Göz insan
orqanizminin ən dəyərli orqanıdır
Onun qeydinə qalmaq isə çox
vacibdir
Bu
yazımızda Azərbaycanda geniş yayılmış
göz xəstəlikləri, onlardan müalicə yolları
barədə söhbət açacağıq. Həmsöhbətlərim
isə Beynəlxalq Elmi-Tədqiqat Göz Xəstəlikləri
Klinikasının həkimləri Nigar Kərimova, Kəmalə
İbrahimova və Polad Məhərrəmovdur.
- Nigar xanım, katarakta xəstəliyi
Azərbaycanda, eləcə də dünyada çox geniş
yayılan göz xəstəliyidir. Bu xəstəlik gözdə
necə yaranır?
-
Göz büllurcuğu şəffaf linzadır. Lakin bəzən
o öz şəffaflığını itirərək
“bulanıq” olur və bu xəstəliyin adı katarakta
adlanır. Bu xəstəliyə el arasında “mirvari suyu” da
deyirlər. Bu xəstəlik işıq
şüasının gözə daxil olmasına
maneçilik törədir, beləliklə də insanın
görmə qabiliyyəti zəifləyir. Büllur öz
şəffaflığını qismən və ya
bütövlükdə itirə bilər.
- Bəzən belə hesab edirlər
ki, katarakta gözdə əmələ gələn pərdədir.
-
Xeyr, bu, düzgün təsəvvür deyil. O, göz
büllurunun özündə əmələ gələn dəyişiklikdir.
Bu xəstəlik hər iki gözdə baş verə bilər,
lakin bir gözdən o biri gözə keçən xəstəlik
deyil. Kataraktanın yaranması gözün gərgin işlə
yüklənməsi ilə bağlı deyil. Katarakta baş
verdikdə görmə qabiliyyətini həmişəlik itirmək
haqqında düşünmək olmaz.
- Bəs,
bu xəstəlik hansı səbəblərdən yaranır?
- Səbəblər
müxtəlifdir. Bu xəstəlik gözün zədələnməsi
ilə də bağlı ola bilər. Lakin əsas səbəb
orqanizmin qocalmasıdır. Əlbəttə, qocalıq dedikdə
biz heç də yaşı nəzərdə tutmuruq.
Çünki yaş vaxt ölçüsüdür, səhhət
ölçüsü deyil. Adamların böyük əksəriyyəti
öz can sağlığına fikir vermədikləri
üçün vaxtından tez qocalır və görmə
qabiliyyətini də vaxtından tez itirir. Yaşla
bağlı olan kataraktaya “sinn kataraktası” deyilir. Belə xəstəlik hətta 45
yaşında da törəyə bilir.
- Katarakta uşaqlarda da
yarana bilərmi?
- Əlbəttə,
bu xəstəliyə uşaqlar da tutula bilər. Bu faktın
özü sübut edir ki, katarakta “sinn xəstəliyi” deyil.
Amma o orta yaşdan sonra daha tez-tez baş verir. Ümumiyyətlə
isə, xəstəliklərin böyük əksəriyyəti
məhz bu yaşlarda adamın yaxasından yapışır.
Hippokrat deyir ki, insan 40 yaşında ya özünün həkimi
olmalı, ya da səfehdir. Biz anadan olandan ömrümüzə
balta vurmaqla məşğuluq. Nə qədər gəncik
orqanizm bu zərbələrə birtəhər dözür.
40 yaşa çatanda daha tab gətirə bilmir. Və müxtəlif
orqanlar bir-bir sıradan çıxır. Katarakta da əslində
orqanizmin tamlığının pozulmasından başqa bir
şey deyil. Yaxşı ki, bu tamlığı bərpa etmək
mümkündür. Katarakta gözün zədələnməməsi
sayəsində də baş verə bilər. Bu isə
yaşdan asılı deyil. Güclü zərbə, kəsilmə,
deşilmə, termal və ya kimyəvi təsirə məruz
qalmaq da katarakta əmələ gətirə bilər.
Kataraktanın kliniki simptomlarının inkişafı
büllur bulanıqlarının harada yerləşməsilə
əlaqədardır. Əgər katarakta büllurun kənar
hissəsində yaranıbsa, siz bir dəyişiklik hiss etməyəcəksiniz.
“Bulanma” büllurun mərkəzinə nə qədər
yaxındırsa, görmə qabiliyyətində bir o qədər
problemlər yaranacaq. Bu halda hər şeyi torlu görəcəksiniz.
Hətta bir şəkil gözünüzdə qoşa
görünə bilər. Çox vaxt işıqdan qorxma
hissi yaranır. Bir gözlə yaxşı görürsünüz,
o biri gözlə zəif. Normal halda qara görünən bəbək,
bu halda ağara, sarımtıl rəng ala bilər.
