Gənclərin
diaspor fəaliyyətində rolu artıb
Xarici ölkələrdə
yaşayan azərbaycanlı gənclərlə iş sahəsində
uğurlu layihələr həyata keçirilir
Azərbaycan diasporunun fəaliyyətində
əsas hərəkətverici qüvvəni gənclər təşkil
edir. Hazırda Azərbaycan dövləti tərəfindən
xaricdə təhsil almaq üçün göndərilən
minlərlə gənc Vətənin təbliğində, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynayır. Lakin gənc
nəslin istiqamətləndirilməsi ən vacib məsələlərdəndir
ki, son illər bu istiqamətdə mühüm addımlar
atılmaqdadır. Belə ki, xaricdə yaşayan azərbaycanlı
gənclərin təşkilatlanması, Azərbaycan dövləti
tərəfindən dəstəyin verilməsi, bu dəstək
hesabına yeni diaspor təşkilatlarının, dərnəklərin
yaradılması və gənclər vasitəsilə dünya
ictimaiyyətinə ölkəmiz haqqında məlumatların
çatdırılması prosesi sürətlənib. Bu
işdə dövlət siyasətini həyata keçirən
qurumlardan olan Diasporla İş üzrə Dövlət Komitəsinin
(DİDK) yardımı ilə son bir neçə il ərzində
azərbaycanlı gənclər yaşadıqları ölkələrdə
mütəşəkkil formada təşkilatlanıblar.
DİDK tərəfindən 2011-ci ilin iyun ayının 5-də
Bakıda keçirilən Dünya Azərbaycanlılarının
III Qurultayı münasibətilə nəşr olunan “Qurultaya
Hesabat” kitabında bununla bağlı həyata keçirilən
işlər öz əksini tapıb. Kitabda xüsusilə diqqətə
çatdırılır ki, bu müddət ərzində gənclərin
diaspor fəaliyyətində rolu əhəmiyyətli şəkildə
artıb.
Avropa və Amerikada yeni gənclər
təşkilatı yaradılıb
Belə ki, 2006-cı ildə
keçirilən Dünya Azərbaycanlılarının II
Qurultayından sonrakı dövrü əhatə edən
kitabda göstərilir ki, 2006-cı ilin fevral ayının 15-də
Riqada “Azəri” Azərbaycanlı Gənclər Mərkəzi
yaradılıb. Mərkəzin əsas məqsədi Azərbaycan
gənclərinin Latviya cəmiyyətinə
inteqrasiyasını təmin etmək və Latviya
xalqını Azərbaycan mədəniyyəti, dili, tarixi və
adət-ənənələri ilə tanış etməkdir.
Hazırda fəaliyyətini davam etdirən mərkəz məqsədi
ətrafında əhəmiyyətli işlər görür.
Bununla yanaşı, həmin il Benilküs azərbaycanlı gənclərinin
Koordinasiya Şurası yaradılıb ki, burada da əsas məqsəd
dünyaya Azərbaycan həqiqətlərinin
çatdırılması, Qarabağ probleminə dair Avropada
obyektiv rəy formalaşdırmaq və beynəlxalq təşkilatların
diqqətini Azərbaycan ərazilərinin işğal edilməsi
faktına yönəltməkdir. Avqust ayında isə,
Bakıda xarici ölkələrdə təhsil alan tələbələrin
VI forumu keçirildi. Əsas yay tətilində Vətənə
dönən gənclər forumda Azərbaycanın təbliği
məqsədilə həyata keçirdikləri işlər
barədə məlumat verərək, qarşıda görmək
istədikləri işlərdən danışıblar. Gənclərimizin
təbliğat işlərini necə həyata keçirmələri,
fəaliyyətlərini hansı istiqamətlərdə
qurmaları barədə tövsiyələr verilib. Həmçinin,
komitə tərəfindən lazımi vəsaitlərlə də
təmin edilən gənclər birgə mübarizənin necə
aparılması ətrafında müzakirələr
aparıblar. 2006-cı ildə Avropada daha bir gənclər təşkilatı-
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı
(NAYO) yaradılıb. Kitabda qeyd olunan məlumatlara görə,
NAYO fəaliyyət göstərdiyi ötən müddət ərzində
Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə
çatdırılması, milli mədəniyyətimizin təbliği
ilə bağlı bir sıra önəmli layihələrə
imza atıb. Gənclərimizin
təşkilatlanması Amerika qitəsində də
aparılıb. Belə ki, 2006-cı ilin oktyabr ayında
