Azərbaycanlı
adını layiqincə doğrultmağa
çalışırıq
Asif İsa oğlu Qurbanov Bakı şəhərində doğulub. 1992-ci ildə N.Nərimanov adına 45 nömrəli orta məktəbi bitirib. Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Üniversitetində ali təhsil alıb, istehsalın idarə edilməsi ixtisasına yiyələnib. Sonra həmin universitetin aspirantura və doktoranturasında təhsilini davam etdirib. İqtisadiyyat uzrə elmlər doktorudur. Türkiyədə nəşr olunan “Azərbaycanda gəlir bölgüsü” adlı kitabın muəllifidir. Elmi həyatı ilə bərabər “Tural” ticarət şirkətinin sahibi və təsisçisidir. Şirkət Azərbaycan və Türkiyənin ortaq maraqlarının inkişafına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, qardaşlıq tellərinin möhkəmlənməsinə, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına çalışır, Türkiyədə təhsil alan tələbələrimizə maddi və mənəvi dəstək verir. Soydaşımız Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. Karate üzrə qara kəmər qazanıb, Azərbaycanı bir sıra yarışlarda təmsil edib. Evlidir. İki övladı var, həyat yoldaşı İzmirdəki Doqquz Eylül Üniversiteti və İzmir İqtisad Üniversitetində tarix müəllimidir. Türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılıb. Türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları türk dünyasının birliyinə nə qədər böyük önəm verildiyinin əyani təsdiqidir. İndi bu fikirlər həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Müasir dövrdə xaricdə yaşayan Azərbaycan və türk icmalarının üzərinə düşən başlıca vəzifə bu formula əsaslanaraq, xalqlarımızın mənafeləri naminə qarşılıqlı əməkdaşlığımızı daha da genişləndirməkdən ibarətdir. Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Asif Qurbanovla söhbətimiz də bu barədədir.
-Türkiyədə
nə vaxtdan yaşayırsınız? Bu qardaş ölkədə,
o cümlədən İzmirdə Azərbaycanı
lazımınca tanıda bilirsinizmi?
- 20 ildir İzmirdə yaşayıram. Diaspor fəaliyyətimizə 1995-ci ildə başladıq. İlk dəfə İzmirdə Novruz Bayramı şənliklərinin təşkilatçılığı mənim üzərimə düşdü. Bizi Türkiyədə Novruz Bayramında insanların bir-birinə daş atması təəccübləndirmişdi. Bəzi böyüklərimizin də köməyi ilə əslində belə bir məsələ olmadığını və bu bayramın Bahar bayramı olduğunu və türk dünyasında da qeyd edildiyini dedik. Bu söhbətlərdən sonra İzmirdə fəaliyyət göstərən üniversitetlerdə bayram tədbirlərinin keçirilməsinə qərar verdik. Şənliklərə icra hakimiyyətinin nümayəndələri də qatıldılar və bu işə çox böyük yardımçı oldular. Təşkilat komitəsi yaradıldı, sədrlik də mənə həvalə edildi. Ən böyük köməyi də icra hakimiyyəti aparatında məsul vəzifə tutan Fadıl Ünaldan aldıq. Bir həftə İzmirin bir çox vacib yerlərində - şəhərin mərkəzində, tarixi yerlərdə Novruzun gerçək üzünü, tariximizə bağlılığını insanlara göstərdik. Kosanı, Keçəli tanıtdıq, paxlavanın, şəkərburanın dadını insanlara tanıtdıq. Yeri gəlmişkən, İzmirdə keçirilən builki Novruz şənliyinə dəstəyi olan, o zaman şəhərin icra başçısı postunu tutan hörmətli Kutlu Aktaşa (sonra o,Türkiyənin daxili işlər naziri oldu), tələbə dostlarımız Akifə, Fərhada, Gülnarəyə, Aidəyə, Mehriyə və adlarını çəkə bilmədiyim onlarca vətənsevər dostlarımıza təşəkkür etmək istərdim. Fəaliyyətimiz gözəl başladı, böyük rəğbətlə qarşılandı və bizi çox həvəsləndirdi. Bundan sonra digər işlərimizə də yol açıldı. İzmirdə bu illər ərzində mitinq, seminar, konfrans, şənlik şəklində Azərbaycanımızın ağrılı və sevincli günlərini tanıtmağa çalışdıq. Bu gün Türkiyədə Azərbaycanla bağlı ən geniş fəaliyyətin İzmir şəhərində olduğunu deyə bilərik. Xüsusilə son illərdə Xocalı soyqırımı günlərində bütün Türkiyədə olduğu kimi, İzmirdə də böyük aksiyalar keçirilmişdir.