Bütün bunlar güclənə bilər və eynəyinizi
daha güclüsü ilə əvəz etmək məcburiyyətində
qala bilərsiniz. Bu nişanələr varsa, onda həkimə
müraciət etmək lazımdır. Ancaq həkim bu vəziyyətdə
dəqiq diaqnoz qoya bilər.
- Katarakta baş verəndə də əməliyyat
mütləqdirmi?
- Cərrahiyyə
əməliyyatı kataraktanın ən tez müalicə
yoludur. Bulanıq büllur bu vasitə ilə gözdən kənar
edilir. Çünki bu anda dərman, xüsusi eynəklər
sizə yardımçı ola bilməz. Bilirsiniz, bu gün cərrahiyyə
əməliyyatının metodikası mükəmməl
şəkildə işlənib. Həkimlərin əlində
ən müasir texnika və alətlər var. Əməliyyatdan
95 faiz uğurlu nəticə əldə etmək
mümkündür. Narahatlığa və həyəcana
heç bir əsas yoxdur. Müasir tibbdə kataraktanın
çıxarılması əsasən ultrasəs
fakoemulsifikası vasitəsi ilə
kəsiksiz və qansız aparılır. Katarakta
götürüldükdən sonra göz büllursuz
qalır.
- Bəs,
bu, təhlükə yaratmır ki?
- Belə
halda sadə işlər görülə bilər. Lakin
görmə qabiliyyətini tamam bərpa etmək
üçün çıxarılmış bülluru
süni linza ilə əvəz etmək lazım gələcək
ki, bu halda eynək gəzdirməli, kontakt linza və süni
büllurdan istifadə etmək lazımdır.
- Kəmalə
xanım, Azərbaycanda geniş yayılmış digər
göz xəstəliyi hansıdır?
- El
arasında “qara su” adlanan qlaukoma da
çox geniş yayılmış xroniki göz xəstəliyidir. Qlaukomaya tutulmuş gözün təzyiqi
qalxır, görmə sahəsi daralır və göz zəif görür. Son nəticədə
korluq meydana gəlir. Qlaukoma xəstəliyinə, əsasən,
yaşı 40-ı ötmüş adamlar tutulur. Lakin bəzi
hallarda bu xəstəliyə azyaşlılar və yeniyetmələr
arasında da rast gəlinir.
Qlaukoma o zaman baş verir ki,
drenaj sistemi çirklənir və daxili mayenin kənara axını ləngiyir.
Bu da daxili təzyiqi qaldırır, yüksək təzyiq isə
görmə sinirini sıxıb məhv edir. Valideynləri
qlaukoma xəstəliyinə tutulan adamlar daha çox
ehtiyatlı olmalıdırlar. Çünki eyni həyat tərzini
yaşayanlar, öz valideynləri kimi qidalananlar onların
göz xəstəliklərini də “qazana” bilərlər. Qlaukomanın bir neçə
forması var ki, sizə indi ən geniş
yayılmışı barədə məlumat vermək istəyirəm.
Bu forma “açıqbucaqlı” qlaukomadır. Deyim ki, bu
çox hiyləgər formadır. Çünki onun
simptomları o dərəcədə yaxşı gözə
çarpmır. Ola bilər ki, siz gözdaxili təzyiqin
müntəzəm şəkildə artdığını
heç hiss etməyəsiniz, amma xəstəlik tədricən
öz dağıdıcı planını həyata
keçirir. Hətta, anadangəlmə qlaukomaya da təsadüf
etmək mümkündür. Statistika sübut edir ki, planetimizdə
yaşı 40-ı ötmüş adamların 2 faizi qlaukoma xəstəliyindən
əziyyət çəkir.
- Çox vaxt qlaukomanın kəskin
tutmasını miqren - baş ağrısı ilə səhv
salırlar. Hətta qrip, mədə xəstəlikləri,
meningit kimi qəbul edənlər də az olmur.