Kaliforniya Amerika Azərbaycanlıları Şurası
(KAAŞ) ABŞ-da yaşayan azərbaycanlı gənclərin
ilk forumunu keçirib. Forumda diasporun təşkilatlanması,
ABŞ-ın qanunverici orqanları ilə əlaqələrin
möhkəmləndirilməsi, həmçinin Azərbaycanın
regionda rolu və mövcud iqtisadi potensial durumu müzakirə
edilib, gənclərin lobbiçilik işinə yardım məsələləri
də müzakirə olunaraq, müəyyən tövsiyələr
verilib. Bununla yanaşı, Kanadanın Toronto şəhərinin
Ontario və Kvebek vilayətlərində fəaliyyət
göstərən 8 təşkilatın - Kvebek Azərbaycanlıları
Assosiasiyası, Kanada Azərbaycan Dostluq Assosiasiyası, Ontario
Azərbaycanlıları İcması, Kanada Azərbaycanlıları
Əməkdaşlıq Assosiasiyası, Kanada Azərbaycan Ticarət
Mərkəzi, həmçinin, Kanadada Azərbaycan Tələbələri
Cəmiyyəti, Kanada Azərbaycan Qadınları
Assosiasiyası və Kanada Azərbaycan Gənclər
Assosiasiyasının geniş tərkibdə toplantısı
keçirilib. Toplantıda diaspor təşkilatlarının və
Kanadadakı azərbaycanlı gənclərin birgə fəaliyyəti,
Vətənin təbliğinə digər gənclərin də
cəlb edilməsi, o cümlədən, gənc nəslin
assimilyasiya prosesində milli kimliklərinin itirilməməsi məsələsi
müzakirə olunub. Qarşıda duran vəzifələrin
birgə həyata keçirilməsi qərarı verilib. Sonda
isə, Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA)
yaradılıb.
Gənclər Azərbaycan həqiqətlərinin
yayılması istiqamətində işləyirlər
Kitabda qeyd olunur ki, 2006-cı ildə
gənclərin təşkilatlanması istiqamətində
aparılan iş 2007-ci ildə də davam edib. Belə ki, Vyana
şəhərində Avstriya-Azərbaycan Akademik Birliyinin təşəbbüsü
və Avropa Komissiyasının dəstəyi ilə
keçirilən gənclər proqramında Portuqaliya,
Slovakiya, Almaniya, Türkiyə və Azərbaycan gənclər
təşkilatlarının nümayəndələri
iştirak ediblər. Proqram çərçivəsində azərbaycanlı
gənclər Vətənimiz haqqında digər ölkə gənclərini
məlumatlandırıblar. Eyni zamanda, Avstriya Xarici Siyasət məsələləri
üzrə akademik forumla birlikdə “Azərbaycan gecəsi” də
təşkil edilib. Gecədə Azərbaycanın milli mətbəxindən,
mədəniyyətindən, musiqisindən elementlər
nümayiş olunub. Tariximizlə bağlı məlumatlar
iştirakçıların diqqətinə
çatdırılıb. Həmçinin, Dağlıq
Qarabağ münaqişəsində Azərbaycanın
haqlı mövqeyi, işğal olunmuş torpaqlarımız
haqqında ətraflı məlumatlar verilib. Aprelin 10-da isə, Avropa
Şurasının mərkəzi binasında Strasburqda təhsil
alan Azərbaycanlı Tələbələrin Birinci Forumu
keçirilib. Forumda azərbaycanlı gənclərin diaspor
quruculuğu işində iştirakı, xalqımızın
tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin
Fransa ictimaiyyətinə çatdırılması,
soydaşlarımızın ictimai-siyasi fəallığının
artırılması sahəsində qarşıda duran vəzifələr
ətrafında fikir mübadiləsi aparılıb. 2007-ci ildə
Avropa Azərbaycanlıları Konqresinin qəbul edilmiş fəaliyyət
proqramında gənclərin diaspor quruculuğu işində
iştirakının keyfiyyətcə daha yüksək səviyyədə
təmin olunması məsələsinə xüsusi diqqət
yetirilib. Belə ki, sənəddə Avropada təhsil alan azərbaycanlı
gənclərin I forumunun təşkili, Avropadakı Azərbaycanlı
Gənclərin Koordinasiya Şurasının
yaradılması, onların digər türkdilli xalqların gənclər
təşkilatları ilə əlaqələrinin
inkişafına dair bir sıra müddəalar öz əksini
tapıb. Noyabr ayında isə, Böyük Britaniyada daha bir cəmiyyət
