiyyəti, cənubda
isə fars şovinizmi millətimizin neçə-neçə
qələm bahadırlarının ömrünə son
qoymuş, sürgünlərdə qətlə yetirmişlər.
Lakin ədalətlə danışsaq, bizim ədəbiyyatın
təbliğ-təşviq işi, qonşuluğumuzda bizə
qənim kəsilən və hazır torpaqlarımıza nazir
olan ermənilərin dünyada apardıqları təbliğat
işindən xeyli zəif olub. Onlar hər işdə
ardıcıl və məkrlidirlər. Onlar dünyanın
qulağına yalanı doğru kimi, zəhri bal kimi təqdim
etməyi bacardılar. Bax, fərqimiz burasındadır.
- Əşrəf bəy, Azərbaycan
ədəbiyyatının bu gününü necə qiymətləndirirsiniz?
- Ədəbiyyat
elə bir dünyadır ki, buxov, zindan tanımır. Nizami
demişkən, sözə çəpər yoxdur. Qüdrətli
söz böyük orduların görə bilmədiklərini,
dünya şahlarının həll edə bilmədiyi tarixi
hadisələri, missiyaları həll edə bilər.
Xüsusən, 20-ci əsr Azərbaycan ədəbiyyatına gərəkli,
təsirli qələm sahibləri verə bilib. Elə indinin
özündə ədəbiyyatımızda Ramiz Rövşən,
T.Avşarlı, N. Həsənzadə, Vüqar Əhməd
(professor), N.Xəzri, Qabil, Bahar Bərdəli, Bəşarət
Bəşirbəyli, Məcnun Göyçəli, Məmməd
İsmayıl, Musa Yaqub, Vaqif Bayatlı, Elman Tovuz, Əlibala
Hacızadə, Şahmar Əkbərzadə, Hüseyn
Kürdoğlu, Tofiq Məlikli (professor), Nəsib Nəbioğlu
(Moskva), Sultan Mərzili (Moskva), Əliş Əvəz (Moskva),
Cəfər Sadiq (Moskva), İlham Bədəlbəyli (Moskva),
Alla Axundova (Moskva), Çingiz Hüseynov (Moskva), Əbdül
Hüseynov (Moskva), Çingiz Abdullayev, Anar kimi söz sənətkarları
millətimizin harayını dünyamızın gözündə
görümlü etməyə çalışırlar. Qələm
sahibinin ordusu söz, süngüsü isə elə qələmidir. Lakin ədəbiyyat
da milli ideyalardan, vahid birlikdən çıxış etməlidir.
Əsl ədəbiyyat xalqın ağrılarından
doğmalıdır, onun gələcəyinin qurulmasına
kömək etməlidir.
- Rusiyada Azərbaycanı necə təbliğ
edirsiniz?
- Mən
deyərdim ki, Moskvada bütöv bir Azərbaycan var.
Dünyanın ən böyük meqapolislərindən biri
olan Moskvada bir çox cəmiyyətlər, ianə
fondları, kommersiya təşkilatları və o cümlədən
Ümumrusiya Azərbaycan Konqresi kimi, iri diaspor təşkilatı
fəaliyyət göstərir. Biz hər yerdə azərbaycanlıyıq.
Biz qürbətdə sanki mübarizə dərsləri
keçirik. Milli dövlətçiliyimizi, ərazimizin
bütövlüyünü, milli mədəniyyətimizi,
tariximizi hər zaman təbliğ
etməkdən nə yorulur, nə
də usanırıq. Bu, bizim Vətən borcumuzdur. Moskvada
Seyyid Məhəmmədhüseyn Şəhriyarın
adını daşıyan “ŞƏHRİYAR” ədəbi-mədəni
cəmiyyəti 12 ildən çoxdur ki, fəaliyyət
göstərir. Həmin cəmiyyət milli-mənəvi dəyərlərimizin,
ədəbiyyatımızın, dilimizin inkişafı
yollarında çox böyük işlər görür.