-
Çünki, dediyimiz kimi, xəstə baş
ağrısından, ürək bulanmasından, ümumi zəiflikdən
şikayət edə bilər və bu halda göz xəstəliyi
heç ağlına da gəlmir. Buna görə, xəstə
kəskin tutmanın ilk saatında çox önəmli olan
yardımı almaya da bilər. Həm də müalicə
tamam başqa istiqamətdə gedər və əks nəticə
verər. Qlaukoma keçici xəstəlik
deyil. Adətən, bu xəstəlik müxtəlif vaxtlarda hər
iki gözdə yaranır. İkinci gözdə xəstəlik
bir neçə aydan, hətta bir neçə ildən sonra da
yarana bilər. Odur ki, bir gözü müalicə edərkən
ikinci gözün qeydinə qalmaq lazımdır ki, hər
şey təkrar olunmasın. Ona görə, mən hamıya məsləhət
görürəm ki, gözdə baş verən hər
kiçik dəyişikliyi diqqətdən
qaçırmasınlar. Vaxtında həkimə müraciət
edin. Bəzən gözdaxili təzyiq
yüksək olur, qlaukomaya aid nişanələr
müşahidə olunmur. Qeyd edim ki, şəkərli diabetdən,
hipertonik xəstəlikdən və aterosklerozdan əzab
çəkən xəstələr çox vaxt qlaukoma xəstəliyinə
də tutulur. Qlaukoma xəstəliyinə
tutulanlar uzun müddət həkim nəzarəti altında
müalicə olunmalıdır. Belə xəstələr ilk
vaxtlar dərman preparatları ilə, sonra isə təbii
üsullarla müalicə almalıdır. Kritik vəziyyətdən
çıxmaq üçün gözlərə həkimin təyin
etdiyi dərmanı damızdırmaq və təzyiqi
aşağı salmaq lazımdır. Amma əgər dərmanla
müalicə bir nəticə vermirsə, yaxud xəstə onu
yaxşı keçirmirsə, o zaman həkim lazer
şüası ilə müalicə və yaxud cərrahiyyə
əməliyyatı təklif edə bilər.
- Lazer
şüası ilə müalicənin
üstünlüyü nədədir?
- Bu halda
göz alması kəsilmir, bütöv qalır. Lazer
şüası gözə maneəsiz daxil olur, drenaj sisteminə
təsir göstərir və gözdaxili mayenin rəvan
axması prosesini yaxşılaşdırır, həm də
lazer şüası ilə müalicə ağrısız
keçir, az vaxt tələb edir. Onu ambulator şəraitdə
aparmaq mümkündür. Lakin
lazer şüası bəzi hallarda lazımi səmərəni
verə bilmir. Belə müalicə xəstəliyin ilkin mərhələsində
tətbiq edildikdə yaxşı nəticələr almaq olur.
Əksər hallarda radikal tədbirlərə əl atmaq – cərrahiyyə
əməliyyatı aparmaqla lazımi səmərəni almaq
mümkündür. Bütün dünyada şöhrət
tapmış məşhur oftalmoloq, akademik S.N.Fyodorovun fikrincə,
qlaukomanı indikindən daha tez diaqnozlaşdırmaq və
radikal müalicə etmək lazımdır. O, belə hesab
edir ki, tətbiq olunan dərmanlar bir çox hallarda nəinki
kömək etmir, əksinə, gözə pis təsir
göstərir. Yalnız cərrahiyyə əməliyyatı sayəsində
yaradılan yeni drenaj sistemi gözdaxili mayenin axması və
görmə qabiliyyətinin qorunub saxlanılmasına imkan
verir. Belə cərrahi əməliyyat “Gözün mikrocərrahiyyəsi”
SETK-də hazırlanıb həyata keçirilir və “dəlib
keçməyən dərin sklerektomiya” adlanır. Bu üsul
minlərlə adamın görmə qabiliyyətini qoruyub
saxlamağa imkan verir. Əməliyyat xüsusi mikroskop
altında keçirilir. Orta hesabla, 20 dəqiqə çəkir.
Əgər əməliyyat vaxtında, yəni, qlaukomanın
ilkin mərhələsində aparılıbsa, mütləq
gözdaxili təzyiq normaya düşəcək və
gözün görmə qabiliyyəti qorunub saxlanılacaq.
Hamı bilsin ki, beyinə daxil
olan informasiyanın 90 faizi gözün payına
düşür. Belə bir orqanın qeydinə qalmayan adam,
bütün orqanizmin qeydinə qalmır.
- Polad
bəy, istərdim, siz bir az
eksimer lazerlə cərrahiyyə əməliyyatı barədə
məlumat verəsiniz. Onun mənfi və müsbət tərəfləri
hansılardır?
-
İlk öncə qeyd edim ki, eynək 300 il rəqibsiz
yaşayıb. XIX əsrin ikinci yarısında eynəyin ilk rəqibi
- kontakt linza meydana çıxdı. Linza 1971-ci ildən sonra
çox populyar oldu. Amma hər ikisi təbii gözləri əvəz
edə bilmirdi. Çünki onlardan istifadə edənlər hər
gün bir çox narahatlıqlarla qarşılaşırlar.
Kontakt linza gəzdirən adamların arasında aparılan
sorğu göstərir ki, onların 77 faizi linzadan deyil,
alternativ korreksiya metodlarından istifadə etmək istəyir.