- İzmirdəki diasporumuzun həmrəyliyi
hansı səviyyədədir?
- Qloballaşan dünyanın
müasir reallıqları bütün türk
xalqlarının qarşısında mühüm və
taleyüklü vəzifələr qoymuşdur. Dövlətlər
və xalqlar arasında gedən inteqrasiya prosesləri, planetin
siyasi mənzərəsində baş vermiş dəyişikliklər
bəşər sivilizasiyasının yeni bir inkişaf mərhələsinə
qədəm qoyduğunu göstərir. Türk
dünyasının bu mürəkkəb və ziddiyyətli mərhələdən
müvəffəqiyyətlə çıxması eyni tarixi
köklərə malik olan xalqlarımız arasında birliyin
və həmrəyliyin səviyyəsindən əhəmiyyətli
dərəcədə asılıdır. Bu sahədə
bütün türk dövlətlərinin səyləri
artmaqda, xüsusilə də tarixi müttəfiqlik xarakteri
daşıyan Azərbaycan-Türkiyə münasibətləri
yeni dünyanın tələblərinə uyğun olaraq
günü-gündən möhkəmlənməkdədir.
Çoxəsrlik dil, din, qan qardaşlığına, ortaq
etno-mədəni dəyərlərə söykənən bu
münasibətlər ölkələrimizin qloballaşan
dünyaya inteqrasiyasının ən mühüm
dayaqlarından biridir. Sovet İttifaqının süqutu nəticəsində
dünyanın siyasi düzənində baş vermiş dəyişikliklərdən
sonra Azərbaycan və Türkiyə arasında ictimai-siyasi və
iqtisadi həyatın bütün sahələrində dostluq, əməkdaşlıq
münasibətləri daha da dərinləşərək,
yüksək inkişaf səviyyəsinə qədəm qoymuşdur.
Ölkələrimiz regionda həyata keçirilən qlobal
iqtisadi layihələrdə strateji tərəfdaş olmaqla
yanaşı, bölgədə sülhün, təhlükəsizliyin
və sabitliyin bərqərar edilməsi ilə bağlı məsələlərdə
də eyni mövqedən çıxış edir. Azərbaycan
və Türkiyənin ortaq milli maraqları
xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına təkan verir.
Diasporumuzun
fəaliyyəti və soydaşlarımız arasındakı
münasibətlər enişli-yoxuşludur. Dövlətçiliklə
bağlı və milli məsələlərdə möhkəm
birlik var, belə tədbirlər birlikdə düzənlənir,
bəzi dönəmlərdə isə fikir
ayrılıqları qalmaqdadır. Dörd milyonluq İzmir
şəhərində iki ayrı Azərbaycan dərnəyinin
olması, əslində, çox normaldır. Bəzən iki
ayrı dərnəyin olması faydalı rəqabət
yaradır, tədbirlərin sayı artırmaqla yanaşı,
həm də keyfiyyəti yüksəldir. Diasporla iş
üzrə komitədən də istəyimiz bu olardı ki,
burada fəaliyyət göstərən bütün dərnəklərlə
eyni səviyyədə münasibət qursunlar. Azərbaycanın
müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi,
onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi,
erməni təcavüzünə məruz qalmış
xalqımızın haqq səsinin dünyaya
çatdırılması, Dağlıq Qarabağ probleminin ədalətli
həllinə kömək bizim hər birimizin ümdə vəzifəmizdir.