təsis edilib. Belə ki, Londonda fəaliyyət göstərən
Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi “Sara
Xatun” Qadın Cəmiyyətinin ilk toplantısı
keçirilib. Toplantıda qurumun fəaliyyət planı
müzakirə olunub, “Sara Xatun” Qadınlar Cəmiyyətinin
genişlənərək Avropada digər dövlətləri
də əhatə etməsi istiqamətində davamlı
iş aparılması qərara alınıb. 2008-ci il
fevralın 27-də isə, “Azəri-Çex” Cəmiyyətinin,
eləcə də, Çexiyada təhsil alan tələbə
və gənclərin təşəbbüsü ilə
Çexiya-Azərbaycan Tələbə və Gənclər
Birliyi adlı təşkilat təsis edilib. Təşkilatın
məqsədi Çexiyada təhsil alan azərbaycanlı gəncləri
və tələbələri diaspor quruculuğu işinə
cəlb etmək, Azərbaycan həqiqətlərinin yerli
ictimaiyyətə çatdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirməkdir. Təşkilat
üzvləri Yunanıstana səfər zamanı bu məsələlərin
həyata keçirilməsi istiqamətində təbliğat
işləri aparıblar. Belə ki, Yunanıstan parlamentinin
gündəlik iş fəaliyyəti, tarixi, strukturu,
deputatların sayı və ölkənin idarəçiliyi
ilə tanışlıq xarakteri daşıyan səfərdə
azərbaycanlı gənclər ölkəmiz haqqında yunan
ictimaiyyətinə ətraflı məlumatlar veriblər. Həmçinin
görüşdükləri yunan deputatları, dövlət
orqanlarının nümayəndələrinə
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın
ermənilər tərəfindən işğal edilmiş
torpaqları haqqında informasiya çatdırıblar. Azərbaycan
Mədəniyyət Mərkəzində bu ölkədəki
diplomatik korpusların və beynəlxalq təşkilatların
nümayəndələrinin də iştirakı ilə, “Azərbaycan
gecəsi” təşkil edilib. İştirakçılara Azərbaycanın
milli mətbəxi, musiqisi, tarixi ilə bağlı məlumatlar
verilib.
Xaricdə
yaşayan azərbaycanlı gənclərin təşkilatlanması,
diaspor fəaliyyətinə cəlb edilməsi istiqamətində
işlər 2008-ci ildə həm DİDK, həm də xaricdə
fəaliyyət göstərən diaspor təşkilatları
tərəfindən uğurla aparılıb. Bu ildə bir
sıra gənclər təşkilatlarının əsası
qoyularaq, Azərbaycanın diaspor ordusuna cəlb ediliblər.
2009-cu ildə gənclərin təşkilatlandırılmasında
əsaslı dönüş oldu
2009-cu
ildə isə, diaspor fəaliyyətində gənclərin bu
işə cəlb edilməsi istiqamətində əsaslı
dönüş baş verib ki, bu da Heydər Əliyev Fondunun
Rusiya təmsilçiliyinin rəhbəri Leyla xanım Əliyevanın
rəhbərliyi ilə Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (AMOR) yaradılmasıdır. Bu təşkilatın
özü birbaşa olaraq Rusiyadakı gənclərimizi
diaspor işinə cəlb edərək, onları Azərbaycan
naminə ümumi işə qoşub. Təşkilatın Azərbaycanın
təbliği istiqamətində fəaliyyət spektri isə,
olduqca genişdir və bu fəaliyyət hazırda da
aparılmaqdadır. Bununla yanaşı, gənclərin
dövlətçilik, milli vətənpərvərlik ruhunda
yetişdirilməsi məqsədilə, “Uğur” Gənclərin
maarifləndirilməsi İctimai Birliyinin müraciəti əsasında
“Ümummilli lider Heydər Əliyevin irsini öyrənək”
adlı layihə çərçivəsində DİDK-də
“Ümummilli lider Heydər Əliyevin rəhbərliyi
altında xaricdə diasporun yaradılması” və “DİDK
ilə əyani tanışlıq” mövzularında Azərbaycanın
nüfuzlu universitetlərində təhsil alan bir qrup tələbə
ilə görüş keçirilib. Görüşdə
diaspor quruculuğu siyasətinin mahiyyəti və məqsədləri,
bu sahədə qarşıda duran vəzifələr, xaricdəki
diaspor təşkilatları ilə əlaqələrin
qurulması barədə iştirakçılara ətraflı
məlumat verilib, müvafiq ədəbiyyatlar təqdim edilib.