Cərrahiyyə əməliyyatı ilk dəfə XIX əsrin
axırlarında başlandı. XX əsrin 70-ci illərində
görkəmli sovet alimi S.N.Fyodorov ön keratotomiya
texnikasını, ona müvafiq alətlər və əməliyyatın
dəqiqliyini təmin edən kompyuter texnologiyasını
yaratdı. 80-ci illərdə keratotomiya bütün dünyaya
yayıldı. Lakin bu metod da qüsursuz deyildi. Lazer
korreksiyası metodu Fyodorov metodu ilə rəqabətə girdi
və qalib gəldi. Böyük fəxrlə demək olar ki,
yeni metodun tətbiqində Azərbaycan mütəxəssisləri
böyük uğurlar qazanıblar. Belə ki, 2001-ci ilin mayın
10-da Azərbaycanda oftalmologiyanın inkişaf etdirilməsində
böyük xidmətləri olan akademik Zərifə Əliyevanın
adını daşıyan Elmi –Tədqiqat Göz Xəstəlikləri
İnstitutundan “Eskulap” adlı Eksimer Lazer Mərkəzi
yaradıldı. Burada
ən müasir model “Aesclepion-Meditec “alman şirkətinin MEL
-70 G-Scan eksimer-lazer aparatı istifadə olunur. Hazırda da
Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikası adı
altında fəaliyyət göstərir. Görmə
orqanlarının hərtərəfli diaqnostika və görmə
korreksiyasının ən yeni metodlarla müalicəsi
üçün “Eskulap” Mərkəzi tanınmış
xarici şirkətlərin istehsal etdiyi ən müasir
oftalmoloji avadanlıqlar ilə təmin olunub. Yeni
üsullarla işləyən
Almaniya, Fransa, İtaliya, İsveçrə, Türkiyə,
Rusiya və digər ölkələrin aparıcı
müalicə mərkəzlərində təkmilləşmə
kursları keçmiş yüksək ixtisaslı kadrların
olması sayəsində, bu mərkəzdə cəmi 20-30
saniyə ərzində görmə qüsurlarını lazerlə
aradan qaldırmaq mümkündür. Lazer əməliyyatda cərrah
bıçağının köməyi ilə aradan
qaldırılması mümkün olmayan qüsur, dəqiq
kompyuterin hesablaşması sayəsində “soyuq” lazer
şüası vasitəsi və çox qısa vaxt kəsiyində
buynuz qişanın səth qatında əməliyyat apararaq
aradan qaldırılır, bu da öz növbəsində,
görmə qabiliyyətini yaxşılaşdırır. Əməliyyat
ambulator şəraitdə aparılır və çox
qısa müddətdə gözəl nəticə verir. Onu
da deyim ki, əməliyyatdan sonrakı bərpa dövrü də
qısadır, əvvəlcədən planlaşdırılan
nəticə dəqiq əldə olunur, üzərində əməliyyat
aparılan şəxsin fiziki iş görməsində
heç bir məhdudiyyət olmur. Dünyanın bütün
inkişaf etmiş ölkələrində istifadə olunan bu
mütərəqqi metodun ən yaxşı cəhəti bir də
odur ki, əməliyyat təhlükəsiz və
ağrısız keçir. Bizim mərkəz lazer
şüasının köməyi ilə gözdə cərrahiyyə
əməliyyatı aparmaq sahəsində xeyli təcrübə
toplayıb. Burada çalışan oftalmoloqlar əməliyyatdan
sonra gözdə baş verən dəyişiklikləri dərindən
araşdıraraq ümumiləşdirmələr və elmi təhlillər
aparırlar. Bu gün klinikalarda va poliklinikalarda
çalışan hər bir oftalmoloqun praktik işi – təkcə
eynək və kontakt linzanın tətbiqinə dair ənənəvi
sahəni mükəmməl bilməsindən asılı
deyil, həm də refraksiya cərrahiyyəsinin əsaslarını
mükəmməl bilməkdən asılıdır. Ona
görə ki, göz kabinetlerinə gələn pasiyentlerin
böyük əksəriyyətinin refraksiyası
qeyri-normaldır. Əfsuslar olsun ki, respublikada çalışan
oftalmoloqların bu sahədə dərin bilik almaq imkanları
məhduddur. Belə ki, indiyədək Azərbaycan dilində
bu problemə aid mükəmməl ədəbiyyat yoxdur.
Refraksion cərrahiyyəyə dair hər hansı
informasiyanı almaq istəyən şəxslər dövri mətbuatda
ara-sıra dərc olunan yorucu məqalələri axtarmaq məcburiyyətindədir.
“Gözün mikrocərrahiyyəsi” institutu tərəfindən
rus dilində çox kiçik tirajla buraxılan kitabları
bu gün, hətta, onun filiallarında belə tapmaq
mümkün deyil.
Nərmin MURADOVA
Paritet.-2012.-14-18 iyun.-S.12.