-
“İzmir - Azərbaycan Kültür Evi və Dayanışma
Dərnəyi” ilə əlaqələriniz haqqında nə deyərdiniz?
- Hər bir Azərbaycan adını
daşıyan dərnək ilə əlaqələrimiz necədirsə,
bu qurumla da əlaqəmiz önəmli bir səviyyədədir.
Bu dərnəklərin hər biri, bayaq dediyim kimi, Azərbaycanın
müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi
naminə çalışdıqları üçün
onların hər birınə Azərbaycanın bir
parçası kimi baxırıq. Azərbaycan adını
daşıyan, onun haqq işinə dəstək olan hər bir
toplum ilə yalnız yaxşı münasibət
olmalıdır.
- Türk
mətbuatında Azərbaycanla bağlı yazılar verilməsində
sizin üzərinizə mühüm vəzifə
düşür...
- Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında xaricdə yaşayan
soydaşlarımızın müstəsna rolu var. Dünya
arenasında diaspor təşkilatlarımızın fəaliyyətinin
daha dolğun olması üçün onların
yaşadıqları ölkələrin media qurumları ilə
sıx əlaqəsi önəmli məsələlərdəndir.
Qloballaşan informasiya müharibəsində qalib gəlmək
ən güclü və ciddi nəticələr verən bir
vasitədir. Lobbiçilik işinin daha da səmərəli
olması üçün diaspor təşkilatlarının fəaliyyət
göstərdikləri ölkənin media qurumları ilə
yaxınlıq çox vacibdir. Azərbaycanlı jurnalistlərin
xarici qəzet və jurnallar üçün yazması, tələbələrin
təhsil aldıqları ölkənin media qurumlarında staj
keçməsinə nail olunması önəmlidir.
Bizdə
bu barədə işlər hələ zəifdir və
görülən işlərdə medianın rolu da yüksək
deyil. Media ilə işləyən mərkəzimiz yoxdur. Sadəcə,
hər kəs şəxsi münasibətlərindən
faydalanaraq Azərbaycan ilə əlaqəli xəbərləri
mətbuatda verdirə bilir. Burada onsuz da Azərbaycanı hər
kəs tanıyır deyərək, ölkəmiz barədə
xəbərlərə az yer ayırırlar. Ümumilikdə
götürdükdə isə artıq dünyanın demək
olar ki, bütün ölkələrində TV-lərdə
şou xarakterli verilişlər daha çoxdur. İnformasiya
müharibəsində qalib gəlmək üçün
dünyanın nüfuzlu media qurumlarında azərbaycanlı
jurnalistlərin təmsil olunması müasir
dövrümüzdə diplomatların,
iqtisadçıların yetişdirilməsi qədər
lazımlı məsələlərdəndir.
-Azərbaycan diasporunun birləşməsi,
ölkəmizin tarixinin və mədəniyyətinin təbliği
istiqamətində hansı işləri
görürsünüz və hansı planlarınız var?
- Mən Dünya Azərbaycanlıları
Konqresinin (DAK) sədr müaviniyəm. DAK-ların iki yerə
bölündüyünü bilirsiz, onların birləşməsi
üçün çox əmək sərf etdik. Birləşmə
bu il alınmadı, çünkü bəzi qüvvələr
var ki, sərbəst deyillər. Bəziləri diaspora təşkilatlarımıza
Azərbaycana deyil, bəzi dairələrə xidmət
üçün gəlmişlər. Bunun üçün də
zaman lazımdır və birləşmə də olacaq.
Diaspor təşkilatlarımız zaman keçdikcə tam
formalaşacaq, vacib olan odur ki, əsl xidmət
üçün insanları bu təşkilatlara gətirə
biləsən. Başqa niyyətlərlə təşkilatlara
gələn insanlar zaman keçdikcə getməyə məcbur
olacaqlar. Birləşmənin əleyhinə olan insanları isə
tarix bağışlamayacaq.