Martın 21-də Koreya Respublikasında təhsil alan azərbaycanlı
tələbələrin təşkilatlanması,
soydaşlarımız arasında milli birliyin və həmrəyliyin
möhkəmləndirilməsi, Azərbaycan xalqının
tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi,
mədəniyyəti ilə bağlı məlumatların
Koreya ictimaiyyətinə çatdırılmasını
qarşısına məqsəd qoyan Azərbaycan-Koreya Tələbə
Təşkilatının əsası qoyulub. Təşkilata rəmzi
olaraq Azərbaycan xalqının milli xüsusiyyətlərini
özündə əks etdirən “BUTA” adı verilib. Təşkilat
Azərbaycan mədəniyyətini, mətbəxini, tarixini,
işğal edilmiş torpaqları ilə bağlı bu gün
də uğurla Koreya ictimaiyyətinə
çatdırmaqdadır. Bununla yanaşı, 2009-cu ildə
Almaniyada Azərbaycanlı Tələbələr və Elmi
İşçilər Birliyi təsis edilib. Birliyin məqsədi
Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri
birləşdirmək və onlarla birgə layihələr həyata
keçirməkdir. Hazırda birliyin Almaniyanın bir neçə
şəhərində bölmələri fəaliyyət
göstərir. 2010-cu il aprelin 12-də isə, Ukrayna Azərbaycanlıları
Konqresinin Dneprpetrovsk vilayət təşkilatının təşəbbüsü
ilə bu şəhərdə Ukraynada yaşayan Azərbaycanlı
Gənclərin I Forumu keçirilib. Forumda Ukraynada yaşayan
Azərbaycanlı Gənclərin Əlaqələndirmə
Şurası yaradılıb. Forum aprelin 24-ü Ukraynada
yaşayan Azərbaycanlı Gənclərin Həmrəylik
Günü kimi qeyd olunması ilə bağlı qərar
verib.
Eyni
zamanda, Azərbaycan Prezidentinin 2005-ci ildə 30 avqust tarixində
imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan
Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq 2010-cu il
noyabr ayının 27-28-də Almaniyanın Frankfurt şəhərində
Dünya Azərbaycanlıları Gənclərinin I konqresi keçirilib.
Konqresdə Vətənlə əlaqələrin qurulması,
gənclərin birgə fəaliyyəti, Avropadakı azərbaycanlı
gənclərin diaspor işinə cəlb edilməsi və bir
sıra məsələlər müzakirə olunub. Həmçinin
bir neçə mühüm sənədlər də qəbul
edilib. Belə ki, Konqres tərəfindən Qətnamə,
Prezident İlham Əliyevə müraciət, Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar dünya
ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici
ölkələrin parlamentlərinə, dövlət və
hökumət başçılarına müraciət qəbul
edilib. Bundan başqa, dünyadakı azərbaycanlı gəncləri
azərbaycançılıq ətrafında birləşdirmək,
diaspor fəaliyyətinə cəlb etmək məqsədilə
Dünya Azərbaycanlı Gənclər Birliyinin
yaradılması qərarı verilib. Qeyd edək ki, 2012-ci ilin mart
ayının 12-də Bakıda keçirilən qurultayda
Dünya Azərbaycanlı Gənclər Birliyi təsis edilib.
2010-cu
ildə Koreyada fəaliyyət göstərən “BUTA” gənclər
birliyinin təşəbbüsü ilə, bu ölkənin
Xarici Dillər Universitetində “BUTA” Azərbaycan mədəniyyət
dərnəyi təsis edilib. Dərnək universitet tələbələrinə
Azərbaycanla bağlı məlumatlar çatdırmaqla
yanaşı, “Azərbaycan dili” kursları da təşkil edərək,
koreyalı tələbələrə Azərbaycan dilini də tədris edir. 2011-ci ildə
isə, daha bir diaspor təşkilatı Böyük Britaniyada
yaradılıb. Belə ki, Liverpul şəhərində tələbələrin
dəstəyi ilə Liverpul Azərbaycan Cəmiyyəti (LAC) fəaliyyətə
başlayıb ki, cəmiyyətin əsas məqsədlərindən
biri də bu ölkədə təhsil alan və yaşayan azərbaycanlı
gəncləri Vətənin təbliği, Azərbaycan həqiqətlərinin
yayılması işinə cəlb etməkdir. DİDK tərəfindən
artıq fəaliyyətə başlayaraq, dünyanın
müxtəlif ölkələrində Azərbaycanı təmsil
edən gənclər təşkilatlarının fəaliyyətinə
dəstək verilir. “Qurultaya Hesabat” kitabında göstərilir
ki, ötən müddət ərzində xaricdə yaşayan
azərbaycanlı gənclərlə iş sahəsində,
onların diaspor fəaliyyətinə cəlb edilmələri,
təşkilatlanmaları istiqamətində uğurlu layihələr
həyata keçirilib.
Asif NƏRİMANLI
Paritet.-2012.-14-18 iyun.-S.13.