Alimlər, sənət adamları, dilçilər,
tarixçilər, filosoflar və şairlərin
yaradıcılığını əks etdirən bu
yaradıcı cəmiyyətə publisist Vasif Məmmədov
rəhbərlik edir. Cəmiyyət eyni zamanda Rusiyada təhsil
alan, burada yaşayan gəncləri də diqqətdən kənarda
qoymur. Bakıda keçirilən “Avroviziya” musiqi
yarışması Azərbaycanın imicini dünya
miqyasında bir daha yüksəltdi. Bu gün Rusiya rəsmiləri
Azərbaycanı strateji tərəfmüqabil kimi tanıyırlar.
-
Qürbətdə yaşayan bir azərbaycanlı kimi Rusiyada və
ümumən dünyada Azərbaycan diasporunun işini necə
dəyərləndirirsiniz?
- Azərbaycan diasporu
xalqımızın Rusiyada
bütün zümrədən olan təbəqələrini
vahid ideya ətrafında birləşdirmək, Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi və millətimizin
haqq səsinin eşidilməsi üçün bütün
imkanlardan istifadə edir. Diaspor, eyni zamanda ayrı-ayrı cəmiyyətləri,
təşkilatları da vahid axında iştirak etmək
üçün müxtəlif tədbirlər həyata
keçirir. Biz hamımız Azərbaycan Səfirliyinin və
eləcə də Ümumrusiya Azərbaycan Konqresinin, demək
olar ki, bütün tədbirlərində yaxından
iştirak edirik. Lakin bununla
yanaşı, nöqsan cəhətlərimizi də qeyd etmək
yerinə düşərdi. Bu gün özgə millətlər
qəbiləçilik, tayfaçılıq, yerlibazlıq
hisslərindən ümummilli hisslərə çoxdan
keçmişlər və onlar əzəlki hissləri
ümummilli dəyərlərə qurban verməyə
hazırdırlar. Çünki
əzəlki hisslər ibtidai icma quruluşu
üçün mütləq idi. İndi isə ümummilli
hisslər cəmiyyətin əsas aparıcı qüvvəsinə
çevrilmişdir. Açığını desək, bizdə
başqa cürdür. Biz hələ yerlibazlıq,
qohumbazlıq, tərəfgördülükdən uzağa gedə
bilmirik. Biz fərdi hərəkatı kollektiv hərəkatdan
üstün tuturuq. Bu hissi bizim canımızdan yalnız
güclü milli ideyalar təbliğatı çıxara bilər.
Bunun üçün dövlətimizin əlində hər
cür təbliğat gücü vardır. Azərbaycan,
artıq, bütün dünyada qəbul olunur, onun dövlət
siyasəti, dövlət rəhbəri şərəflə
tanınır. Bu, bizim şərəfimiz və fəxrimizdir.
- Yaradıcılığınız
nə yerdədir? Yeni işləriniz, şeirləriniz,
planlarınızdan danışardınız.
-
Hazırda Xəzərlərin tarixi ilə bağlı
doktorluq elmi işi üzərində
çalışıram. Həyatımın bir hissəsini cəmiyyətlərin
tədbirlərinə, digər hissəsini isə material
dünyamı təmin etmək üçün kommersiya
işlərinə sərf edirəm. Asudə vaxtlarımda,
könlümün xoş çağlarında poeziya ilə də
məşğul olmağı unutmuram. Ümumiyyətlə,
poeziya, şeir mənim nəfəsimdir. Poeziyasız, musiqisiz
həyat havasız kolba kimidir. Şeirlərim qəzet və
jurnallarda, kitablarda çap olunur. “Şəhriyar şərəfinə
toplum” kitabında mənim həm
Azərbaycan xalqının tarixi ilə bağlı elmi
yazım, həm də bir neçə şeirlərim
çap olunub. İndi rus dilinə şeirlərimi çap
etdirmək üzərində çalışıram.
Qürbətdə yazdığım iki şeir
kitabımı çapa hazırlamışam. Salamatlıq
olsun, əcəl aman versə, kitabların çapından
sonra sizinlə əlaqə saxlayacam. Müsahibə
aldığınıza və qəriblikdə bizimlə
maraqlandığınıza görə sizə və “Paritet”
qəzetinin rəhbərliyinə, əməkdaşlarına dərin
təşəkkürümü bildirirəm.
Nərmin MURADOVA
Paritet.-2012.-19-20 iyun.-S.12.