Mən
Belçikada (27-29 aprel 2012-ci il) DAK-ların birləşmə
qurultayında oldum. İki ayrı DAK və əvvəllər
diaspor xidməti olanlar bir araya gəldik. Yüksək səviyyədə
keçən tədbirin sonunda böyük birləşmə
yaşandı. Azərbaycan diasporu qazandı, istəməyənlər
üzüldü. Yenidən DAK İdarə Heyətinə
seçildim. Davamında Ankarada Beynəlxalq Güney Azərbaycan
Forumunda iştirak etdim. Forum çox faydalı oldu və
Güneydə yaşayan soydaşlarımızın problemlərindən
və həlli yollarından danışıldı. Oradakı
soydaşlarımızın ana dilində təhsili, mədəni
haqları, media vasitələri yoxdur. Davamlı olaraq basqı
altında yaşayırlar. Qlobal dünya artıq belə
ölkə siyasətinə yer vermir. Orada
soydaşlarımızın insan haqlarının qorunması
üçün hələ çox işlər
aparılmalıdır.
Dünya
azərbaycanlılarının hazırda bir müstəqil
dövləti var, o da Azərbaycan Respublikasıdır.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Qurultayında çıxışında dünyada 50
milyondan çox soydaşımızın
yaşadığını qeyd etmişdir. Müstəqil
cümhuriyyətimizdə 9 milyon, digər dünya ölkələrində
41 milyon nəfər soydaşımız yaşamaqdadır.
Bunun 30 milyonu Güney Azərbaycanda yaşamaqdadır.
DAK-ın əsas vəzifələrindən biri də Güney
Azərbaycanda yaşayan soydaşlarımızın
hüquqlarının qorunmasına, təhsil və mədəni
haqlarının tanınmasına çalışmaqdır.
Zaman
isə Azərbaycanın xeyrinə işləyir. İstədiyimiz
nəticələri əldə etmək üçün bizlər
- xaricdə yaşayan azərbaycanlılar fəaliyyətimizi
daha da artırmalıyıq.
-Diasporumuzun təbliğat işində,
sizcə, çatışmayan nələrdir?
- Diaspor işindən tam razı
olmasam da, deməliyəm ki, böyük işlər
görülüb. Diaspor təşkilatları sərbəst
olmalıdır. Onların işinə müdaxilə
olmamalıdır. Çünkü diaspor təşkilatlarımız
fərqli ölkələrdə yerləşir. Onlara eyni
şəkildə hərəkət etmələrini demək
düzgün olmaz. Çünki hər ölkədə yerləşən
təşkilat hər istəyə fərqli cavab verir. Bu təşkilatlar
özləri doğru yollarını tapacaqlar.
Qondarma
erməni soyqırımı ilə bağlı xəbərlər
beynəlxalq mediada tez-tez səslənir. Bu, erməni diasporunun
bilavasitə fəaliyyətindən irəli gəlir. Onlar
üçün əsas məsələ sadəcə
“armenian genocide” söz birləşməsinin
hallanmasıdır. Bu, erməni diasporunun xarici media ilə
münasibətində aparıcı mövqedir.
- Ermənilərin
bu cür fəaliyyətlərinin qarşısının
alınmasında diasporumuz hansı addımları
atmalıdır?
- Erməni diasporunu yaxşı
tanımaq, onun strategiyasını dərindən öyrənmək
və bilmək lazımdır. Onda biz strateji
planlarımızı da lazımı səviyyədə qura
biləcəyik. Bu gün dünyada “erməni
soyqırımı” yalanını ikrah hissi ilə
qarşılayanlar getdikcə çoxalır. Azərbaycanın
enerji ehtiyatları Türkiyə vasitəsilə dünya
bazarına çıxarılır. Əgər Ermənistan
Azərbaycana qarşı işğalçılıq siyasətini
aparmasaydı, iri regional layihələr onların ölkəsindən
keçərdi. Ermənistan və erməni xalqı bunu
görməlidirlər, əgər görmürlərsə,
deməli, onlar dəyişən dünyaya qara pəncərədən
baxırlar. İrəvan öz ampluasındadır və
yüz il bundan öncə uydurulan, mənasız
ideologiyanı rəsmi siyasətlərinə gətiriblər.
Bu gün Ermənistan hakimiyyətinin tutduğu siyasi yol ona
uçurum, faciələr bəxş etməkdədir. Biz də
bu yalana qarşı səfərbər olmalı, gerçəklikləri,
o cümlədən bəşəriyyəti dəhşətə
sala biləcək qanlı faciəni- Xocalı
soyqırımını dünyaya tanıtmalıyıq. Bu
sahədə qlobal işlərə artıq start da verilib. Ermənilər
yalanları barəsində saysız-hesabsız kitablar
yazmışlar. Biz də qan və faciə dolu həqiqətlərimizi
ortaya qoyan və dünyaya həqiqi bilgilər verən
informasiyalar lazımi ünvanlarına
çatdırmalıyıq. Xocalı soyqırımı
haqqında daha çox öz portallarımızda, media vasitələrimizdə
rast gəlirik. Beynəlxalq informasiya, media, TV vasitələrindən
geniş istifadə yollarını axtarmalıyıq. Qondarma
erməni soyqırımı haqqında bir çox portallar
yazır. Bunların müəyyən hissəsi ermənlərə
aid olsa da, çox hissəsi digər dövlətlərin
media portalları və ya forumlarıdır. Dünyanın məşhur
aktyorlarının belə yer alacağı, Dağlıq
Qarabağ gerçəyini ortaya qoyan film çəkməliyik.
Görmək istədiklərimiz çoxdur.
-
Milli həmrəyliyin yaranmasına və möhkəmlənməsinə
öz çevrənizdə nə dərəcədə nail
ola bilmisiniz?
- Bilirsiz, həmrəylik məsələsi,
müstəqilliyimizin yaşı qədərdir - 20 il.
Uşaq oldu, 10 il, 15 il yaşadı, indi 20-ci ilini
yaşayır, Daha sonra 30 yaş var, 40 yaş var... Məncə,
böyük faydanı 30-35 yaşdan sonra gözləmək
doğru olardı. Bir tələbə universitetdə oxuyur və
10 dərsin 8-dən keçir. Deyirik kaş 10-dan keçə
idi, amma gücü buna yetir. Bu da yaxşı göstəricidir.
Şirkət var ki, keçən il 1 milyon dollarlıq
ixracat edib, bu il hədəfi
1,5 milyon dollar idi, ancaq 1,2 milyon dollar ixracat edə bildi. Hədəfinə 100 faiz çata
bilmədi, amma yenə də əvvəlki illərdən
artıq nəticə
göstərdi. Yəni inkişaf
var. Eyni ilə bizim diaspor fəaliyyətimizdə
də bu addımlar müşahidə
olunur. Bu inkişafın
hərəkətverici qüvvəsi
var: AZƏRBAYCAN DÖVLƏTİ! Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına
və geosiyasi üstünlüklərinə görə
Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda
orta hesabla 60 milyard dollara yaxın ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalinin gəlirinə
görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Cənubi Qafqazın
ümumi iqtisadi resurslarının təxminən
70 faizi ölkəmizdədir,
bütün enerji qaynaqları üzrə ən zəngin ölkə də Azərbaycandır. Azərbaycanın
30-50 ilə çatacaq
neft ehtiyatı, 120 ilə çatacaq təbii qaz ehtiyatı var. Azərbaycanın
yalnız neft və qazdan olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə
alsaq, 100 il ərzində böyük
vəsait edir.
- Bəs
hansı çətinlikləriniz var?
-Çətinliklər var: mənəvi,
maddi... Mən çətinliklərin və problemlərin
media vasitəsi ilə çatdırılmasının tərəfdarı
deyiləm. Bu işlərin irəliyə getməsini istəyən
qurumlarla və ya şəxslərlə birgə
çalışmağın faydalı olacağına inanan və
gələcəyə böyük inamla baxan bir insanam.
Düşüncələrimin diaspor hərəkatı
üçün faydalı olacağına böyük
ümidlərim var.
Namiq QƏDİMOĞLU
Paritet.-2012.-21-22 iyun.-S.8-9.